Prezident İlham Əliyev aprelin 3-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2012-ci ilin avqustunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 ili tamam olur. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınıb.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.