Prezident İlham Əliyev aprelin 18-də Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri var. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi və eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Sərəncama əsasən, Göytəpə arxeoloji kompleksində aşkar olunmuş tikililərin bərpası və konservasiyası, habelə aparılan elmi tədqiqat işlərinin davam etdirilməsi məqsədilə bu ərazidə Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılacaq. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300 min manat ayrılıb.