Müsahibimiz Mirşamil Miradil oğlu Mürsəlovdur. 1990-cı ilin Qanlı Yanvar hadisələrində yaralanaraq ayağından əməliyyat olunub. Hazırda 20 Yanvar əlili və şəhid atası olan soydaşımız  Respublika "20 Yanvar" Cəmiyyəti Cəlilabad rayon şöbəsinin sədridir.


- Mirşamil, o günləri necə xatırlayırsınız?


- Çox ağır günlər idi. Sovet ordusu və erməni hərbi birləşmələri millətimizə qarşı əsl soyqırım törətdilər. Hər şey mənim gözümün qarşısında baş verirdi. O zaman Cəlilabadda da  oxşar hadisələr baş vermişdi. Hələ dekabrın 28-dən 29-a keçən gecə Cəlilabadda artıq sovet hakimiyyəti əleyhinə hərəkat başlanmışdı. Fəallar kütləvi həbs olunurdu. Yanvarın 24-də hərbçilərlə danışıqlar aparmağa gedəndə Göytəpədə 11 nəfərlə birlikdə biz də həbs olunduq. Bizi söyür, təhqir edir, avtomatın qundağı ilə döyürdülər. Ertəsi gün səhər saat 4-də bizi hərbi vertolyotla Şüvəlan həbsxanasına apardılar. Vertolyotda bizə hədə-qorxu gəlir, vertolyotun qapısının yanına gətirib qapını açır, yerə atacaqlarını söyləyir, olmazın əzab-işgəncə verirdilər.


Bizi “Semaşko” xəstəxanasına gətirəndə gördük ki, burada çoxlu şəhidlər var.Mənim yanımda bir nəfəri məftillə boğub öldürdülər. Mənim əllərimi qandallayıb döyürdülər. Qan su yerinə axırdı.


 Mən o günləri necə unuda bilərəm? Gözümün qabağında nə qədər insan qırdılar. Neftçaladan olan bir nəfəri-Cəfərov Əbülfəz Böyükağa oğlunu məftillə boğub öldürdülər. Ölən dəqiqəyə qədər Qorbaçova, mənfur sovet rejiminin eybəcərliklərinə, erməni quldurlarına nifrət etdiyini söylədi, son ana qədər dediyindən dönmədi. Boğazını tel kəsib qanatmışdı, amma vəhşiləşmiş hərbçi quldurların gözünü qan örtmüşdü, onlar məftili daha bərk sıxanda Əbülfəz bir qədər müqavimət göstərdi, bədənini tərpətdi, əllərini bağlamışdılar, səsi xırıldadı, beləcə mərdliklə, qəhrəmancasına dünyasını dəyişdi.  Mən onu himayə etmək istədim, mənə avtomatın qundağı ilə elə bir zərbə vurdular ki, huşumu itirdim, ayılanda özümü xəstəxanada gördüm. Başımda, bədənimdə sağ yer yox idi, ayağıma avtomatın qundağı və dəmir parçası ilə o qədər vurmuşdular ki, xəstəxanada əməliyyat edəndə həkimlər sümüklərimi bir yerə yığa bilmirdilər. Ayağıma mil qoydular, birtəhər ayağa qalxdım.  Mən təsadüf üzündən sağ qaldım.


Yeri gəlmişkən, bir hadisəni də qeyd edim. Bizi Bakıya gətirəndən sonra hamımızı öldürəcəkdilər. Bizi ayırdılar. Məni o qədər döymüşdülər ki, elə bilirdilər, mən də ölmüşəm. Məni də başqa meyitlərlə birlikdə morqa atmışdılar. Amma mən təsadüf üzündən sağ qalmışdım. Məni oradan bir tibb bacısı tapıb çıxarmışdı. Həkimlərə xəbər vermişdi ki, morqda bir nəfər diri qalıb. Yaxşı ki, hərbçilərin öz tibbi yardım maşını məni götürməyib, yoxsa başqaları kimi məni də naməlum yerə aparıb öldürəcəkdilər. Amma xoşbəxtlikdən həmin tibb bacısı mənim Semaşko xəstəxanasına gətirilməyimə çox köməklik göstərdi. Sonradan mən həmin tibb bacısını çox axtardım, amma heyf ki, tapa bilmədim. Kim bilir bəlkə də azğınlaşmış vəhşilər ona rast gəlib öldürmüşdülər. Çünki o qız hara gəldi girirdi, qorxub-çəkinmirdi, yaralıları tapıb xəstəxanaya daşıyırdı. Mən o tibb bacısına öz həyatıma görə çox borcluyam. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə 20 Yanvar qəhrəmanı olan həmin qıza, əgər sağdırsa, redaksiyanıza müraciət etməyi xahiş edirəm. 

- Canlı şahid kimi 20 Yanvar hadisələrini necə qiymətləndirirsiniz?


- 20 Yanvar hadisələri, təbii ki, millətimiz və dövlətimiz üçün faciədir. Amma mən bunu əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirirəm. Meydandan heç kim geri çəkilmədi.

Erməni quldurlarına, sovet hərbçilərinə qarşı mərdlik, cəsarət göstərən neçə-neçə igid oğlumuz dünyasını dəyişdi. Günahsız qanlar töküldü. Gənc oğlanlar, qızlar, yeniyetmələr uşaqlar dünyadan nakam getdi. Onu qeyd etmək lazımdır ki, o hadisələrdə əsasən 18-19 yaşlarında gənclər iştirak edirdilər. Həyat arzusu onların ürəyində qaldı. Mən çox təəssüf edirəm ki, dünya ictimaiyyəti hələ də bu hadisəyə obyektiv qiymət verməmişdir. Bu hadisə bir faciə deyil, bu bir millətin soyqırımıdır. - Sizə kömək edən yox idi?


- SSRİ xalq deputatları Arif Məlikovun, Ədilə Namazovanın və Sara Vəzirovanın köməyilə bizi həbsxanadan xəstəxanaya köçürdülər. Yoxsa, bizi həbsxanalarda döyüb öldürəcəkdilər. Xüsusilə, Arif Məlikovun xidmətini qeyd etməyi özümə borc bilirəm. Yalnız o milli vətənpərvərlik göstərib sovet hakimiyyətinə qarşı öz etirazını bildirməyə cəsarət edirdi. Bəzi deputatlar da ona qoşulub haqq sözünü deməyə özlərində güc tapa bilirdilər.


Sonradan A.Məlikov bütün bu hadisələri "Ya obvinyayu" (“Mən ittiham edirəm”) kitabında təfsilatı ilə qələmə aldı. Orada mənim də adım qeyd olunub.


Filologiya elmləri namizədi Aslan Salmansoyun 2005-ci ildə nəşr olunan "Qan borcu" kitabında və bir sıra başqa kitablarda 20 Yanvar hadisələri obyektiv işıqlandırılıb. Demək olar ki, o kitabların hamısında mənim müsahibələrim var.

Asif HƏsƏnli,
Cəlilabad