Gökcə Pəhlivanoğlu: «Türkiyə və azərbaycanlı tələbələrin əlaqələri genişlənməlidir»
Gökcə Pəhlivanoğlu: 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur.
«Trident» (2004), «Çıma» (2004), «Zincirləmə film tamlaması» (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. «Trident» filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, «Çıma» Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. «Zincirləmə film tamlaması» isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.
Bu sayımızdan «Dünyanın gənc rejissorları» rubrikasına başlayırıq. Oxucuları müxtəlif ölkələrin gənc rejissorları və onların fikirləri ilə tanış edəcəyik. Bu sayımızda 2005-ci ildə Bakıda keçirilən II «Start» Beynəlxalq Tələbə Filmləri Festivalının Qran-Prisini əldə etmiş ilk xarici gənc rejissor Gökcə Pəhlivanoğluyla müsahibəni diqqətinizə çatdırırıq. Zənn edirik ki, rubrikamız azərbaycanlı tələbələr və kino ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.
- Sizin üçün kino daha önəmlidir, yoxsa fotoqrafiya? Mən bildiyimə görə, siz daha çox fotoqrafiya ilə məşğulsunuz.
- Kino mənim üçün daha önəmlidir. Fotoqrafiya mənim film çəkməyimə dəstək olan bir amildir. Fotoqrafiya mənim üçün bir hobbidir.
- Sizin «Çıma» filminizdə Çıma nəyin rəmzidir və yaxud o, hansı funksiyanı daşıyır? Ümumiyyətlə, bu filmdə siz nələri demək istəmisiniz?
- «Çıma» hər gün çıxdığımız ümidin yolçuluğunun hekayəsidir. Hər yolçunun yolun sonunda gedib çatacağı bir ümidi var. Gedəcəkləri yerdə, bəlkə, iş, pul və yeni bir həyat var. Bu minvalla filmdə əsas xarakterlərimiz yolçular, gəmilərsə onları ümidlərinə götürən amildir, plaşlar və çımaçılar isə onları ümidlərinə bağlayan nəsnələrdi.
- «Çıma» filmini çəkməyə sizi nə sövq etdi? Məgər başqa mövzular yox idi?
- Mərmərə Universitetində film bölümündə oxuyuram. «Çıma» 3-cü kursda vizual dərs üçün çəkdiyim bir kurs işi idi.
Yağışlı bir gün idi. Gəminin göyərtəsində oturmuşdum. Plaşlı çımaçıları gördüm. Onların üstlərindən yağış süzülürdü. Yağışın altında onlar yoğun kəndirləri dolamağa çalışırdılar. Görüntü olaraq çox bəyəndim. Bu haqda düşündüm və simvolik bir məna verməyə çalışdım. Beləcə gözəl dili olan «Çıma» ortaya çıxdı.
- Dünya kinosunda hansı rejissorların stili xoşunuza gəlir?
- Türkiyədən elə bir rejissorun adını çəkmək bir az çətindir. Ancaq «Çıma»nı Nuri Bilgə Ceylanın filmlərinə bənzədirlər. Onun «Koza» adlı filmini çox bəyənirəm. Bəyəndiyim rejissorlar : Jan Lyuk Qodar, Fransuo Trüffo, son dövrlər kəşf etdiyim və çox sevdiyim isə rejissor Kim Ki Dukdur.
- Sizcə, çağdaş türk filmlərini Avropa necə qarşılayır?
- Son illər Türkiyədə çox güclü rejissorlar ortaya çıxmağa başlayıb, bu çox yaxşıdır. Fəqət, türk filmlərini dünyaya tanıtmaq üçün güclü rejissorların və filmlərin sayını artırmaq lazımdır. Avropa türk filmlərinə qarşı maraqlıdır. Nuri Bilgə Ceylan, Fatih Akın, Semih Kaplanoğlu kimi adlar Avropada bir çox mükafatlar qazandı, tamaşaçılardan da yaxşı qarşılandılar.
Nuri Bilgə Ceylanın «Uzaq» adlı filmi Kann Festivalının jürisi tərəfindən mükafat alandan sonra həmin film türkiyəli tamaşaçılar tərəfindən maraqla qarşılanmağa başlandı.
- Türkiyəli tələbələrin filmlərində əsas mövzular nədən ibarətdir?
- Çox təəssüf ki, tələbələrin çəkdikləri filmlərin mövzuları haqqında ürəkdolusu danışmaq olmur. Son illər Türkiyədə çoxlu qısametrajlı filmlər çəkilir. Amma həmin filmlərin çoxu mövzu etibarı ilə bir-birindən çox da fərqlənmir. Son dövr çəkilən filmlərdə Kventin Tarantinonun dəst-xətti açıq hiss olunur.
- Türkiyəli tələbələrin işləri ilə avropalı tələbələrin çəkdikləri filmlər arasında hansı fərqləri görürsünüz?
- Təbii ki, fərq kino təhsilindən, emalatxanalardan gəlir. Bizdə bəzi təhsil mərkəzlərində kinonun texniki tərəfi daha gözəl öyrədilir. Bəzilərində isə nəzəriyyə üstünlük təşkil edir. Ancaq Avropa təhsil mərkəzlərində kinonun nəzəriyyə və praktikası birlikdə tədris edilir. Sadəcə kinonu öyrənməklə bitmir. Yaxşı kinoman bütün sənətlərdən xəbərdar olmalıdır. Çünki kino bütün sənətlərlə əlaqəlidir.
- Çox vaxt sizin telekanallarda yeni türk filmləri nümayiş olunmur...
- Məncə, son dövrlər türk kinosuna böyük maraq olduğundan telekanallar həmin filmlərin nümayişinə önəm verir. İctimai kanallarda yeni filmlərin göstərilməsində problem var.
- Türkiyədə keçirilən film festivallarında əsasən Avropanın hansı ölkələri iştirak edir?
- Ölkələrarası film festivallarından İzmir və Ankara Film Festivalları haqqında ətraflı məlumatım var. Akbank Qısa Filmlər Festivalı və İstanbul Qısa Filmlər Festivalı xarici ölkələrdən filmlər qəbul edir. Sonuncu Akbank Qısa Filmlər Festivalında daha çox Hollandiya filmləri nümayiş olundu.
- 2003-cü ildə siz filminizi «Start» Tələbə Filmləri Festivalına təqdim edəndə mükafat alacağınızı düşünürdünüz?
- Mənim filmim bundan əvvəl bir neçə festivalda iştirak edib və mükafatlar qazanmışdı. Çox təəssüf ki, II «Start» Tələbə Filmləri Festivalında filmim mükafat qazansa da, özüm iştirak edə bilmədim. Amma mənə elə gəlir ki, növbəti festivalların birində yenidən Bakıda olacam. Biz əlaqələrimizi genişləndirməliyik. Artıq iki filmim hazırdır. Onların «Start» Tələbə Filmləri Festivalına təqdim etmək üçün zamanı gözləyirəm.
İntiqam Hacılı