Mədəniyyət ən böyük siyasətdir. Mədəniyyətin ən populyar sahəsi olan kinonu da, çox doğru yerə ən böyük təbliğat vasitəsi adlandırıblar. Bu gün kino və digər audiovizual sənətlər vasitəsi ilə ölkələrin, bir növ, özünütəsdiqi uğrunda mübarizəsi gedir. Nəticə əldə etmək üçün daha çox tamaşaçı qazanmaq uğrunda gedən savaş da kəskinləşib. Bunu nəzərə alıb, kinoşünas, rejissor Ayaz Salayevlə söhbəti kinematoqrafiyanın ən aktual problemlərinə yönəltdik.
   
   
   - Hazırda dünya mədəniyyət aləmində kompleks şəkildə hansı proses baş verir? Əlavə edim ki, 60-cı illərdə incəsənətdə müxtəlif cərəyanlar, ümumən sənətdə ciddi bir oyanış yarandı.
   
   - Sözün düzü, son illər bu sual məni çox düşündürür. Həqiqətən də, indi hamıda belə bir qənaət var ki, mədəniyyətdə, ictimai həyatda boyük bir çevriliş baş verir. Bu çevriliş hər şeydə özünü göstərir. Onun əsas xüsusiyyətləri nədən ibarətdir, bax, bu haqda danışmaq bir az çətindir. Çünki yeni prosesin xüsusiyyətləri vaxt keçdikcə aydınlaşır. Sözsüz ki, bütün bu yeniliklər kinoda da özünü göstərir. Kinonun ifadə vasitələri və dili çox sürətlə dəyişir. Mənə elə gəlir ki, müasir kinonun ən başlıca xüsusiyyəti indi deyəcəyim fikirdən ibarətdir. Bu illərə qədər rejissor üçün kinoda yeni aləm, yeni bədii ifadə vasitələrini yaratmaq, nəyisə qabaqlamaq o qədər də çətin bir iş deyildi. Amma indi rejissor üçün kinonun inkişafını qabaqlamaq çətinləşib; kino öz-özlüyündə sənətkarların ixtiyarından çıxıb və inkişaf etməyə başlayıb.
   
   - Maraqlıdır, bu, nə ilə baglıdır?
   
   - Bir çox səbəblərlə. Təbii ki, əvvəla internetlə, üstəlik, audiovizual mədəniyyətin inkişafı ilə. Artıq bir çox şeyləri, hətta sərbəstliyi rejissor özünə icazə verə bilməz. Əvvəllər rejissorlardan sərbəstliyi totalitar ölkələrdə senzura, demokratik ölkələrdə prodüser alırdı. Amma indi istər-istəməz bu sərbəstliyi rejissor özü özündən alır. Çünki tamaşaçı uğrunda böyük mübarizə gedir. Film başlayanda rejissor ilk kadrdan tamaşaçını cəlb etməlidir. Bunlar hamısı tamaşaçının televiziyanı söndürməməsi, kanalı dəyişməməsi üçündür. Artıq “düymə dövrü”, tamaşaçının əlində olan “düymə dövrü”. Kinozal dövrü getdi. Bu yeni dövr rejissordan tələb edir ki, filmi izləyərkən tamaşaçının barmağı kanalı dəyişməsin. Bunu hələ 20 il öncə rejissor Stenli Kubrik başa düşmüşdü. Stenli Kubrikin sonuncu filmi onun şah əsəri idi. Rejissorun “Geniş qapalı gözlərlə” filmi Nikol Kidmanın paltarını soyunması ilə başlayır. Rejissor tamaşaçı uğrunda mübarizəni həmin zamanlardan anlamışdır.
   
   - Azərbaycan kinosunda rejissorlarımız bu mübarizə tendensiyasını nə dərəcədə nəzərə alır?
   
   - Mən inanıram ki, rejissorlarımız tamaşaçı uğrunda böyük mübarizə getdiyini indi aydın görürlər və tezliklə bunu mütləq nəzərə alacaqlar. Tamaşaçı çox tələbkar olub. Tamaşaçı bir tərəfdən onun öz diqqətinin cəlb edilməsini, digər tərəfdən, tamaşaçı olaraq bu gün rejissorlarımızdan dünya ekranlarına çıxmağı tələb edir.
   
   - Bu gün “Hollivud dünyanı bir növ vizual olaraq idarə edir” demək olarmı və ya Hollivud filmləri gələcəkdə baş verəcək böyük hadisələr barədə bir vizual mesaj formasıdır?
   
   - Bu, çox hiss olunur. Misalçün, əksəriyyətin baxdığı “2012” və Hollivudun istehsal etdiyi bu kimi digər filmlər də dünya kino mərkəzinin vəzifəsinin məhz bundan ibarət olduğunu göstərir. Söhbət ondan gedir ki, bu gün təfəkkür dəyişib və internetlə, hər şeylə bağlı insan özünü böyük bir ölkənin yox, balaca bir Yer kürəsinin sakini hesab edir. İnsan bəşəriyyəti hansısa ümumi problemlər gözlədiyini hiss eləyir. Bəşəriyyət bu problemləri eyni vaxtda, bir yerdə həll etməli olacaq. Mənə elə gəlir ki, bəzi məsələlər qlobal şəkildə öz həllini tapanda, Qarabağ və başqa problemlər də həmin zaman həll olunacaq. Qədim, vəhşi insan mağaranın onu hər şeydən qoruyacağını zənn edirdi. Amma indiki insanlar başının üstündəki tavanın, ətrafındakı dörd divarın artıq onu heç nədən qorumadığını başa düşür. Yer kürəsi özü müdafiəsiz bir varlıqdır. Bunu da bütün insanlar dərk etməyə başlayıb. Dərk etməyən insanlar isə sadəcə əsəbiləşir. Son illər insanlarda aqressiya artıb. Bütün bunların kinonun dilinə də təsiri var.
   
   - Qarabağ məsələsinə toxunmuşkən, Qafqazın üç ölkəsindəki problemlərin nizamlanmasında mədəniyyətin rolunu necə xarakterizə edərdiniz?
   
   - Əslində, Qarabağ məsələsi elə yaradıcı adamlardan başlandı - yazıçılardan, alimlərdən. Sözün düzü, elə buna görə də yaradıcı adamların bu məsələdə böyük rolunu görmürəm. Çünki mən özüm beş il bir təşkilatda, Qafqaz ölkələrinin birgə layihələrində işləmişəm. O layihələrin çoxu nəticəsiz qalıb. Amma Cənubi Qafqazda Azərbaycanın Gürcüstandan və Ermənistandan ən fərqləndirici xüsusiyyəti bizim daha qlobal dünyada yaşamağa qadir bir millət olmağımızdır. Hazırda işlətdiyimiz əlifbanın kökü bütün Qərbi Avropanın əzəli olan qədim Romadadır. Biz bu vasitələrdən istifadə etməliyik. Biz gürcülərdən və ermənilərdən fərqli olaraq türk adlanan böyük bir ailənin hissəsiyik.
   
   - Maraqlıdır, bu imkanlardan istifadə edə bilirik?
   
   - Mən də bu imkanları dərk etməkdən, qiymətləndirməkdən danışıram. Bu fərqləri biz mədəniyyətdə güclü tərəflərə çevirməliyik.
   
   - Sovetlər Birliyi dağıldıqdan sonra kinomuzda da xaotik bir vəziyyət yarandı. Son on ildə isə filmlər çəkilir və yeni axtarışlar davam edir. Bu günün Azərbaycan kinosunu necə təsvir edərdiniz?
   
   - Mən tam səmimi deyirəm və bunu “Mədəniyyət” qəzetinə müsahibə verdiyim üçün söyləmirəm. Mədəniyyət və Turizm Nazirliyinin son illərdəki fəaliyyəti sayəsində kinomuzda müəyyən bir irəliləyiş hiss olunur. Yeni imzalar, yeni mövzular var. Düzdü, istərdim ki, daha fərqli olsun. Amma hər halda, müəyyən nikbinliyin olması böyük nailiyyətdir. İndiki fəaliyyət kinoya yeni nəsli gətirdi. Yeni nəsil sözünü deyə bildi-bilmədi, bu, artıq məsələnin başqa tərəfidi. Amma fakt budur ki, Mədəniyyət və Turizm Nazirliyi bu nəsli kinoya gətirib. Bu gün Azərbaycanda tammetrajlı bədii filmlər yalnız dövlətin hesabına çəkilir. Hələlik başqa bir imkan və mexanizm yoxdur. Dövlət bu işi maliyyələşdirir və siyasəti aparırsa, deməli, nə baş verəcəksə, hər şey dövlət sifarişinin daxilində olacaq. Müstəqil şirkətlərin cəlb olunması üçün müsabiqə olmalıdır. Digər tərəfdən, təcrübə göstərdi ki, bu bizdə özünü doğrultmadı.
   
   - Deməli, prodüserlərin fəaliyyəti lazımi effekti verə bilmədi...
   
   - Bu baxımdan mən diletantam. Amma şəxsi fikrimə görə, prodüser filmin sonrakı taleyinə daha çox cavabdeh olmaldir. Əgər prodüser filmin sonrakı taleyinə daha çox cavabdeh olsa, çıxış yolu tapılar.
   
   - Azərbaycanda ilk kinoşünas təhsili alanlardan birisiniz. Amma, maraqlıdır, Ayaz Salayev bu sahədən kifayət qədər danışır, filmləri tənqid edir, “edərəm” deyir, lakin bu sahəylə bağlı onun hələ bircə kitabı yoxdur...
   
   - Kinoşünaslıq mənim birinci peşəmdir. Amma artıq çoxdandır mən filmlər çəkirəm və həyatımın mənasını filmlər çəkməkdə görürəm. Necə ki, bəzi yazıçılar dərs deyir, mühazirələr oxuyur. Elə mənim də televiziyada çıxışlarım, müxtəlif vaxtlarda kinoyla bağlı verilişlərdə aparıcılığım maarifçilik xarakteri daşıyır. Amma dediyim kimi, həyatımın mənasını film çəkməkdə görürəm. İndi və gələcəkdə də bu işlə məşğul olmaq istəyindəyəm.
   
   - Ayaz Salayev dünyanın sürətli inkişaf dönəmində ən çox hansı rejissorların filmlərinə baxır, kimlərin kitablarını oxuyur?
   
   - Son illərdə dünyada və o cümlədən Azərbaycanda yeni yazarların əsərlərini oxuyuram, müasir rejissorların filmlərinə baxıram. Amma əvvəllər klassik filmlərə baxar, onlarla yaşayardım. Klassik əsərlər oxumağa üstünlük verərdim. Ancaq vaxt keçdikcə, daha çox gələcəklə maraqlanmağa başladım...
   
   - “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində Azərbaycanda gənc rejissorlar filmlər çəkirlər. Ümumiyyətlə, gənc rejissorların filmlərindən hansı ab-hava duyulur, istiqamət hara yönəlib?
   
   - Bilirsiniz, həyatın sürətlə dəyişməsindən danışarkən də dediyim kimi, bu ab-hava, istiqamət barədə danışmaq tezdir. Amma mən kinoya gələn gənc nəslin dünyanı saran yeni gerçəkliyə daha diqqətli nəzər yetirməsini istərdim.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar