Elçin Cəlilov: «Heç bir telekanal şərhçiliyin peşəkar normalarına tam riayət etmir»
   
   Bu bir faktdır ki, Azərbaycanın futbol azarkeşləri hər hansı beynəlxalq səviyyəli yarışı əsasən xarici telekanalların şərhində izləməyi üstün tuturlar. Nədən ki bu şərhlər daha dolğun və daha əhatəli olmaqla tamaşaçını darıxdırmır. Amma eyni futbol oyununu bizim telekanaldan izləyəndə sanki ortada idman mübarizəsi-filan yoxdur. Futbolpress.az saytının baş redaktoru, idman jurnalisti Elçin Cəlilovla söhbətimiz də məhz futbol şərhçiliyi sahəsində mövcud vəziyyətlə bağlıdır.   

   - Bizim teleməkanda futbol şərhçilərinin ekran fəaliyyətlərini necə şərh edərdiniz?
   
- Keçmişdə, yəni SSRİ dövründə futbol şərhçiliyi necə olub, bu barədə konkret, arqumentli fikirlər deyə bilmərəm, amma indiki dövrdə Azərbaycanda bu sahə demək olar ki, ibtidai formadadı. Məsələn, eşitdiklərimizdən bilirik ki, o vaxtlar Valid Sənaninin futbol oyunlarının şərhi üslubu özünə böyük auditoriya toplaya bilmişdi. Hazırda bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Məsələn, bir vaxtlar ANS telekanalı Çempionlar Liqasının oyunlarını yayımlayırdı və bu oyunlarda şərhçilik bir qədər şablonlardan fərqlənirdi. Ümumilikdə Azərbaycanda futbol şərhçiliyi ifadəsi bir qədər absurd səslənir. Çünki belə bir məktəb yoxdur. Bu sahəyə qədəm qoyan gənc şərhçilər yaşlı nəsildən nə isə üslub mənimsəmək imkanlarından məhrumdu.
   - Şərhçilərimizin çətinlik çəkmələrinin səbəbi nədir - dilimizdə futbol terminlərinin çatışmazlığı, yoxsa peşəkar şərhçilərimizin yoxluğu?
 
  - Bunun üçün bir neçə səbəb sadalamq olar. Onlardan ən əsası, bildirdiyimiz kimi, Azərbaycanda futbol şərhçiliyi məktəbinin və ya nəzəriyyəsinin olmamasıdı. Futbol şərhçilərimiz kimlərdi? «Lider» TV-ə Rövşən Binnətli, Şəmsəddin Abbasov, ANS-də Gündüz Abbaszadə, «İdman-Azərbaycan” kanalında Altay Əliyev. Bu adlardan hansı biri futbol şərhçiliyində yeni bir nümunə yarada bilib? Heç biri. Əvvəla, dilimizin futbol matçlarını effektli şərh edilməsi üçün kifayət qədər geniş imkanları var. Bu cəhətdən Rövşən Binnətli az-çox fərqlənir, amma o da oyunu monoton tərzdə şərh etdiyindən, tamaşaçı, şərhdən çox, oyuna diqqət yetirməyə üstünlük verir. Bax, bu amil şərhçi üçün qüsurdu.
   - Əvvəllər Çempionlar Liqası kimi mötəbər yarışı ANS-in şərhində, bu il isə «Lider»in təqdimatında izləyirik. Hansı telekanalın şərhi peşəkarlığa yaxındı?
 
  - Heç bir telekanal şərhçiliyin peşəkar normalarına tam riayət etmir. ANS-də Asif Bağırovun şərhçiliyi bir qədər koloritliyi ilə fərqlənirdi. Amma onun da şərhçiliyi daha çox “söz yığınına” bənzəyirdi. Mən bir tamaşaçı kimi deyə bilərəm ki, Çempionlar Liqasının ANS-dən «Lider» TV-yə keçməsi heç də uğurlu alınmadı. Yəni hazırda bu qitəmiqyaslı yarışı izləyənlər daha çox Rusiya kanallarına üstünlük verir. Bunun da səbəblərindən biri həmin telekanalda şərhçilərin oyunu ritminə uyğun şərh edə bilməməsidi.
   - Xüsusi olaraq sizcə, peşəkar şərhçi yetişdirilməlidirmi? Konkret olaraq hansı futbol şərhçisinin fəaliyyətini qəbul edirsiniz?
  
 - Bəli, peşəkar şərhçi yetişdirilməlidi. Amma bu, elə bir spesifik sahədi ki, nəzəriyyə əsas rol oynamır. Necə ki, mükəmməl təhsil almaqla, mükəmməl jurnalist olmaq mütənasiblik təşkil etmir, eləcə də bu fikri şərhçiliyə aid etmək olar. Yaxşı şərhçi kimi tanınmaq üçün əvvəlcə tamaşaçını duymaq hissinə malik olmalısan. Bilirsiz, bizim teleməkanda aura arzulanan səviyyədə; sərbəst, müstəqil deyil, buna görə də, məsələn, müstəqillik dövründə hələ ki, digərlərindən köklü surətdə fərqlənəcək bir şərhçi göstərə bilmirik...
   - Ümumiyyətlə, “İdman-Azərbaycan” daxil olmaqla teleməkanın futbol verilişlərinin səviyyəsi qaneedicidirmi, nələr edilməlidir?
  
 - “İdman-Azərbaycan” fəaliyyətə başlayanda tamaşaçı bu kanala böyük ümidlərlə yanaşırdı. Amma telekanlın 1 illik fəaliyyəti onu göstərir ki, sırf idman kanalı kimi tamaşaçının hələ rəğbətini qazana bilməyib. Düzdü, texniki imkanları, perspektivi olan bir kanaldı, amma bunlardan səmərəli istifadə olunsaydı, indi bunun effektini asanlıqla hiss edərdik. Əvvəla, “İdman Azərbaycan” AzTV ilə birgə futbol üzrə ölkə çempionatının oyunlarının yayım hüququna malikdi. Amma bir neçə dəfə yayımlanacaq oyunun anonsu verilsə də, yayımlanmayıb. Bəzi oyunlar isə ya videoyazı şəklində təqdim olunur, ya da yarımçıq yayımlanır. Bu, peşəkarlığa tamamilə ziddir. Amma ürəkaçan nümunələr də var: məsələn, “Xəzər” telekanalının idman xəbərləri obyektivliyinə və operativliyinə görə fərqlənir. Bu kanalda sırf futbola həsr olunmuş “Futbol saatı” və “Dünya futbolu” verilişləri var. Bu verilişlərdə ölkə futbolunun problemləri müzakirə olunur, obyektiv rəylər söylənilir. ANS-də də “Topsuz toplu” adlı bir veriliş var. Ancaq bu verilişin formatı bir qədər aktual sayılmır. Çünki verilişdə qoyulan mövzular və onların müzakirəsi interaktiv xarakterli deyil. “İdman-Azərbaycan”dakı “Premyer Liqa” verilişində bir çox nüanslar tamaşaçıya çatdırılmır. Verilişə çağırılan qonaqlar, demək olar ki, ssenariləşdirilmiş nitq söyləyib, işini bitmiş sayır. Bu cür verilişlər olmasa, daha yaxşıdı, çünki onların tamaşaçı auditoriyası olduqca məhduddu, faydası azdı.  

    Səbuhi