Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri:
«Diasporumuzun güclü olması üçün sistemli işləmək lazımdır»

Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Azərbaycanın müstəqillik qazanması diaspor təşkilatlarımızın formalaşması işində mühüm canlanma yaratdı. Soydaşlarımızın diaspor fəaliyyətini vahid mərkəzdən koordinasiya edən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması buna gözəl nümunədir. Bu günə qədər komitənin xətti ilə diaspor təşkilatlarımızın Bakıda bir araya gətirilərək keçirdiyi tədbirlər və fəaliyyət göstərdikləri ölkələrdə onlara verilən dəstək bu istiqamətdə nikbin perspektivlərdən xəbər verir. Dünyanın hegemon dövləti olan ABŞ-da da diaspor təşkilatlarımız fəaliyyət göstərir. Onların arasında Amerika Azərbaycanlıları Cəmiyyəti (AAC) öz fəallığı ilə seçilir. AAC-ın digərlərindən fərqi həm də ondadır ki, onun yaranması daha çoxillik tarixə malikdir. Cəmiyyətin hazırkı sədri, öz ata-babalarının işini davam etdirən Tomris Azəri ilə söhbətimiz Azərbaycan diasporunun fəaliyyəti haqqında bu və ya digər məsələlərlə bağlı oldu. Tomris xanım əvvəlcə təşkilatın tarixi, yaranması və keçdiyi yol haqqında məlumat verdi.

- Amerika Azərbaycanlıları Cəmiyyətini (AAC) ötən əsrin 50-ci illərində Amerikaya gedən ata-babalarımız yaradıb. Onların bu cəmiyyəti yaratmaqa məqsədi Amerikada doğulub-böyüyən gələcək nəsillərə Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrətmək və daim onların bir yerə toplamaq olub. Öz hesablarına cəmiyyət üçün bina alıb onun üzərinə vətənimizin bayrağını sancıblar. Bizlərin hər biri o bayrağın altında böyüdük. 1957-ci ildə dünya xəritəsində Azərbaycanın bayrağı olmadığı halda, biz buradakı amerikalılara xəritədə Azərbaycanı göstərirdik. Məktəblərdə vətənimizin bayrağını asıb, milli rəqslərimizi oynayırdıq. Bizim üçün Azərbaycan var. Bu cəmiyyət bizə bunları öyrətdi. AAC-ı quran ata-babalarımız yalnız bunu istəyirdi: onların övladları, nəvələri Azərbaycanı Amerikada yaşatsınlar.


- Tomris xanım, məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk sənaye maqnatları sizin əcdadlarınız olub. Bu fakt AAC-ın yaranmasında nə kimi rol oynayıb?


- Mənim ata-babalarım üçün Azərbaycandan gözəl məmləkət, azərbaycanlıdan yaxşı insan yox idi. Onlar bu sevgilərini, vətənpərvərliyi bizə  də öyrətdilər. Amerikada məskunlaşsalar da, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmağa davam edirdilər. Babam davamlı olaraq Amerikada yaşayan azərbaycanlıları cəmiyyətə toplamağı, onlarla söhbət etməyi xoşlayırdı. Onlar bilirdilər ki, ölkəmiz nə vaxtsa öz müstəqilliyini əldə edəcək və bizi vətənpərvər ruhda böyüdərək həmin günlərə hazırlayırdılar.


- İndi belə bir missiya sizin üzərinizə düşüb.  Müasir dövrdə AAC-ın fəaliyyəti sizi qane edirmi?


- Cəmiyyətin ilk qurulduğu dövrlərdə ata-babalarımız çox işlər görüblər və istədiklərinə də nail olublar. 1992-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bizim diasporun fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyümüz işlər çoxdur. Lakin mən bunlarla qane olmuram. Çünki görürəm ki, Amerika xalqı hələ də həqiqətləri bilmir. Bu ölkənin qanunvericiliyi bizim tərəfimizdə deyil. Çünki onlar hələ də də Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri təfərrüatı ilə bilmirlər. Əksinə, düşmənlərimizin bu istiqamətdə uydurduqları yalanlara daha çox inanırlar. Bütün bunları özlüyümdə düşündükdən, müqayisə etdikdən sonra bu qənaətə gəlirəm ki, deməli, biz hələ də yaxşı işləmirik.


- Necə düşünürsünüz, əvvəlki illərə nisbətən cəmiyyətin fəaliyyətində hansı irəliləyişlər var?


- Əgər AAC-ın fəaliyyətini əvvəlki illərlə müqayisə etsək, ideyalarımızda dəyişiklik var. Amma deyə bilərəm ki, ötən illərə nisbətən güclənmişik. Diaspor təşkilatlarının birləşməsi, onların gücləndirilməsi ideyası ilk dəfə 2001-ci ildə keçirilən  Dünya Azərbaycanlılarının Qurultayında ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürüldü.  Onun bu istiqamətdə çıxışı bütün dünya azərbaycanlıları kimi, məni də çox həyəcanlandırdı. Dahi rəhbərin sözləri bizlərə böyük ümidlər və stimul vermiş oldu. İndi də belə dəstəyi bizə prezidentimiz İlham Əliyev verir. Ötən il Nyu-York şəhərində 50 illik yubileyimizi qeyd etdik. Bunun üçün Azərbaycan Prezidenti bizə çox böyük dəstək verdi. Diasporumuz günü-gündən güclənir, gördüyümüz işlər də az deyil. Lakin buna baxmayaraq, diasporumuz hələ də mənim görmək istədiyim vəziyyətdə deyil. Həll olunmayan problemlərimiz var. Düzdür, çalışırıq ki, bu problemləri vaxtında həll edək. Amma çalışmaq hələ hər şeyin yaxşı olması demək deyil. İllər keçdikcə, bizi birləşdirməyə çalışanların yanında bölmək istəyənlər də tapılırdı. Əlbəttə, bunlar da azərbaycanlı idilər və belə insanlar öz mənafelərini düşünərəkdən bu addımları atırdılar. Bəzən Amerikada düşmənlərlə deyil, öz adamlarımızla mübarizə aparırıq. Bizim öz binamız və məscidimiz olsa da, görəcəyimiz işlər üçün vəsaitimiz yoxdur. Buna görə də bir yerə yığışıb, toplantılar keçirə bilmirik. Əgər yerimiz yaxşı olsa, gənclər yığışar, işlərimizi davam etdirərdilər. ABŞ böyük dövlətdir. Onun hər ştatında, hər şəhərində diasporumuzun fəaliyyət göstərməsi üçün məkan olmalıdır ki, azərbaycanlılar da yığışıb müxtəlif tədbirlər keçirə bilsinlər. Digər tərəfdən, Amerikanın ən böyük muzeylərindən olan Amerika Təbii Tarix Muzeyində və Amerika Tarix Muzeyində Azərbaycanı heç kimi tanımır. Qafqaz respublikaları üçün bir yer ayrılıb, amma orada yalnız Gürcüstan və Ermənistan təmsil olunur. Şəxsən mən və artıq 5 ildir ki, cəmiyyətə üzv olan Erik Yevdayev nə qədər çalışsaq da, bu istiqamətdə bizə heç kim kömək etmir. Çünki adını diaspor qoyan üzdəniraq insanlar işimizi pozurlar.


- İllər ötdükcə, hər bir dövrün özünəməxsus tələbləri yaranır. Bu baxımdan təşkilatlar da öz fəaliyyətlərini həmin dövrün tələblərinə uyğun qururlar. Maraqlıdır, son illər Amerikadakı Azərbaycan diasporunun fəaliyyəti istiqamətində hansı dəyişikliklər yaranıb?


- Neçə illərdir ki, birlikdə çalışdığım gənclər Amerika azərbaycanlılarının İnternet şəbəkəsini yaradıblar ki, (US Azeris Network) bunu da xoşagəlimli dəyişiklik hesab etmək olar. Bunun vasitəsilə bir anda Amerika Konqresinin bütün üzvlərinə, hakimlərə, prezidentə məktublar göndərmək olur. Bu, bizim ən vacib fəaliyyətimizdir. Diaspor üzvlərimiz bu şəbəkə vasitəsilə Amerikadakı prezident seçkiləri zamanı çox fəallıq nümayiş etdirdilər. Bu, çox böyük işdir və mən bunu təqdir edirəm.


- Müsahibələrinizin birində bildirmisiniz ki, ABŞ-dakı erməni diasporu həqiqətən də hər baxımdan güclüdür. Onların Amerikanın hər ştatında nüfuzlu himayədarları, təşkilatları, birlikləri var. Sizcə, əks təbliğata qarşı təbliğat işini gücləndirmək üçün nə etmək lazımdır?


- Güclü olmaq üçün sistemli işləmək lazımdır. Vahid əqidəmiz, inancımız olmalıdır. 100 il keçsə də, bizim bir həqiqətimiz var - SOYQIRIM.  Hər bir erməninin inandığı bir məsələ var, o da Türkiyədə onların - bu saxta olsa da- soyqırıma məruz qalmalarıdır. Onları başqa cür inandırmaq mümkün deyil. Ermənilər eyni istiqamətdə hərəkət edirlər və ona görə də çox güclüdürlər. Bizim Qarabağ dərdimiz, öz ata-baba yurdundan didərgin düşən qaçqınlarımız var. Bu baxımdan diasporumuzu bu istiqamətdə, bu sistemdə gücləndirə bilərik. Lakin bu birliyi dilimizdə söyləsək də, həyata keçirmək çətin olur.


- AAC-ın gələcək planları nədən ibarətdir?


- 2009-cu ildə cəmiyyətimizin Amerika muzeylərində təmsil olunması uğrunda çalışacağıq. Gələn ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91 illiyini qeyd etməyə hazırlaşırıq. Yenə də həmin ay Nyu-Yorkda Azərbaycan festivalı düzənləməyi planlaşdırırıq. Bundan əlavə, Kaliforniyadakı Amerika Azərbaycan Şurası ilə birlikdə fəaliyyət planlarımız da var.


- Oktyabrın əvvəllərində Bakıda keçirilən Azərbaycan Qadınlarının III Qurultayında iştirak etdiniz. Sizcə, Azərbaycan qadını cəmiyyətdə öz yeri və nüfuzu baxımından hansı irəliləyişlərə nail ola bilib?

- İlk növbədə belə bir nüfuzlu qurultaya dəvət olunmağım mənə çox böyük qürur verdi. Mən Azərbaycanda qadınların güclü olduğunu bilirdim. Lakin Hicran Hüseynova, Bahar Muradova kimi yüzlərlə fəal xanımları görəndə və dinləyəndə, onların gördükləri işlərlə tanış olduqdan sonra buna bir daha inandım. Bu, çox vacib toplantı idi və qadınlarımızın bir araya gəlmələrindən qürur duyuram. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva məni hamıdan çox qürurlandırdı. Hər zaman hamı onun gördüyü işləri təqdir edir. Mən Mehriban xanımı bir ana kimi təbrik etdim. Çünki biz onun yetişdirdiyi qızı Leyla xanımı Amerikada tanıdıq. Cəmiyyətimiz onun bir tədbirinə qoşuldu və Azərbaycanın adına layiq çıxışı, səmimiliyi ilə hamımızı qürurlandırdı. Bir daha əmin olduq ki, Azərbaycan qadınları hər zaman lider olub və öz haqlarına sahib çıxıblar.

Zümrüd