Xalq rəssamı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Oqtay Sadıqzadədən söhbət düşəndə onun ədəbiyyata sevgisindən məxsusi danışmamaq mümkünsüzdür. Onun söhbətləri rəhmətlik Mikayıl Abdullayevi mütləq yada salır. Mikayıl müəllimlə ünsiyyətdə olmuş, yaxınlıq eləmiş insanlar bilir ki, Azərbaycan rəssamları içərisində dilimizdə onun təki səlis, ifadəli, rəvan danışanı çətin tapılardı. Bu səbəbdən bədii səpkili üç kitab qələmə alması təsadüfi deyil. Mikayıl Abdullayevlə Oqtay Sadıqzadənin bir yerdə oxumasında da təsadüfilik görmürəm. Məncə, yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ocağında dünyaya göz açan, körpə yaşlarından sirli-sehrli sözün cazibəsinə düşüb Azərbaycan və dünya klassiklərinin əsərlərini oxumaqdan doymayan Oqtay Sadıqzadə ilə ədəbiyyata təşnə Mikayıl Abdullayevin bir vaxtda, bir yerdə böyüməsi, sənət aləminə qədəm basması qanunauyğunluqdur.
   
   
   Tanrının köməyi ilə bu iki insan sonradan da uzun illər sənətdə birgə addımladılar. Bu gün isə Oqtay müəllimi Elmira Şahtaxtinskaya kimi ömür-gün yoldaşının, Mikayıl Abdullayev kimi dostunun itkisi yandırır. Uşaqlığın sevincini doyunca dadmadan acı ruzigarla üz-üzə qalan, valideynlərini, doğmalarını itirən, 5 il sürgün həyatı keçirən bir insanın bunca ağrılara dözməsi doğrudan da çətindir. «Ən pisi odur ki, həmdəmim yoxdu, tənhayam» - deyən rəssamla ilk görüşümüz emalatxanada baş tutub. Sonralar da bizim üz-üzə gəldiyimiz yer ya sərgi salonları, ya da emalatxana olub.
   Onunla söhbətlərimizin biri iş başında alınmışdı. Böyük Britaniya kraliçası II Yelizavetanın portreti önündə. Söhbətimizə bu əsər “körpü” saldı.
   - Kraliça II Yelizavetanın portretini 2002-ci ildə çəkmişəm. O zaman bu məşhur xanımın taxta çıxmasının 50 illiyi münasibəti ilə rəhmətlik Heydər Əliyev belə bir portretin çəkilməsini tapşırmışdı. Mən Yelizavetanı görməmişdim. Onunla bağlı elə siz deyən məlumatım da yox idi. Çoxlu fotolar, materiallar tapdım. Əsər tamam olanda baxmaq üçün prezidentin yanına apardılar. Heydər Əliyev portretə xeyli baxdıqdan sonra dedi ki, üzünün yanında sarımtıl fon vermisən, nahaq yerə, o bir az kölgə salır, nəzərə al. Doğrusu, onun iradı mənə qəribə gəldi. Sonra emalatxanaya qayıdanda özüm də başdan-ayağa diqqətlə baxdım və iradın düzgünlüyünə inandım. Hətta təəccüb qaldım. Çünki belə nüansları peşəkar rəssamlar, sənətə dərindən bələd insanlar bilir.
   - Yəqin bu tanışlığın nəticəsidir ki, Siz həm onun, həm də xanımının portretini yaratmısız?
   - Hələ 70-ci illərdən Heydər Əliyevə böyük rəğbət bəsləmişəm. İlk görüşümüz isə Heydər Əliyevin bir qrup sənət adamı ilə Cəlilabad rayonuna səfəri zamanı olmuşdu. O, çox məlumatlı, heç nəyi diqqətdən qaçırmayan şəxsiyyət idi. Dəfələrlə onunla görüşüm olub. Təqribən 15 il əvvəl həyat yoldaşımın səhhətiylə bağlı problemlər ortaya çıxanda qayğısını əsirgəmədi. Mən də bir minnətdarlıq olaraq onun portretini çəkdim.
   - Bəs II Yelizavetanın portreti indi haradadır? Yoxsa fürsət düşüb, nəhayət ki, onu kraliçaya göndərmisiniz?
   - Xeyr. Burada, Bakıdadır. Azərbaycan Dövlət İncəsənət Muzeyi portreti alıb. Artıq sənədləşmə işləri başa çatıb.
   - Demək, yaxınlarda kraliçanın hesabına az-çox nəsə qazanacaqsız. Neçə il gözləməyə dəyərmiş...
   - Pul sənin cibinə düşməyincə, ondan danışmaq tezdir.
   - «Başına gələn başmaqçı olar» - deyiblər. Ona görə belə şeyləri Siz daha yaxşı bilərsiz. Bunlar bir yana, muzeydən söz düşmüşkən, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini neçə-neçə əsəriniz bəzəyir. Tematik tablolarınızın hüsnü bir aləmdi. Düşünürəm ki, Sizi bu muzeyə mənəvi tellər bağlayır.
   - Ədəbiyyat Muzeyi həqiqətən mənim üçün doğma yerdir. Bu muzeyə dahi Nizaminin ruhunun dolaşdığı yer kimi baxıram. Muzeyin təməli qoyulandan bu sənət ocağına sıx bağlıyam. Hələ 1939-cu ildə, rəssamlıq texnikumunu bitirəndə müəyyən tərtibat və təcrübi işlər üçün məni və bir neçə həmkarımı ora göndərmişdilər. Daha öncə isə ədəbi mühiti evimizdə görmüşdüm. Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Salman Mümtaz, Süleyman Rüstəm kimi şair və yazıçılar qonağımız olardı. Nizaminin, Xaqaninin, Qətran Təbrizinin, Natəvanın və başqalarının həyatını əks etdirən əsərlərlə yanaşı, bayaq adlarını çəkdiyim sənətkarların da portretlərini yaratmışam. Ancaq deyim ki, tarixi-ədəbi mənzərəni canlandırmaq olduqca çətindir. Konkret fotolar yox, onların nə zaman, harada, hansı şəraitdə bir yerdə olmaları bəlli deyil. Yalnız tarixi-ədəbi qaynaqları öyrənməklə, əsas da təxəyyül hesabına çəkməli olursan. Elə əsər var neçə ay vaxt sərf edirsən. Bəzən soruşurlar ki, bəs bu işlərin qonorarı necə, sizi qane edirmi? Açığı zəhmətin, əziyyətin müqabilində azdır. Amma, necə deyərlər, buna da bərəkət. Onsuz da içimdə bir istək, böyük şəxsiyyətlərin surətini kətana köçürmək yanğısı var. Bundan sonra gördüyün işə görə sənə pul da verirlərsə, daha nə problem (gülümsünür).
   - Neçə ildi eşidirəm ki, Oqtay müəllimin fərdi sərgisi açılacaq. Siz cavab verməmiş, bir şeyi özüm qeyd eləyim ki, bu sərginin özünüzə doğma saydığınız Ədəbiyyat Muzeyində baş tutmasını istəmişdiz. O vaxt muzey təmirdə idi, indi gecikmənin səbəbi nədir?
   - Bir müddət əvvəl bu barədə söhbətlər oldu. Tələsməyə əsas görmürəm. Madam yubanıb, demək bir az da gözləmək mümkündür.
   - Yəqin sərgini qarşıdakı yubileyinizə saxlayırsız...
    - Hələ qabaqda bir ilə yaxın vaxt var. İnanmıram ki, o vaxtadək qalam...
   - Niyə belə deyirsiz?
   - Günü-gündən qocalıram, geri gedirəm. Sabaha çıxacağımı kim bilir?
   - Ona qalsa, Sizin yarı yaşınıza çatmayan mən də sabah barədə xəbərsizəm... (Vəziyyətin suallar içində qarışdığını görüb, mövzunu dəyişirəm). Oğlunuz Altayın yaradıcılığına münasibətiniz necədir?
   - O, maraqlı dəst-xəttə malik rəssamdır.
   - Bəs onun rəhbərlik etdiyi Müasir İncəsənət Muzeyi maraq doğururmu?
   - Şəxsən məndə, bəli. Düzdür, ənənəvi mövzular, janrlar bu muzey üçün xarakterik deyil. Buna baxmayaraq çoxlu maraqlı işlər var. Yeri gəlmişkən, həmin muzeydə, 5-10 yaş aşağı-yuxarı, bizim nəsil nümayəndələrinin əsərlərindən də ibarət guşə var.
   - Qayıdaq keçmişə. Atanız Seyid Hüseynin «xalq düşməni» hədəfi seçilməsinə səbəb nə idi? Axı, gərək ki, o, sovet quruluşunun əleyhinə yazan, danışan adam deyildi.
   - Hələ 1937-ci il repressiyalarından əvvəl, 1920-ci illərdə atam bir dəfə həbs olunmuşdu. Sonra da güllələnmə... Bilirsiz, o zaman heç dərindən fərqinə varan kim idi, günahın var, ya yox. Allah uzaq eləsin, kimin adı haradan, necə siyahıya düşdüsə, məhvi demək idi. Atamla yanaşı, başqa doğmalarımıza da «xalq düşməni» damğası yapışdırıldı. Anam Rusiyaya, uzaq Şimala sürgün olundu. Yeddi il sürgün həyatından sonra cəmi dörd il yaşadı. Onda mən sürgündəydim.
   - Sürgün ali rəssamlıq təhsili almağa hazırlaşdığınız yolu da kəsdi. O vaxt Moskvada Tretyakov qalereyasında ilk sərgidə iştirak etmişdiniz, böyük sənət planlarınız vardı...
   - Beş il Altay diyarında yaşamaq məcburiyyətində qaldım. Kənar şəhərlərdən təcrid olunmuş vəziyyətdə. Həbsxana rejimi deyildi, amma ciddi nəzarət altındaydıq. Yaxşı ki, rəssamlığım varmış, karıma gəldi. Müxtəlif cür şüarlar sifariş verilirdi, onları yazırdım. Az miqdarda maaş da ödənilirdi. 1946-cı ildə sürgündən qayıtdım. Valideynlərimin aqibəti, özümün başıma gələnlər təhsil almağıma maneçilik törətdi. Üstəlik maddi imkansızlıq, balaca bacı-qardaşımın qayğısı...
   - Sonralar vəziyyətinizin yaxşılaşan, tanınan vaxtlarınızda sovet rejiminə münasibətiniz necə idi?
   - Heç zaman bunu rejimin qüsuru saymamışam. Bütün o keçmişə görə, ömrü boyu Stalini, Mircəfər Bağırovu günahlandırmışam. Əlbəttə, indiki məqamda, 89 yaşımda o illərə boylanıb daha əhatəli təhlil edirəm. Tək başımıza gələn müsibətləri yox, bütün həyatımı...
   Oqtay müəllim məni yola salandan sonra emalatxanada əsərlərlə, boyalarla başbaşa qaldı. Görünür bir müddət öncə rəng işini bitirdiyi, qucağında körpə tutmuş ana təsvirli «Onun taleyi necə olacaq» əsərinin kəm-kəsirini düzəltmək istəyirdi. İndi rəssamın bir ciddi qayğısı da var. Son vaxtlar ona vəfasızlıq edən gözü bu əsəri tamamlamağa imkan verəcəkmi? Bu sualın cavabından yalnız adıçəkilən əsərin yox, növbəti işlərin, habelə Rəssamlıq Akademiyasındakı müəllimlik fəaliyyətinin taleyi asılıdır. Yeri gəlmişkən, Oqtay müəllim akademiyada tədrisin tələblərinə görə, hər ilin sonunda ora bir əsər çəkib təhvil verir. Ən əsası isə, biliklərə yiyələnməyə gələnlər ali təhsili olmayan rəssam professorun sənətini, əməyini qiymətləndirir, ondan öyrənməyə ehtiyac duyurlar...
   
   P.S. Oqtay Sadıqzadə bu yaxınlarda 89 yaşını tamamladı. 90-a bircə addım qaldı. İnşallah yubileydə görüşərik, ustad!
   
   Seymur Elsevər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar