Avropanın şimalında, Skandinaviya yarımadasında yerləşən Norveçlə Azərbaycan arasında uzaq məsafənin olmasına baxmayaraq, bu ölkələri yaxınlaşdıran tarixi bağlar var. Azərbaycan kimi, Norveç də qədim tarixə, mədəniyyətə malik ölkədir. Hər iki ölkə müasir dünyada zəngin enerji ehtiyatları, neft-qaz istehsalı ilə yanaşı, zəngin mədəni irsi ilə də tanınır.

   Xatırladaq ki, ötən əsrin 80-ci illərində ölkəmizə səfər edən məşhur norveçli səyyah və alim Tur Heyerdal Qobustanda olarkən, bu məkanın Norveçin tarixi ilə bağlılığını aşkara çıxarıb. Səyyahın apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətə görə, norveçlilərin əcdadları olan vikinq tayfaları vaxtilə (eramızdan əvvəl II-I əsrlərdə) məhz Qafqazdan, Azərbaycandan uzaq səfərə çıxaraq Skandinaviyaya gedib çıxmış insanlar olublar. Heyerdal Qobustandakı qayaüstü rəsmlərin eynisinin Norveçdə də olduğunu önə çəkərək bu rəsmlərin iki ölkə arasında tarixi bağların nümunəsi olduğunu bildirmişdi. Qeyd edək ki, bu məsələ dünya alimləri arasında da böyuk maraq doğurmuşdu.
   Azərbaycanla Norveç arasında qədim dövrlərdən, qayaüstü rəsmlərdən başlanan tarixi-mədəni əlaqələr isə bu gün geniş şəkildə inkişaf edir. Ötən əsrin 90-cı illərindən Azərbaycanın iqtisadi, özəlliklə neft sahəsində əsas tərəfdaşlarından birinə çevrilən Norveç ölkəmizlə mədəni sahədə əməkdaşlığa da xüsusi önəm verir. Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqlə söhbətimiz də ikitərəfli mədəni əlaqələr, bu sahədə həyata keçirilən layihələr və s. barədədir:
   
   
   - Cənab səfir, üç ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
   - Düşünürəm ki, ölkələrimiz arasında əlaqələrin səviyyəsi çox yaxşıdır. Bu sahədə əldə edilmiş nəticələrlə yanaşı, gələcək əməkdaşlıq üçün də böyük potensial var. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verir. Ümumiyyətlə, Norveç alimi Tur Heyerdalın nəzəriyyəsinə əsaslansaq, Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə bu torpaqlarda, Qobustan ərazisində yaşamış, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Norveç xalqı arasında antropoloji, tarixi, mədəni əlaqələrin olmasından xəbər verir. Qobustandakı qayaüstü rəsmləri tədqiq etmək üçün xüsusi səfərlər təşkil edən Tur Heyerdal bu rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda olduğunu söyləmişdi. Norveç alimləri bu qayaüstü rəsmləri araşdırarkən heyrətamiz oxşarlıqlar üzə çıxarıblar. Heyerdal Xəzər sahillərini qədim və böyük bir sivlizasiyanın beşiyi hesab edirdi. Beləliklə, alimin qənaətincə, ölkələrimiz, insanlarımız arasında tarixi bağlılıq olub. Yəqin elə bunun nəticəsidir ki, bizim xalq musiqilərimiz çox oxşardır.
   - Qobustanda olmusunuz? Bu məkan sizdə hansı təəssürat yaradıb?
   - Əlbəttə, olmuşam. Bura cəlbedici məkandır. Düşünürəm ki, Qobustan Daş dövründə yaşayan insanlar üçün əlverişli yaşayış yeri olub. Norveçdə də Qobustana bənzər çoxlu yerlər var. Hesab edirəm ki, bu da qədim əcdadlarımızın həyat tərzləri arasındakı oxşarlıqdır.
   - Cənab Ramberq, Norveçlə Azərbaycan arasında mədəni əlaqələr necə inkişaf edir? Bu əlaqələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik?
   - Mədəniyyət bizim səfirliyin fəaliyyətində ən çox önəm verilən sahələrdən biridir. Mədəniyyət sərhəd tanımır, ölkələrimiz arasında bu sahədə sıx əlaqələr var və onları daha da inkişaf etdirməyə çalışırıq. İki il əvvəl «Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr» adlı layihəyə start verilib. Bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycanın Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə isə, “Azərbaycan - Odlar yurdu” adlı sərgi Norveçdə müvəffəqiyyətlə nümayiş olunmuşdu. Stavanger Arxeologiya Muzeyində keçirilən bu sərgini çoxlu sayda insanlar ziyarət etdi. Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev də bu sərgini ziyarət etmişdi. Əminəm ki, sözügedən layihə hər iki ölkədən olan muzey peşəkarlarını daha sıx şəkildə bir yerə toplanmasına kömək edəcək. Məsələn, Norveç tərəfi muzey əşyalarının təqdimatı ilə bağlı Azərbaycan tərəfə nələrisə öyrədə bilər və ya əksinə, biz də Azərbaycandan bu işlə bağlı bilmədiyimiz hansısa təcrübəni öyrənə bilərik. Bir sözlə, ölkələrimiz arasında qarşılıqlı maraqlara və təcrübə mübadiləsinə əsaslanan mədəni əlaqələri genişləndirmək istəyirik.
   İki ölkə arasında sənətçilər - musiqiçilər, müğənnilər və rəssamlar - arasında əlaqələrə, təcrübə mübadiləsinə xüsusi önəm veririk və bu sahəni inkişaf etdirmək istəyirik. Qeyd etdiyim kimi, Norveç və Azərbaycanın xalq musiqiləri çox oxşardır. Bu baxımdan iki ölkənin folklor musiqiçiləri arasında yaranmış əlaqələr çox maraqlıdır. Bu sahədə əməkdaşlığın yaranması məni sevindirir.
   Norveçin xalq mahnıları ifaçısı Liv Runesdatter bu il mayın 17-də Norveçin Konstitusiya Günü münasibətilə Bakıda konsert verdi. Onun azərbaycanlı həmkarı - muğam ifaçısı Ehtiram Hüseynovla birlikdə çıxışı çox maraqlı alınmışdı. Liv Runesdatter Norveçin Stavanger şəhərində yaşayır, müğənni, bəstəkar və prodüsserdir. O, Norveç və Azərbaycan xalqlarının folkloru arasında çox bənzərlik olduğunu bildirir. Artıq Azərbaycan və Norveç musiqiçilərinin birgə «Sarı gəlin» ansamblı da var. Bu günlərdə Liv Runesdatter və Ehtiram Hüseynov «Sarı gəlin» ansamblı ilə Şəkidə keçirilən «İpək Yolu» Beynəlxalq Festivalında gözəl konsert proqramı ilə çıxış etdilər.
   Ölkələrimiz arasında ədəbiyyat sahəsində əlaqələrə də önəm veririk. 2006-cı ildə Norveç yazıçısı Henrix İbsenin 100 illik yubileyi Bakıda bir sıra tədbirlərlə qeyd olunmuşdu. Norveç yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etməyə hazırlaşırıq. Biz Azərbaycan tərəfdən xahiş etmişik ki, böyük kitab mağazalarından birində Norveç yazıçılarının kitab yarmarkası keçirilsin.
   - Azərbaycana gələnədək ölkəmiz haqqında nələri bilirdiniz? Burada olduğunuz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaradıb?
   - Əlbəttə, buraya gələnədək ölkəniz barədə müəyyən məlumata malik idim. Məsələn, Tur Heyerdalın nəzəriyyələrini bilirdim. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Mənə məlum idi ki, Norveçin «Statoil» şirkəti Azərbaycana böyük sərmayə qoyub.
   Burada olduğum 3 il müddətində isə bu təəssüratlar daha da zənginləşdi. İndi Azərbaycan mədəniyyəti, tarixi haqqında daha çox bilgim var. Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynayıb. Zəngin tarixi irsiniz, heyrətamiz musiqiniz var. İnsanlarınız isə çox qonaqpərvərdir.
   - Cənab səfir, regionlarımıza səfər etmisinizmi?
   - Mən səyahət etməyi sevirəm. Quba, Lənkəran, Şirvan xoşuma gəlib. Şəkidə də çox tez-tez oluram. Biz norveçlilər dağlıq yerləri sevirik. Bu baxımdan Şəki çox xoşuma gəlir. Lahıcda da olmuşam və çox bəyənmişəm. Bu yaxınlarda isə Gəncədə oldum, Kənd Təsərrüfatı Akademiyasında konfransda iştirak etdim.
   - Opera, konsert və teatrlarımızda necə, tez-tez olursunuz?
   - Əlbəttə, tez-tez Opera və Balet Teatrına, Filarmoniyaya gedirəm. Gənc Tamaşaçılar Teatrında «Viktoriya» tamaşasına baxmışam. «Yuğ» Teatrını çox bəyənirəm. Burada olduğum müddətdə mədəniyyətinizdən çox şey öyrəndim və faydalandım, xüsusilə muğamı çox sevdim. Onu da deyim ki, buraya ilk gəldiyimdə bunu o qədər də hiss etməmişdim. Bu çox dərin mahiyyətli musiqi janrıdır və insana ruh verir. Bundan başqa, Novruz bayramı şənliklərinizi də bəyənirəm və ona böyük hörmətlə yanaşıram. Bu bayram baharı təqdim etməyin ən gözəl vasitəsidir. Novruzun əsas əhəmiyyəti həm də ondan ibarətdir ki, o, bütün dünya azərbaycanlılarını birləşdirir. Sizin qədim adət-ənənələri belə qoruyub saxlamanızı alqışlayıram.
   - Bakıya gələn qonaqlarınıza şəhərimizin hansı yerlərini göstərirsiniz?
   - Əlbəttə, Bakının tarixi-mədəni abidələrini, İçərişəhəri, digər yerləri göstərirəm. Təbii ki, qonaqlarımı Qobustana da aparıram. Bir də onları Bakıdakı Şəhidlər xiyabanı ilə tanış edirəm. Düşünürəm ki, bu sizin milli abidənizdir, insanlar azadlıq uğrunda özlərini qurban veriblər. Bu əzəmətli məkan həm məndə, həm də qonaqlarımda geniş təəssürat yaradır.
   - Azərbaycanı hansı hisslərlə tərk edəcəksiniz?
   - Etiraf edim ki, illər elə tez gəlib keçdi ki, bunun fərqində olmamışam. Azərbaycanda keçən illərimi iş həyatımın ən gözəl illəri hesab edirəm. Onu da deyim ki, ailəm Norveçdə yaşayır və burada tək yaşadığımdan bütün enerjimi işə sərf etmişəm. Azərbaycanla bağlı çoxlu dostlarım, gözəl xatirələrim var. Təəssüf ki, fəaliyyətimin başa çatmasına görə ölkənizi tərk edirəm. Amma internet vasitəsilə dostlarımla əlaqə saxlayacam.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar