Azərbaycan

4 noyabr 1954 - Aktyor, rejissor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb. “Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.
4 noyabr 1959 - Tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur.

5 noyabr 1925 - Türkoloq, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 - 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan dilinin tarixi”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.
5 noyabr 1938 - Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 - 3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki..." və s.
5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri, Azərbaycanın Polşada səfiri işləyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.
5 noyabr 2001 - Xalq artisti Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Bakı televiziya studiyası fəaliyyətə başladı.
6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.
6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 - 1974) vəfat edib. Sözlərinə populyar mahnılar ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) bəstələnib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
7 noyabr 1908 - Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 - 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.
7 noyabr 1920 - Azərbaycan radiosunun ilk diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub.
7 noyabr 1923 - Dilçi alim, filologiya elmləri doktoru Rəhilə Cavad qızı Məhərrəmova (1923-2011) Bakıda doğulub.
7 noyabr 1925 - Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 21.4.2000) İrəvanda anadan olub.
7 noyabr 1934 - Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 - 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin solisti olub.
7 noyabr 1940 - Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
7 noyabr 1990 - Rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s.

Dünya

4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” (roman), “Qısqanclıq”, “Vəhşi qanunu” (pyes) və s.
5 noyabr 1913 - İngilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.

6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
6 noyabr 1936 - Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.

7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

Hazırladı: Vüqar Orxan