Aprelin 28-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində AİTF - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışı olacaq.
Bu il sayca 9-cusu keçirilən beynəlxalq sərgi turizmlə bağlı regionda yeganə ixtisaslaşdırılmış sərgidir. İlbəil əhatə dairəsini genişləndirən sərgidə hansı ölkələr və turizm şirkətləri təmsil olunacaq? “AİTF-2010” hansı yeniliklərlə yadda qalacaq? Bu və digər suallarla sərginin təşkilatçısı olan «İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədova müraciət etdik. F.Məmmədov əvvəlcə “İteca Caspian”ın fəaliyyəti barədə qısa arayış verdi:
- Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan “İteca Caspian” şirkəti 2000-ci ildə yaradılıb. “İteca Caspian” bu sahədə dünya üzrə qabaqcıl şirkət olan “İTE Group PLC” şirkətinin Cənubi Qafqaz regionunda yeganə tərəfdaşıdır. «İTE Group» şirkəti Azərbaycanda 1995-ci ildən sərgilər keçirir. 2000-ci ildən isə «İteca Caspian» bu istiqamətdə «İTE Group»la fəaliyyətini birləşdirib. Bu yöndə ilk addımlarımız Azərbaycanın qeyri-neft sektorunda birgə tədbirlərin keçirilməsi ilə bağlıdır. Artıq 5 ildir ki, neft sərgisini də bizim şirkət həyata keçirir. İl ərzində şirkətimiz tərəfindən müxtəlif sahələr üzrə 15-dən çox sərgi təşkil edilir. Təşkil etdiyimiz bütün sərgilər rəsmi şəkildə Azərbaycanın müvafiq dövlət orqanları tərəfindən dəstəklənir. Bu tədbirlərin bir qismində Azərbaycan Respublikası Prezidenti şəxsən iştirak edib.
Təşkil etdiyimiz sərgilər neft və qaz, tikinti, telekommunikasiya və informasiya texnologiyaları, mühafizə və təhlükəsizlik, qida sənayesi, dəniz məhsulları və balıqçılıq, nəqliyyat, avtomobillər, səhiyyə, gözəllik və sağlamlıq, səyahət və turizm, hotel sənayesi, təhsil və karyera, mebel və interyer, daşınmaz əmlak sahələrini əhatə edir. “İteca Caspian” şirkəti Dünya Sərgi Sənayesi Assosiasiyasının üzvüdür. Bu qurum hər il sərgilərin təşkil olunma səviyyəsinə nəzarət edərək, onlara keyfiyyət nişanları təqdim edir. Bir sıra sərgilər isə Dünya Turizm Təşkilatı, Beynəlxalq Elektrorabitə İttifaqı kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
- Beynəlxalq turizm və səyahətlər sərgisini 2002-ci ildən keçirirsiniz. 9 il ərzində sərginin əhatə dairəsinin genişlənməsi, iştirakçı ölkələrin sayının artması baxımından hansı nəticələri əldə etmisiniz?
- 2002-ci ildə 1-ci Səyahətlər və Turizm Sərgisini «Avropa» mehmanxanasının kiçik zalında keçirmişdik. Həmin sərginin sahəsi builki sərgi ilə müqayisədə də 7-8 dəfə kiçik idi. İlk sərgidə 8 ölkədən 30-a yaxın şirkət öz xidmət və məhsulunu nümayiş etdirirdi. Budəfəki “AİTF-2010” sərgisində isə 24 ölkədən 120-dən artıq şirkət 33 istiqaməti təqdim edəcək. Əlbəttə, buna nail olmaq bizə asan olmadı. Əldə etdiyimiz bu nailiyyətin əsas səbəbi odur ki, Azərbaycanda sosial-iqtisadi və mədəni həyatın bütün sahələri kimi, turizm də inkişaf edir. Xarici turoperatorların Azərbaycan bazarına böyük marağı var. Onlar bilir ki, bizim insanlarımızın xarici ölkələrə turist səfərləri etməyə, xaricdə istirahət etməyə maddi imkanları var.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin təşkil olunmasında Mədəniyyət və Turizm Nazirliyinin bizə göstərdiyi köməyi xüsusi qeyd etmək istəyirəm. Hələ 2002-ci ildə ilk sərgini təşkil edərkən o vaxt gənclər və idman naziri olan Əbülfəs Qarayev bizə yaxından dəstək vermişdi. Budəfəki sərginin təşkil olunmasında da mədəniyyət və turizm nazirinin böyük dəstəyi olub. Gələn il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin yubileyini Mədəniyyət və Turizm Nazirliyi ilə birgə qeyd edəcəyik.
- Sərgini təşkil etməkdə şirkət olaraq hansı maraqları daha üstün tutursunuz?
- «İteca Caspian» şirkəti bizneslə məşğuldur. Dünyanın bir neçə tanınmış turizm sərgisini də biz təşkil edirik. Moskvada keçirilən MİTT turizm sərgisi əhatə dairəsinə görə dünyada 4-cü sərgidir. Bu sərgini də bizim şirkət təşkil edir. Əlbəttə ki, burada ikitərəfli maraqlar var. Sərgidə iştirak edən şirkətlər bizə müəyyən qədər vəsait ödəyir. Turizm sərgiləri ölkələrin turizm potensialını tanıtdıra bilməsi, bu sahə üzrə mütəxəssislərin bir yerə toplaşıb fikir mübadiləsi apara bilməsi üçün bir növ məkan rolunu oynayır.
- Builki sərgidə ilk dəfə olaraq Azərbaycanın daxili turizm potensialı da nümayiş etdiriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə beynəlxalq turizm sərgisi ilə bərabər, 1-ci Regional Turizm Sərgisi də keçiriləcək. Bu sərgiyə də maraq çox böyükdür. Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu sərginin keçirilməsinin aktuallığını xüsusilə artırır. Sərgidə ayrıca pavilyon Azərbaycanın istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr ediləcək. Ziyarətçilər hər bir regionun turizm potensialı, Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər. Eyni zamanda, yerli turoperatorlar öz xidmətlərini ziyarətçilərə təqdim edəcəklər.
- Yerli turizm şirkətlərindən və Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərindən sərgidə iştirak etməklə bağlı müraciətlər çoxdurmu?
- Bizim artıq daimi iştirakçılarımız var. Elə şirkətlər də var ki, əvvəllər bir neçə dəfə iştirak edib, sonra müəyyən fasilədən sonra yenidən sərgiyə qatılıblar. Bizim əsas məqsədimiz xarici şirkətləri Azərbaycana gətirmək və ölkənin daxili turizm potensialını onlara təqdim etmək, eyni zamanda, ölkə vətəndaşlarının xaricdəki turizm istiqamətləri ilə tanışlığına nail olmaqdır. Sözügedən sərgi turizm operatorlarına öz işgüzar potensiallarını ortaya qoymaq və çeviklik nümayiş etdirmək, yerli və beynəlxalq bazarlarda faydalı əlaqələr qurmaq, öz şirkətlərinin imicini yüksəltmək üçün əla fürsət verir.
- Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində daha çox hansı xarici ölkələr mütəmadi olaraq iştirak edir?
- Bu sırada ilk növbədə Türkiyənin adını çəkmək istərdim. İlk vaxtdan bu ölkə daimi olaraq sərgiyə qatılıb. Bu il isə Türkiyə sərginin tərəfdaşı kimi çıxış edir. Sərgidə ən böyük stendlə də onlar çıxış edəcəklər. Avstriya, Belarus, Vyetnam, Almaniya, İtaliya, Kamboca, Kipr, Çin, Latviya, Litva, Rusiya, Sinqapur, Sloveniya, Ukrayna, Fransa, İsveçrə, Estoniya və digər ölkələr də sərginin iştirakçıları sırasındadır.
Eyni zamanda, budəfəki sərgidə 14 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu ölkələr arasında AİTF sərgisinin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan və Çexiya kimi daimi iştirakçıları ilə yanaşı, bu ilin debütantları olan Misir, Hindistan, İtaliya (Latsio, Roma regionları), Mavriki adaları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya kimi ölkələr də var. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edəcəklər. Stavropol diyarının stendi öz unikal sanatoriya müalicəsi metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyalarını təqdim edəcək. AİTF sərgisində ilk dəfə olaraq Rusiyanın turoperatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turlarını təklif edəcəklər.
- Xarici şirkətlərlə müqayisədə yerli turizm şirkətlərinə qiymətlərdə güzəşt edirsinizmi?
- Əlbəttə. Xarici şirkətlərdən fərqli olaraq, yerli turizm şirkətlərinə təklif etdiyimiz qiymətlərdə 30 faizədək güzəşt nəzərdə tutulur. Ümumiyyətlə, bizdə qiymətlər digər ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təklif edilən qiymətlərdən fərqlənmir. Hətta daha aşağıdır.
F.Sakitqızı