Çingiz Abdullayev: «Almaniyada yaşayan soydaşlarımız Azərbaycan telekanallarında yayımlanan şou-proqramlardan narazıdırlar»
   
   Son illər ölkəmiz digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bir sıra xarici ölkələrlə qarşılıqlı əlaqələr qurub. Belə ölkələrdən biri də Almaniyadır. Bu il Azərbaycanda Almaniya mədəniyyət günlərinə start verilib. Tədbirlərin təşkilində Almaniyanın ölkəmizdəki səfirliyi və digər qurumlarla yanaşı, 1989-cu ildən fəaliyyətə başlamış Almaniya-Azərbaycan Cəmiyyəti yaxından iştirak edir. 1994-cü ildən haqqında danışılan cəmiyyətə rəhbərlik edən Çingiz Abdullayev təşkilatın fəaliyyətindən və keçirilən tədbirlərdən danışdı.
   
   - Zeynəb Xanlarovanın, Xuraman və Fidan Qasımovaların Almaniyada konsertlərini, Mayns şəhərində Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Alim Qasımovun çıxışlarını, Köln şəhərində Brilliant Dadaşovanın və aşıqların konsertlərini, rəssamların sərgilərini və s. təşkil etmişik.
   - Almaniya-Azərbaycan Cəmiyyəti fəaliyyət göstərdiyi 20 il ərzində nələrə nail olub?
   - 1995-ci ildən bu yana bütün layihələrimizi almanlarla bərabər gerçəkləşdiririk. Həmin ilə qədər Türkiyə və İran azərbaycanlılarının dəstəyilə fəaliyyətimizi qururduq. Gördüyümüz işlər sayəsində Azərbaycanın Almaniyada tanınmasına nail olduq. Almaniyada kitablar çap etdik, bu ölkədə azərbaycanlı tələbələrin təhsilinə, alimlərin elmi işlərini sonna çatdırmalarına dəstək vermişik. Almaniyanın əksər şəhərlərində tədbirlərimiz baş tutub. Almaniyanın böyüklüyünü və əhalinin sayını nəzərə alaraq tədbirlərin müxtəlif şəhərlərdə keçirilməsinə çalışırıq. Bu, təbliğat üçün çox vacibdir.
   - Hazırda Almaniya ilə Azərbaycan arasında əlaqələr hansı səviyyədədir?
   - 2004-cü ilə qədər əlaqələrimiz zəif idi. 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyev bu məsələni qaldıraraq demişdi ki, əlaqələr inkişaf etmək əvəzinə zəifləyir. Həqiqətən də belə idi. Son bir neçə ildə Almaniyada Azərbaycan səfirliyinin işə başlaması, həmçinin Azərbaycanda yeni alman səfirinin çalışması uğurlu olub. Yüksək səviyyədə keçirilən görüşlərin nəticəsi olaraq yerlərdəki cəmiyyətlər öz işlərini görə bildilər. Son dövrdə fəallıq artıb. Artıq bir çox sahələrdə əlaqələr genişlənib. Bunlar hamısı yerlərdə gördüyümüz işlərin nəticəsidir.
   - İki ölkə arasında mədəni əlaqələr yüksəkdir desək, yanılmarıq ki?
   - 2008-ci ildə Almaniyada Azərbaycan mədəniyyət ili keçirildi. Həmin il müxtəlif şəhərlərdə bir çox tədbirlər, elmi konfranslar və s. baş tutdu. 2009-cu ildə isə Azərbaycanın müxtəlif şəhərlərində - Bakıda, Sumqayıtda, Şəkidə, Gəncədə, Lənkəranda almanların mədəniyyət sahəsində müxtəlif səpkili tədbirləri keçirildi. Bu yaxınlarda “Əli və Nino” əsərinin müəllifinə həsr olunmuş sərgi, filmin təqdimatı gerçəkləşdi. Bu gün Azərbaycanın Qərbi Avropa ölkələrindən daha çox Almaniya ilə əlaqəsi var. Bu da təsadüfi deyil. Tarixən bizim soydaşlarımız orada yaşayıblar, indi də yaşayırlar. Ordan bura, burdan isə ora miqrasiya olub, bütün bunlar hamısı öz təsirini göstərir.
   - Deyə bilərsinizmi, alman mədəniyyətindən nələri özümüz üçün əxz etməliyik?
   - Çox şeylər öyrənməliyik. Mən kulturologiya sahəsində doktorluq müdafiə etmişəm, ona görə də bununla bağlı fikir bildirməyə haqqım var. Onlardan, sadəcə, yol keçmək mədəniyyətini belə öyrənməliyik. İnsanlar arasında mədəni münasibəti öyrənmək lazımdır. Müharibədən sonra dağılmış bir ölkəni almanlar yüksək səviyyədə bərpa etdilər.
   - Kulturologiyadan danışdınız, Azərbaycanda kulturologiya sahəsinin inkişafı hansı mərhələdədir?
   - Bu sahə ilə bağlı professor Fuad Məmmədov ayda bir dəfə seminar keçirir və müxtəlif mövzulara toxunulur. Alimlər bu sahəyə həsr olunmuş mövzulara cəlb edilir. Amma bu, çox azdır. Bu gün kulturologiyaya çox böyük diqqət yetirilməlidir. Mədəniyyətdə, iqtisadiyyatda-bütün sahələrdə kulturologiya lazımdı. Bu yaxınlarda akademik Ramiz Mehdiyev gözəl fikirlər bildirdi və haqlı olaraq televiziya verilişlərini tənqid etdi. Biz onun bu mövzu ilə bağlı tənqidi fikirlərini dəstəkləyirik. Bununla bağlı müzakirələrə qoşulmuşuq. İstəyirik ki, tezliklə şou ilə bağlı ayrıca şou kanal açılsın. Həyatlarını şouya bağlayan insanlar da bu kanala baxsınlar. Televiziyanı açarkən şou verilişlərə baxmağa məcbur oluruq. Evdə böyüyən uşaq atasının baxdığına baxıb korlanmasın. Daha dəyərli verilişlər var. «İctimai», ANS, AzTV, “Space” telekanallarında hərdən dəyərli verilişlər görürük. Belə verilişlərin sayını çoxaltmalıyıq. Bir neçə il əvvəl “Lider” televiziyasında maraqlı verilişlərin sayı daha çox idi. Amma son zamanlar vəziyyət dəyişib. Televiziyanı açan kimi SMS elanlarını görürük. Ən vacibi odur ki, “Lider” kanalına nəinki Azərbaycanda, xaricdə də baxılır. Xaricdəki soydaşlarımızın çoxu şikayət edirlər. İnsanların televiziyaya ən çox baxdığı vaxtda şou-proqramlar təqdim edirlər. Almaniyada yaşayan soydaşlarımız istəyir ki, uşaqları Azərbaycan dilində olan verilişlərə baxsınlar. Şou proqramları deyil, dəyərli verilişləri izləsinlər. Bu gün Azərbaycan dilində danışa bilməyənlər veriliş aparırlar. Türkiyənin TRT kanalına baxın, görün necə verilişlər hazırlayırlar? Alimləri dəvət edir, maraqlı diskussiyalar aparırlar. Bu gün dünya açıqdı. İnteqrasiya olunmalı, beynəlxalq səviyyədə müzakirələr aparılmalıdır. Yoxsa ki, filankəsin arvadının adı nədir, kim kimdən boşanır, səhər durub qayğanaq yedi, süd içdi - bunlar kimə lazımdır?
   - Dəvət etdiyiniz tədbirlərdən imtina edən sənət adamları olubmu?
   - Almaniyaya hər bir sənətçi məmnuniyyətlə gedir. Sadəcə, layiq olmayanları yaxın buraxmıram. Durmadan özləri müraciətlər edirlər. Bu günə qədər Almaniyada cəmi üç Azərbaycan musiqiçisinin - Əzizə Mustafazadə, Alim Qasımov və Sevda Ələkbərzadənin diski çıxıb. Digərlərinin heç adları da çəkilmir. Almaniyada çox gözəl bilirlər kim necə oxuyur? Avropalılar bura gəlib sənədli film çəkəndə biz onlara məsləhət vermirik, hansı ifaçı yaxşıdır, biz sadəcə istiqamət veririk. Bütün sənət adamları istəyir ki, Avropada tanınsın. Bunun üçün isə şoudan əl çəkib, ciddi çalışmalıdılar. Ondan sonra onlarla hansısa bir iş görmək olar.
   - Almaniya - Azərbaycan Cəmiyyəti həm də diaspor təşkilatıdır. Xaricdəki digər diasporlarla əlaqələriniz varmı?
   - Diaspor təşkilatlarının faktiki gördükləri işlər azdır. Təklif edirəm ki, bu təşkilatları bir araya gətirək. Sonra hər biri hesabat versin ki, nə iş görüb. Onlar bunu etməlidilər. Ən azından ona görə ki, həmin təşkilatlara kifayət qədər köməklik olub. Əgər bizim cəmiyyətin bir jurnalı çıxırsa, mən onu təqdim edirəm və ya hər hansı konfransın materiallarını, konsertin afişasını göstərirəm. Bakı Slavyan Universitetinin nəzdində Alman Tədris və Mədəniyyət Mərkəzi yaratdıq. Bu mərkəzin yaradılmasından sonra almanların bura marağı artıb. Mərkəz bir ildir ki, yaradılıb və bu il ərzində üç böyük tədbir gerçəkləşib. Höte Universitetinin direktoru, bir çox professorlar burda olub. Almaniya-Azərbaycan Dostluq Parkını yaratmışıq. Belə işləri davamlı olaraq görmək lazımdır.
   - Bildiyimizə görə, alman muzeylərində Azərbaycana aid eksponatlar saxlanılır. Bu eksponatlar əsasən nə haqdadır?
   - Maynsdakı muzeydə Azərbaycan xalçası İran (Persiya) xalçası adı ilə saxlanılır. Bununla məşğul olmaq lazımdır. Biz ictimai qurum olaraq bütün bunları çatdıra bilmirik. Berlin Etnologiya Muzeyində Azərbaycanın maraqlı əl işləri saxlanılır, bunların sayını artırmalıyıq.
   - 2010-cu ildə cəmiyyətinizin 20 yaşı tamam olur. Bununla bağlı hansı tədbirləri keçirməyi planlaşdırırsınız?
   - 20 illiyi həm Bakı, həm də Almaniyada keçirməyi planlaşdırmışıq. Gördüyümüz işlərin hamısını bir kataloqda cəmləşdirəcəyik. Tədbirlə bağlı şəkil və materiallar olacaq. Bir neçə film də ərsəyə gətirmişik-bunları da kataloqa daxil edəcəyik. Bu yaxınlarda Almaniyada Mirzə Şəfi Vazehin xatirə lövhəsini açdıq. Bu, iki ölkə arasında dostluq əlaqələrinin rəmzi rolunu oynayacaq. Belə işlər ömürlük yaşayır. Elə işlər görmək lazımdır ki, alman mətbuatı və televiziyaları bu haqda danışsın. “Almanlar Azərbaycan necə görürlər” mövzusunda diskussiyalar həyata keçirmək niyyətindəyik.
   
   Fəxriyyə ABDULLAYEVA