Respublika Mədəniyyət Fondunun fəaliyyəti və bütövlükdə onun keçirdiyi rəngarəng tədbirlər haqqında əvvəllər mətbuatda çox yazılardı. Yadımdadır, onda daha çox fondun nəzdindəki «Sönməz ulduzlar» assosiasiyası xeyirxah və lazımlı bir işə başladı. Bir vaxtlar milyonların sevimlisi olan qocaman sənətkarları axtarıb tapdı, onların sənətsevərlərlə görüşlərini təşkil etdi. Bu görüşlər ömrünü sənətə qurban verənlərin ömrünə ömür caladı. Düzü, son illər «Sönməz ulduzlar»dan adda-budda soraq gəlir. Düşündüm ki, ya qurumun fəaliyyəti zəifləyib, ya da ki, günah jurnalistlərdədir. Elə fondun Qarabağ filialının sədri, keçmiş millət vəkili Çimnaz Əliyeva ilə söhbətimizin əvvəlində onun məhz bu məqama aydınlıq gətirməsini xahiş etdik.

- İşimiz zəifləməyib, əvvəlki qaydada gedir. Mədəniyyət Fondu ictimai təşkilatdır, ona görə də maliyyə imkanlarımız aşağıdır. Sənətdə böyük uğurlar qazanmış məşhur adamlara dövlət təqaüd də verir, qayğı da göstərir. Lakin bu işin mənəvi tərəfi də var. Vaxtilə səhnədə alqışlanan, gül-çiçək yağışına tutulan bu adamları yığırıq, ad günlərini keçiririk, onların yaradıcılığı ilə bağlı gecələr təşkil edirik. Bu, həmin sənətkarlarla yanaşı, ümumilikdə sənətə və mədəniyyətimizə hörmətdir.


- Siz Qarabağ filialına rəhbərlik edirsiniz.


- Aydındır. Əvvəlcə onu deyim ki, məndən əvvəl bu filiala rəhmətlik İsi Məlikzadə rəhbərlik edirdi. Gələk, sizin sözünüzə. Şahmalı Kürdoğlu və Səxavət Məmmədovun xatirə gecələrini keçirmişik. Qarabağ hadisələri ilə bağlı dörd kitab və bir fotoalbom çap etdirmişik. Azərbaycan Xarici İşlər Nazirliyi özündə Qarabağ həqiqətlərini əks etdirən bir kitab nəşr edib. O kitab üçün lazım olan materialların toplanmasına kömək etmişik. Qarabağ mövzusunda sərgilərimiz olub. «Əlillərin yaradıcılıq potensialının inkişafı» adlı bir layihə həyata keçirmişik. Əlli il Azərbaycan Radiosunda işləyən ağdamlı jurnalist Telman Qarayevin (o, ilk dəfə Ağdamda keçirilən «Xarı bülbül» festivalının aparıcısı olub) və Qarabağ müharibəsi əlili Abdal Qəhrəman oğlunun kitablarını çap etdirməyi planlaşdırmışıq. Tez-tez Əlillər Evində oluruq. Akademik Əbdüləzəl Dəmirçizadənin oğlu var - Rövzət. Bizim fond ona və bu cür ehtiyacı olanlara yardım edir. Bir sözlə, humanitar bir işlə məşğuluq.


- Çimnaz xanım, Mədəniyyət Fonduna necə gəldiniz?


- 1996-cı ildə fond sədrinin müavini Güllü xanım Əbilova məni bura dəvət etdi. Onu da deyim ki, mən uzun illər Ağdam Rayon Mədəniyyət Şöbəsinin müdiri işləmişəm. O vaxtlar Güllü xanım da mədəniyyət nazirinin müavini idi. Yəni, məni yaxşı tanıyırdı. Elə oldu ki, həmin il də Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilər keçirildi. Mən də namizədliyimi verdim. Deputat seçildim. Lakin fonddakı işimi də davam etdirdim.


- Sizin fond mədəniyyətimizin təbliğinə, mədəni dəyərlərin qorunmasına xidmət edir. İşinizin mahiyyəti və istiqaməti Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəli işləmək zərurəti yaradır. Bu əlaqələr mövcuddurmu?


- Üç il əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzası ilə bir məktub aldıq. Nazirlik fəaliyyətimizin daha da gücləndirilməsi üçün bizə hər cür kömək göstərməyə hazır olduğunu bildirirdi, təkliflərimizlə maraqlanırdı. Təbii ki, bizim cavabımız da gecikmədi. Və beləcə, nazirliklə aramızda işgüzar əlaqələr yarandı. Sağ olsunlar, kömək eləyirlər.


- Qarabağ yaralı yerimizdir. Bu mənada Mədəniyyət Fondunun o biri filiallarından fərqli olaraq, sizin üzərinizə daha çox iş düşür. Daha nələri planlaşdırırsınız?


- Bütün tədbirlərimizin mahiyyətində Qarabağ - doğma yurd, onun tarixi keçmişi durur. Sözüm daha çox gənc nəsilə aiddir. Bəzən televiziya verilişlərində görürəm ki, bir çox cavanlarımız düşmən tapdağı altında olan rayonlarımızın işğal tarixini bilmirlər. Bu, məni çox ağrıdır. Heç cür imkan vermək olmaz ki, yaddaşımızın üstünə unutqanlıq pərdəsi çəkilsin.  Bütün fəaliyyətimizin ana xətti budur! Bir də ki, Ağdamda «Nənə» qızlar ansamblı vardı. İndi o ansambl üzvlərinin hərəsi Azərbaycanın bir bölgəsində yaşayır. İnanın ki, Ağdamda hər qız, hər qadın o ansambla düşə bilmirdi. Əsas repertuarımız da qədim mahnı və rəqslərimiz idi. İnşaallah o ansamblı bərpa etmək niyyətindəyik. Ən böyük arzumuz isə doğma Qarabağa qayıtmaqdır.

Ayxan