Cəmil Quliyev: «Texniki problemlərimiz aradan qalxır»
Bu gün Azərbaycan kino işçiləri öz peşə bayramlarını qeyd edirlər. İstər-istəməz kino sahəsində çalışan hər bir insanda sual yaranır ki, bu ilə biz hansı nəticələrlə gəlmişik? Təbii olaraq, qeyd etmək istəyirəm ki, son illər kinomuzda inkişaf böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 23 fevral 2007-ci il tarixli sərəncamı Azərbaycan kinosu qarşısında böyük perspektivlər açdı.
Artıq Azərbaycan kinosu proqram əsasında inkişaf edir. Kinonun gələcək perspektivləri bu sərəncamda öz əksini tapıb. Bundan başqa, 2008-ci ilin 4 avqustunda ölkə başçısının imzaladığı sərəncamla kinomuzun 2008-2018-ci ilə qədər inkişaf proqramı təsdiq olundu. Düşünürəm ki, proqram çoxşaxəli və milli kino qarşısında böyük yollar açacaq. Bu proqrama əsasən Film Fond üçün yeni bina tikilib, burada müasir avadanlıqların quraşdırılmasına başlanıb. Bunda başqa, «Azərbaycanfilm» kinostudiyasında yenidənqurma işlərinin aparılması, filmlərin istehsalının artırılması, yeni filmlərin ərsəyə gəlməsi və s. bu sahədə çox mühüm işlər görülüb. Son iki il ərzində kinomuzda rekord sayda filmlər istehsal olunub. 10 film istehsala buraxılıb və onların çəkilişi artıq başa çatıb. Doğrudan da bu, böyük rəqəmdi. Çünki sovetlər dövründə ildə cəmi 6-7, bəzən 8 film çəkilirdi. Qeyd etmək istəyirəm ki, həmin sərəncamda «Nizami» kinoteatrında müasir tələblərə cavab verən yenidənqurma işləri aparılması nəzərdə tutulub. Artıq bir müddətdən sonra bu möhtəşəm obyektin açılışı olacaq. Qeyd etmək istəyirəm ki, sərəncamda sənədli filmlərin inkişafı ilə bağlı da bənd nəzərdə tutulur. Əgər diqqət yetirsək görərik ki, ötən illərdə çox az sənədli filmlər çəkilib, amma bu gün iki dövlət studiyası - «Salnamə» və «Yaddaş» fəaliyyət göstərir. Çox maraqlı və eyni zamanda müxtəlif mövzularda filmlər çəkilir. Qeyd etmək istəyirəm ki, bizdə bu gün animasiya filmlərinin də istehsalı artıb. «Azanfilm» studiyasında yeni avadanlıq qurulub. Artıq animasiya filmləri kompyuter vasitəsilə çəkilməyə başlayıb. Gördüyünüz kimi, bu gün Azərbaycan kinosu bütün istiqamətlərdə inkişaf edir. Nəzərinizə çatdırım ki, Mədəniyyət və Turizm Nazirliyi də bu il çox böyük bir layihəni - «Bu meydan bu ekran»ı həyata keçirdi və bu layihə əsasında gənclərə böyük yer ayrıldı. Biz - kinoya 80-ci illərdə gələn insanlar heç təsəvvür edə bilməzdik ki, 20-22 yaşında olasan və kino çəkəsən. Bu, artıq dövlətimizin yaratdığı imkanların nəticəsidir. Gələcəkdə peşəkar kadrların çoxalması, istedadlı gənclərin olması üçün bu çox böyük bir səydir.
- Azərbaycanın qısametrajlı filmləri son dövrlər dünya festivallarına tez-tez çıxır. Tammetrajlı filmlərin beynəlxalq festivallarda iştirak edib mükafat alması, sizcə, nə vaxt olacaq?
- Bu çox böyük hadisədir ki, bu gün bizdə qısametrajlı filmlər çəkilir. Qeyd eləmək istəyirəm ki, bu filmlər festivallarda bütünlüklə iştirak edirlər. «Bu meydan, bu ekran» layihəsi çərçivəsində rejissor Asif Rüstəmovun çəkdiyi «Ev» filmi, Fariz Əhmədov və İsmayıl Məmmədovun çəkdiyi «Qocalar», rejissor Elməddin Alıyev və Xəyyam Abdullayevin çəkdiyi «Koramal» və başqa filmlər beynəlxalq festivallarda iştirak edib mükafatlara layiq görülüblər. Bu, çox böyük hadisədir və təbii ki, gələcəkdə bu filmlərin sayı ilə yanaşı, mükafatların sayı da artacaq.
- Azərbaycan kinosunun hazırda çatışmayan cəhətləri hansılardır?
- Mən qeyd etmək istəyirəm ki, Azərbaycan kinosu çox böyük şərəfli yol keçib. 90-cı ilə qədər SSRI tərəfindən maliyyələşdirilib. Sonralar təbii ki, kinomuz böhran dövrünü yaşadı, yalnız ümummilli liderimiz Heydər Əliyev cənablarının prezident olduğu dövrdən kinomuza yeni qayğı başlandı, hardasa 94-cü ildən filmlərin çəkilişinə vəsait ayrıldı. Təbii ki, hər sahədə olduğu kimi, kinematoqrafiya sahəsində də problemlər var. Yaxşı ssenari çatışmazlığı dramaturgiyanın zəifliyi, kifayət qədər kadrların olmaması və s. Amma hazırda bu istiqamətdə də işlər aparılır. Təbii ki, bunlar tezliklə aradan qaldırılacaq.
- Dövlət Film Fonduna yaxın vaxtlarda hansı texniki avadanlıqların gətirilməsi nəzərdə tutulur?
- Dovlət Film Fondu unikal bir təşkilatdır və filmlərin bərpası, saxlanılması ilə məşğul olur. Eyni zamanda fond muzey kimi də fəaliyyət göstərir. Filmlərin restavrasiyası, bərpası ilə bağlı lazım olan texniki avadanlıqlar tələb olunur. Onlar artıq sifariş olunub, bu yaxınlarda gətiriləcək. Müxtəlif filmləri təmizləmək üçün xüsusi qurğular, kimyəvi laboratoriya üçün xüsusi vasitələr də sifariş etmişik. Kino lenti xüsusi şəraitdə saxlanılmalıdır. Bizim əməkdaşlar həmin filmlərə baxış keçirir, kimyəvi maddələrlə təmizləyirlər. Müasir avadanlıqlar gələndən sonra bu proses yeni texnologiyalar əsasında aparılacaq.
Yeganə