Cahangir Məmmədov: «Gələcəkdə o prodüser mərkəzlərinə pul ayırmağı nəzərdə tuturuq ki, onlar özləri də filmlərin istehsalına əlavə vəsait cəlb edə bilsinlər»
Bir müddət əvvəl kino sahəsində yaşanılan durğunluqdan sonra çəkilən hər bir film kinomuzun inkişaf göstəricisidir. İldən-ilə ölkəmizdə istehsal olunan filmlərin sayı artır. Milli kinonun inkişafında dövlətin dəstəyi böyük və danılmazdır. Çəkilən və çəkiləcək filmlər, yeni layihələr barədə Mədəniyyət və Turizm Nazirliyinin Kino işləri şöbəsinin rəhbəri Cahangir Məmmədov danışır.
- Cahangir müəllim, bəribaşdan hamını maraqlandıran sualı verim. Ekspertlər Şurası işini bitiribmi və gələn il üçün repertuar planı təsdiqlənibmi?
- 6 kinolayihə təsdiq olunub və bir filmin ssenarisi hazırlıq mərhələsindədir. Qəbul olunmuş kinolayihələrdən biri «Aktrisa» filmidir. Prodüser Mərkəzinin təqdim etdiyi bu filmin rejissoru Rövşən İshaqdır.
Rüstəm İbrahimbəyov «Xəyal» adlı film ssenarisi təqdim edib. Filmin istehsalına yanvar ayında başlanacaq.
Yuli Qusman da vaxtilə çox məşhur olmuş «Qorxma, mən səninləyəm» filminin ikinci hissəsinin kinolayihəsini təqdim edib. Bu film Rusiya Federasiyası ilə müştərək çəkiləcək. Hazırda bu filmin maliyyələşdirmə məsələlərinə baxılır. Rusiya tərəf maliyyə problemlərini həll etdikdən sonra biz bu filmi istehsala buraxacağıq.
Mehriban Ələkbərzadə «Bəşəriyyəti xilas etmək» adlı detektiv çəkəcək. Bu da hələlik filmin işçi adıdır. Film Prodüser Mərkəzində istehsal olunacaq. Ülviyyə Könül bu mərkəzdə tammetrajlı komediyasını çəkməlidir.
Yekaterinburqdan təklif almışıq. Onlar bizim həmyerlimiz, məşhur neft mütəxəssisi Fərman Salmanov haqqında film çəkmək istəyirlər. Film «Neft əfsanəsi» adlanır. On altı seriyalı televiziya filmidir. Ssenari bizim xoşumuza gəldi. Filmin əksər hissələri Azərbaycanda çəkiləcək və biz maliyyənin müəyyən bir qismini ödəmək fikrindəyik.
Daha bir layihə üzərində tanınmız ssenarist Ramiz Fətəliyev işləyir. Bu, çəkiləcək iki seriyalı tammetrajlı «Prezident Heydər Əliyev» bədii filmidir. Biz Ramiz Fətəliyevdən çox maraqlı ssenari gözləyirik.
- Bəs ən iri layihə hansıdır?
- Ən iri layihə «Prezident Heydər Əliyev» filmi olacaq. Yuli Qusmanın da ssenarisi iri layihədir. Burada məşhur rus aktyorları iştirak edəcək.
- «Qorxma, mən səninləyəm» filmində əvvəlki filmdəki aktyorlar oynayacaqlar?
- Bəli, həmin qəhrəmanlar olacaq. Əlbəttə, onların bəziləri qocalıb, amma yəqin vəziyyətdən çıxmaq olacaq. Ssenari çox maraqlıdır, əsl Qusmanın stilidir. Filmin prokatının da uğurlu olacağını düşünürük. Çünki bizdən fərqli olaraq, Rusiyada güclü kinoteatrlar şəbəkəsi var. Rusiya distribyuterləri bu filmi dövriyyəyə buraxacaqlar.
- Cahangir müəllim, siz ekspertlər şurasında iştirak edirsinizmi? Kimlər var şurada?
- Əvvəllər ekspert şurası kinostudiyanın tərkibində idi. İndisə kinostudiya özü prodüser mərkəzlərindən birinə çevrilib. Sözsüz ki, hər bir prodüser mərkəzinin də özünün ekspertlər şurası olmalıdır. Amma bir halda ki, nazirlik maliyyəni təmin edir, özünün ekspert şurası olmalıdır. İlyarımdır ki, bizim ekspert şuramız var. Bura kifayət qədər tanınmış kinematoqrafçılar, kino tənqidçiləri və məmurlar daxildir: Kinematoqrafçılar Ayaz Salayev, Orxan Fikrətoğlu, Cəmil Quliyev, Yalçın Əfəndiyev, kino tənqidçisi Rəhman Bədəlov, Film istehsalı şöbəsinin rəhbəri Cəmil Fərəcov, kino təbliğatı sektoruna rəhbərlik edən Yusif Şeyxov daxildir.
- Layihələr hansı kriteriyalar əsasında seçilib?
- Birincisi, yaxşı ssenari olmalıdır. Bu, bizim ən zəif nöqtəmizdir. 2008-ci ildə ssenari seçə bilməmişdik. Bizə 20 layihə təqdim olunmuşdu. Çətinliklə onların içindən altı ssenari seçə bildik.
Bu il bizim keçirdiyimiz «Bu meydan, bu ekran» layihəsində səkkiz yer vardı. 40 ssenari təqdim olunmuşdu. Amma yeddi yeri doldura bildik. Yəni bir yer boş qaldı.
Məbləğin imkan verdiyi müəyyən bir çərçivə var. Əgər böyük smetalı, çox maliyyə tələb edən film təqdim etsələr, bunu edə bilməyəcəyik.
İkincisi, biz müştərək filmlərə üstünlük veririk. Əgər prodüser gəlib deyirsə ki, ikinci tərəfin iştirakı ilə film çəkmək istəyirəm, («Nərimanfilm»in) görüş təşkil edib maraqlanırıq. Amma təkrar edirəm, ssenari yaxşı ssenari olmalıdır. Bax kriteriyalar bunlardır. Üstəgəl, biz son vaxtlar rejissorun namizədliyinə baxırıq. Bilirsiniz ki, yaxşı ssenarini zəif rejissor korlaya bilər, həm də ortabab ssenaridən yaxşı rejissor normal film çəkər. Bizdə belə hallar olub.
Bir də biz gənclərə daha çox üçtünlük veririk. Bilirsiniz, hazırda peşəkar rejissorlarımız azalıb. Uzun müddət biz heç kimi təhsil almağa göndərməmişik. Bir neçə il xaricdə təhsil yaxşı mütəxəssis, peşəkar olduğunu film çəkməklə təsdiqləməlidir. Biz bu boşluğu gənclərə film verməklə doldurmaq istəyirik. Biz indi İlqar Safata film vermişik. Çünki onun təqdim etdiyi materiala baxdıq, çox xoşumuza gəldi. Samir Kərimoğlunun filmi də var. Bu, bizim kino siyasətimizdir, kinoda yeni adlar kəşf etmək. Gənclərdən Çingiz Rəsulzadə «Kuklalar» filmini çəkir. Mənim fikrimcə, Elçin Musaoğlu «Qırxıncı qapı» adlı film çəkib. Yəqin ki, fevralda premyerasını keçirəcəyik. Və uzun fasilədən sonra Ayaz Salayev film çəkib. Onun ilk filmi «Yarasa» Avropanı gəzmiş və müsbət rəylər qazanmışdı. Yavər Rzayevə də film verildi. O da uzun müddət idi ki, film çəkmirdi. Onun sonuncu filmi «Sarı gəlin» idi.
- Cahangir müəllim, bütün bu filmlər dövlət hesabına maliyyələşir?
- Adlarını çəkdiyim filmlərin hamısı dövlət tərəfindən maliyyələşir. Yalnız «Neft əfsanəsi» böyük faizlə Rusiya Federasiyası tərəfindən maliyyələşəcək. «Qorxma, mən səninləyəm» isə Rusiya ilə müştərək çəkiləcək. Prodüser Mərkəzinin «Bəşəriyyəti xilas etmək» detektivi yalnız bizim tərəfimizdən maaliyyələşdirilməyəcək. Qeyd edək ki, bu ssenari və prodüser başqa nazirliyin müəyyən miqdarda vəsaitini cəlb etməklə həyata vəsiqə qazanıb.
- Cahangir müəllim, prodüser mərkəzi deyəndə «Azərbaycanfilm» kinostudiyasını nəzərdə tutursunuz?
- Yox, bunlar özəl prodüser mərkəzləridir. Amma onlarda da kino mütəxəssisidirlər. Burada bir məqam var. Prodüser mərkəzləri «Azərbaycanfilm»in tutduğu qədər vergi tutmur. Məsələn, film «Azərbaycanfilm»də istehsal olunursa, ondan 20 faiz vergi tutulur. Bu, normaldır. Sovet vaxtından belə olub. Studiyanın kollektivi də məvacib almalıdır. Amma indi rəqabət var. Əgər özəl prodüser mərkəzi beş faiz vergi tutursa ona müraciət artır. Belə olan halda kinostudiya yeni maliyyə siyasəti barədə fikirləşməlidir. Amma baxın, kinostudiya dövlət strukturu olduğundan nazirlik onu filmlə təchiz etməli olur. Eldar Quliyev və Ayaz Salayevin filmləri əvvəlcə özəl prodüser mərkəzlərindən təqdim olunmuşdu. Biz onlardan xahiş etdik ki, «Azərbaycanfilm» kinostudiyası ilə işləsinlər. Bu işlər olmasa, kinostudiya istehsalat prosesindən uzaq qalar. Amma bu düzgün deyil, əksinə olmalıdır. Kinostudiya bizi layihələrlə təchiz etməlidir. Kinostudiya da digərləri kimi prodüser mərkəzidir.
Bir tərəfdən də mən düşünürəm ki, prodüser mərkəzi yüz faiz dövlət vəsaiti ilə film çəkməməlidir. Onda kinostudiyada olan vəziyyət yaranacaq. O vəsait tapmaq barədə fikirləşmir, bu vəsaitləri geri qazanmaq barədə də düşünmür, nəzərə alsaq ki, bizdə kinoteatrlar şəbəkəsi yoxdur, prodüser filmi çəkib, rəfə qoyur. Onu xaricə satmaq, DVD-də satışını təşkil etmək, prokata buraxmaq barədə fikirləşmir. Mən bir dəfə televizorda bir prodüserin çıxışına baxırdım, ondan soruşurdular ki, niyə təbliğat ilə, film dövriyyəsi ilə məşğul olmursunuz? O cavab vermişdi ki, nazirlik buna pul ayırmır. Biz gələcəkdə o prodüser mərkəzlərinə pul ayırmağı nəzərdə tuturuq ki, həmin mərkəzlər də bizə nəsə versinlər. Kredit götürən adam krediti qaytarmalıdır, yoxsa kredit verən batar. Yüz faiz maliyyələşdirilmədən sonra prodüser bu barədə düşünmür. Bir də görürsən, hansısa festivala getmək üçüq maliyyə istəyirlər. Əgər prodüser öz filmini xaricə aparmağa vəsait tapmırsa, o necə prodüserdir?
- «Heydər Əliyev» filminin rejissoru müəyyənləşibmi?
- Bizim bu barədə planlarımız var. Amma ssenari tam hazır olmadığı üçün hələ açıqlamaq istəmirik.
- Cahangir müəllim, «Bu meydan, bu ekran»da müsabiqəsi gələn il də keçiriləcəkmi?
- Yox, gələn il bu müsabiqəni keçirməyi proqnozlaşdırmırıq. Biz «Bu meydan, bu ekran»da on film çəkdik. Martda biz müsabiqədə çəkilən filmlərin nümayişini keçirəcəyik. Bu filmləri təhlil edəndən sonra 2010-cu ildən həmin müsabiqəni davam etdirəcəyik. Ola bilər ki, filmlərin həcmi və vəsait artırılacaq.
- Bu ilin yekunları barədə nə deyə bilərsiniz?
- Dövlət tərəfindən ayrılan vəsait hesabına bu il biz beş tammetrajlı film təhvil verdik - «Qala», «Hökmdarın taleyi», «Günaydın, mələyim», «Qırxıncı qapı» və «Cavad xan» filmləri. Bundan əlavə cari ildə bir neçə sənədli film, animasiya filmi və «Mozalan» süjetləri çəkilmişdir. Hazırda bir neçə filmin istehsalı davam edir - «İstanbul reysi», «Kuklalar» və «Ölüm növbəsi», «İlahi heyvan» «Piramida telekanalı», «Ərazi» və «Ziyarət».
Aliyə