Arif Qazıyev: «Əminəm ki, müsabiqənin qalibi çox səviyyəsiz kraliça olacaq»
   
   Muğam Teatrının direktoru, baş rejissoru, əməkdar incəsənət xadimi və nəhayət, “Şöhrət” ordenli Arif Qazıyev uçün geridə qoyduğu il bir neçə baxımdan əlamətdar olub. Belə ki, rejissor 70 illik yubileyini qeyd etməklə yanaşı, həm də rəhbərlik etdiyi Muğam Teatrının 20-ci ildönümünü düzənləyib. Üstəlik respublika prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi sənətçi üçün xüsusilə önəmli hadisədir.
   A.Qazıyevlə budəfəki söhbətimiz son vaxtlar respublikada demək olar ki, bütün sosial təbəqələrin narahatlığına səbəb olan telekanalları acı bağırsaq kimi başına götürən yüngül şou proqramları ilə bağlı oldu. 
   
   - Arif müəllim, siz televiziya kanallarında qeyri-peşəkar verilişləri, xüsusilə də yüngül şou proqramlarını hər zaman tənqid edənlərdənsiz. Nəhayət, bir neçə ay bundan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən sözügedən məsələ ilə bağlı mətbuada əks etdirilən sərt münasibət cəmiyyəti bir növ silkələdi. Eyni zamanda uzun illər Azərbaycan Televiziyasında Təbliğat-təşviqat komissiyasında çalışmısınız. Bu səbəbdən sizin məsələyə münasibətiniz oxucularımız üçün də maraqlı olardı.
   - Çox şad oldum ki, bizim Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev bu məsələyə öz münasibətini bildirdi. Artıq uzun müddətdir televiziyalarımız səviyyəsiz şouların məkanına çevrilib. Əvvəllər deyirdilər ki, televiziyaya bir ayna kimi baxırsan. Amma mən belə deməzdim. Mənə elə gəlir ki, televiziya böyüdücü şüşədir. Balaca bir detalı elə böyüdür ki, onu hərtərəfli görürsən. Məsələn, müğənnilər arasında olan adi bir münaqişə televiziyada elə böyük bir maşstaba çıxarılır və elə böyüdülür ki, sadəcə, tamaşaçıların zövqləri korlanır. Təəssüf ki, tamaşaçıların özlərinin də zövqləri aşağıdır. Onların əksəriyyəti səviyyəsiz verilişlərə daha çox baxırlar. Əgər bir kanalda intellektual veriliş gedirsə, ona maraq göstərmirlər. Bu insanlar üçün şou verilişləri, kimin-kiminlə dalaşdığı, vuruşduğu daha çox əhəmiyyətlidir. Bununla da telekanallar özləri öz reytinqlərini göstərirlər.
   Bu baxımdan mənə elə gəlir ki, Ramiz Mehdiyevin çıxışı stimul rolunu oynamalıdır. Bunu mütləq aktiv şəkildə həyata keçirmək lazımdır. Sənətkarlar, rejissorlar, ssenaristlər, rəssamlar, operatorlar, rejissorlar bir yerə yığılıb, bu barədə öz fikirlərini söyləməlidirlər. Öz fikirlərimizi belə hissə-hissə deməklə olmur. Bunun öhdəsindən indi gəlməsək, uşaqlarımız, gələcək nəsil mənəvi baxımdan şikəst olacaq. Çünki uşaqlar indi televiziya kanallarında daha çox yüngül verilişlərə baxırlar, nəinki intellektual verilişlərə. Böyüklər də gülmək üçün və ya şou müğənnilərinin geyimlərinə baxmaq üçün belə verilişləri seçirlər. Nəzərə almaq lazımdır ki, tərbiyəni evə televiziya gətirir.
   - R.Mehdiyevin çıxışından sonra istər Azərbaycan Milli Teleradio Şurası, istərsə də ayrı-ayrı adamlar tərəfindən məsələyə çoxlu reaksiya göstərənlər oldu. Siz də həmin insanlar arasında idiniz. Necə düşünürsünüz, bu çıxışlardan sonra televiziyalarda hansı müsbət effekti görmək mümkün oldu?
   - ANS kanalı meyxana müsabiqəsini yığışdırdı. Həmin veriliş yayımlanmağa başlayandan bəri mən deyirdim ki, cavan uşaqlar bir-birilərini tənqid, hətta təhqir edirlər. Bir-birilərinə ağlagəlməyən sözlər deyirlər. Elə meyxanalar deyirlər ki, tərbiyəvi sözləri olmur. Axı bu meyxanaları vətənpərvər mövzu ətrafında da qurmaq olar.Yoxsa elə qeyri-tərbiyəvi mövzulardan meyxana deyirdilər ki, sadəcə insanın əsəblərinə toxunur. Məsələn, Qəzəlxan Əliağa Vahid və ya meyxanaçı Nizami Rəmzini götürək. Onların dedikləri meyxanalar sevgiyə, məhəbbətə, təmizliyə aid olurdu. Amma indiki meyxanalar cəmiyyətdə düşmənçilik yaradır. Bunları yığışdırmaq lazım idi və çox şadam ki, həmin veriliş yayımlanmadı.
   - ANS-də yayımlanan «Toylar kraliçası» müsabiqəsinə də cəmiyyətdə fikir birmənalı deyil. Peşəkar televiziyaçı kimi bununla bağlı siz nə deyə bilərsiniz?
   - Bu müsabiqə sadəcə olaraq biabırçılıqdır. Ümumiyyətlə, bizim adət-ənənələrə görə qadın toylarda oxumayıb. İndi isə bildiyimiz kimi, qadın müğənnilərimizin əksəriyyəti el məclislərində iştirak edir. Əlbəttə bu, maddi çətinlikdən irəli gəlir. Amma bunu bu qədər şit formada qabardıb cəmiyyətə nümayiş etdirmək nəyə lazımdır? Məsələnin digər tərəfi müsabiqənin adı ilə bağlıdır. Axı «kraliça» nə vaxtdan bizim sözümüz olub? Bizim olmayan ad altında niyə müsabiqə keçirirsən? Elə proyektin adını qoyaydılar «Azərbaycan musiqisinin pərisi». Pəri adı bizə yaraşır. Məsələn, «Lirik mahnılar pərisi», «Ritmik mahnılar pərisi». Proyektə münasibətim çox mənfidir. Münsiflər heyətində oturanlar da bir-birləri ilə dalaşır, ya bir-birilərini, ya da kimisə tənqid edirlər. Ümumiyyətlə, Kamranın proyektlərinin hamısının məqsədi pul qazanmaqdır. Bizim mədəniyyətimizi korlayan isə bu sms-lərdir. Təəssüf ki, hansısa mobil operatorun və ya telekanalın pul qazanması bizim mədəniyyətimizi aşağı salır. Müsabiqənin münsiflər heyətində oturan Əli Mirəliyev yaxşı müğənnidir. Onu mən özüm də bir neçə dəfə çəkmişəm. Amma təəssüf ki, indi münsiflər heyətində oturub, başqalarını tənqid edir. Elə yüngül şou müğənniləri də belə şoulardan yaranır da.
   - Müsabiqədə bir məqam da maraqlıdır ki, əvvəl burada iştirak edən müğənnilər verilişi tərk edəndən sonra güclü tənqid atəşinə tutulublar. Siz uzun illər Azərbaycan Televiziyasında Təbliğat-təşviqat komissiyasında çalışmısınız. Necə düşünürsüz, televiziyada belə fikirlərin səslənməsi nə dərəcədə düzgündür?
   - Əvvəl müsabiqədə respublikanın əməkdar artisti Ruhəngiz Allahverdiyeva iştirak edirdi. Sonra səviyyəsiz proyekt olduğunu görəndə, onu qoyub getdi. Münsiflər heyəti Kamran başda olmaqla, onun dalınca nə qədər danışdılar. Deyirdilər ki, qoydu qaçdı. Axı Ruhəngiz xanım kimdən qorxub qaçacaq? O çoxdan əməkdar artistdir və əməkdar artistin dalınca belə söz deməyə onların ixtiyarı yoxdur. Məgər bu, güləş meydanıdır ki, qorxub qaçsın. Əgər belə səviyyəsiz verilişə görə, insanlar, sənət təhqir olunursa. Bu bizi inkişaf etməyə qoymaz.
   - Hazırda televiziyadakı hansı mədəniyyət proyektləri xoşunuza gəlir?
   - Məsələn, muğam müsabiqəsi xoşuma gəlirdi. Muğam sənətimizi davam etdirmək, yaşatmaq, sevgi-məhəbbət yaratmaq üçün bu vacib layihə idi. Mən Muğam teatrını 21 il əvvəl açdım ki, bu sənətinin itməməsi üçün onu qoruyub saxlayaq. Müsabiqədən sonra görün nə qədər istedadlı gənc çıxdı ortaya. Onların çoxunu Muğam Teatrına gətirdim. Dünya müsiqiləri içərisində özünəməxsus yer tutan muğam Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində daha da ucaldı. Bu boyda işin müqabilində «Toylar kraliçası» layihəsi gülməli görünür. Əminəm ki, müsabiqənin qalibi çox səviyyəsiz kraliça olacaq. Heç kəs hörmət etməyəcək ona.
   - Arif müəllim, geridə qoyduğunuz ötən ildə həm sizin, həm də teatrın yubileyi qeyd olundu. Yaşınızın yüksəkliyindən baxanda geridə qoyduğunuz illərdə nələri görürsünüz? Ümumiyyətlə, bundan sonrakı planlarınız nələrdən ibarətdir?
   - Teatrın yubileyi Heydər Əliyev Sarayında, mənim yubileyim isə Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Prezidentin məni “Şöhrət” ordeni ilə təltif etməsi isə deyərdim ki, həyatımın ən böyük mükafatlarından biridir. Çalışacağam ki, bu etimadı yetərincə doğruldum. Ümumiyyətlə, sənətkar özünə sənətkar deməkdən utanır. Məsələn, mən həmişə böyük sənətkarlarla işləmişəm. O insan ki, öz sənətini sevir, hansısa işlər görür, o heç zaman demir ki, mən nələrisə etmişəm. Elə deyir ki, gördüyüm işlərim qarşıdadır. Bu günə qədər ən müxtəlif janrlarda 95-də çox film çəkmişəm. Yəni heç vaxt boş dayanmamışam. Elə vaxt olub ki, bir ildə üç film çəkmişəm. Aparıcı rejissor olduğumdan həmişə məndən çox istifadə ediblər. Yaradıcılığa gəlincə, hələ də axtarışdayam. Muğam Teatrını biz yaratmışıq, yəni bizim istehsalımızdır. Opera teatrı, dram teatrı, simfonik orkestrlər, balet Qərbdə yaradılıb. Amma yeganə Muğam Teatrıdır ki, onun vətəni Azərbaycandır. Biz fəxr edirik ki, Şərqdə Muğam Teatrı ilk olaraq Azərbaycanda yaradılıb. Yaş məsələsinə gəlincə, heç bir ili özümə yaş dövrü saymıram. Mən o ildə hansı günləri, saatlar, dəqiqələr xoş keçibsə, onu sayıram. Belə hesablayanada mənim 15-20 yaşım olur. Günlərimdən, yaradıcılığımdan gedən boş günlərimi hesablamıram. Gərək insan hər gün özü-özünə hesabat versin ki, gün ərzində hansı işlə məşğul olub. Rejissor bu yaşda başlayır işləməyə. 30-40 yaşa qədər hələ ki, rejissorluğu öyrənirsən. Ahıl yaşda insan hər bir şeyi daha müdrik ölçüb-biçə bilir. Mən 33 il təbliğatla məşğul olmuşam. Azərbaycan Televiziyasında Təbliğat-təşviqat komissiyasında işləmişəm. Ona görə, hər bir işi görəndə əvvəlcə fikirləşirəm ki, bunun nəticəsi, faydası necə olacaq. Bundan xalq bəhrələnəcəkmi? Artıq 8-ci onluğu saymağa başlayıram. Qarşıda çoxlu planlarım var. Muğam Teatrı hər gün fəaliyyətdədir, hər gün məşq edilir. Hazırda yeni tamaşanın məşqləri başlayıb. Novruz bayramı üçün xüsusi proqram hazırlayırıq. Maraqlı proyektlərimiz var, amma onu həyata keçirmək üçün maliyyə imkanlarımız məhduddur.
   
   Mehparə