Sənətşünaslıq namizədi, professor Nazim Bağırovun (Hidayətoğlu) imzası musiqi təhsili ilə peşəkarcasına məşğul olanlara çoxdan tanışdır. Onun 1982-ci ildə çapdan çıxmış “Musiqinin elementar nəzəriyyəsi”, «İkisəsli və üçsəsli musiqi imlaları” (1983), «Harmoniya dərsliyi” (1989) kitabları nəinki ölkəmizdə, hətta qonşu İran və Türkiyədə yenidən nəşr edilərək musiqiçilərin stolüstü kitabına çevrilmişdir. Qardaş ölkənin Trabzon şəhərində çox məhsuldar çalışan musiqişünas alimimiz, işlədiyi qısa vaxt ərzində 200-dən artıq tələbə hazırlamış, 20-dən artıq dərslik, metodiki vəsait dərc etdirmişdir.
   Bütün bunlarla yanaşı, Nazim Hidayətoğlu bir çox musiqi əsərləri bəstələmişdir. Onların arasında “Fortepiano üçün pyeslər”, “12 Azərbaycan xalq mahnısı (xor və fortepiano üçün)», ”Simfonik orkestr üçün 12 pyes” və s. vardır.
   Yaxın ərəfədə sənətşünas alimimizlə görüşüb söhbətləşdik. O, öz planları, musiqimizin aktual məsələləri barəsində maraqlı fikirlər söylədi. 
   

   - Nazim bəy, son vaxtlarda nəşr etdirdiyiniz Azərbaycan xalq dastanı olan “Aşıq Qərib” nota salınarkən hansı mənbələrdən istifadə etmisiniz? Əvvəllər bu mövzuda Zülfüqar Hacıbəyli öz muğam operasını yazmış, digər tədqiqatçılarımız isə aşıqlarımızın ifasından bəzi nümunələri nota salmışlar.
   - Bir çox aşıqların ifasından yazılmış nümunələr olsa da,bunlar bütövlükdə dastan haqqında tam təsəvvür yaratmırdı. Mən başqa cür, məsələyə kompleks şəkildə yanaşaraq, dastanın proloqdan başlayaraq, həm nəsr (aşığın nəql etdiyi), həm nəzm (aşığın oxumayıb söylədiyi), eləcə də sazda çalıb-oxunan havacatlarını birsəsli yox, ancaq klavir şəklində nota salaraq tamlığı, bütövlüyü qorumağa çalışmışam ki, gələcək nəsillərə yadigar qalacaq bu xəzinə mükəmməl olsun. Dastanı quru tərzdə yox, harmoni və intonasiya gözəlliklərini, mümkün qədər də aşığın oxuduğu xırdalıqları (melizmləri) saxlamaqla yazmağa çalışmışam. Əlbəttə ki, not yazısı bunları kamil əks etdirə bilməz. Canlı ifada çox şey var. Mənim yazdığım variant, Qarayazı elinin Kosalı kəndindən (Gürcüstan) olan, ustad aşıq Aslan Kosalı tərəfindən söylənilmişdir.
   - Dastanı nota yazmaqla siz ilk növbədə bəstəkarların ən zəngin musiqi materialı və tükənməz ilham mənbəyi sayılan folklordan istifadə etməsinə şərait yaratmaqla, həmçinin musiqişünaslar, folklorçular, aşıq sənəti tədqiqatçıları üçün faydalı iş nümunəsi yadigar qoyursunuz. Həlli vacib saydığınız daha hansı məsələlər gündəmdə durur?
   - Dastanın mətnlə birlikdə nota salınmasına çoxdan ehtiyac var idi. Ələlxüsus da bir çox xalq mahnılarımızın, rəqslərimizi, muğamlarımızın, hətta məişətimizdən (xalça sənəti), mətbəximizdən tutmuş ta musiqi alətlərimiz və folklorumuzadək, bir sözlə, ermənilərin mədəniyyətimizi və tariximizi saxtalaşdırmaq istədiyi bir vaxtda. Aşıq musiqisi, o cümlədən Avropadan Amerikayadək hər yerdə erməni dastanı kimi təqdim edilən türk dünyasının sevimli dastanlarından olan Azərbaycan xalq dastanı “Aşıq Qərib” də bu sırada idi.
   1987-ci ildə “Əsli və Kərəm” dastanını nota köçürmüşəm. Mənim üçün gündəmdə duran vacib məsələlərdən biri də “Kororlu” dastanını mətni ilə birlikdə nota köçürmək arzusudur.
   - Nazim bəy, son dövrlərdə musiqi tənqidi məqalələri yox dərəcəsindədir. Sanki bütün yazılan əsərlər ideal səviyyədədir. Bizdə, obrazla desək, Kaşkinlər, Laroşlar, Stasovlar, Küyilər çatışmır. Hər hansı əsərə yazılan resenziyalar arasında tənqidə rast gəlməzsiniz. Bu, çox zərərli və qorxunc haldır. Sağlam tənqid doğru yol göstərməklə, çox faydalıdır.
   - Bizdə, kifayət qədər musiqişünas, sənətşünas alimlər var. Elmi dərəcələri təəssüf ki, gördükləri işlə müqayisədə uyğun gəlməyənlər də az deyil. Bir çoxları hər hansı araşdırma aparmaqdansa, bir-birini tərifləməklə məşğuldurlar. Məsələn, nədənsə heç kəsi maraqlandırmır ki, nə üçün Üzeyir bəyin yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental əsərə heç bir əlavə və ya dəyişiklik edilməyib. Məsələn, nədənsə heç kəsi maraqlandırmır ki, nə üçün “Hümayun” ladında iki mayə olmalıdır. Bu fikir polemika yaradır və təhlil tələb edən məsələ olaraq qalır.
   Və yaxud da musiqi dərsliklərinin çoxunda ruscadan tərcümə olunarkən dilimizin xüsusiyyətləri nəzərə alınmadan edilmiş xətalardan danışan yoxdur. Məsələn, bir çox dərsliklərdə rast gəldiyimiz “yuxarı qalxan qamma”, «aşağı enən qamma”, «nəfəs aləti” və ya “nəfəsli alət” kimi tərcümələr. Bəyəm alətin nəfəsi var? Bu kimi ifadələr daha aydın, dilimizə yatımlı, qavrayış üçün daha əlverişli olan “yuxarı istiqamətli qamma”, «aşağı istiqamətli qamma”, «nəfəslə çalınan alətlər”, «hava ilə çalınan alətlər” (qarmon, orqan və s.) kimi ifadələrlə əvəzlənməlidir. Dərsliklərdə rast gəlinən əsas və yarım səs tonlarını fərqləndirmək üçün işlədilən “ağ dillər”, “qara dillər” ifadəsi düzgün deyil. Bu əgər klaviaturada belədirsə, bəyəm tarda, skripkada, klarnetdə ağ və ya qara pillələr var? «Əsas pillələr” və «törəmə pillələr» ifadələri daha məntiqi, həm də məqsədəuyğundur. Siz deyin, bir çox musiqişünaslar, əsasən də rusdillilər Azərbaycan dilini və muğamları bilmədikləri halda nə cür təhlil apara bilər? Üzeyir bəyin yazdığı lad sistemləri üzərində düşündürücü, həllini gözləyən bir çox araşdırmalar aparmaq üçün musiqişünas gərək ilk növbədə xalq musiqisini dərindən bilsin. Başqa yol yoxdur!
   - Qardaş ölkədə, Trabzonda dərslərinizin nəticəsi, tələbələrin səviyyəsi sizi qane edirmi?
   - İşlədiyim Trabzon Texniki Universitetinin himnini mən yazmışam. Əvvəllər burada klassik musiqi təlimi haqda anlayışlar çox bəsit idi. Fortepiano sinfində çalışdırdığım tələbələr arasından artıq bir neçəsi beynəlxalq müsabiqələr laureatı olub. Bu səviyyəni əgər on illər öncə arzu etmək olardısa, indi artıq real nəticə göz qabağındadır.
   
   Şahin Qarayev
   musiqişünas