- Əsəd müəllim, bu yaxınlarda Türkiyənin Yalova şəhərində keçirilən Türk Xalqları Folklor Festivalından dönmüsünüz. Hansı təəssüratlarınız var?
   - Festival bu ayın 16-26-sı arası, Türkiyənin YAFEM təşkilatının təşəbbüsü və dəstəyi ilə keçirilirdi. Festivala otuza yaxın türk cümhuriyyətinin mədəniyyət, ədəbiyyat və mətbuat işçisi qatılmışdı ki, bunların da ümumi sayı beş yüzə çatırdı. Azərbaycanı festivalda Bakı və Sumqayıtın folklor rəqs ansamblları, mətbuat işçisi kimi “Mədəniyyət” qəzetinin baş redaktoru Nigar Mənsimli və mən təmsil edirdik. Mən bu festivalı yəqin ki, möhtəşəm bir bayram kimi xatırlayacağam.
   - Festivalın məqsəd və məramları haqqında nə deyə bilərsiniz?
   - Biz getdikcə kürəsəlləşən bir dünyada yaşayırıq. Beynəlxalq güclər əhatəsindəyik. Belə bir şəraitdə türk xalqlarının sözün bütün anlamlarında qüvvələrini birləşdirməyə ciddi ehtiyac var. Birliklər isə ilk öncə mədəni-kültürəl səviyyədən başlayır. Bu baxımdan türk xalqlarının mədəni, mənəvi birliyinin gücləndirilməsi festivalın başlıca məqsədidir. Abdulla Şaiqin diliylə desək, həpimiz bir günəşin zərrəsiyiz. Amma bu, onun son məqsədi deyil. Festival artıq on iki ildir ki, keçirilir. Və bu illər ərzində qarşısına qoyduğu məqsədlər yolunda müəyyən işlər görə bilib.
   - Türk xalqlarının mənəvi-mədəni birliyi yolunda bu festival hansı qərarları qəbul etdi?
   - Festival paralel olaraq bir neçə yerdə keçirilirdi. Yalova şəhərindəki Barış Manço adına amfiteatrda folklor rəqs ansamblları çıxışlar edir, eyni zamanda media mənsubları və şairlərin qatıldığı komissiyalar ayrıca fəaliyyət göstərirdilər. Komissiyalar türk xalqları mədəni-mənəvi birliyi yolunda mühüm qərarlar qəbul etdi. Ən vacib qərarlar kimi bunlar yada düşür: türk respublikaları jurnalistlər birliyini yaratmaq; türk respublikaları jurnalistlərini bir araya gətirəcək özəl İnternet saytı açmaq; türk respublikaları jurnalistlərinin vahid şəkildə çıxış etdiyi qəzet və dərgilər nəşr etmək; çağdaş türk şairlərinin əsərlərindən ibarət illik almanaxlar dərc etdirmək. Sonuncu təklif mənimki idi.
   - Azərbaycanın festivaldakı çıxışı necə qarşılandı?
   - Məncə, rəqs ansambllarının çıxışı elə də uğurlu deyildi. O mənada ki, Azərbaycan bu festivallarda həmişə birinci olub. Bunu türklər özləri deyirdilər ki, Azərbaycan səhnəyə çıxdımı, yerdə qalanlar kölgədə qalırdılar. Bu dəfə çıxışlar adi idi. Azərbaycan özünün birincilik mövqeyini Acarıstana, Kıbrısa, Qazaxıstana, Kabardinə, Makedoniyaya vermişdi. Ən başlıcası, nümayiş etdirilən rəqslər folklor nümunələri deyildi. Festival isə məhz folklor yarışması idi.
   - Bəs şairlərimizin çıxışı necə qarşılandı?
   - Şairlərimiz deyəndə ki, Azərbaycan poeziyasını mən təmsil edirdim. Bir neçə şeirimi oxudum. Məncə, çıxışım pis qarşılanmadı. Hətta bəzilərinin fikrincə, ən yaxşı çıxış oldu. Mən orda Elxan Zal Qaraxanlının sözlərinə bəstələdiyim “Türkün ordusu” marşımı da oxudum. Festival iştirakçılarından bəziləri bu marşın festivalın himni olması məsələsini irəli sürdülər. Sonra bu mövzuyla bağlı müsabiqə elan etmək məsələsi qarşıya çıxdı. Əgər baş tutsa, yəqin ki, “Türkün ordusu” marşıyla müsabiqəyə qatılacam.
   - Türk cümhuriyyətləri şairləri, ədəbiyyatı ilə ilk təəssürat səviyyəsində olsa da, yəqin ki, müəyyən qənaətləriniz var.
   - Şairlərin bir çoxu kitablarını mənə bağışlayıb. Poeziya haqqında söz demək daha ciddi tanışlıq tələb edir. Amma ilk baxışdan qaraçay-balkar şairi Ö.Poladın və Nurtən xanımın şeirlərini daha çox bəyəndim. Fikrim var ki, bu şairlərdən bəzilərinin şeirlərindən bir qismini Azərbaycan türkcəsinə uyğunlaşdırıb mətbuatda dərc etdirim.
   - Bu sizin Türkiyəyə ilk gedişiniziydimi? Festival sizdə qardaş ölkə barədə hansı qənaətləri doğurdu?
   - Türkiyəyə ilk dəfə 2004-cü ildə Tokat şəhərində keçirilən Yaşılırmaq Şeir Şöləninin iştirakçısı kimi getmişəm. Bu ikinci gedişim idi. Keçən dəfə də Türkiyədə olanda türklərin Azərbaycana böyük sevgisini görmüşdüm. Amma bu dəfə sözügedən sevgini daha qabarıq duydum. Özü də təkcə Türkiyə türkləri yox, digər respublikalardan olan türklər də Azərbaycan, onun beynəlxalq aləmdəki nüfuzu, getdikcə çiçəklənən iqtisadiyyatı, türk cümhuriyyətləri arasında güclənməkdə olan mövqeyindən maraqla danışırdılar. Barış Manço adına amfiteatrda Türkiyənin rəqs ansamblından sonra bir qayda olaraq Azərbaycan kollektivlərinin çıxışları gəlirdi. Ən adi, sıravi Yalova vətəndaşları da Azərbaycandan olduğumuzu biləndə bizə hər hansı formada sevgi və hörmətlərini sərgiləyir, tez-tez Qarabağı xatırlayırdılar. Ümumən, biz Azərbaycanın təmsilçiləri kimi böyük bir sevgi və hörmətlə əhatə olunmuşduq. Bu cəhətdən YAFEM təşkilatının sədr yardımçısı Halil Ülker və onun xanımı Fatoş Ülkerin bizə qayğısını özəl qeyd etməyə ehtiyac duyuram.
   - Festival müddətində başqa bir uluslararası tədbirə qatılmaq üşün dəvətlər aldınızmı?
   - Təkliflər çox oldu. Məsələn, Bolqarıstanda türkcə nəşr olunan “Mozaika” dərgisinin baş redaktoru Nurten xanım Rəmzi bizi - oktyabr ayında Bolqarıstanda keçiriləcək türk xalqları mədəniyyət festivalına dəvət etdi. YAFEM təşkilatının rəhbərliyi isə belə tədbirlərə bəzən təsadüfi adamların qatılmasından dolayı təəssüfünü bildirdi.
   
   Söhbətləşdi: Sabutay