Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana İşi sektoru kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərinin - kitabxanaların avtomatlaşdırılması, beynəlxalq əməkdaşlıq, oxucularda kitaba maraq oyatmaq, kitabxana fondlarının zənginləşdirilməsi, kitabxanalardan istifadə və qabaqcıl dünya təcrübəsinin tətbiqi məsələlərinin həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Sektorun müdiri Lətifə xanım Məmmədova ilə müsahibəmiz bu barədədir.
   
   - Lətifə xanım, söhbətimizin əvvəlində kitabxana işi sahəsində normativ-hüquqi bazanın vəziyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.
   - “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 1998-ci ildə hazırlanmış, 1999-cu il martın 12-dən qüvvəyə minmişdir. Buna baxmayaraq kitabxanalarımız köhnə əsasnamələrlə işləyirdi. Nazirlik tərəfindən 2007-ci ildə “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında Əsasnamə”nin layihəsi hazırlanmış, həmin sənəd 2008-ci ildə təsdiq edilmiş və bütün şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinə göndərilmişdir. 2008-ci ildə isə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi üzrə şəhər (rayon) kütləvi və uşaq kitabxanasıının nümunəvi Əsasnaməsi”nin layihəsi 2009-cu ildə təsdiq edilmişdir. İndi isə biz yeni normativlər üzərində işləyirik.
   - Bizə məlumdur ki, Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ili “Kitabxanaların avtomatlaşdırılması ili” elan etmişdir. Bu barədə nə deyərdiniz?
   - Bəli, nazirlik 2009-cu ili “Kitabxanaların avtomatlaşdırılması ili“ elan etmişdir. Bu isə təsadüfi deyildir. Respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013- cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq kitabxana şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq, elektron kitabxanaların, veb-saytlarının yaradılması və İnternetdə yerləşdirilməsi istiqamətində bir sıra səmərəli işlər görülmüşdür.
   Respublikamızda ilk dəfə olaraq M.F.Axundov adına Milli Kitabxanada, C.Cabbarlı adına Gənclər Kitabxanasında, F.Köçərli adına Uşaq Kitabxanasında, Gəncə şəhərində, Şamaxı rayonunun Mərkəzi kitabxanasında kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, veb-saytlarının yaradılması işi başa çatdırılmışdır.
   Goranboyda respublikada ilk “Kitabxana-informasiya Mərkəzi” və “Uşaq İntellekt Mərkəzi” yaradılmışdır.
   ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qobustan, İsmayıllı, Astara, Qəbələ, Xaçmaz, Beyləqan, Qax, Neftçala rayonlarında, Mingəçevir və Gəncə şəhərlərində məlumat-resurs mərkəzləri oxucuların istifadəsinə verilmişdir.
   Qeyd edim ki, nazirliyin layihəsi əsasında “Prezident İlham Əliyev və mədəniyyət -2003-2008” adlı ikicildlik kitabın elektron variantı hazırlanmışdır.
   “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” adlı tədbirlər planı çərçivəsində M.Seyidzadə adına Mərkəzi Uşaq Kitabxanasının nəzdində respublikada ilk “ Uşaq İnformasiya Mərkəzi -kitab mağazası” açılmışdır.
   Respublika Gözdən Əlillər Kitabxanasında, M.Seyidzadə adına Mərkəzi Uşaq Kitabxanasında, Hacıqabul Rayon Mərkəzi Kitabxanasında yeni veb-saytlar yaradılmış, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilmişdir. Həmin kitabxanalarda elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanmışdır. Sabirabad Rayon Mərkəzi Kitabxanası üçün avtomatlaşdırılmış informasiya sistemi alınmışdır. Hazırda F.Köçərli adına Uşaq Kitabxanasında daha çox oxunan kitabların İnternet məkanına yerləşdirilməsi prosesi davam edir.
   - Kitabxanaların fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə kitab mübadiləsi, beynəlxalq əlaqələr necə qurulmuşdur?
   - Respublika Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamından irəli gələn vəzifələr həm də beynəlxalq səviyyədə kitabxanalar arasında əlaqələrin gücləndirilməsini tələb edir. Odur ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, Azərbaycanın dünyada geniş təbliğ olunması nazirliyin gündəlik diqqət mərkəzindədir.
   Krımın Elmi Kitabxanasına, Kalininqrad və Pskov vilayət universal elmi kitabxanalarına ölkəmiz haqqında maraqlı kitablar, foto-albomlar göndərilmişdir.
   Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında imzalanmış memoranduma əsasən ölkəmizin kitabxanalarında 5 “Amerika guşəsi”nin yaradılması qərara alınmışdır.
   M.F.Axundov adına Milli Kitabxana ilə Qətər Milli Kitabxanası arasında birgə əməkdaşlıq haqqında anlaşma protokolu imzalanmış, dahi Nizami Gəncəvinin əsərlərinin kataloqu həmin dövlətin Milli Kitabxanasına göndərilmişdir.
   Bu yaxınlarda Macarıstandakı Xarici Ədəbiyyat Milli Kitabxanasına , Suriya, Rumıniya milli kitabxanalarına, Vyana Şəhər Kitabxanasına, Kalininqrad Elmi Kitabxanasına, Tacikistan və Özbəkistandakı Azərbaycan səfirliklərinə çoxlu sayda kitab, lüğət və ensiklopediyalar, elektron nəşrlər göndərilmiş, həmin kitabxanalarda “Azərbaycan guşəsi” yaradılmışdır. Ölkəmizin zəngin mədəniyyəti, adət-ənənələri, incəsənəti, ədəbiyyatı haqqında xarici ölkələrdəki səfirliklərimizə, mədəniyyət mərkəzlərimizə, həmçinin Cənubi Koreya, Gürcüstan, Qırğızıstan, Ukrayna, Belarus və başqa ölkələrin milli kitabxanalarına elektron nəşrlər, filmlər göndərilmişdir.
   Bir faktı söyləyim ki, Azərbaycan haqqında dünyanın müxtəlif arxivlərində, kitabxanalarında qiymətli materiallar vardır. Nazirlik belə məlumatların toplanması istiqamətində də iş aparır. Məsələn, Tatarıstan Milli Kitabxanasının fondunda “XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Milli Demokratik Hərəkatı haqqında” nadir nəşrlər vardır. Həmin nəşrlərin Azərbaycan Milli Kitabxanasına göndərilməsi barədə razılıq əldə olunmuş və nəşrlərin bir çoxu artıq Azərbaycana göndərilmişdir.
   Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2009-2010-cu illər üzrə fəaliyyət proqramı üçün təkliflər, həmçinin M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası ilə İndoneziya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum layihəsi hazırlanmışdır.
   Milli Kitabxanamızda Rusiya Dövlət Kitabxanasındakı dissertasiyaların elektron kitabxanasına virtual daxilolma zalı oxucuların ixtiyarına verilmişdir.
   Krasnodar vilayətinin Anapa şəhərində “Gələcəyə kitabxanalar vasitəsi ilə” Beynəlxalq konfransda, Sankt-Peterburq, Bişkek, Minsk, Kiyev şəhərlərində keçirilən tədris kurslarında, Avropa Şurasının Leypsiq şəhərində təşkil etdiyi konfransda, “Kitabxanaların avtomatlaşdırılması və yeni informasiya texnologiyalarının tətbiqi” mövzusunda Moskva şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün bizim kitabxana mütəxəssisləri dəvət almışlar... Mən MDB ölkələrinin elm adamları və yaradıcı ziyalılarının Düşənbə şəhərində keçirilən forumunda iştirak etmişəm.
   Beynəlxalq Kitabxana Təşkilatının (İFLA) prezidenti E.Tisse ötən il Bakıda səfərdə olmuş, öz təkliflərini söyləmişdir. Bu, Azərbaycanın kitabxana tarixində böyük hadisədir. Milli Kitabxanamızın 85 illik yubileyi tədbirlərində bir sıra ölkələrin kitabxana rəhbərləri iştirak etmiş, təcrübə mübadiləsi aparmışlar.
   - Respublikamızın müxtəlif regionlarında ciddi oxucu korluğu çəkən kitabxana-filiallar vardır. Onların taleyi necə olacaq?
   - Oxuculara məlumat verim ki, Mədəniyyət və Turizm Nazirliyi kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, şəbəkənin yeni dislokasiya xəritəsinin hazırlanması məqsədi ilə monitorinqlər keçirilmişdir. Bunun nəticəsində də ayrı-ayrı regionlarda istifadəçilərin tələblərinə cavab verməyən, maddi-texniki bazası zəif və binaları yararsız olan kitabxana-filiallar müəyyən olunmuşdur. Həmin kitabxanaların vahid mərkəzdə birləşdirilməsinə, bunun əsasında da müasir, nümunəvi kənd kitabxana-filialların yaradılması məqsədi ilə pilot layihələr hazırlanmışdır.
   Şübhə etmirəm ki, bütün görülən tədbirlər kitabxanaların fəaliyyətini canlandıracaqdır.
   - Sizin fikrinizcə, kitaba, kitabxanaya oxucuların marağını necə artırmaq olar?
   - Əlbəttə, nəzərə almalıyıq ki, indi informasiya texnologiyalarının geniş miqyas aldığı bir şəraitdə kitabın televiziya, elektron daşıyıcıları, İnternet və s. kimi güclü rəqibləri vardır. Ona görə də kitaba maraq yaratmaq üçün yeni üsullar düşünmək, müasir metodlarla işləmək tələb olunur.
   İndi dünyanın mütərəqqi kitabxana işi təcrübəsi geniş yayılmalıdır, kitabla işləyən işçilər yeni düşüncə tərzinə malik olmalı, elektron-informasiya texnologiyalarından istifadə etməyi yaxşı bacarmalıdırlar.
   Kitaba marağı artırmaq üçün “Kitab bayramı”, “Kitab festivalı” tədbirləri sınanılmış səmərəli üsuldur. Elə buna görə də respublikamızın şəhər və rayonlarında tez-tez belə bayramlar keçirilir. Son vaxtlar Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir şəhərlərində, Ağdaş, Kürdəmir, Qazax, Beyləqan, Salyan, Sabirabad, Zaqatala, Cəlilabad, Quba, Tərtər, Dəvəçi, Xaçmaz, İmişli rayonlarında keçirilən “Kitab bayramı” böyük maraq doğurmuşdur.
   Mən daha bir vacib məqama toxunmaq istəyərdim. Ölkəmizin kitabxanalarında, habelə ayrı-ayrı ziyalı insanların şəxsi kitabxanalarında nadir və unikal kitablar vardır. Hazırda həmin kitablar müəyyənləşdirilir, dövlət reyestrinə daxil edilir. Bunun əsasında isə “Azərbaycanın yaddaşı - kitab abidələri” haqqında DVD disk hazırlanacaq və bu kitablar İnternetdə yerləşdiriləcəkdir.
   - Müasir tələblərə cavab verən kitabxanalara hansıları nümunə göstərərdiniz?
   - Çox sevindirici haldır ki, bizim qabaqcıl kitabxanalarımızın sayı getdikcə artmaqdadır. Bu kitabxanalar arasında mən ilk öncə Prezident Kitabxanasını qeyd etmək istərdim. Orada aparılan sistemli və qlobal işlər bir çox dövlətlərin kitabxanaları tərəfindən böyük maraqla qarşılanır. Biz bununla fəxr edirik. Son illər M.F.Axundov adına Milli Kitabxanada, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Gəncə şəhər, Neftçala, Ucar, Beyləqan, Kürdəmir, Cəlilabad və s. rayon kitabxanalarında oxucuların tələblərinə cavab verən təqdirəlayiq işlər görülür.
   - Söhbətimizin sonunda daha nə demək istərdiniz?
   - Kitaba maraq yaratmaq sahəsində “Mədəniyyət” qəzetinin kollektivinə uğurlu yaradıcılıq axtarışları arzulayıram... Bir daha xatırlatmaq istəyirəm ki, müasir oxucu təfəkkürcə daha çox inkişaf etmişdir. Oxucu ağlını, emosiyalarını zənginləşdirməyən əsərləri rədd edir.
   Bu yerdə dahi Vilyam Şekspirin sözləri yadıma düşdü: “Görmək və hiss etmək mövcud olmaqdır, fikirləşmək isə yaşamaq”. Aqillərin belə bir ifadəsi də var ki, kitab oxumayan adam dərin fikirləşə bilməz. Deməli, həyatda əsl insan kimi yaşamaq üçün kitab oxumaq, mütaliəyə maraq göstərmək vacib şərtdir.
   
   Müsahibəni yazdı:
   Canalı MİRZƏLİYEV