Bu günlərdə Rus Dram Teatrında «Bakfilm»in istehsalı olan «Seçilən» filminin premyerası keçirildi. Triller janrında çəkilən filmin təqdimatı böyük təntənə ilə qeyd olundu. Filmdə əsas rollardan birini canlandıran Əməkdar artist Kazım Abdullayevlə film haqqında söhbət apardım. - Kazım müəllim, filmdə əsas rollardan birini canlandırırsınız. Mümkünsə obrazınız və film barəsində söhbət açardınız. - Film erməni terrorundan bəhs edir. Film «Bakı» Kinostudiyasında çəkilib. Ssenari müəllifi ANS şirkətinin prezidenti Vahid Naxış, rejissoru Məsud Abpərvər, ikinci rejissoru isə Əliqulu Səmədovdur. Film siyasi triller janrındadır. Film mart və avqust ayları arasında Azərbaycanda və Ermənistanda baş verən hadisələrdən bəhs edir. «Seçilən» filmində terror hadisələri, gizli şəkildə davam edən Qarabağ savaşını bədii formada tamaşaçıya çatdırılır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan Ermənistan dövləti tərəfindən Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq, Zorik Babayan Bakıya gəlir, hər şeyi hazırlayır, əlbəttə ki, Bakıda onun köməyinə çatanlar olur. Biri professordur, dövlətdən küsmüş bir insandır, hökumətlə arası olmadığına görə intiqam almaq istəyir. Sonradan məlum olur ki, onu aldadırlar. Daxili İşlər Nazirliyi Xüsusi İdarəsinin rəhbəri general Əli Talıbova həmin terror aktının qarşısını almaq tapşırılır. Son dəqiqədə, həmin o terrorçunu zərərsizləşdirir və prezidenti xilas edirlər. Mən filmdə prezidentə sui-qəsd hazırlayan Zorik Babayan rolunda çəkilmişəm. Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmov, Yuğ Teatrının aktrisası Zümrüd xanım, Şahmar Qəribli, Əlibala Ələsgərov mənim əsas tərəf- mıüqabillərimdi. - Məlumdur ki, «Seçilən» sizin çəkildiyiniz ilk film deyil. Bundan öncə də bir neçə filmdə maraqlı obrazlar yaratmısınız. Necə oldu ki, bu filmə dəvət aldınız? - Mənə ssenari təqdim olunanda əvvəlcə tərəddüd etdim. Çünki bundan öncə Azərbaycan Televiziyasının «Ekran»Yaradıcılıq Birliyində çəkilən «Bəsdir, ağlama» filmində də erməni obrazı oynamışdım. İkinci dəfə həmin obraza qayıtmaq istəmirdim. Doğrusu, ssenari məni tutdu. Razılıq verdim və filmin çəkilişlərinə başladıq. Mənim üçün çətinliklər oldu. Çünki ssenaridə elə sözlər var idi ki, onları mən istəməzdim ki, erməni bizə desin. Biz film ərzində demək istəyirik ki, hər an ehtiyatlı olmaq lazımdır. Hər adama inanmaq lazım deyil. Qeyd edim ki, filmin rejissoru Məsud Abpərvər ANS teleradio şirkətində bir il bundan əvvəl yarım saatlıq bədii film çəkmişdi. Filmə çəkilmək təklifini ikinci rejissor Əliqulu Səmədovdan aldım. O, Azərbaycan aktyorları ilə Məsud Abpərvər arasında əlaqə yaratdı. Çünki Məsud Abpərvər Azərbaycan aktyorlarını yaxşı tanımırdı. - Kazım müəllim, həmişə olduğu kimi yenə də mənfi obraz. Filmdəki obrazınıza görə sizə həyatda mənfi münasibətin yaranmasından qorxmursunuz? - Deyəsən, mənfi obrazlar mənim yaradıcılığıma biçilib. Bütün filmlərdə demək olar ki, mənfi rollarda oynamışam. Bir epizod söyləyim. «Seçilən» filminin ilk premyerasında məni təbrik edənlər çox oldu. Yaxın günlərdə verilişində qonaq olduğum sevimli müğənnimiz Nisə xanım Qasımova da məni təbrik etdi. Ancaq onun yanındakı bir qadın isə söylədi ki, mən sizlə heç əl də vermək istəmirəm. Demək, rolu inandırıcı oynamışam ki, o, belə qənaətə gəlib. Məni yaxından tanıyanlar necə insan olduğumu gözəl bilirlər. Filmin bir epizodu var, fikirləşirdim ki, əgər o yerdə tamaşaçılar alqışlasalar, demək, obrazımı yaxşı oynamışam. Zorik Babayanın öldürülən yerində tamaşaçılar əl çaldılar. - Filmin təqdimatı da obrazınız kimi qeyri-adi oldu. - Bəli. Filmin təqdimatı digərlərindən fərqli oldu. Demək olar ki, Avropa səviyyəsində bir təqdimat keçdi . Rus Dram Teatrının qarşısında böyük bir izdiham yaşandı. Yerə böyük bir qırmızı xalça döşənmişdi. Aktyorlar təqdimata limuzinlə gəldilər. Xalçanın hər iki tərəfində böyük insan kütləsi, jurnalistlər, televiziya kanallarından nümayəndələr yığışmışdı. Təqdimatda yazıçı Çingiz Abdullayev, millət vəkili Sabir Rüstəmxanlı və bir çox ziyalılar çıxış etdilər. Çox təntənəli bir şəkildə açılış oldu. Daha sonra film tamaşaçalıran ixtiyarına verildi. «Seçilən» həqiqətən Azərbaycan televiziya məkanında seçilən bir film oldu. Əminəm ki, film tamaşaçıda, gənclərimizdə mütləq vətənpərvərlik, qürur hissi oyadacaq. - Səhv etmirəmsə «Spase» telekanalında da bir filmdə mənfi obraza çəkilmişdiniz. - Bəli. Səhv etmirsiniz. «Spase» telekanalında «Tanrıverdinin nağılı»na çəkilmişdim. Həmin filmdə də qara cadügəri oynayırdım. O film 10 gün ərzində çəkilmişdi. Filmin rejissoru Şərif Qurbanəliyev idi. Mənim film fəaliyyətim bununla bitmir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birlayihə həyata keçirildi. Həmin proyekt gənc rejissorlara kömək məqsədi ilə təşkil olunmuşdu. Gənc rejissorlar «Koramal» adlı bir film çəkirdilər. Həmin filmdə mənə də rol təqdim olundu. Mən filmdə Kor Amal rolunda çəkildim. - Akademik Milli Dram Teatrında da bir-birindən maraqlı, rəngarəng obrazlar yaradırsınız. Hazırda teatrdakı yaradıcılıq işləriniz nə vəziyyətdədir? - Hazırda teatr təmirə bağlanıb. Amma buna baxmayaraq yeni tamaşalar hazırlanır. Hazırda teatrda üç tamaşa hazırlanmaqdadır. H. Cavidin «Şeyda» pyesində Rauf obrazını məşq edirəm. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın ilin axırına qədər təhvil verilməsi nəzərdə tutulub. - Kazım müəllim, sizi səmimi qəlbdən təbrik edir, sizə yaradıcılıq uğurları diləyirik. Nİsə Rafiqqızı