Yeddinin arxasındakı sıfır qəfildən yoxa çıxdı. Özünü Lənkəranın nağılvari Tükəvilə kəndinin mənzərəli bir yerində - dağın döşündə, çiy kərpicdən tikilmiş ikigözlü evlərində gördü. Bu evin balaca pəncərəsindən muğam dünyasına boylananda yeddi yaşı ancaq olardı. Atası Xanəlinin oxuduğu muğamlar lay-lay yaddaşına hopar, səsə qoşulub başqa bir aləmə düşərdi. Ancaq bir gün qrammofon valında eşitdiyi bir səs ağlını başından aldı, qəlbinə hakim kəsildi, onun gələcək taleyini büsbütün dəyişdi...
       
   - Mənim maraqlı taleyim var. Sevinirəm ki, Allah-Təala məni kodlaşdıranda babamdan atama ötürdüyü səsi atamdan da mənə pay veribdi. Gözümü açıb atamı xanəndə gördüm. Onun muğam aləminə, muğam elminə, muğam sənətinə məhəbbətinin şahidi oldum. Evimizdə o dövrün nəhəng xanəndələrinin - rəhmətlik Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, Seyid Şuşinskinin qrammofon valları vardı. Gecə-gündüz bu səslərə qulaq asardım. Bu səslər arasında bir səs vardı ki, eşidəndə məni heyrət bürüyərdi...
   Vaxt gələcəkdi ki, bu balaca uşaq muğam dünyamızın Xanını yaxından görəcək, onunla bir səhnədə çıxış edəcək, məclislər yola salacaqdı. Ancaq ona hələ çox vardı...
   O uşaqlara qoşulub oyun oynamazdı. Səslə oynayardı, səslə öyrənərdi, səslə nəfəs alardı. Deyir ki, atamın çox əzəmətli, çox təmtəraqlı səsi vardı. Onun ifası mənim üçün bir möcüzə idi. Bu möcüzəni tamamlayan Xan əminin ifası oldu. Bu iki səsi eşitməsəydim, ola bilsin sənətə bu qədər bağlanmazdım.
   - Atama qoşulub toylara gedərdim. Sifariş verərdilər ki, Xanəli “Bayatı-Şiraz” muğamı oxusun. Atam oxuduqca diqqətlə qulaq asardım. Hansı şöbə, hansı guşə olduğunu bilməsəm də, muğamları olduğu kimi iç dünyama köçürürdüm.
   
   Səsin işığı
   
   Bir vaxtlar tibb işçisi kimi insanlara şəfa verən Canəli Əkbərov illər sonra səsiylə şəfa payladı. Çünki hələ ürəyinin səsinə yox, həyatın səsinə qulaq asır, Lənkəranda tibb təhsili alıb, həkim məntəqəsində işləyir, gündəlik qayğılarla yaşayırdı.
   Nəhayət, 21 yaşında içindəki səs onu silkələdi. Səsinin sorağıyla Bakıya gəldi. Gənc ifaçıların müsabiqəsində iştirak edib qızıl medalla kəndlərinə qayıtdı. Sənətdə ilk addımı uğurlu olsa da, həyat onu sınayırdı.
    1963-cü ilin yayında məzuniyyətə çıxıb atasının xəbəri olmadan Bakıya üz tutanda isə, ağlına da gətirməzdi ki, yollar onu birbaşa böyük səhnəyə aparacaq.
   Böyük şəhər, nabələd adam, ürəkdə aşıb-daşan arzular...
   - Sənədlərimi hazırlayıb gəldim Asəf Zeynallı adına Musiqi məktəbinə. Axır ki, yerini-yurdunu tapdım. Maksim Qorki, 8. (Bu doğma ünvanı hələ də yaddaşında əziz xatirə kimi qoruyub saxlayır) Birinci imtahanı iki nəhəng - Seyid Şuşinski ilə Əhməd Bakıxanov götürürdü. Seyid Şuşinski muğam təbliğinin bayraqdarı, Əhməd müəllim tarın ustadı. Dedilər nə oxuyacaqsan, dedim ki, “Heyratı” zərb muğamını. İmtahandan çıxanda Əhməd müəllim arxamca çıxdı ki, oğul sən getmə, məni gözlə. Məni evinə apardı. Evində təzədən tar çaldı. Bir az oxumuşdum ki, “sən mənim yadıma Cabbar Qaryağdıoğlunu saldın” - dedi. Bu mənim üçün böyük söz idi. Məni filarmoniyaya göndərdi. Oxudum, komissiya səsimə qulaq asdı. Dedilər, bu ki hazır xanəndədir. 
    Tale üzünə gülürdü. Onu gənc ifaçıların konsert proqramına saldılar. 1963-cü il avqustun 9-da ilk dəfə filarmoniyada çıxış edəcəkdi.
   - Elə bil yuxu görürdüm. Həmin gecə mindim qatara getdim kəndə. Həmin kəndin mərkəzinə çıxdım, atam da burdadı. Dedilər ki, “Kommunist” qəzetini al. Aldım, gördüm bir elanda yazılıb: gənc xanəndələrin konserti. Siyahıda mənim də adım vardı. Atam sevincindən dördgöz oldu.
   Həmin konsertdə “Qarabağ şikəstəsi” və “Rast” muğamını ifa edən Canəli Əkbərov alqışlanır, onu filarmoniyaya solist götürürlər. Xan əmiylə, Mütəllib Mütəllimovla, Sara xanımla, Şövkət xanımla, Əbülfət Əliyevlə və neçə-neçə böyük sənətkarlarla bir yerdə işləmək, onların mühitində formalaşmaq gənc xanəndə üçün əsl məktəb olur.
   Xan əminin səsinin vurğunu olan Canəli Əkbərov, böyük sənətkarın canlı ifalarının şahidi olsa da, ilk dəfə onunla 1964-cü ilin yayında, filarmoniyanın indiki bağında yaxından tanış olur.
   - Xan əmiyə xanəndəlik sənətinin peyğəmbəri kimi baxmışam, o indi də mənim üçün həmin zirvədədir. Bu məhəbbət, inam, etibar günü-gündən artdı, bərkidi. Xan əmi sonralar mənsiz toya getməzdi. Aramızda ata-oğul məhəbbəti yaranmışdı.
   
   İbn Səlamda Məcnun “hədəsi”
   
   1976-cı il xanəndənin taleyində yeni bir mərhələ ilə yadda qalır. Onu mütəxəssis kimi filarmoniya səhnəsindən opera səhnəsinə keçirirlər. “Leyli və Məcnun” da ilk dəfə və cəmi bir dəfə İbn Səlam rolunu oynayan Canəli Əkbərov bu rolla razılaşmayıb. “Elə etməyin ki, İbn Səlam rolunda Məcnunu oynayım” - deyir. Səsi, görünüşü, diksiyası Məcnuna uyğun gəldiyindən qısa vaxtda onu Məcnun roluna hazırlayırlar.
   - Uzun illər səhnədə Məcnunu oynamışam. Səhnədə altı Leylim olub: Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva.
   30 il opera səhnəsində baş rolları böyük məharət və məhəbbətlə ifa edən Canəli Əkbərov, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”ində Kərəm, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Camal, Cahangir Cahangirovun “Xanəndənin taleyi”ndə Mirseyid və başqa obrazları yaradır.
   50 yaşında Əməkdar artist, 52 yaşında Xalq artisti, 2000-ci ildə “Şöhrət ordeni”nə layiq görülən Canəli Əkbərov, 50 ilə yaxındır ki, muğam sənətimizi yaşadır, bu yolda yorulmadan çalışır, tələbələri ilə fəxr edir və muğamlarımızı olduğu kimi gələcək nəsillərə çatdırmağı hər kəsə tövsiyə edir.
   
   İlahi arzular
   
   Zaman həmişə xeyrimizə işləmir. Muğamlarımıza, xalq mahnılarımıza meydan verilməyən, dırnaqarası baxılan vaxtlarda böyük sənətkarlar mənəvi əzab çəkər, ilahi arzularla yaşayardılar. Belə sənətkarlardan biri də Canəli Əkbərov idi.
   - 1978 və 1983-cü illərdə dünyada ilk dəfə olaraq Səmərqənd şəhərində Beynəlxalq Muğam Simpoziumu keçirildi. Hər ikisində də mən iştirak edib qalib oldum. “Muzıkalnıy jizn” jurnalı yazdı ki, azərbaycanlı xanəndə simpozium günlərində ağlasığmaz möcüzə göstərdi. O vaxtı deyirdim ki, pərvərdigarə, nə olaydı, elə bu simpozium mənim Bakımda keçiriləydi. O arzum elə bil yaradan tərəfindən qəbul olundu. Məqam gəldi bu xalqın, bu millətin ən ləyaqətli xanım-xatın qızı Mehriban Əliyeva muğamın təbliğiylə bağlı layihələr həyata keçirdi və muğamın bayrağını YUNESKO-nun uca zirvəsinə sancdı. Bakımızın ən görüntülü yerində əzəmətli Beynəlxalq Muğam Mərkəzi ucaldıldı.
   Və nahayət, Bakıda Beynəlxalq Muğam Simpoziumu keçirildi. Dünyanın tanınmış musiqiçiləri, şərqşünas alimləri, muğamçıları bu ilahi varlığın, muğamımızın səcdəsinə gəldi. Mən bu günü illər boyu gözləmişdim...
   
   Arzu yaşa sığmaz!
   
   Ömrünün yetmişinci baharında sənəti, ailəsi ilə fəxr edən Canəli Əkbərov:
   - Mən Allahımdam çox razıyam. Ona görə razıyam ki, mənim məhəbbətimi xalqımın ürəyinə saldı.
   1940-cı il, martın 10-da Lənkəranın ucqar, dəmirağac meşələriylə zəngin bir kəndində gələcəyin böyük xanəndəsi dünyaya gəldi. İllər sonra dünyanın çox ölkəsini gəzib-dolaşan, böyük səhnələrdə məlahətli ifasıyla insanları heyrətləndirən Canəli Əkbərov, kəndiylə bağlı suala belə cavab verəcəkdi:
   - Rəsul Həmzətova sual verirlər ki, dünyanın mərkəzi sizcən haradan başlayır. O da cavab verir ki, mənim balaca aulumdan. Mənim də kəndim çox böyük kənd deyil. Orda dünyaya göz açmışam, çiy kərpicdən tikilmiş evimizin pəncərəsindən muğam dünyasına boylanmışam. O dünyaya doğru hələ də yol gedirəm...
   Xanəndə ömür kitabını varaqlayıb qurtaranda yeddinin yanında sıfır dayanmışdı. İki rəqəm bir-birinə yaraşırdı. Tələbkar, dəqiq, kövrək Canəli Əkbərov.
   Görəsən, insana arzularını həyata keçirmək üçün nə qədər vaxt lazımdır?
   - İnsanın arzusu yaşa sığmaz. Çünki arzudan arzu doğur. Mənim yaşım mənim arzularımı təmin eləməz. Həyat eşqi ilə yaşayan adamam. Sənətim gözəlliyi vəsf edən bir sənətdir. Etdiyim yaxşılıqdan, göstərdiyim qayğıdan zövq almasam, onda mən yaşamıram...
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar