Həm ifa-bəstə, həm analitik-qramatik...
Bu isim - Elza Seyidcahan.
Bu isim fərdilik və ictimailiyin o qədər müxtəlif hallarında olur, sənətin növbənov sahələrində, sənətkarlığın rəngarəng ab-havalarında yaşayıb-yaradır ki, axırda gəlib bizim fantosmaqorik-qramatik hallandırmaya da düşür:
Elza - gözəl xanım.
Elzanın - uğurları və... paxılları.
Elzaya - al da yaraşır, şal da.
Elzanı - milyonlar sevir.
Elzada - çox hikmət qovuşub.
Elzadan -ziyalı ziyası saçılır.
Elza xanımın yerinə olsaydım...
Öncə bu həsəd-arzumuzun «açması»nın açması haqda: yəni o, bu qədər hazırcavab, intellekt bir müsahib olduğundan, gərək söhbətimizin «layihəsini» özü verəydi. Əgər onu bizə daim yalnız müğənni və bəstəkar kimi təqdim edən tele-kanallar bircə kərə həmsöhbət kimi də göstərmiş olsaydılar, təbii ki, elə özüm belə bir layihə-motivin «quruluşçu rejissor»u olardım.
Hə, Elza xanımın yerinə olsaydım, «Segah»la «Heyratı»nın sintez ladında bir musiqi yazıb, söhbətimizin fonunda asta-asta səsləndirərdim. O musiqinin nəqaratı isə: «Doymaq olmur söhbətindən, sözündən»...
- Elza xanım, neçə ildi oxuyursuz, bir neçə dəqiqə də danışsanıza...
- Oxumağın materialı olur, oxuyuram, danışmağımın ki sualı yoxdur...
- Hələ bir görək o oxumaların, bəstələrin müəllifi kimdir, sonra suallar gələcək.
- Hə, deməli, avtobioqrafiya. Mən - Elza Nuru qızı Seyidcahan 1968-ci ildə Siyəzən şəhərində doğulmuşam. Əslimiz Xızının Dərəzarat kəndindəndir. 1-ci sinifə Siyəzəndə getmişəm, 2-ci sinifdən Sumqayıtda oxumuşam. İşim-peşəm məktəb dəyişmək olub. Valideynlərim iş dalınca bu fəhlə şəhərinə köçüb və mən də onların gün-güzəran «marşrutlarında» gəzə-gəzə Sumqayıtın 8,13 və 17- №-li məktəblərində oxumalı olmuşam - kirayə, ev dəyişmələrimizlə bağlı. Məktəbdəyişmələr məni çox dilxor etsə də, bütün siniflərdə «avtoritet» olmuşam.
- O köçhaköçlər zamanı ağlınıza gəlirdimi ki, son yer sənət hücrəsi olacaq?
- Hə, hərdən «dəli şeytan» mənə belə mesajlar verirdi...
- «Mobil»inizin nömrəsini o «dəli şeytan»a kim vermişdi?
- (gülür) Hələ 3-cü sinifdə oxuyan «ağıllı şeytan»!
- Yəni...
- Yəni, hələ 3-cü sinifdə oxuyarkən anam məni Sumqayıt klublarının birindəki poeziya dərnəyinə apardı. Yadımdadır, oraya yaşlı kişilər, qadınlar gəlirdi və onlar mənim ilk şeirimi «bəyənib» əl çaldılar. Mənsə o alqış səslərindən sonra məktəbdə özümü xalq şairi kimi aparırdım!
Bir müddət sonra başladım öz şeirlərimə mahnı bəstələməyə. Anam məni musiqi məktəbinə qoymuşdu (qarmon üzrə), bəstələrimi görəndən sonra keçirtdi pianino sinfinə. Bu, mənə çox pis təsir etdi, çünki artıq qarmona öyrəşmiş və bərk sevmişdim. Amma sonralar anama çox minnətdar hisslərlə yanaşırdım ki, nə yaxşı belə edib.
- Sözdən saza «keçid dövrü» çoxmu çəkdi və necə keçdi?
- Mənim ilk musiqi müəllimlərim dayılarım olub. Amma onlar məni heç vaxt səhnədə görmək istəmirdilər; hətta mən ilk dəfə ekranda görünəndə çox əsəbiləşdilər. Mənsə onlara çatdıra bildim ki, artıq, sənət mənim həyatımdır!
- Sizcə, bu əbədi Həvva-Adəm «döyüş»ündə səhnəyə çıxmaq istəyənlər düz eləyirlər, yoxsa etiraz edənlər?
- Mən hər iki tərəfi haqlı hesab edirəm; hər tərəfin öz məntiqi var. Amma əmi-dayılar səhnə-sənətə güzəştə getməlidirlər. Dayılarım məni bəstəkar görmək istəyirdilər. Mən də fikirləşirdim ki, bəstəkar olum və bir müğənni ilə işləyim. Zaman keçdikcə gördüm ki, mahnılarımı zay edənlər, satın almaq istəyənlər var və çoxu da istedadı, musiqi savadı olmayanlardı. Qərara gəldim ki, bu insanlar mənim mahnılarımı kor qoyub, səhnəni çirkləndirincə, elə qoy özüm oxuyum. O bəstəkarlar ki öz maddi və digər maraqlarına görə hər yoldan keçəni səhnəyə gətirirlər, bax mən onları cinayətkar hesab edirəm.
- Elza xanım, hər kəsin öz «dəli şeytan»ı olur və bu an mənimki məni məcbur edir deyim ki, nə «bəla»dırsa - ekran ədalarınıza görəmi, ya nədənsə - bu görüşümüzə qədər Sizi sevmirdim. Amma indi Sizi dinlədikcə, fikrim dəyişir. Olmazmı ki, hərdən efir-ekranda da belə söhbətlər edəsiz?..
- Ahaa, görünür, Sizin vətəndaşlıq zövqünüz sənət zövqünüzdən də güclüdür. Havayı deyil ki, «Mədəniyyət» işçisisiniz də! Səmim-qəlbdən deyirəm ki, məni sevmədiyinizi danlaqla yox, anlaqla qarşılayıram. O ki qaldı TV-lərdə söhbət-müsahibələrə, mənim fikrimcə, hər bir sənətkar sənəti ilə danışmalıdır. Mən Arif Məlikov kimi böyük bəstəkarın tələbəsiyəm və onun sayəsində bu dünyanı az-çox anlayıram. Məsələn, mən istərdim ki, yaradıcılıq təşkilatlarının məsul vəzifələrində sənətkarlar yox, sənətə qiymət verən insanlar otursun.
- Necə yəni?..
- Yəni, «eyni adlı qüvvələr bir-birini dəf edər» qanunu. Əlbəttə, istisnalar da olur. Məsələn, xoşbaxtlıqdan Bəstəkarlar İttifaqına bütün zamanlarda böyük ürək sahibləri rəhbərlik ediblər. Lakin əksərən, tutalım rəhbər yazıçı, rəhbər rəssam özündən istedadlı yazıçını, rəssamı qabağa getməyə qoymayacaq. Amma başda sadəcə, sənəti bilən, duyan neytral bir insan olanda... Elə götürün bizim mədəniyyət və turizm nazirini. Görürsüzmü, bu sahədə heç bir «vurma», qısqanclıq, paxıllıq yoxdur. Çünki yuxarıdan aşağılara baxış qərəzsizdir, şəxsi konkurensiyadan, qısqanclıqdan xalidir. Millət vəkili Qənirə Paşayevanın sözlərinə yazdığım (Azərbaycan ordusuna həsr olunub) bir əsərə - öz ifamda - Qara Qarayev adına kamera orkestrinin müşayiətilə klip çəkilib. Konservatoriyanı bitirəndə diplom işimi («Sevgililər poeması») İlham və Fərizəyə həsr etdim. Bu yaxınlarda Bəstəkarlar İttifaqının üzvü olacağam. Yeri gəlmişkən, 75 illik yubileyinə hazırlaşan Bəstəkarlar İttifaqını, bütün bəstəkarlarımızı ürəkdən təbrik edirəm!
- İlk sənət addımınız nə olub?
- İlk ifam duet olub - Zabit Nəbizadə ilə. Sözləri Cabir Novruzundur: «Sənə güvəndiyim dağlar». Sonra «Son vida» mahnısı, «Qəlbin üsyanı», «Gözəllik», «Sənsiz», «Tənha». Ona yaxın klipim var.
- «Seyidcahan» təxəllüsü hardandı?
- Mənim ata soyadım Əhmədovadı, ərə gedəndən sonra oldum Qasımova. Ər tərəfim qatı səhnə əleyhdarı olduğundan, fikirləşməli oldum və tapdım; bizim anamız! O, uşaqlarına qarşı əzazil olsa da, müqəddəs analıq borcunu tam məsuliyyətlə və artıqlaması ilə yerinə yetirib, əziyyətmizi çox çəkib. İnanın, onun öz uşaqlarını öpdüyünü heç barmaqla da saymaq olmaz. Mən ərə gedəndə anam məni öpərkən diksindim. Atamın adı Nuru idi. İstədim onun adı ilə çıxam, amma gördüm artıq o ad sənət-səhnədə var: elə təkcə məşhur Yaşar Nuri imzası kifayət etdi ki, mən bu təxəllüsdən qaçım və S.Vurğunun məşhur misraları ilə desək, «mənim qayda güdən və nizam sevən» anamın adı ilə çıxım: Seyidcahan. Bu ad - poetik səslənməsindən əlavə - çox düşərli, xeyir-dualı oldu, mənə çox uğur gətirdi.
- Hər dəfə Sizin ekranaçıxma aktınız, kamera-obyektiv ünsiyyətiniz, geyiminiz, yeriş-duruşunuz, sual və replikalara reaksiyalarınız çox orijinaldı...
- Sizə orijinal bir təşəkkür!
- Hələ sözümü bitirməmişəm və orijinal bir incikliyə də hazırlaşın: eqoizminiz, ədabazlığınız da orijinaldı. Söylə(yin), nədir bu ədalar, bu eqo, bu naz?..
- Mən qətiyyən ədabaz deyiləm. Ola bilsin, kənardan belə görünə bilərəm. İndiyədək bu sözləri heç kəsdən eşitməmişəm. Amma deyim ki, hər insanın ədası da olmalıdı. Həm də baxır kiminçün. Elə adamlar var ki, onların nəyə layiq olduğunu öz ədalarınla da bildirməlisən. Mən sadəyəm, amma sadəlövh deyiləm.
- Niyə dörd bacıdan yalnız Elza sənətkar oldu?
- Mənim bacılarımın hər biri məndən bir bulud yuxarıdır, istedadlıdır. Biri modelyerdi, biri ingilis dili müəllimi, biri tibb bacısı. Amma içərimizdə ən ürəklisi, ictimai diqqətə, arenaya çıxmaqdan qorxmayanı mən oldum. Görünür, mən onlardan dözümlüyəm, dayanmadan «gedirəm üzü küləyə»!
- Elza xanım, müxbir-müğənni platformasından kənar və yuxarı bir sual: bax, bir ay əvvəldən desələr ki, tutalım, stadionda Lütfizadə ilə görüş olacaq, ora 30-40 insan gələ ya gəlməyə. Amma bircə saat qabaq elan versələr ki, Elza xanımla görüş olacaq, 30-40 min adam gələr... Bu, nə məsələ, nəmənə hikmətdi belə?
- Alim yükünü, mütəfəkkir çəkisini hər adam çəkə bilməz. Mənim düşüncəmə görə, həmin o alimlərin özləri də sənəti «sənəd»dən üstün tuturlar. Baxın, sənətkar sustalanda - yəni, öz fəaliyyətindən, sənətindən yorulanda dincini almaq üçün başqa sənətkarın yaradıcılıq nümunələrinə üz tutur. Amma alim, mütəfəkkir yorulanda başqa elmə, alimə yox, məhz sənətə sığınır. Əsl sənət, sənətkar insanların ruhunu təmizləyir. Biz musiqini təbiətdən götürüb cilalayır, insan təbiətinə uyğunlaşdırırıq. Musiqi istəkdən gəlir. Mənim bu yaxınlarda «Cıdır meydanı»nda bir layihə-konsertim oldu - heyvanlar aləminə qayğı-diqqət formatında. Bu layihədə böyük maraq və sevgilərlə yanaşı, mənə qarşı psixoloji təxribatda bulunanlar da oldu. Yeri gəlmişkən, mən onlardan birinə «açıq məktub» yazmışam, mümkünsə bunu qəzetinizdə çap edin. Hə, bəzi anti-fauna «igid»lər məni qəzetlərə verdilər. Nə var-nə var, sənətdə heç bir «ÇP»yə yol verməyən Elza gülməli vəziyyətə düşsün. Amma bu cılız adamların canfəşanlığına baxmayaraq, nəhəng itləri, müxtəlif heyvanları maşınlara qoyub, o konsertə gətirmişdilər. Deməli, insanları ora sevgi gətirmişdi. Bəzi zaili-«muxtar»lar mənə deyirlər: faili-muxtarlardan - heyvanlardan əl çək. Əvvəla, mən onlardan yapışmamışam ki, əl çəkəm. İkincisi, onları da Allah yaradıb və biz onlara heç də aşağı gözlə baxmamalıyıq. Allahın yaratdığı dilsiz-ağızsız heyvanlara aşağı gözlə baxmaq üçün gərək onlardan aşağı olasan. Bu halda heyvanlardan çox şey öyrənmək olar.
- Sizi yuxudan oyadıb desələr oxu, hansı mahnını oxuyarsız?
- Əvvəlcə «Küçələrə su səpmişəm», sonra isə öz «Tof adamları» mahnımı.
- Bəs, iki daşın arasında Füzulidən neçə qəzəl söyləyə bilərsiz?
- Çox. Amma bir şərtlə: Füzulinin qəzəllərini iki daşın arasında yox, iki gülün arasında söyləyərəm. Mən Füzulinin bir qəzəlinə musiqi bəstələmişəm. Ramazan ayında - iftar gecəsi - «Zövqi-səfası ...hesab içində» adlı bir tədbir keçirəcəm, orada bu qəzəli də ifa edəcəyəm.
- Sizcə, niyə son zamanlar efirdə böyük klassiklərin əsərləri səsləndirilmir?
- Bu bir görəcəkdir! Bütün zamanlarda dünyanı heyran qoyan klassiklər bizim TV-lərin vecinə deyil. Mənim özümün də ciddi əsərlərim var ki, onlara efir həsrətiyəm. Məsələn, «Azərbaycan odası». Dəfələrlə TV-dən xahiş etmişik ki, onu versinlər, bir səs çıxmır. Görünür, indikilər o qədər «inkişaf» ediblər ki, klassiklər «səviyyəsizləşib». Gündə o qədər bəsit mahnılar verirlər, insanların beynini o «mahnı»larla o qədər qidalandırırlar ki, xalq əsl musiqiyə qarşı kar olub. Mən Allahıma çox şükr edirəm ki, özümü yaşadan musiqilərim var. Yoxsa beynim çoxdan pozulardı və mən də təsir altına düşüb, küçə mahnıları yazardım.
- Dünya klassiklərindən kimləri çox və daha çox sevirsiz?
- Onların hər birisi bir qidadı. Şopen, Vivaldi, Motsart, Bax, Bethoven...
- Bəs bizdən?
- Birinci - böyük müəllimim Arif Məlikov...
- Əgər Arif müəllim eşitsə ki, onun adını Üzeyir bəydən, Qara Qarayevdən əvvəl çəkirsiz, ən azından, pəjmürdə olardı.
- Elə mən onu bu keyfiyyətinə görə də sevirəm! Hə, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi.
- Bəs yazıçılardan?
- Mirzə Cəlil, Mikayıl Müşfiq, Rəsul Rza, B.Vahabzadə, Məmməd Araz, Ramiz Rövşən...
- Müşfiqdən ən çox bənd olduğunuz bir bənd söyləyin.
- Mənim babam deyir ki,
Ötən günə gün çatmaz.
Mənim könlüm bu sözlərə
heç yatmaz.
Ötən günlər, şanlı günlər,
xoş günlər
hələ qarşımızdadır!
Bir dəfə mənə dedilər ki, Mikayıl Müşfiqə toxunma, o, sənlik deyil. Mən bilmək istərdim, Mikayıl Müşfiq bütün bəşəriyyətin olduğu halda, kimin ixtiyarı çatır onu özəlləşdirsin?!
- Deyilənlərə və efir-ekran «xəbərçiliyinə» görə, gülüşə qarşı çox xəsis və əzazilsiz.
- Niyə ki, bəzən anamın duzlu-məzəli söhbətlərinə, atmacalarına qəşş etdiyim olur.
- Bəs ağlamağa?
- O mənlik deyil. Amma hərdən - qürurumla bağladığım «müqavilə»ni pozduğum da olur.
- Sənətin, səs-avazın necə, haçansa Sizi ağlatmağa gücü çatıb?
- Hə. Bir kərə Alim Qasımovun konsertində üzülüb-nazilib ağlamışam.
- Sevgi ağlaşması da baş veribmi?
- Olub. Dost ağlaması da olub.
- Söhbətə başlarkən bir əməkdaşının Sizi sevmədiyini üzünüzə deyən «Mədəniyyət» qəzetini tanıyırdız?
- Əlbəttə. Bundan sonra, (təbəssümlə) məni də işıqlandırdığınıza görə, lap çox fikir verəcəm.
- Bu qəzetə sualınız var?
- Var. «Siz məni sevə bildiz?»
- Hə. Amma ən çoxu düşüncələrinizə, intellektinizə görə.
- Bəs, bəstələrim, ifalarım?
- Onları «sevmirəm», sadəcə, vurğunuyam!
Söhbətləşdi:
Kəmalə Cəbrayıl
Açıq məktub
Ağır sələflikdən yüngül xələfliyə sürüklənən Əli Mirəliyevə
Hörmətli Əli müəllim!
Mənim bir kompozisiyam var: «Yazıq insan». Siz son dövr dəcəllik yaradıcılığınızdan macal tapıb bu kompozisiyaya qulaq assanız, burada çox nüanslarla yanaşı, özünüzü də görərsiniz. Kaş Siz təzə donda efirə çıxmayaydınız - elə köhnə Əli Mirəliyev kimi qorunaydınız. O zaman sənətdə əbədi qalardınız, nəinki belə «ədəbi».
Məlum qəzetdəki «məşhur» ədəbi və ədəbli yazınızda deyirsiniz ki, Elza Seyidcahan heyvanlara konsert verincə, getsin dəlilərə konsert versin. Birincisi, hörmətli Əli, onlar dəli yox, ruhi xəstə insanlardır. İkincisi, mən Sizin dediyiniz «dəlilər»ə də mütləq konsert verəcəm, amma bir şərtlə; o konsertə mütləq Siz də gəlin. Gəlin ki, o yeknəsəq kontingent «sənət»çi kompleksi ilə tamamlanmış olsun və Sizin kimi növbəti bir ağzıgöyçək hər hansı növbəti qəzetdə yazsın ki, «Əlisi ağıllı, Vəlisi ağıllı - sağolmuşların hamısı ağıllı!..»
Hörmətlə,
Elza Seyidcahan