Onun bir müğənni kimi xüsusi təqdimata ehtiyacı yoxdur. Bizim dilimizə düşmüş mahnılarının bir neçəsinin adını sadalasaq, hər kəs dillənəcək ki, qəzetimizin bu müsahibi əməkdar artist Tünzalə Ağayevadır. Biz onunla həm müğənni fəaliyyətindən, həm düşüncə dünyasından, həm də futboldan söhbət etdik. Hesab edirik ki, biz yorulmadığımız kimi, o da yorulmadı. Ümidvarıq ki, Tünzalə Ağayevanın söhbətindən siz oxucular da yorulmayacaqsınız.
   
   - Deyəsən, müğənnilərin bəxti gətirib, gündəmi onlarsız təsəvvür etmək olmur. Hətta bu gün adı yayılan müğənni sürətlə «ekspert”ə də çevrilir.
   - Bilirsiniz, biz azad bir cəmiyyətdə yaşayırıq. Yeni proses gedir. Bu vəziyyətdə müsbət tendensiyalar kifayət qədər olsa da müəyyən mənfi amillər də özünə yol tapır. İndi telekanallar çoxalıb və onların öz müstəqil seçimi var. Eyni zamanda indi telekanallara çıxmaq, əgər istedad gücü kifayət qədər olmasa da çətin deyil. Müğənnilərin apardığı şou-verilişlər reytinqdə üstünlük təşkil edirsə, telekanal rəhbərliyi əlbəttə buna üstünlük verəcək. Mən daxili tənzimləmənin tərəfdarıyam.
   - Sizcə, biz nəyə görə şouya daha çox vaxt ayırırıq?
   - İnsan yorulursa, əsəb və stress keçirirsə, hardasa əyləncə axtarır. Amma bu o demək deyil ki, biz ancaq şou ilə əyləncəyə üz tutmalıyıq.
   - Müğənni və toy dueti isə bizim hər birimizin yaralı yerinə çevrilib.
   - Bu fakt var. Məsələyə bir qədər geniş baxaq. Buraxdığım albom hesabına 6 ay belə yaşaya bilmərəm. Hər ay konsert vermirik ki, əldə edilən məbləğlə sənətlə məşğul olaq. Bu vəziyyətdə ümid toylara qalır. Baxın, dünyaya çıxmaq üçün müğənniyə nə qədər kapital lazımdır. Misal çəkim. Gürcüstanda şou-biznes yoxdur, ordakı müğənnilər və musiqiçilər xarici əlaqələr qurmaq hesabına sənətlərini Avropaya yönəldiblər.
   - Toz-tozanaq qalxır... Hansısa müğənni inadla qışqırır ki, mən xaricdə konsert verəcəyəm və bunun reklamını absurd şəkildə öz ölkəmizdə aparır.
   - Əgər xaricdə hansısa müğənnimiz musiqimizi bu və ya digər dərəcədə təbliğ edirsə, bunu alqışlamaq lazımdır. Azərbaycan musiqisi dünyanı fəth etmək gücündədir. Nə qədər tarixi faktlar var ki, dünyaca məşhur bəstəkarlar bizim musiqidən bəhrələniblər, bu zənginliyə heyran qalıblar. Bax Avstriyaya aparılmış qarabağlı tarzəndən “Bayatı-Şirazı” eşidib, nota çeviriblər. Baxın “Polifoniya Puqas”ın yaranmasına muğam böyük təkan verib. Musiqimizin dünyada tanınması həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətindən keçir. Müasir rus müğənnisi Valeriyanın dünyada tanıdılması prosesinə ilk növbədə Avropadakı ruslar qoşulur. Bu, təcrübədə də belədir. Müğənnini ilk növbədə öz soydaşları tanıdır. Bu mərhələdən keçmək lazımdır. Məsələn, xaricdə yaşayan soydaşlarımız konsert zallarının icarəyə götürülməsini təmin edə bilərlər. Çünki Avropada zal məsələsi çox qabaqcadan həll olunmalıdır. Türk müğənnisi Tarkanı tanıdan türk diasporu olub. Dünyaya çıxmaq prosesi nəhəng işlərdən keçir. Bu bir mexanizmdir. Bəzən bizə deyirlər ki, niyə xaricdə, məsələn İngiltərənin 60-70 minlik “Uembli” futbol stadionunda konsert vermirsiniz. Bu işlər elə-belə alınmır.
   - Siz həm də bəstəkarsınız. Bu gün ucuz və zövqsüz musiqilər meydan sulayır...
   - İlk mahnılarımı 12 yaşımda yazmışam və heç bilməzdim ki, bu, sonralar bu sistemli işə dönəcək. Pəncərə açıqdır və heç nəyi diktədə saxlamaq olmaz. Burada müsbət amillərlə yanaşı, mütləq mənfi amillərlə də rastlaşacağıq. Digər tərəfdən, biz ucuz və keyfiyyətsiz mallara tez aldanırıq.
   - Toylara sərf etdiyiniz zamana heyifislənirsiniz?
   - Yox. Mənim yolum fərqlidir və müğənni olaraq hesab edirəm ki, əsl publikam ziyalı publikasıdır. Lakin qazanc yerimiz toylardır.
   - Maraqlıdır, müğənni Tünzalə kitab alırmı?
   - Nəinki özümə, dostlarıma da kitab alıram. Övladıma isə əsasən texniki, ensiklopedik kitablar alıram. Bu gün internet vasitəsilə də istənilən kitabxanaya daxil olub mütaliə etmək olar. Sonuncu dəfə ingilis dilində “Azərbaycan haqqında 100 sual” kitabını alıb, hədiyyə olaraq qızım Fidana bağışlamışam. Özüm isə ingilis dilinu öyrəndiyim üçün bu dildə detektiv əsərlər oxuyuram. Öz ədəbiyyatımızda isə, əsasən, klassikaya müraciət edirəm. Bu həm də sənətimlə bağlıdır.
   - Bəs asudə vaxt...
   - Ümumiyyətlə, telekanallarda əsasən xəbərləri izləyirəm. Passiv olmaqdan xoşum gəlmir. Mən istirahətimi həmişə mənəvi qida aldığım işlərlə məşğul olmaqla təmin edirəm.
   - Əsəbləşəndə isə, deyəsən, mahnı bəstələyirsiniz. Nədən əsəbləşirsiniz?
   - Ağır işlər qarşısında əsəblərim dözümlüdür, bəzən xırda məsələlər emosiyalarımı daşdıra bilir. Amma əsəbləşməyim mənfi istiqamətə yönəlmir. “Yağış kimi”, “Gözlərin kimi” və sair tamaşaçı rəğbəti qazanan mahnılarım belə yaranıb.
   - Söhbətimiz əsasında bir neçə dəfə futbol termini işlətdiniz. Azarkeşsiniz?
   - Futbol azarkeşi deyiləm, amma menecerim bütün günü futboldan, futbol ulduzlarından, hesablardan danışır. Hətta hansı futbolçunun nə qədər transfer qiyməti olduğunu da dəqiq bilir. Mən isə milli yığmamızın oyunlarını izləməklə kifayətlənirəm. Elə olub ki, millimizin oyununun gedişini səhnədə elan etmişəm. Amma idmanın qaçış növünü sevirəm və məşğul oluram.
   - Yeri gəlmişkən, müğənnilər həm də menecerlərini tez-tez dəyişməklə gündəmə gəlirlər...
   - Öz menecerimlə 9 ildir əməkdaşlıq edirəm və razıyam. Bizim bir çox fikirlərimiz üst-üstə düşür. Dediyiniz hal ondan yaranır ki, menecerlər öz vəzifələrini bilmirlər. Əgər müğənni konserti danışacaqsa, reklam təşkil edəcəksə, sponsor tapacaqsa, menecer nəyə lazımdır? Halbuki, menecer müğənninin səhhətini belə nəzarətdə saxlamalıdır. Menecer sənəti bilməlidir.
   - Mətbuat müğənnilərin həyatını şou yönümdən tanıtmağa üstünlük verir.
   - Mətbuat bizim cəmiyyətlə körpümüzdür. Mətbuat da faydalı insanlara yer verməlidir. Məsələn, mən heç vaxt sarı mətbuata üz tutmaram. Elə televiziya verilişlərində də bunlar gözlənilməlidir.
   - Yeni işlərinizdən danışaq.
   - Yeni bir albom üzərində çalışıram. Bu albom dünyada qlobal problemə çevrilmiş insan alverinə həsr ediləcək. “İnsan alverinə indi son qoyaq” beynəlxalq hərəkatının üzvü kimi, o işə dəstək üçün xüsusi albom hazırlayıram. Bu hərəkatda dünyanın çox tanınmış sənətkarları birləşib. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə bu məkanda konsert proqramı ilə çıxışa da hazırlaşıram.
   - Bizim qadınlar cəmiyyətdə fəal görünürmü?
   - Birinci xanımımız Mehriban Əliyevanın fəaliyyəti bir nümunə, bir örnəkdir. Bu gün qadınımız millət vəkilidir, həkimdir, siyasətçidir, iş adamıdır. Biz tipik Şərq qadını deyilik. Qadınlarımız fəaldır.
   - Hansı Azərbaycan filmini xoşlayırsınız?
   - “Uzun ömrün akkordları”nı.
   - Sonuncu dəfə tamaşa zalında nə vaxt olmusunuz?
   - Bu yaxınlarda İngiltərə səfərimdə musiqili tamaşaya getmişdim.
   - Modaya münasibətiniz?
   - Normal. Mənim öz modelyerim var - Gülnarə Xəlilova. İnsan özünə yaraşana üstünlük verməlidir.
   - Konkret hobbiniz?
   - Çətin sualdır.
   - İlk həyat arzunuz hansı fəaliyyət sahəsinə olub?
   - Hərbçi olmaq istəmişəm. Müğənnilərin poliqon aksiyasında tankın altından da keçmişəm. Amma həyatımı arzular üzərində qurmamışam. Taleyimdə nəylə qarşılaşıramsa, hər şeyi təbii alın yazısı kimi qəbul edirəm. Prinsiplərim isə var.
   - Həm idealist, həm də realist yanaşma...
   - İdealistəm, amma realist olaraq düşünürəm.
   - Bizim qəzetə sözünüz?
   - İstedadlı insanları üzə çıxarmağa kömək edin. İstedadlı insanlar zərif olur. Hələ tanınmamış insanların mətbuata ehtiyacı var.
   - Sizin timsalınızda bir sənətkarın daxili dünyasını qələmə almaq mümkündürmü, onu nə qədər tanıya bilərik?
   - Bizi imkan verdiyimiz qədər tanıya biləcəksiniz.
   
   Söhbətləşdi: Sabutay