«Təhsil» nəşriyyatının baş rəssamı Abdulla Ələkbərov bu qənaətdədir
Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “Təhsil” nəşriyyatının baş rəssamı, tanınmış kitab tərtibatçısı Abdulla Ələkbərovdur. Abdulla müəllimlə dərsliklər, iş dəftərlərinin çapı haqqında söhbət etdik, ümumən kitab tərtibatının bugünkü vəziyyəti barədə münasibətini öyrəndik.
- Söhbətimizə tanışlıqdan başlamaq oxucular üçün də maraqlı olardı. İstərdim ki, nəşriyyat sahəsindəki əmək fəaliyyətinizdən danışasınız.
- Mən ilk əmək fəaliyyətimə vaxtilə respublikada ən böyük poliqrafiya müəssisəsi olmuş “26 Bakı komissarı” adını daşımış (indiki bir nömrəli) mətbəədə mürəttib şagirdi kimi başlamışam. 10 ay işləyəndən sonra o dövr üçün əlçatmaz sayılan Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum (1954-1959 cu illər). 1959-cu ildə Azərbaycan Dövlət Nəşriyyatına kitab tərtibatı üzrə bədii redaktor vəzifəsinə işə göndərildim. 1964-cü ilin mayından “Azərtədrisnəşr”ə (“Maarif” nəşriyyatına) bədii redaktor qəbul olundum. “Maarif” nəşriyyatında işləyə-işləyə Lvov şəhərində Poliqrafiya İnistitutunda təhsilimi davam etdirdim. Hazırda “Təhsil” nəşriyyatının baş rəssamıyam. Bu günə kimi milyonlarla kitaba bədii-texniki tərtibat vermişəm.
- Nədənsə, Azərbaycanada dərslik rəssamları az tanınır?
- Ümumiyyətlə, rəssamlar hansı sahəni seçirlərsə, o sahə üzrə işləsələr daha yaxşı olar. Sənin sualına cavab olaraq onu deyə bilərəm ki, dərslik rəssamları ona görə az tanınır ki, bu rəssamlar, ilk növbədə, dərslik müəllifinin verdiyi ideya, məzmun əsasında rəsm çəkirlər, amma tanınmış rəssamların çoxu sərbəst işlədiklərindən bu variantla razılaşmırlar. Bu gün respublikada yeni dərsliklərin sayı az olduğundan rəssamlar ilin ancaq üç-dörd ayını dərslik illüstrasiyaları ilə məşğul olur, onlar həyatlarını tənzimləmək üçün başqa janrlara da əl atır. Ona görə də respublikamızda sırf dərslik rəsmləri ilə məşğul olan rəssam, demək olar ki, yoxdur.
- İbtidai sinif dərsliklərində şəkillər nadir hallarda dəyişir, siz bunu mövzu ilə əlaqələndirirsiniz, yoxsa...
- Bildiyiniz kimi, ibtidai sinif dərslikləri həm çox rəngli, həm də çoxşəkilli olur. Dərsliklərdə gedən şəkillər verilmiş mövzuları bir növ təkrarlayır ki, bu da mövzuların uşaqlara daha geniş və əhatəli çatmasına kömək edir. Şəkillərin dəyişməsinə gəldikdə isə birincisi, bu əlavə vəsait tələb edir, ikincisi, mənasız dəyişikliklərə lüzum yoxdur, üçüncüsü isə şəkillər məzmuna uyğundursa, dəyişikliklərə ehtiyac qalmır.
- Ölkəmizdə nəşr olunan dərsliklər dünya standatlarına cavab verirmi?
- Bu suala müxtəlif baxımdan yanaşmaq olar. Belə ki, format baxımından bəzi dərsliklər sovet dövründəki dərsliklərdən fərqlənir, bu cəhət özünü məzmun məsələlərində də göstərir. Biz həmişə çalışırıq ki, dövlətin verdiyi sifarişi lazımınca yerinə yetirək. Məlumdur ki, dövlət standartları dünya standartlarına uyğundur. Bildiyiniz kimi, nəşriyyatlar arasında tenderlər keçirilir. Mənim fikrimcə, bu çox əlverişli üsuldur. Çünki tenderlərdə xüsusi komissiyalar olur ki, onlar kitabların məzmununa, tərtibatına, cap keyfiyyətinə, formatına nəzarət edir. Bütün tələblərə cavab verən nəşriyyat tenderi qazanır.
- Dərslik rəssamı kimi hansı mühüm, əhəmiyyətli rəssamlıq nüanslarının uşaqlara çatdırılmasını tövsiyə edirsiniz?
- Mənim fikrimcə, ibtidai sinif dərsliklərində şəkillər nə qədər çox olsa, mövzu da uşaqlara bir o qədər aydın olar, daha yaxşı anlaşılar. İkincisi, şəkillərdə uşaqların psixologiyasına uyğunluq dərəcəsi nəzərə alınmalıdır. Yuxarı sinif dərsliklərinə gəldikdə isə onlarda rəngarəngliyə, şəkillərin çox olmasına üstünlük verilməməlidir.
- Dərsliklərlə bərabər iş dəftərləri də nəşr olunur, sizcə, bu nə dərəcədə əhəmiyyətlidir?
- İş dəftərlərinin əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, iş dəftərləri dərslikdəki mövzuları təkrarlayır, mövzunu yenidən yada salır. Bunun nəticəsində keçilmiş mövzu uşaqların hafizəsində möhkəmləndirilir. Qeyd etmək istəyirəm ki, iş dəftərləri də kifayət qədər şəkilli, həvəsləndirici və maraqlıdır. Uşaqların biliyinin möhkəmlənməsində iş dəftərlərinin çox böyük rolu var.
- Ümumən, ölkəmizdə çap olunan kitabların tərtibatını qənaətbəxş hesab edə bilərikmi?
- Əvvəla, dərsliklərlə bağlı deyə bilərəm ki, onlar tərtibat baxımından qənaətbəxş hesab oluna bilər. Dərsliklərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunduğuna görə onların tərtibatında özbaşınalıqlar olmur. Xüsusi nəşrlərə gəldikdə isə nəşriyyatlar müəyyən mənada müəllifin “nazı ilə oynamalı olurlar”, müəllif necə istəyirsə, kitabının tərtibatı da o cür edilir. Əlbəttə, hər müəllifin də yüksək zövqü ola bilməz. Müəlliflərin bəziləri rəssamların xidmətlərindən, demək olar ki, istifadə etmirlər. Kompyuter ortaya çıxdıqdan sonra tərtibat işlərində müəyyən qüsurlar yaranıb. Sovet dövründə belə deyildi. Nəşriyyatlarda bədii şuralar keçirilirdi, şuraya rəssamlar, yaradıcı adamlar dəvət olunurdu. Kitabın texniki, bədii tərtibatı müzakirə edilirdi, iradlar varsa bildirilirdi, növbəti bədii şuraya qədər həmin səhvlər aradan qaldırılırdı.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Nəşriyyat işi və redaktəetmə” ixtisasından təhsil alan tələbələrə dərs deyirsiniz, bu ixtisas barədə nə deyə bilərsiniz?
- İxtisasın universitet səviyyəsinə qaldırılması olduqca əhəmiyyətlidir. Bu sahə üzrə mütəxəssislərə ciddi ehtiyac var. Əsas iki ixtisas sahəsini - “Kitab çapının texnologiyası” və “Poliqrafiya” fənlərini tədris edirəm. Bu iki fəndə kitabların tərtibatı, çap növləri, formatlar, nəşr vərəqləri, cap prosesləri, bir sözlə, əlyazma halından kitab vəziyyətinə çatana qədər uzun bir proses barədə mühazirələr oxuyur, seminarlar keçiririk.
Fərid Hüseyn