Buhəftəki qonağımız rəssam-heykəltəraş Sabir Çopuroğlu idi.
1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olmuşdur. 1972-1975 -ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, 1975-1977-ci illərdə Gürcüstan Rəssamlıq Akademiyasında təhsil almışdır. 1988-ci ildə Gürcüstan Rəssamlıq Akademiyasının üzvü olmuşdur. 1980-ci ildə beynəlxalq sərgilərdə iştirak etmişdir.
Əsərləri 1986-cı ildə Gürcüstanda, 1990-cı ildə Moskva şəhərində keçirilmiş sərgidə nümayiş etdirilmişdir. Rəssamın işləri Türkiyə, Britaniya, Yaponiya, Avstraliya və İtaliyada sərgilərdə yer almışdır.
Azərbaycanlı rəssam-heykəltəraş Sabir Çopuroğlu əsərlərini neftlə çəkən yeganə sənətkardır. Neftlə çəkilmiş silsilə əsərlərin mövzusu çox rəngarəngdir. Əsas qəhrəmanı isə Bakıdır. Neft şəhəri Bakı. Döyüşən türk sərkərdəsi də onun başlıca qəhrəmanlarındandır. Sevimli obrazlar sırasında ikinci yeri at və nar ağacı tutur. Bir vaxtlar tərkinə minib meşədə gəzdiyi babasının qara atı indi həm uşaqlıq xatirələrində, həm də əsərlərində yaşayır. Lakin bu əsərlərdə həmin at illər keçdikcə daha dərin məna alaraq qəhrəmanlıq rəmzinə çevrilir. Nar isə rəssamın fikrincə, Azərbaycan koloritini özündə təcəssüm etdirən gözəl bir meyvədir. Rəsmlərində həvəslə təsvir etdiyi nar ağacı da kənddəki həyatından danışır. Bütün bunların başlanğıcında isə borular dayanır. Kənddəki həyətlərində olan hisli borular. Divarları cürbəcür rəsmlərlə korlayan uşağa, həm qonşuları, həm də nənəsi çox əsəbiləşirdi. Yəqin, doğulub boya-başa çatdığı Borçalı mahalının Əngirəvan kəndinin sakinləri onun əsərlərinin çox uzaqlarda - Fransa, Almaniya, Misir və Yaponiyada nümayiş olunacağını bilsəydilər, heç vaxt Sabirə acıqlanmazdılar. Rəssam Sabir isə artıq bunları unudub. İndi onun bütün diqqəti bir məsələyə cəmlənib. İstəyir ki, ən yaxın zamanda neft şəhəri Bakıda Xəzər nefti ilə çəkilmiş əsərlərindən ibarət ilk fərdi sərgisini keçirsin.
Müxtəlif sahələrdə edilən bütün eksperimentlər maraqlıdır. Fərqli hər şey həmin sahədə maraqlı olan adamlarda xüsusi bir zövq yaradır. İlk dəfə neftlə rəsmlər çəkən adam barədə eşitdim, çox keçmədi ki, təsadüfən onunla şəhərdə rastlaşdıq. Fürsəti əldən verməmək üçün tez səsyazma aparatını hazırladım və müsahibə üçün icazə aldım. Söhbət elədik. Vaxt azlığından məni maraqlandıran sualların hamısını Sabir müəllimə ünvanlaya bilmədim, amma ünvanladığım suallara çox maraqlı və səmimi cavablar aldım:
- Bu gün Azərbaycanda rəssamlığın inkişaf səviyyəsi sizi qane eləyirmi?
- Əlbəttə, qane eləyir. İnkişaf yüksək səviyyədədir. Gənc rəssamlar çoxdur. Amma bir şey var, çox vaxt sərgilər olur, rəsmlər satılmır. Rəssamların çoxu başqa işdə işləmədiyinə görə maddi cəhətdən bir az çətinlik çəkir.
- Deməli, ancaq çəkilən rəsmlərin hesabına yaşamaq mümkün deyil?!
- Yox, mümkün deyil. Rəsm çörək deyil, duz deyil ki yeyəsən. İki ayda bir rəsm satırsansa, ola bilər ki, heç 3 ay heç bir rəsm də sata bilməyəsən. Ailəni dolandırmaq üçün mütləq başqa bir sahədə də çalışmaq lazımdır.
- Bildiyimə görə, siz rəsmlərinizdə neftin köməyi ilə maraqlı eksperimentlər eləyirsiniz. İstərdim ki, bu barədə məlumat verəsiniz.
- Bununla bağlı məndən çox soruşublar. Neft Azərbaycanın milli sərvətidir. Allahdan mənim beynimə belə bir ideya gəldi ki, neftlə rəsm əsəri çəkə bilərəm. Əslində bu möcüzə kimi bir şeydir. Adi nefti götürüb rəsm çəksən o heç qurumaz, yəni ondan rəsm əsəri alınmaz. Mən isə eksperimentlər elədim, onları aldım, düzəltdim. İndi isə işlərim yaxşı gedir.
- Neftlə çəkilmiş rəsm adi rənglərlə çəkilmiş rəsmlərdən nə ilə fərqlənir?
- Rəngli boyalarda hər cür rəng var, amma neft belədir ki, o bir rəngdədir. Üstün cəhəti isə odur ki, yalnız bizə elə gəlir ki, neftdə bir rəng var, əslində isə neftin bir neçə rəngi var, sadəcə olaraq onları almaq lazımdır. Əsas odur ki, iş yaxşı olsun, rəng rəssamlıqda elə də böyük rol oynamır.
- İşlərinizi satışa çıxarırsınızmı?
- "Torqovıy" deyilən yerdə rəsmlərim satışdadır. Mən uşaqlara verirəm, onlar satırlar. Bəzən sifarişlər də olur, yaxud müəyyən şirkətlər rəsmlərimi alırlar. 7 ildən artıqdır ki, mən bu işlə dolanıram. Neftlə çəkdiyim rəsmləri satıram. Özümü, ailəmi onun hesabına dolandırıram, doğrudur, yüksək səviyyədə yox, amma çörəkpulu çıxarmaq olur.
- Bildiyimə görə, 2006-cı ildə rəsmlərinizlə əlaqədar olaraq Almaniyaya dəvət olunmusunuz. İstəyirəm ki, bununla bağlı məlumat verəsiniz.
- Doğrusu, 2006-cı ildə Almaniyaya mən elə neftlə çəkdiyim rəsmlərlə bağlı dəvət olundum. "Torqovıy"da rəsmlərimi satarkən almanlar işimi almışdılar. Ondan sonra günlərin birində mənə Almaniyadan məktub gəldi ki, biz sizi burada keçiriləcək simpoziuma dəvət edirik. Mən məmnuniyyətlə razılıq verdim. 2006-cı ildə Almaniyada keçirilən II Beynəlxalq Simpozima getdim, özümlə neft də apardım. Orada konkurs-sərgi keçirildi. 16 dövlətin 32 nümayəndəsi arasından birinci yeri tutdum. Həmin illər mənim üçün çox uğurlu oldu. İndi isə Almaniyanın Köln şəhərində fərdi sərgimi nümayiş etdirmək istəyirəm.
- Xaricdə də neftlə çəkən rəssamlar var?
- Mən heç yerdə neftlə çəkən rəssam görməmişəm. Ola bilər ki, kimsə mazutla işləsin, amma bu müəyyən rəngləri almaq üçün istifadə olunur. Sırf neftlə işləyən çəkməyə həsr edən rəssamlara isə rast gəlməmişəm.
- Bakıda sərginiz olub?
- 2007-ci ildə Xocalı faciəsinə aid Bakıda fərdi sərgim olub. Bir də Tiflis şəhərində Axundov adına Xalqlar Dostluğu Muzeyi var, orada da fərdi sərgim keçirilmişdi.
Tükənməz sərvət -
mədəniyyət!
Artıq bir neçə ildir ki, şirkətimizin Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu dövr ərzində “Azərsun” Holdinq ölkəmizin iqtisadi inkişafında əvəzolunmaz rolu ilə bərabər , Azərbaycan xalqının incəsənət və mədəni irsinin layiqincə qorunub saxlanılmasına etdiyi töhfə də həmişə göz önündədir. Bu xeyirxah əməllərdə şirkətin Mədəniyyət Mərkəzi bir növ körpü rolunu oynayır. Belə ki, xalqımızın mədəniyyəti və ölməz sənətkarlarımızın yubileyləri ilə bağlı tədbirlərin əsas hissəsi burada təşkil olunur.
Bu tədbirlərin hamısının adını çəkmək çox çətindir, amma korifey bəstəkarımız Üzeyir Hacıbəyovun 110 illiyinə həsr olunmuş xatirə gecəsini, dahi şairimiz Səməd Vurğunun yubiley tədbirini, "Molla Nəsrəddin" jurnalının 100 illiyinə həsr olunmuş diskussiyanı, "Məhsəti" şairlər məclisinin yubiley gecəsini, Azərbaycan aşıqlarının müsabiqəsini, Xocalı faciəsinə həsr olunmuş tədbiri, Şuşa şəhərinin işğalının ildönümünə həsr olunmuş möhtəşəm layihəni, gənclər üçün təşkil olunmuş "Telesəhnə" verilişinin çəkilişlərini xüsusilə qeyd etmək istərdim.
Bəşəriyyətin tarixi inkişafı ilə paralel olaraq Şərq mədəniyyəti həmişə dünyada qabaqcıl olub. Qədim Şərqin mədəniyyətinə valeh olan Qərb səyahətçiləri, alimləri bu yaşam tərzini öz xatirələrində əks etdirərək ölkələrində təbliğ ediblər.
Azərbaycanda olan xalçaçılıq sənəti, atçılıq, bir-birindən gözəl, mahir ustalar tərəfindən hazırlanmış məişət və zinət əşyaları indi də dünyada diqqət mərkəzindədir. Dahi Füzulidən, Nizamidən süzülüb gələn poeziya və bədii irsin inkişafını Cəfər Cabbarlı, Səməd Vurğun kimi müasirlərimiz layiqincə davam etdirib, ədəbiyyatımızı dünyaya tanıtdırıblar.
Şərqdə ilk operanın da məhz Azərbaycanda səhnələşdirilməsi hər bir azərbaycanlının qürur duyacağı bir məqamdır. Üzeyir Hacıbəyov kimi fenomen bir bəstəkarı yetişdirən xalqın musiqisi ölməzdir. Xan Şuşinski kimi ustadlar tərəfindən ifa olunan, min illərlə yaşı olan muğamlarımız indi də həvəslə dinlənilir və Alim Qasımov kimi müasirlərimiz tərəfindən dünyada təbliğ olunur, yaşadılır.
Təməlində "Arşın mal alan", "O olmasın , bu olsun" kimi filmlər dayanan kino sənətimiz indi çətin günlərini yaşasa da, Rasim Ocaqov, Eldar Quliyev kimi rejissorlarımız Azərbaycan kino epopeyasını daim inkişaf etdiriblər.
Hüseyn Ərəblinskinin qaynaqlandırdığı teatr sənətimiz Həsən Məmmədov, Nəsibə Zeynalova, Rasim Balayev kimi görkəmli aktyorları yetişdirib. Son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən teatrlarımıza göstərilən qayğı , gələcəkdə də mədəniyyətimizin bu sahəsinin zirvədə olacağından xəbər verir. “Azərsun” Holdinqin Mədəniyyət Mərkəzində də məhz bu zəngin mədəniyyətin təbliği və təşviqi həyata keçirilir.
Son illər Azərbaycanda baş verən iqtisadi sıçrayış göz önündədir: ölkəmizdə ümumi daxili məhsul daim artır, neft gəlirləri büdcəmizə mənfəət gətirir, şəhərimiz gün-gündən abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır.
Müşahidə olunan iqtisadi dirçəlişdə “Azərsun” Holdinq Şirkətlər Qrupunun da öz payı var. Şirkətimizin prezidenti Abdolbari Goozal bəyin 15 illik intensiv əməyi nəticəsində holdinq iqtisadiyyat üfüqündə ön plana keçmiş, ərzaq və yeyinti sənayesində aparıcı olmuşdur.
Abdolbari Goozal bəyin Azərbaycan mədəniyyətinə olan sevgi və qayğısı da danılmazdır. Şirkətimizin dəstək olduğu ümumrespublika tədbirləri, Mədəniyyət Mərkəzində keçirilən konsert və tamaşalar, kimsəsiz qocalar və uşaqlarla, məcburi köçkünlərlə təşkil olunan xeyriyyə tədbirləri, onlara göstərilən qayğı ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
Vasif Vaqifoğlu,
"Azərsun" Holdinqin Mədəniyyət
Mərkəzinin direktoru