Xeyli vaxtdır ki, «Mədəniyyət» qəzeti ilə Azərbaycan Radiosu «Sözdən səsə» adlı birgə layihə ilə çıxış edir. Müştərək layihəmizin budəfəki qonağı xalq artisti İlham Namiq Kamaldır.
   
   - İlham bəy, öncə Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
   - Təşəkkür edirəm. Və çox xoşdur ki, “Mədəniyyət” qəzetinə və Azərbaycan Radiosuna müsahibə verirəm. Gənclik, tələbəlik illərimdən Azərbaycan Radiosunun mənə böyük köməyi olub. Mən həmin illəri fikirləşəndə, baş rejissor Ziyafət Abbasovu, baş redaktor Mailə Muradxanlını, “Gülüş axşamı”, “Sabahınız xeyir” və bu kimi neçə-neçə verilişləri, tamaşaları xatırlayıram. Düşünürəm ki, bizim o verilişlər bu gün də fondda saxlanılır və bütün bunlara görə mən bizim doğma, yaradıcı evimiz olan Azərbaycan Radiosuna öz təşəkkürümü bildirirəm.
   - Sizi tamaşaçılar daim gülümsəyən görüblər, bu gün isə... yorğunluq, ya əsəbilik...
   - Yox, ola bilər ki, siz mənimlə birinci dəfədir ki, görüşürsünüz. İnsan həyatda tam başqa olmalıdır. Bizim sənətimizin əsas qayəsi nədir? Cilddən-cildə girə bilmək məharəti. Bütün bunlar səhnədədir. Həyatda isə insanın gərək bir sifəti, bir siması olsun. Uşaqlıqdan da belə tərbiyə veriblər ki, həyatda sadə, normal və adi bir insan olmalıyıq. Mən bilavasitə dram teatrında yetişmişəm. Orada mən həm dramatik, həm də faciə rolları oynamışam.
   - İlham Namiq Kamal tamaşada hər hansı bir rolu oynadıqdan sonra yenidən İlham Namiq Kamal «rol»una qayıtmaqda çətinlik çəkmir ki?
   - İnsan rol oynayanda nəsə itirir. İstənilən obrazı 2 saat ərzində normal şəkildə ifa eləmisənsə, o zaman əsəblərin pozula, təzyiqin qalxa, hətta ürəyin ağrıya bilər. Aktyorluq insanın əsəb və gərginliklərindən hörülən bir sənətdir. Digər tərəfdən XXI əsrdir, əsəbi olmayan sənət adamının tamaşaçı ilə təmasda olmasına ixtiyarı yoxdur.
   - Sənətçi əsəbi sırf sənətlə bağlıdır, yoxsa həyati çətinliklərə?
   - Səhnədə olan istənilən epizodları ifa etmək üçün aktyor ona təklif olunan məkana daxil olmalıdır və təklif olunan vəziyyəti yaşamalıdır. Əgər orada gülüş doğuracaq nə isə varsa, tamaşaçı gülür, amma həmin vəziyyəti yaratmaq sənin üzərinə düşür. Sən isə bütün bunları öz əsəblərinin hesabına eləyirsən. Əgər sən də elə tamaşaçı kimi gülsən, o zaman tamaşaya kim baxar? Sənətin çətinliyi, aktyor sənətinin qüdrəti də elə budur. Ona görə də aktyorluq peşəsi çox çətin bir peşədir.
   - Gəlin gülüşün fəlsəfəsindən danışaq, gülüş barədə ciddi söhbət eləyək.
   - Gülüşü qəbul eləmək üçün gərək qarşında olan tamaşaçının yumor hissiyyatı ola. Bir də görürsünüz ki, hər hansı tamaşada hamı gülür, amma bir nəfər sakit oturub. Bütün insanların içində yumor hissi var, sadəcə, onu oyatmaq gərəkdir. Aktyor səhnədəykən istər yumoristik, istərsə də fəci obrazda - ülgüc üstündə gəzən, kəndirbaz timsalındadır - vəziyyətlərdən elə qaça bilməlidir ki, dabanı heç vaxt qanamasın. Aktyor sənətinin qayəsi budur. Sənət adamları, peşəkarlar bunu çox gözəl bilir.
   - Sizcə, müasir tamaşaçı nəyə gülmək istəyir, onun yumor hissi nəyə hesablanıb?
   - Hər dövr tamaşaçısının onu maraqlandıran, ürəyindən tikan çıxaran kəlmələr, hadisələr var ki, onları oynamaq, göstərmək lazımdır. Təbii, bugünkü gündə 30-40- cı illərin əsərlərini təqdim etmək olmaz. Bu gün sənət adamının seçdiyi mövzular, ifa etdiyi tamaşalar, monoloqlar sabahkı günə hesablanmalıdır. Tamaşaçı isə fikirləşməlidir: “Bax bunu mən demək istəyirdim, bax bu mənim ürəyimdə qalmışdı”. Bugünkü, əslində, bütün dövrlərin gülüş fəlsəfəsi budur.
   - İlham Miniatür Teatrının fəaliyyəti barədə: Son zamanlar sözügedən teatrda tamaşaların oynanılmamasının səbəbi nədir?
   - İlham Miniatür Teatrı Azərbaycanda olan azsaylı özəl teatrlardan biridir. Bilirsiniz ki, özəl teatrlar qayğı ilə yaranır. O vaxt, yəni 1993-cü ildə Mədəniyyət Nazirliyinin bilavasitə köməyi ilə Gənc Tamaşaçılar Teatrının binasında bizə yer verildi. Biz ara-sıra öz tamaşalarımızı nümayiş etdirirdik. İlham Miniatür Teatrının 38-ə yaxın tamaşası olub. Həmin teatrın əmlakı (paltarlar, işıq effektləri, tüstü effekti və s.) çoxdur. Bildiyiniz kimi, hazırda möhtərəm prezidentimizin göstərişi ilə Azərbaycanda olan teatrların əksəriyyəti təmirə saxlanıldı; indi onların çoxu yenidən istifadəyə verilib, bir neçəsində isə təmir-bərpa işləri gedir. Gənc Tamaşaçılar Teatrı da bu saat təmirdədir. İnşaallah,o işlər bitdikdən sonra biz də fəaliyyətimizi davam etdirmək əzmindəyik. Bununla bərabər, biz öz istismarımızda olan tamaşaları Yevlaxda, Zaqatalada, Ağsuda, Şamaxıda, Balakəndə, Xırdalanda, Sumqayıtda tamaşaçılara təqdim edirik.
   - İlham bəy, ən intellektual, sətiraltı mənanı, düşündürən gülüş hədəfini Azərbaycan tamaşaçısı duya bilirmi, o, bu cür gülüşə hazırdırmı?
   - Mənə belə gəlir ki, Azərbaycan tamaşaçısı həmişə yüksək səviyyəli tamaşaçı olub. Bu gün də yaxşı tamaşa, yaxşı mövzu, yaxşı dramaturq məhsulu olarsa, tamaşaçı gəlir. Hazırda mən Musiqili Komediya Teatrında çalışıram. Tamaşaçılar maraqlı tamaşalara daim gəlirlər. Heç vaxt yaxşı tamaşanın kresloları boş olmayıb.
   - Bir az da yeni obrazlarınızdan danışaq...
   - “Qısqanc ürəklər”də ifa etdiyim polkovnik Mikayıl son illər oynadığım ən maraqlı obrazlardandır. Mən heç vaxt sistem adamı rolunu oynamamışam. Bu polkovnik isə ürəyi məhəbbətlə dolu bir insandır. Lap axırıncı tamaşam Faiq Sücəddinovla, Tamara xanım Vəliyevanın “Mən dəyərəm min cavana”, yəni Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasının müasir variantında İbad İbadoviçdir. Onda o tacir, indi İbadoviç kimi biznesmendir, elmi-tədqiqat institutunun rektorudur. O vaxt Gülnazı Məşədi İbad almaq istəyirdi, indi isə Gülnaz İbad İbadoviçə ərə getmək istəyir və axırda gedir də... (gülür)
   - Tamaşa və tamaşaçı... Maraqların azalmasında əsas günah kimdədir - onlarda, ya sizlərdə?
   - Mən arzulayardım ki, yeni yazarlar yetişsin, yeni əsərlər qələmə alsınlar. Əlbəttə, mövzu başlıca rol oynayır. Teatr əvvəlcə öz mövzusu ilə tanınır, daha sonra gəlir rejissorun və aktyorların işi. Əgər Azərbaycan tamaşaçısının bir manatı olarsa, onun bir qəpiyini teatra xərcləyəcək. Bunu da yaddan çıxarmayaq.
   - Biz sizin rejissorluq fəaliyyətinizdən də xəbərdarıq. Ümumiyyətlə, Azərbaycan rejissorluğu haqda qənaətiniz...
   - Mənim müəllimlərim böyük rejissorlar olublar. Məni instituta qəbul eləyən xalq artisti Adil İsgəndərovun, Rza Təhmasibin adlarını çəkə bilərəm. 16 il fasiləsiz, çoxlarının və bilavasitə mənim yetişməyimdə böyük əməyi və zəhməti olan rejissorumuz, xalq artisti Tofiq Kazımovun adını xüsusi qeyd eləmək istəyirəm. Mənə elə gəlir ki, Azərbaycanda rejissorlara qayğı bir az artırılmalıdır, rejissor teatrları inkişaf eləməlidir, onlara daha çox səlahiyyət verilməlidir. Mənə belə gəlir ki, bu məsələ indi qlobal məsələlərdən biridir. O ki qaldı mənim rejissorluq fəaliyyətimə, hər bir insanın ürəyində elə bir teatr olur. Bu da mənim ürəyimdə olan Miniatür Teatrıdır. Sovetlər dövründə yeni teatr açmaq mümkün olan iş deyildi. Azərbaycana miniatür teatrlar gəlirdi və mənim ürəyimdə arzu yarandı ki, bizim ölkəmizdə də belə bir teatr olsun.
   - Dövlətin mədəniyyətə göstərdiyi qayğıdan razısınızmı?
   - Bilirsiniz, mən istər dövlət, istərsə də ulu öndər tərəfindən daim böyük qiymət almışam: Əməkdar artist, xalq artisti, həm də uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti kafedrasının müdiriyəm, oranın professoruyam, Prezident təqaüdçüsüyəm. Yəni bizlər müəyyən mənada o yolu keçmişik. Gənclər barədə nə deyə bilərəm. İnstitutu bitirdikdən sonra onlara müəyyən vəsaitlər lazım olur. Mənə elə gəlir ki, dövlət də bu barədə artıq düşünür, onların alacağı maaşların artırılması ilə bağlı işlər gedir. Düşünürəm ki, onsuz da hörmətli prezidentimizin gənclərə münasibəti çox yaxşıdır.
   - Özünüz dediyiniz kimi, Mədəniyyət və İncəsənət Universitetinin estrada kafedrasının müdirisiniz. Sizcə, gələcəyin əsl rejissorları, əsl aktyorları çıxacaqmı oradan? Ümumiyyətlə, məzunlar arasında istedadına ümid bəslədiyiniz gənclər varmı?
   - İstedadı Allah verir. Biz yalnız həmin istedadlı gəncləri istiqamətləndirə bilərik. Onları ən dolğun sistemlərlə bəhrələndirmək, savadlı və peşəkar aktyora çevirmək bizim borcumuzdur.
   
   Ə.Əlioğlu

Redaksiyadan: Hər həftənin çərşənbə axşamı, saat 16:10-da Əli Əlioğlunun təqdimatında Azərbaycan Radiosu ilə «Mədəniyyət» qəzetinin birgə layihəsi olan «Sözdən səsə» verilişini qaçırmayın.