Müsahibimiz Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doktor Nikolaye Ureçedir.
Diplomatik nümayəndənin təmtəraqlı ofisindən daha çox elm adamının iş otağına bənzəyən kabinetə daxil olur, rumınlara xas olan qonaqpərvərliklə qarşılanırıq.
- Cənab səfir, sizcə qloballaşma prosesi dünya mədəniyyətinə necə təsir edir, və ya dünya mədəniyyətini hara aparır?
- Əvəlcə, icazə verin, məndən müsahibə almaq istəyinizə görə sizə təşəkkürümü bildirim. Bu mənim üçün Azərbaycan haqqında fikirlərimi və hisslərimi açıqlamaqdan ötrü çox yaxşı bir fürsətdir. Fikrimcə, hələ ki, dünya mədəniyyəti deyilən bir şey yoxdur, hələ ki, milli mədəniyyətlər var... Bu proses öz-özlüyündə milli mədəniyyətlərin itirilərək yerinə yeni bir “mədəniyyət”in gətirilməsinə xidmət edir.
- Cənab səfir, Rumıniya Avropa ittifaqına üzv oladuqdan sonra ölkədə bu məsələlərə baxış nöqtəsi necədir?
- Biz Avropaya inteqrasiya prosesi ilə birlikdə, öz milli mədəniyyətimizi saxlamağa, milli identifikasiyamızı itirməməyə çalışırıq... Ölkəmizdə Mixay Emineskonun cəmiyyəti var ki, bu təşkilat ölkəmizin mədəniyyətinin və həqiqi insani dəyərlərin təbliği üçün çalışır...
- Cənab səfir, missiyanızın əvvəlində Azərbaycanda necə qarşılanmısınız və onu indi necə xatırlayırsınız?
- Əlbəttə ki, Azərbaycanda 5 illik fəalliyyət mənə ölkəni və insanları, yerli şəraiti və ənənələri öyrənmək üçün çox yaxşı imkanlar verdi. Ölkənin yüksək səviyyəli iqtisadi inkişafı həqiqətən də xoş təəssürat doğurur. Dəyişikliklər çoxdur, mən söyləyə bilərəm ki, Azərbaycan və xüsusilə Bakı 2004-ci illə müqayisədə, yaxşı mənada, çox fərqlidir. Ancaq insanlar, çox gözəl Azərbaycan insanları necə var idi, elə də qalıblar, çox səmimi, çox qonaqpərvər və çox dözümlü.
- Rumıniya və Azərbaycan arasındakı hazırkı əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında əlaqələr daimi olaraq inkişaf etmiş və son 17 il ərzində tədricən genişlənmiş və bu gün əla səviyyəyə çatmışdır. Bütün səviyyələrdə səfərlərin fasiləsiz mübadiləsi, xüsusilə prezidentlərimizin görüşləri bir-birimizi tanımağa və başa düşməyə kömək edib, Rumıniya və Azərbaycan arasında ikitərəfli əlaqələri daimi olaraq möhkəmləndirməyə kömək edib. Yüksək səviyyəli siyasi dialoq prezidentlərin səfərlərinin sıxlığı ilə nümayiş olunur və biz ümid edirik ki, Prezident İlham Əliyevin Rumıniyaya gözlənilən səfəri bunu bir də sübut edəcək. Bu Azərbaycan prezidentinin Rumıniyaya dördüncu səfəri olacaq və biz ümid edirik ki, bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək, yeni müqavilələr imzalanacaq və bu artıq mövcud olan ikitərəfli qanuni çərçivəni tamamlayacaq.
- Siz Rumıniya Respublikasının mədəniyyətini necə səciyyələndirə bilərsiniz?
- Rumın mədəniyyəti coğrafi yerləşmənin və xüsusi tarixi təkamülün nəticəsidir. O, fundamental olaraq üç bölgənin kəsişmə nöqtəsi kimi müəyyən edilir: Mərkəzi Avropa, Şərqi Avropa və Balkan. Ancaq onların heç birinə daxil edilə bilməz.
Rumın mədəniyyəti haqqında düzgün fikrə malik olmaq üçün aşağıdakı elementləri bilmək lazımdır:
- Populyar mədəniyyətdə müəyyən dərəcədə Geto-Dakian ənənəsi saxlanılıb;
- Latin elementi - hansı ki, çox güclüdür və xalq mədəniyyətinin nümayişinin bütün sahələrində üstünlük təşkil edir, dildən tutmuş “kultlar»a və incəsənətə xüsusi olan fenomenə qədər;
- Rumıniyanın müasir ərazisində xristianlığın erkən yayılması və bu prosesin rumın xalqının formalaşması ilə üst-üstə düşməsi...
- Rumın mədəniyyəti bütün bu mənəvi mənbələri əxz edərək bir model yaratmışdır, hansı ki, o, təkamülünü sonrakı illər ərzində zənginləşdirmişdir. Onun Latinlıq şüuru Rumın mədəni nümunəsinin xüsusiyyətini təqdim edir. Siz görəcəksiniz ki, bu mədəni nümunə onun xüsusiliyilə bütün Rumın mədəni nümunələrində qeyd olunur: ədəbiyyatda, memarlıqda, musiqidə, teartda və kino industriyasında.
- Sizin fikrinizcə, Rumın mədəniyyətinin unikallığı nədən ibarətdir?
- Mənim fikrimcə, Avropada öz zənginliyi ilə seçilən Rumın folkloruna xüsusi diqqət yetirilməlidir. Ənənəvi xalq incəsənəti - taxta üzərində oyma, keramika, toxuculuq, gözəl rəqs və çox zəngin xalq musiqisini özündə birləşdirir. Etnoqraflar sonuncu iki əsr ərzində mümkün gədər çox elementləri toplamağa çalışıblar: Rumın Kəndli Muzeyi və Rumın Akademiyası hazırda bu məlumatları sistemli şəkildə tədqiq edən əsas idarələrdir.
- Siz Rumıniya Respublikasının turizm siyasətini necə qiymətləndirirsiniz?
- Turizm Rumıniya iqtisadiyyatının vacib bir elementidir və kommersiyadan sonra, o, xidmət sektorunun ikinci ən böyük tərkib hissəsidir. Rumıniyadakı turizm daha çox ölkənin təbii landşaftı, onun zəngin tarixi ilə bağlıdır və ona görə o, çoxçeşidlidir. Bir neçə misal çəkim: Rumıniyada siz Karpat dağlarında çadırlarda yaşamaqdan və piyada ekskursiyadan zövq ala bilərsiniz, Prahova Dərəsinin dağ kurortlarında xizək sürə bilərsiniz, Qara Dəniz kurortlarında yay vaxtında zövq ala bilərsiniz, Moldovada və Bukovinada orta əsr kilsələrinə və monastırlara, Avropada ən yaxşı qorunan Danub doltasına, Sighisoara şəhərinə və orta əsr festivalına, Transilvaniyada orta əsr qalalarına, Sovata, Baile Felix, Baile Herculane kimi səhhət kurortlarına baş çəkə bilərsiniz, ya da, sadəcə kənd turizmindən zövq ala bilərsiniz.
- Sizdə mədəni irsin qorunması məsələləri necədir?
- Mədəni irsin qorunması Rumıniyanın Mədəniyyət, Dini Məsələlər və Milli Votçina Nazirliyinin ən vacib məsələlərindən biridir. Milli dəyərləri qorumaq və yaymaq, irsin bərpası Rumıniyanın əsas vəzifəsidir. Maliyyə vəziyyəti imkan verdiyi qədər bu işləri həyata keçiririk. Bu istiqamətdə mərkəzi və yerli rəsmilər, mütəxəssisslər və vətəndaşlar, içtimai və özəl sektor arasında güclü əməkdaşlıq hökm sürür və əlbəttə, YUNESCO və digər beynəlxalq təşkilatlarla yaxşı əməkdaşlığımız var. Mədəniyyət, Dini Məsələlər və Milli Votçina Nazirliyindən başqa, Rumın Akademiyası, Rumın Ali Elmi Forumu kimi strukturlar da var. Bu məsələ onların da səlahiyyətindədir. Xüsusilə milli dili və ədəbiyyatı, milli tarixin öyrənilməsinin inkişafı sahəsində əsas elm sahələrində tədqiqatın aparılması və rumın elm, incəsənət və ədəbiyyatında fikirlərin azad kommunikasiyasının demokratik və əxlaqi prinsiplərin təşviq edilməsi də son nəticədə mədəni irsin qorunmasına xidmət edir.
- Sizin ölkə Avropa ölkəsidir və Azərbaycan turistləri orada gözlənirmi?
- Əlbəttə ki, bu dünyada hər bir turist Rumıniyada salamlanır və Azərbaycan turistləri də istisna olunmur.
- Sizin fikrinizcə, rumınları Azərbaycan mədəniyyətində nə maraqlandıra bilər?
- Dünyanın ən qədim xalqlarından biri - Azərbaycan xalqının öz tarixi, maddi və mədəni abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə fəxr etməyə haqqı var. Məncə, sizin gözəl ölkənizə səfər edən hər bir rumın turisti çox məmnun olacaq və sizin ənənəvi mətbəxinizdən, müxtəlif və zəngin Azərbaycan musiqisindən zövq alacaq, ya da, sadəcə Bakının İçərişəhərində gəzib, Şərq müdrikliyinin sehrində ilahi bir rahatlıq tapacaq.
- Rumıniyanın ədəbiyyatında və incəsənətində sizin sevdikləriniz?
- Mən incəsənətdən başlamaq istəyirəm. Sadəcə, dünyada yaxşı tanınmış memar Constantin Brancusi və rəssamlardan Nicolae Grigoresucu və Stefan Luchianın adlarını çəkəcəm. Ədəbiyyatda Mirça Eliade və tarixçi Nicolae İorga. Mən özüm Buxarest Universitetinin tarix üzrə professoruyam və müasir dövrdə beynəlxalq əlaqələrin tarixindən dərs deyirəm. Boş vaxtım olanda, tarix kitablarını oxuyuram.
- Müasir Rumıniyanın mədəni həyatında nəyi qeyd etmək istərdiniz?
- Rumıniyada keçirilən mədəni tədbirlərin sayı son illər artıb. “2005 Buxarest İnək Paradı” kimi tədbirlər və festivallar böyük maraq doğurur. Transilyaniyanın şəhərlərində orta əsr festivalları çox populyardır. Onlar musiqili küçə teatrı və döyüşlərin reproduksiyasını birləşdirərək çox canlı mühit yaradırlar. Teatrda illik Milli Festival keçirilir və “The Sibiu Thearte Festival” ən vacib beynəlxalq teatr tədbirlərindən biridir. “TİFF” Kino Festivalı, Buxaresdə keçirilən “Dakino” Kino Festivalı və Danub Deltasında düzənlənən “Anonymous” Kino Festivalını xüsusilə qeyd etmək istəyirəm. Musiqidə isə, “George Enescu” Klassik Musiqi Festivalı ən vacib hadisədir, həmçinin “Jeunesses Musicales” Beynəlxalq Festivalı və Sibiu və Buxarestdə Jaz festivalları da salamlanırlar. 2007-ci il də mədəni həyatımızda əlamətdar olmuşdur. Həmin il bizim Sibiu şəhəri, Luksemburqla yanaşı, Avropanın Mədəniyyət Paytaxtı olub.
- Azərbaycana dair ölkənizin bir mədəni və turizm planları varmı?
- Bildiyiniz kimi, bu yaxınlarda, Bakıda mədəniyyətlərarası dialoqda gənclərin rolu mövzusunda keçirilən seminarda rumıniyalı gənclər də iştirak edib. Məncə, belə nümunələr - hansılar ki, mədəniyyət, təhsil sahəsində əməkdaşlığı genişləndirir və mübadilələni təşviq edir - bunlar Avropa İttifaqı və onun qonşu ölkələrində gənclər təşkilatları arasında, çox vacibdir. Əlbəttə ki, Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıqdan başqa proqramlar, tələbələrin mübadiləsi də yaddan çıxarılmamalıdır. Həmçinin ölkələrimizin təhsil, turizm və mədəniyyət nazirlikləri arasındakı yaxşı əməkdaşlığı əlavə etmək istərdim. Bu sahələrdə əməkdaşlığa dair ikitərəfli və hökümətlərarası müqavilələr artıq imzalanıb. Biz Bakıda yerləşən və qeyd olunmuş aspektlərə dair fəaliyyətdə olan “Mihai Eminescu” Rumın-Azərbaycan Mədəni Cəmiyyətini də unutmamalıyıq. Bu sahədə Buxarestdəki Rumin-Azərbaycan Dostluq Cəmiyyəti də çox doluğun fəaliyyət göstərir. Onlar Azərbaycan Respublikasının Rumıniyadakı səfiri cənab Eldar Həsənovla sıx əlaqədə işləyirlər. Onun təşəbbüsü ilə İslamın Müqəddəs kitabı Quran və bir çox azərbaycanlı müəlliflərin kitabları rumın dilinə tərcümə olunub.
- Rumıniyadan turistlər Azərbaycana nə zaman gələcəklər?
- Təəssüf ki, ümumdünya maliyyə böhranı Rumıniyaya da təsir etmişdir, ancaq biz ümid edirik ki, o sona çatandan sonra, rumın turistləri sizin gözəl ölkənizə səfərdən və zəngin mədəniyyətinizdən zövq alacaqlar.
- Siz artıq Azərbaycanda uzun müddətdir səfir olaraq çalışırsınız. Deyə bilərsinizmi ki, Azərbaycanı və onun mədəniyyətini yaxından tanıyırsınız?
- Yox. Əfsuslar olsun ki mənim bunu deməyə haqqım yoxdur. Ölkənizi də, insanlarını da çox bəyənirəm, mədəniyyətiniz çox qədim və gözəldir, ondan həzz alıram. Zənnimcə, mənim həmkarlarım da bunu təsdiq edə bilər. Lakin bu, bir dəryadır. Çox arzulayardım ki, bu məsələlərə daha çox vaxt ayıram, bunu sizə söz verirəm.
Azər Allahverdiyev