Yunus Arifoğlu: «Mədəniyyətə dəstək olmaq vicdan borcudur»
Yunus Arifoğlu 1949-cu ildə doğulub. Türkiyə vətəndaşıdır. İş adamıdır. İxtisasca mühəndisdir. 1993-cü ildən Azərbaycanda yaşayır və işləyir. Ölkəmizin nüfuzlu şirkətlərindən olan «Gilan» Holdinqin rəhbər işçilərindəndir. Məramımımz qədim çövkən oyunundan yazı hazırlamaq olsa da, söhbətə iş adamı olan müsahibim mədəniyyətdən söz açaraq körpü saldı.
- Məncə, hər bir adamın, xüsusən, biznesmenin, iş adamının mədəniyyətlə əlaqəsi olmalıdır. Ümumiyyətlə, cəmiyyətdə yaşayan, hər kəsin mədəniyyətlə genetik əlaqələri var. Hər kəs bir mədəniyyət sahəsi ilə maraqlanır. Kiməsə musiqi, kiməsə geyim, kiməsə başqa incəsənət sahəsi, hətta kiməsə yemək mədəniyyəti maraqlıdır. Mədəniyyət çox geniş anlayışdır, hər kəsi, hər məkanı əhatə etmiş bir sahədir.
Mənə gəlincə, özümü universal adam hesab edirəm; yaxşı idmançı olmuşam, boksla məşğul olmuşam. Ancaq musiqiyə də maraq göstərmişəm. Hətta neçə illər əvvəl AzTV-nin yeni il proqramlarından birində mahnılar da ifa etmişəm.
- Yunus müəllim, ötən sayımızda gedən «polo»-«çövkən» oyunları barədə yazılarla maraqlanmışdınız.
- Mənim bildiyim, gördüyüm bir oyun var. Mən Türkiyənin kəndlərindən birində doğulmuşam. Səkkiz yaşımadək orda yaşamışam. Sonralar da, universitetdə oxuduğum zamanlarda da tez-tez kəndə gedir, orda qalırdım. O vaxtlar uşaqlar indiki poloya oxşar bir oyun oynayırdılar. İki taqım- dəstə mübarizə aparırdı. Hər taqımda dörd atlı olurdu. Keçədən bir top düzəldib onu qarşı qapıdan keçirməyə çalışırdılar. «Topadar»sa yerdəki həmin bu topu itələyən ağac idi. Bu oyuna çövkən deyirdilər. Onu geniş xırmanda oynayırdılar. Bilirsiniz, bu oyunda iştirak edən atlar yaxşı bəslənmiş olsalar da, ancaq təlim görməmiş atlar idi. Yəni çevrə, filan bilməzdilər. Saxlamaq istədikdə durdura bilmirdilər. Ona görə də böyük sahəni oyun üçün meydan edirdilər. Mən özüm də bu oyunu oynamışam. Amma daha çox azarkeş olmuşam. Atlarımız vardı və adamlar təkidlə rica edəndə bizlərdən də kimsə bu oyuna qatılırdı. Bu «təkidlə rica etmək» məsələsi böyük çıxmasın. Biz əslən bəyzadəyik. Və bir qayda vardı ki, hər sözdən ortaya düşməzdik. Gərək bir xahiş-təkid olaydı. Atamdan, babamdan bu oyunun qədim türk oyunu olduğunu eşitmişəm. Atam 110 il yaşadı. O, mənə bu oyun haqda, onun gəncliyində də bu oyunun oynanması barədə danışardı.
- Polonun tarixində onun Avropaya necə gəlməsi barədə versiyalardan biri də bu oyunu səlibçilərin Konstantinopolda, indiki İstanbulda görüb öz ölkələrinə aparmasıdır.
- Hə, mənim bildiyim də bu qədərdir.
- 20 ilə yaxındır ki, buradasınız. Ölkənin mədəniyyətində ən çox maraqlandığınız hansı sahədir?
- Anam Naxçıvandandır. Mən Azərbaycan musiqisi ilə böyümüşəm, bu musiqi ruhuma hopub. Ərzurum radiosunda xorda oxumuşam, təxminən altmışıncı illərin ortalarında. O zaman radioda Azərbaycan mahnıları ifa edirdik. Xüsusən bu mahnını məşhur etmişdim:
«Gözəllər bəzənib toya gedərlər,
Amanat, amanat, yar oynamasın
Mən bilirəm rica, minnət edərlər
Yüngüllük edib də tez oynamasın...»
Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Elnarə Abdullayeva, İlhamə Quliyeva kimi ifaçıların diskləri, mahnıları həmişə mənimlədir. Türkiyədən və başqa ölkədən olan qonaqlarıma, dostlarıma klassik Azərbaycan musiqisi hədiyyə edirəm. Mən əvvəllər Türkiyədə olanda yalnızca Zeynəb Xanlarovanı tanıyırdım. Bura gələndən sonra bu dəyərli ifaçılara qulaq asdım.
- Bir kənar gözlə necə müşahidələriniz var - cəmiyyətdə mədəniyyətin rolu, yeri necədir?
- Mədəniyyətə qiymət var. Şəxsən mən Azərbaycan mədəniyyətini çox yüksək hesab edirəm. Bir də bilirsiniz, mən dünyanın 60-70 ölkəsini gəzmişəm. İnanın mənə, Azərbaycanda olan əmin-amanlıq heç yerdə yoxdur.
- Yunus müəllim, başqa ölkələrdə, iri şirkətləri mədəniyyətə dəstək olmağa həvəsləndirmək üçün müəyyən bir tədbirlər var. Məsələn, mədəniyyətə dəstək olan müəssisələrə, şirkətlərə qanunlarda vergi güzəştləri edilir. Bizdə bu hələ o qədər də gəlişməyib...
- Buna təşviq etmək deyirlər. Bilirsiniz, bu sahədə bir qanuni borc anlayışı var, bir vicdani borc. Mədəniyyətə dəstək olmaq vicdan borcudur. Çünki hər şey ötəridir, yaşayan, gələcəyə ötürülən mədəniyyətdir. Məsələn, Mehriban xanım Muğam Mərkəzi açdı. Bu qədim bir mədəniyyətin gələcəyə ötürülməsində böyük bir işdir.
Qaldı «Gilan»a, bizdə həmişə mədəniyyətə dəstək layihələri olub. Mən sadəcə onları xatırlatmaq istəmirəm. Lap kiçik CD zavodu belə mədəniyyətə dəstəkdir. Bu şirkətin özünə görə əl tutduğu yerlər var. «Gilan» Holdinq öz üzərinə bacardığını götürüb.
- Sormadığım, ancaq demək istədiyiniz nəsə qaldımı?
- Azərbaycanda yaşayan hər bir kəs, əcnəbi və ya yerli olmasından asılı olmayaraq, buranın qədrini bilməli, onun mədəniyyətini öyrənməli, hörmət göstərməlidir.
Aliyə