Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aprelin 9-da “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” sərəncam imzalayıb.
   
   Sərəncamda qeyd olunur ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir.
   Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Mədəniyyət tariximizə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy Hacıbəyli, Bülbül kimi bir çox görkəmli simalar bəxş edib.
   1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, Ü.Hacıbəylinin, X.Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunub, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.
   Şəhər 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub.
   Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan edib, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıblar, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib.
   Sərəncamda Azərbaycan ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlərinin keçirilməsi qeyd olunub. Prezident Administrasiyasına bununla bağlı tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar