Həmidə Ömərova. Bu adı eşidəndə istər-istəməz kino haqqında düşünürsən. Bu ad 25- ilə yaxın bir müddətdə dünya kino tarixini sevə-sevə insanlara təqdim edən kinomana aiddir.
Aktrisa istedadını, peşəkar yaradıcılığını Rusiya, İran, Özbəkistanda və b. ölkələrin kinematoqrafiyasında çəkildiyi bir çox filmlərdə də sübut edib. Təəssüflər olsun ki, onun peşəkarlıqla xarakterizə etdiyi Azərbaycan qadının obrazı bu gün ekranlarda görünmür. Lakin o, filmlərə çəkilməsə də yaratdığı müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı kütləsinin sevimlisidir. Bildiyimiz kimi onun yaradıcılığı çox şaxəlidir.
Yaxşı aparıcı üçün, aktyorluq məharəti də yardımçı olur. Ancaq, mən Həmidə Ömərovanın aparıcılıq uğurunun sirrini, onun təkcə aktyorluq məharətində yox, daha çox olduğu kimi görünməsi ilə əlaqələndirirəm. İncəsənətin çətin yollarında daim irəli getməsinə səbəb isə gözəl aktrisamızın mübarizliyi, istedadı, və zəhmətsevərliyidir. İnsanlarla ünsiyyətdən çəkinməyən bu təvazökar xanımla səmimi, canlı bir söhbətin şahidi oldum.
- Həmidə xanım, daim ictimaiyyətin diqqət mərkəzində olmaq yorucu deyilmi?
- Çox yorucudur.
- Sevmədiyiniz rollarınız olub?
- Rollarımı sevə-sevə oynamışam. Sənətimi çox sevirəm. Xoşbəxtlikdən gənc yaşlarımda gözəl obrazlar yaratmışam. Lakin, elə zəif dublyaj filmləri olub ki, onları səsləndirmək istəməmişəm. Sadəcə olaraq işimin xatirinə səsləndirməli olmuşam.
- Peşənizin çətinliyindən bezən məqamlar olub?
- Hərdən işlərimi nizamlaya bilməyəndə, körpə uşağıma, xəstə anama qulluq edəndə, ev işləri və ailə problemlərim elə həddə çatıb ki, bütün yaradıcılığımdan ayrılıb sırf ailəmlə məşğul olmaq istəmişəm. Lakin heç vaxt sənətimdən ayrıla bilməmişəm.
- Çətin məqamlarınızda kimin köməyinə ehtiyac duymusunuz?
- Anam amineziya xəstəliyinə tutulmamışdan qabaq mənəvi cəhətdən dayağım idi. İndi o, mənimlə yaşayır, amma yaddaşını itirib. Məsləhət verməyə yox, qayğıya ehtiyacı var. Oğlum Rəhim azyaşlı olduğuna görə dərdləşə bilmirik. Yoldaşıma gəlincə isə, mən kişi ilə qadın aləmini başqa-başqa qütblər adlandırıram. Ən son halda belə mən özümdə güc tapıb, öz gücümə arxalanmağı öyrəndim. Çox vaxt da etiraflarımı, xatirələrimi ağ kağıza boşaldıram.
- Filmlərdə yaratdığınız ərköyün rollarınıza görə, sizi xoşbəxt xanım adlandırmaq
istəmişəm, amma qayğılı gözləriniz buna imkan verməyib. Bunun şəxsi həyatınızla əlaqəsi varmı?
- Qətiyyən. Uşaqlıq və gənclik illərim həyatımın ən qayğısız illəridir. O zaman mənim indiki problemlərim yox idi. Sezilən bu qəmginlik mənim alın yazımı, həyatımı müəyyənləşdirirdi. Mən həmişə optimist olmağa çalışmışam. Elə indi də başqalarının sevincinə üzünün gülməsinə çalışıram. Mənim dramatik rollarım çox olsa da, yaxınlarım həyatda deyib-gülən, güclü yumor hissiyyatına malik adam olduğumu bilirlər.
- Məşhur olaraq yaşamaq asandır, yoxsa sadə insan kimi?
- Sadə insan kimi yaşamaq daha asan və yaxşıdır. Bir də ki, mən özüm sadə olduğum üçün həmişə sadə insanlara üstünlük verirəm. Hələ gənc yaşlarımda da, çox sadəsən deyə, bu xüsusiyyətimi mənə irad tuturdular. Lakin nə qədər məşhur olsan da, insanı sevdirən onun sadəliyidir. Bir də ki, mən necəyəmsə elə də görünməyə çalışıram. Filmlərdə rola girib çox oynamışam. Həyatda oynamağa vaxtım yoxdur.
- Bəlkə, bu səbəbdən tələbələriniz və rəfiqələriniz sizi gözəl insan adlandırırlar. Bu mərhəmətin və səmimiyyətin səbəbi nədədir?
- Başqalarının problemləri məni həmişə narahat edib. İmkanım daxilində də kömək etmişəm. Mən hər insanla ehtiyatla münasibət yaradır, qəlbini qırmamağa çalışıram. Mərhəmət hamının ürəyində var. Problemlərin məngənəsində sıxılıb, qəddarlaşan insanlar onu büruzə verə bilmirlər. Bu da təkəbbürü yaradan səbəblərdəndir. Onları da xoş danışdırıb, qayğıları ilə maraqlanmaq lazımdır.
- Adi evdar xanım olsaydınız, özünüzü bu qədər sevdirməyi bacarardınız?
- Ailəmə hə. Mən həm həyat yoldaşı, həm də anayam. Bununla yanaşı yaddaşını itirən anama da qulluq edirəm. Mən onların da, ətrafımda olan sənət dostlarımın da məhəbbətini qazanmışam. Ümumiyyətlə istəmişəm ki, yaxşı keyfiyyətlərimə görə mənə oxşamaq istəyənlər olsun.
- Ailənizin rahatlığı üçün karyeranızı ikinci plana keçirtdiyiniz vaxtlar olubmu?
- Heç vaxt. Mən İranda, çəkilişlərdə olanda anam bərk xəstələnmişdi. İndi kino sahəsində iranlıların yüksək on nailiyyətlər əldə etməsinə baxmayaraq, o zamankı kino texnikası çox zəif idi. Mənim də çəkiləcəyim epizodlar 4 aya qurtarmalı idi. Bakıdan gələn zənglərdən sonra filmin mənə aid olan hissələri 2 ay 15 günə başa çatdı və mən bundan sonra evə qayıda bildim.
- Professional Kinoaktyorlar Gildiyasının prezidenti kimi hansı təşkilati məsələlərin həllini planlaşdırırsınız? Bu çətin və məsuliyyətli işdə sizə kömək etmək məqsədi ilə müraciət edən təşkilatlar olubmu?
- Professional Kinoaktyorlar Gildiyası Azərbaycanda Rasim Balayevin rəhbərliyi altında əvvəllər də fəaliyyət göstərib. Lakin sonralar maddi çətinliyə görə Gildiya öz fəaliyyətini dayandırıb. Artıq 2 ildir ki, APKAG-sı öz işini davam etdirir.
Biz ictimai təşkilat olaraq kömək üçün «Azərsel»ə müraciət etmişik. Lakin, onlar bizə kömək göstərməyiblər. Dəfələrlə Film Fondun, Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə kino sənətkarlarımızın yaradıcılıq gecəsini keçirtmişik. May ayında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin köməyi ilə İran kinosu gününü təşkil etmişik.
“Azərbaycan” qəzetinin internet variantında təşkilatımızın saytının olmaması haqqındakı çıxışımı rus dilində oxuyan İvan Boyniç, Kiyevdən zəng edib öz köməyini bizə təklif etdi. Lakin biz belə qərara gəldik ki, APKAG-nın saytını özümüz yaradaq.
- İctimai fəaliyyətinizi, televiziya çəkilişlərinizi nəzərə almasaq, aktyorluq yaradıcılığınızda boşluq var deyərdim. Bununla necə razılaşırsınız?
- 1990-cı illərdə kino sahəsində yaranan durğunluq tək mənim yox, bütün aktyorların yaradıcılığında boşluq yaratdı. Rasim Balayev çəkilmədiyi on il müddətini
“ həyatının itirdiyi illəri ” adlandırır. Onun sözlərinə istinadən deyim ki, mən də bu illəri itirilmiş illərim kimi xatırlayıram. Bu müddət ərzində yaşıma uyğun obrazlar yarada bilərdim.
Bir də ki, saysız-hesabsız, səviyyəsiz rollar oynamaqdansa, keyfiyyətli işlərlə yadda qalmağa üstünlük verirəm. İndiki ssenarilər zəif olduğuna görə çəkilməyə tərəddüd edirəm.
- Sənətə bu qədər aludə olmağınız oğlunuzda da aktyorluğa meyllilik yaratmayıb?
- Oğlumda sənətə qarşı heç bir meyllilik yoxdur. Onu kinematoqrafik simasına və dəcəlliyinə görə tez-tez filmlərə çəkilməyə dəvət edirlər. Lakin o razılaşmır. O üç filmə çəkilib. Rəhim, Dədə Qorqud teleserialında Buğacın uşaqlığını oynayıb. “ Dronqa ” serialına mənimlə birlikdə çəkilib. “Silah” filminin çəkilişlərinə gedəndə, Azərbaycanın səfalı guşələrini görməsi üçün onu da özümlə Xınalığa aparmışdım. Orada da rejissorun istəyinə əsasən bu filmdə kəndli balası obrazını yaratdı.
- Azərbaycanda istehsal olunan sonuncu filmlərdə rol almamısınız. Bunu nə ilə izah
edərdiniz?
- Hazırda çəkilən filmlərdə kişi obrazlarına geniş yer verilir. Qadın obrazlarına ssenarilərdə məhdud yer ayrılır. Lakin rəhmətlik Həsən Seyidbəylinin ssenari və quruluşlarında çoxluq təşkil edən qadın obrazları, peşəkar qadın aktyor nəslinin yetişməsinə səbəb oldu. İndi də filmlərimiz 80-ci illərin səviyyəsinə yaxınlaşır. İldə 7-8 film istehsal olunur. Filmlərin istehsalının artması onların keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Güman edirəm ki, maraqlı filmlərimiz çəkiləcək. Hələ ki, maraqlı təkliflər almamışam.
- Xanım-xatın rollarınız çox olub. Bütün çətinliklərə rəğmən həyatda Həmidə Ömərova kimi şəxsiyyətinizi necə qorumusunuz?
- Düzdür bu illər ərzində mənim aktyorluq karyeramda uzun fasilə yarandı. Amma mənim iyirmi üç illik televiziya təcrübəm var. Mən “Retro” kinoproqramını aparmaqla yanaşı dublyajlarda iştirak edir, Azərbaycan Dövlət İncəsənət Universitetində dərs deyirdim. Onlarla oçerk və məqalələrin müəllifiyəm. Filmlərə çəkilmədiyim bu illərdə Alman kino tarixi kitabımı dərc etdirdikdən sonra 2 cildlik Amerika kino tarixi kitabını yazmışam. Kitab bu yaxınlarda nəşr olunacaq. Hal-hazırda da kino sənətinin sirlərini, aktyor sənətinin incəliklərini tələbələrimə öyrədir və ANS telekanalında fəaliyyət göstərirəm.
- Rollar aktyorları yox, aktyorlar rolları məşhurlaşdırır. Əxlaqsız qadın roluna təklif
Alsanız, tamaşaçı tənəsindən çəkinməzsiniz ki?
- Mən belə bir rolu səhnədə yaratmışam. Əsərin sonunda mənim qəhrəmanım, onu yoldan çıxarıb, doğulacaq körpəsini tələf etməyə məcbur edən və əxlaqsızlığa sürükləyən ilk sevgilisinin uşağını xilas edir. Özü isə ölür. Mənən əxlaqsız adamı sevdiyinə görə cəmiyyətin tənəsinə məruz qalan bu qadının günahsızlığını, tamaşaçı alqışları altında sübut etmişəm. Mənfi obrazla da ədalətsizliyi sübut etmək olar.
- Həyat yoldaşınız sizi sənətinizə və rollarınıza qısqanmır ki?
- Həyatınızın hansı mərhələsi sizin üçün əzizdir?
- Uşaqlıq çağlarım.
- Maşallah, gözəlliyinizi qoruya bilmisiniz. Qadın aktrisalar üçün bu vacib
şərtlərdəndir. Bunun səbəbini açıqlayardınız.
- Sifət cizgilərində illərin izi mütləq görünür. Mən bu izi qrimlə örtürəm. İstər-istəməz yaş öz işini görür. Lakin, hər yaşın öz gözəlliyi var. Mən daxili gözəlliyə üstünlük verirəm. Çünki yaşlandıqca qəlbinin nuru üzünə çıxır. Mən qocalmaqdan da qorxmuram. Əksinə, yaşlı, nurani Azərbaycan qadının tipik xüsusiyyətlərini ekranda yaratmağa can atıram.
- Çoxillik kino təcrübəniz aktyorluq və kinoşünaslıq fəaliyyətinizə nə əlavə edəcək?
- Mən yaradıcı qadın aktrisalarımızın həyatından bəhs edən ssenari yazıram. İnşallah, ssenarini bitirdikdən sonra, çəkiliş üçün təqdim edəcəm.
- Çətin yaradıcılıq yolunda daim zirvələri fəth etməyinizi arzu edirəm.
Şəhla Bürcəliyeva.
Kinoşünas