Neftçi, xanəndə. Görkəmli xanəndə Əlibaba Məmmədovla vədələşdiyimiz yerə gedəndə ilk ağlıma gələn bu oldu. Çoxları yəqin xəbərsizdi, Əlibaba müəllim əmək fəaliyyətinə neftçi kimi başlayıb. Özü də burda yox, Türkmənistanda. Dünyaya göz açdığı Bakıda Neft Texnikumunda təhsil alandan sonra təyinatla Xəzərin o tayına göndəriblər. İki il orda çalışıb. Perspektivli neftçi kimi ilk gündən rəhbərliyin diqqətini çəkib. Hətta, onu ali təhsil ardınca göndərmək istəyiblər. 
      
   Məlum Aşqabad zəlzələsindən sonra Ə. Məmmədovun həyatı tamam başqa məcraya yönəlib. Nağarada, tarda çalmağı bacaran, özünə görə oxumaq qabiliyyəti olan gənc oğlan Bakıya dönüşündə, təsadüfən «İstedadlar axtarırıq» müsabiqəsindən xəbər tutur və özünü sınamaq qərarına gəlir. Qismətdən hər şey uğurlu alınır. Oxuduğu «Çahargah» muğamı bəyənilir. Zülfü Adıgözəlovun xeyir-duasıyla 1949-cu ildə onu Azərbaycan Dövlət Filarmoniyasına solist kimi işə qəbul edirlər. 1953-cü ildə gənc xanəndə savadını artırmaq məqsədilə ölməz sənətkar Seyid Şuşinskidən dərs almaq məqsədilə Asəf Zeynallı adına Musiqi Məktəbinə üz tutur və ömrünün beş ili onun yanında keçir. Ustadının və görkəmli tarzən Ə. Bakıxanovun istəyilə o məzunu olduğu məktəbdə muğam sənətindən dərs deməyə başlayır. Vaxtilə Əhmədxan müəllimin hökmlə söylədiyi «bu proqramdan kənara çıxma» sözlərini qulaqlarında sırğa eləyən qocaman xanəndə uzun illərdi müəllimlərinin ona öyrətdiklərini özündən sonra gələnlərlə bölüşür.
   Elə də Əlibaba müəllimlə tələbələrə dərs dediyi məqamda görüşdük. Həmin məktəbdə, həmin proqram üzrə. Görünür, bu səbəbdən söhbətimiz musiqili alındı.
   - Vallah ayı, günü dəqiq yadımda deyil, tələbə vaxtımın söhbətidi. Bir gün Ağaya dedim ki, nolar, bir «Dəşti» oxusun. O çağacan Azərbaycanda «Dəşti» adında nəsə oxuyan yoxuydu. Hamı onu fars muğamı bilirdi. Tədrisə də salınmamışdı. Ağanın bir az acıdil danışmağı vardı. Onda da də eləcə qayıtdı ki, «ay Əlibaba, mən bilmirəm onu». Söz ağzından çıxan kimi yapışdım yaxasından: «Bəs əmim deyir, Ağa «Dəşti»ni yaxşı bilir». Əmimin kimliyilə maraqlandı. Güləhməd adını eşitcək, ta heç nə demədi. Çünki əmim muğama vaqif adamıydı, Ağa da onu pis tanımırdı. “Amma indi keyfim yoxdu, bir gün əhvalım yaxşı olanda oxuyaram” söylədi. Əsası buydu ki, razılıq alındı. Bir gün dərsə gələndə gördüm ustadın əhvalı yaxşıdı, eləməyib tənbəllik dedim; «Dəşti» oxumağın vaxtıdı. «Nə «Dəşti» deyib durmusan, ay Əlibaba». Bu, bir növ etirazıydı. Mənə də Əlibaba deyiblər, başladım qılığına girməyə: «Axı siz Ağasız, gərək sözünüzün üstündə dayanasız». Ta gördü əl çəkmirəm, mərhum muğam bilicisi, tarzən Kamil Əhmədova işarə elədi ki, bir kök versin. Hə, Ağa başladı, nə başladı. Yaxşı oxudu, özü də fars dilində. Tam yadımda qalsın deyə, «ay Ağa, sən Allah bir də təkrar elə» dedim. Allah rəhmət eləsin, xətrimə dəymədi. Yenə oxudu. Baxdım gördüm «Bayatı-Kürd»ə çox oxşayır. Yalnız fərq ondadı ki, «Dəşti»də «Cüdayi» yeri var, orda yoxdu.
   Söhbətin bu yerində Əlibaba müəllim dediyini sübuta yetirmək üçün pəsdən oxumağa başlayır.
   - «Şur» muğam ladı üstündədi...
   - Həri, ona söhbət yox, sadəcə fərq bayaq dediyim məsələdədi. «Bayatı-Kürd»də də «Gəbri var, o burda yoxdu». Çox adam bunu düz-əməlli bilmir deyə, qarışdırır və nəticədə səhv ifa eləyir. “Nə başını ağrıdım, o vaxt da maqnitofonumuz-zadımız nə gəzirdi, “müəllim” bu saat gəlirəm deyib, qaçdım evə. İçərişəhərdə yaşayırdım o vədə. Qaçaraq girdim evə, uşaqların anası məəttəl qaldı ki, görən nolub. İşarə elədim ki, mənə maneçilik törətməsinlər. Tarımı götürdüm, bayaq Ağadan eşitdiyimi çala-çala Seyid Əzimin bir qəzəlini oxuyub, məşq elədim. «Dəşti» tamam-kamal yaddaşıma yazıldı. Qayıtdım məktəbə. Evdə elədiklərimi müəllimimin qabağında oxudum. Bir «afərin» qazandım.
   - Deməli, sizin məşhur «Dəşti»niz təqribən 1955-56-cı illərdə beləcə yarandı...
   - O indi bildiyiniz «Dəşti» yox, əvvəlki variantı. Mən axı, onu get-gedə təkmilləşdirdim. İki təsnif yazdım. Axırda
    Sənin eşqin məni gətirdi dilə,
    Sanki aşiq olub, bülbül bir gülə.
    Səni sevdim, həsrət çəkdim
    Könül verdim mən sən tək gözələ,
    Eşqimi təzələ, amma tez elə.
    Bu ayrılığın ömrünü az elə...
   şəklində oxuyub, lentə aldırdım.
   - Bildiyimə görə, bu sözlər sizə məxsusdu. Belə çıxır ki, xalq mahnılarından geri qalmayan, yalnız bir-birindən gözəl nəğmələr, təsniflər müəllifi deyilsiz, həm də şairsiz.
   - Ay Elsevər, şairlik Allah vergisidi. Mənim haram şair oldu, Səməd Vurğun demiş, «az-az uydururam yeri gələndə».
   - «Dəşti»ni ilk bəstəkarlıq işiniz saya bilərik? Yoxsa birincilik «Humayun»a məxsusdu?
   - Elədi, ilk düzüb-qoşduğum «Humayun» təsnifidi.
   Mən özümü bəstəkar saymıram. İnanın, heç vaxt belə iddiam-filanım olmayıb. Düzdü, mahnılarımın, təsniflərimin sayı yüzdən çoxdu. Allaha şükür, çoxusunu yaşlı, cavan xanəndələr oxuyur. Siz də, maşallah, məlumatlı adamsız, özünüz yaxşı bilirsiz. Amma yenə də deyirəm, bəstəkarlıq sevdasına düşdüyümçün yox ey, təbim gəlib, yazmışam. Ona qalsa, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski nə qədər mahnılar, təsniflər yazıb. Əksəriyyəti indi müəllifiylə yox, xalq musiqisi adıyla tanınır.
    - Sözünüzü balnan kəsim, «Mahur» üstündə oxunan
    Əvvəldən gərək sevgili yarım sən olaydın,
    Bağım, çəmənim, güllü baharım sən olaydın.
    Olmaz belə qamət, belə gərdən belə sinə,
    Bəh-bəh, nə deyim, şükrü Xudanın kərəminə.
   təsnifinin müəllifi də, yanılmıramsa, Cabbar əmidi.
   - Doğrudu. Birdi, ikidi belə misal? Eey...
   - Təb demişkən, rəhmətlik Mikayıl Müşfiqin «Məhəbbət» şeirinə bəstələdiyiniz gözəl mahnının hədəfi, ayıb olmasın, dünyalarca sevdiyiniz xanımınız deyil ki?
   - Yaralı yerimə toxundunuz. Mən tez evlənmişəm - 20 yaşımda. Uşaqların anası rəhmətlik də məndən iki bayram balacaydı. İnanmazsan, Allah sizinkiləri saxlasın, ta uşaqlar böyüyən vaxtlaracan biz bir-birimizi o ilk gənclik şövqiylə dəlicəsinə sevmişik. Belə şey hələm-hələm olmur ha, şükür Allahın məsləhətinə, əlimdən alıb apardı. Taleyimdən heç narazı olmamışam. Bu gün də yerdən-göyəcən razıyam. Amma, bax, maşallah üç qızım, bir oğlum, səkkiz nəvəm, on bir nəticəm var - Allah saxlasın. Hamısı qulluğumdadı, bir kəlməm o yan-bu yan deyil. Di gəl, onun əvəzi deyil, bütün bunlar. Xüsusən də qocalanda adam bu itkini ağır keçirir... Sözünü qəribçiliyə saldım. Ay saqqalın ağarsın, məni eşq oduna qalayan, çalıb-oxumağıma qol-qanad verən ilham pərim evdə dura-dura məhəbbətin nolduğunu anlamaq mümkün deyil. Müşfiqin sanki məni nəzərdə tutub yazmışdı. Oxuyan kimi bəyənmişdim, mahnı da öz-özünə yaranmışdı.
    Mən ki bilməz idim nədir məhəbbət,
    Bu sirri sən mənə anlatmadınmı?
    Dünyaya sığmayan şair könlümü,
    Köksümdən çıxarıb oynatmadınmı?..
    Ən maraqlısı bilirsən nədi? Demək, 1950-ci illərin sonlarıydı, radio oxunmayan xalq mahnılarını toplamaq barədə elan vermişdi. Mən də bir bu mahnını, bir də «Gəl bizə yar»ı götürüb getdim radioya. Dedim, iki xalq mahnısı gətirmişəm. Birinci:
    Ay dağlar, səndə gözüm var,
    Ay məndə dərdə dözüm var.
    Xəbər verin, yar gəlsin,
    Ay ürəyimdə sözüm var.
   
    Gəl bizə, gəl bizə, gəl bizə yar,
    Qurbanam o qaş-gözə, yar...
   mahnısını oxudum. Sözləri bayatılardan götürülüb deyə, inandılar ki, xalq mahnısıdı. Ta bilmədilər özümünküdü. Növbə «Məhəbbət»ə çatanda vəziyyət qəlizləşdi. Dedilər, «balam bu sözlər axı Müşfiqindi». Keçdim yalana - əlac yoxuydu. Onları inandırdım ki, bu köhnə mahnıdı, sözləri bir az zamana uyğun gəlmir, dəyişmişəm. Razılaşdılar.
    Amma məni əsas dəbə salan rəhmətlik aşıq Pənahın bəstələdiyi
    Yenə tovuz kimisən,
    Nə qəşəng bəzənmisən,
    Laləsən, süsənmisən,
    Nə qəşəng bəzənmisən.-
   mahnısı olub.
    -Əlibaba müəllim, sözümüz-söhbətimiz bitən deyil. Neyləyək ki, yubileyinizi bəhanə eləyib danışdıqlarımıza hələlik nöqtə qoymalıyıq. Bunu isə:
   
    İlləri yola salmışam,
    Mahnı qoşub, saz çalmışam.
    Ömür deyir: - qocalmışam,
    Ürək deyir, yaşa hələ...»
dən gözəl heç nəylə dilə gətirmək mümkün deyil. Razılaşdıq?
   - Hə... bunu məndən xalqım istəyir. Fürsətdən istifadə edib, hörmətli Prezidentimiz İlham Əliyevə mənə göstərdiyi xüsusi diqqətə - “İstiqlal” ordeni ilə təltif etdiyinə görə təşəkkürlərimi bildirirəm. Bu, təkcə mənə deyil, bütün Azərbaycan sənətinə verilən qiymətdir.
   
   Seymur Elsevər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar