Rizvan Bayramov: «Əgər hansısa dağ kəndində tarixi abidə varsa, insanlar ona, sadəcə, qədim tikili kimi yox, milli sərvət kimi yanaşmalıdır» 
   
    Aprelin 18-i dünyada Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü kimi qeyd olunur. 1983-cü ildə UNESCO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şurası (İCOMOS) tərəfindən belə bir günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
   Bəs görəsən, ərazisində tarixin müxtəlif dövrlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri olan Azərbaycanda bu sahədə vəziyyət necədir, tarixi yerlərimiz, abidələrimiz necə qorunur? Onları dünyaya yetərincə təqdim edə bilirikmi?
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov bizimlə söhbətinə bu mövzudan başladı.

   
   - Xalqın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri də abidələr və tarixi yerlərdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən bu sahəyə xeyli vəsait ayrılıb. Ölkəmizin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında mədəni irsin qorunmasına toxunulur. Məsələn, «Regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nda ayrı-ayrı bölgələrdə tarixi-mədəni abidələrin bərpası məsələləri əksini tapıb. «Yoxsulluğun aradan qaldırılması üzrə Dövlət Proqramı»nda konkret olaraq bir neçə abidənin bərpasına diqqət yetirilir.
   Mədəni irsə yönəldilən dövlət vəsaitinin həcmi ilbəil artır. 2006-cı ildən bəri ölkə rəhbərliyi tərəfindən mədəniyyət və turizm sahəsi ilə bağlı çoxsaylı fərman, sərəncam və qərar imzalanıb. Bu sənədlərin xeyli hissəsi mədəni irslə bağlıdır. Eyni zamanda bu illər ərzində 4 milli qoruq yaradılıb. 2009-cu ilin sonunda «Atəşgah» milli qoruğunda bərpa işlərinin aparılması üçün layihələrin hazılanmasına 1 milyon manat vəsait ayrılıb. Hazırda bununla bağlı üç istiqamətdə layihə hazırlanır. Birinci layihə Atəşgahın bərpa olunması, ikincisi ərazinin abadlaşdırılması, sonuncu layihə isə Atəşgahla bağlı muzey binasının yaradılmasını nəzərdə tutur.
   Bu yaxınlarda ölkə prezidenti Qubada 1918-ci il soyqırımı məzarlığının qorunması, burada kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb, bununla bağlı 1 milyon manat vəsait ayrılıb. Həmin sərəncamın icrası məqsədilə bir neçə nazirliyin mütəxəssislərindən ibarət komissiya yaradılıb.
   - Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq təşkilatlara üzv olub, mədəni irslə bağlı konvensiyalara qoşulub. Sizcə, ölkəmizdə abidələr və tarixi yerlərin qorunması ilə bağlı vəziyyət beynəlxalq tələblərə cavab verirmi?
   - Azərbaycan bu sahədə bir neçə konvensiyaya qoşulub və həmin sənədlərdə əks olunmuş müddəaların yerinə yetirilməsi ilə bağlı işlər görülür. Konvensiyalardakı müvafiq müddəalar qanunlarımızda öz əksini tapıb. Məsələn, bu yaxınlarda «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» 1998-ci ildə qəbul olunmuş qanuna əlavə və dəyişikliklər edildi. Qeyd edim ki, bu qanun digər ölkələrin qanunları ilə müqayisədə çox mükəmməldir. Bir çox ölkələrdən artıq bizə də müraciət ediblər ki, qanunvericiliklə bağlı onlara kömək edək. Bununla belə, qanunun qəbulundan ötən 12 il ərzində onun təkmilləşdirilməsinə zərurət yaranmışdı. Ölkə inkişaf etdikcə, mədəni irsin qorunması və təbliğinə tələblər də artır.
   - Rizvan müəllim, məlumdur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrimiz dağıdılıb. Əgər beynəlxalq tələblərdən danışırıqsa, bəs beynəlxalq qurumlar bu məsələyə necə yanaşırlar? Hələ bir neçə il öncə bildirilirdi ki, Avropa Şurasının xüsusi faktaraşdırıcı missiyası işğal edilmiş Azərbaycan torpaqlarında abidələrin vəziyyəti ilə tanış olacaq, amma bu, indiyədək gerçəkləşməyib. Sizcə, bunu əngəlləyən amillər nədir?
   - Əvvəlcə qeyd edim ki, Ermənistanın işğal etdiyi ərazilərdəki tarixi-mədəni abidələrimizlə bağlı məsələ mütəmadi olaraq Azərbaycan Prezidenti tərəfindən beynəlxalq təşkilatlarda, forum və toplantılarda qaldırılır. Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı millət vəkilləri bu məsələni hər zaman diqqətə çatdırırlar. Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri və digər dövlət qurumları bu barədə təbliğat işi aparırlar. Avropa Şurasının bu sahə ilə bağlı faktaraşdırıcı komissiyasına gəlincə, iki il gözləsək də, bu komissiya bölgəyə gəlmədi. Məsələ ilə bağlı UNESCO-ya da müraciət etmişik. Amma onlar da indiyə qədər komissiya göndərməyib. Bununla bağlı müəyyən problemlər var. Onlar istəyirlər ki, missiya Naxçıvandakı abidələrə də baxsın. Çünki erməni tərəf məsələ qaldırıb ki, guya Naxçıvanda ermənilərə məxsus abidələr dağıdılıb. Biz deyirik ki, nəinki Naxçıvanda və Qarabağda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus olmuş tarixi-mədəni abidələrdə də monitorinq aparın. Bizə göstərsinlər görək, Ermənistan ərazisindəki minlərlə tarixi abidələrimiz, tikililərimiz qalıb, ya yox. Təbii ki, hamısı dağıdılıb. Başqa bir problem də var: UNESCO Qarabağa, Naxçıvana və Ermənistana ayrı-ayrı tərkibdə qruplar göndərmək istəyir. Bu isə bizim istəyimizə ziddir. Biz hesab edirik ki, eyni qrup hər üç ərazidə eyni vaxtda monitorinq keçirməlidir ki, sonra müqayisə apara bilsinlər. Bu məsələdə Azərbaycan tərəfinin maraqlarını ifadə edən ciddi məqamlar da var: komissiya Qarabağa, işğal olunmuş bölgələrə Azərbaycan ərazisi ilə keçərək getməlidir və onun tərkibində Azərbaycan tərəfindən nümayəndə olmalıdır. Hələlik bu problemlər həllini tapmadığından, artıq iki ildir ki, monitorinq ləngiyir.
   - Abidələr təkcə dövlətə yox, həm də xalqa məxsusdur. Deməli, onların qorunmasında sıravi vətəndaşlara qədər hər kəs təşəbbüs göstərməlidir. Bu baxımdan, necə etmək lazımdır ki, insanlar abidələrin və tarixi yerlərin qorunmasına özlərinin gündəlik prioriteti kimi yanaşsınlar?
   - Biz bunu insanlara, cəmiyyətə təbliğat yolu ilə çatdırmalıyıq. Əhali arasında mədəni sərvətlərimizi, dəyərlərimizi tanıtmalıyıq. Məlumdur ki, abidələrin hamısını yüksək səviyyədə qorumaq dövlətin imkanları xaricindədir. Azərbaycanda 6300-dən çox tarixi-mədəni abidə var, onların hər birinin yanına mühafizəçi təhkim etmək mümkün deyil. Əgər hansısa dağ kəndində bir abidə varsa, insanlar ona, sadəcə, qədim tikili kimi yox, tarixi sərvət kimi yanaşmalı, onu qorumalıdırlar.
   Mədəniyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsi olaraq bu təbliğatın aparılması bizim işimizdir. Abidələrimizin hamısını tanıtmalı, onların dəyərini başa salmalıyıq. İnsanların diqqətinə çatdırmalıyıq ki, abidəni nə üçün qoruyur və gələcəkdə bundan nə kimi xeyir əldə edə bilər. Bu yolla sadə vətəndaşları maraqlandıra bilərik. Öz növbəsində bu, bir tərəfdən mədəni sərvətin qorunmasına gətirib çıxaracaq, digər tərəfdən də həmin abidələrə xarici ziyarətçi sayının artmasına, deməli, turizmin inkişafına şərait yaradacaq.
   - Sizcə, hazırda sadə vətəndaşlar abidələrimizin qorunmasında nə dərəcədə maraqlıdırlar? Şəxsi təşəbbüs göstərirlərmi?
   - Belə hallar var. Amma böyük miqyasda götürsək, hələlik geniş təşəbbüsdən danışmaq mümkün deyil. Bir sıra insanlar, məsələn, hər hansı abidəni təmənnasız bərpa etməklə bağlı bizim şöbəyə müraciət edirlər. Bundan başqa, bəzən bizə müraciət olunur ki, məsələn, hardasa bir neçə abidə var, həmin ərazini xüsusi mühafizə edilən yer elan edək. Hörmət əlaməti olaraq ulu babalarından qalan hamam və ya məscidi bərpa edənlər də var. Əgər bu insanlar abidəni özəlləşdirməyib, bərpa edirlərsə, bunun özünü də mədəni irsimizə diqqət kimi qəbul etməliyik. Bu təşəbbüsü sadə vətəndaşlar arasında daha çox genişləndirmək üçün bir-iki proqram hazırlasaq da, hələ ki, həyata keçirməmişik. Bunun üçün broşürlər hazırlamalıyıq. Bir sözlə, ilk addımı biz atmalıyıq. Sonra könüllüləri tapmalıyıq ki, onlar gedib bölgələrdə bu istiqamətdə çalışsınlar.
   - Necə düşünürsünüz, abidələrimizi xaricdə tanıtmaq və təbliğ etmək üçün hansı vasitələrdən istifadə etmək lazımdır?
   - Azərbaycanın bütün ölkələrdə olan səfirlikləri bu işə cəlb olunmalıdır. Onlar tədbirlər, sərgilər keçirirlər. Xaricdə nə qədər mədəniyyət mərkəzləri açılır. Əlbəttə, bu mərkəzlərin məqsədi orda yaşayan insanlarımız arasında mədəniyyəti təbliğ etməkdir. Hazırda əcnəbilərdə Azərbaycanın mədəni irsinə, abidələrinə böyük maraq var. Məsələn, bizim ölkəmizi sevən bir amerikalı rəssam məndən qaval daşı istədi. Onun forma və modelini verdim. O, Amerikada qaval daşını düzəltdi və sərgisini təşkil etdi. Təsəvvür edirsiniz, amerikanlar qaval daşı ilə çalırdılar. Bunun özü böyük təbliğatdır. Bu baxımdan abidələrimizi və tarixi yerlərimizi xaricdə tanıtmaq üçün daim təbliğat işi aparmalıyıq.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar