Aşıq Nemət Qasımlı: “XXI əsr aşıq sənətində şagirdlərimin əsri olacaq”
      
   18 il bundan əvvəl öz təşəbbüsü ilə musiqi məktəbi nəzdində saz sinfi açan, ötən illər ərzində saysız-hesabsız şagirdlərinə aşıq sənətinin sirlərini öyrədən aşıq Nemət Qasımlının ən böyük arzusu bu sənəti layiq olduğu ucalıqda görməkdir.
   Söhbətimiz zamanı tanınmış aşıq saz sənətinin incəliklərindən, şagirdlərinin uğurlarından, bir az da özündən danışdı.
   

   - Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində ziyalı ailəsində dünyaya gəlmişəm. Atam fizika-riyaziyyat müəllimi, anam həkim olub. Ailədə beş uşaq olmuşuq, dördümüz ali təhsil almışıq. Gözümü açanda evimizdə kitablarla yanaşı saz görmüşəm. Deyərdim ki, atamdan, anamdan sonra həyatda və sənətdə ilk müəllimim böyük bacım, şairə Məlahət Yusifqızı olub. O, saza-sözə bağlı bir insandır. İlk dəfə respublikamızda “Sazçı qızlar ansamblı”nı da o yaradıb. Aşıq sənətinin incəlilkərini, sirlərini mənə öyrədən, bu sənəti mənə sevdirən də elə o olub. Ondan öyrəndiklərimi sonralar heç bir yerdə öyrənə bilmədim.
   
   Evlərində musiqi alətlərinin sayı çox olsa da, Nemət könlünü saza bağlayır. İlk dəfə birinci sinfə gedərkən özündən böyük sazını da məktəbə aparır. Odur-budur saz onun sirdaşı, könül yoldaşı, yol yoldaşıdır.
   
   “Gədəbəyin yazı, aşığın sazı”
   
   - Üçüncü sinifdə oxuyanda rayonda “Gədəbəyin yazı, aşığın sazı” adlı böyük bir bayram keçirildi, əslində Novruz bayramı idi, amma sovet rejimində yaşadığımıza görə bu tədbiri sırf Novruz bayramı adlandırmırdılar. İlk dəfə o tədbirdə tanınmış aşıqlarla birlikdə çıxış etdim. Tədbir stadionda keçirilirdi. Rəhmətlik Mikayıl Azaflı da o bayramda Dədə Qorqud obrazında çıxış edirdi. Yadımdadır, maşında stadionu dolanıb məşəli yandırdı. Tədbir haqqında televiziyada qısa bir süjet - hardasa 30 saniyə olardı, ya olmazdı - göstərdilər. O kadrlarda məni də göstərmişdilər, sevincimdən yerə-göyə sığmırdım. Bu hadisə məni bir az da ruhlandırdı. Beşinci sinifdən sonra Gəncədən o yana bütün tədbirlərə dəvət olunurdum.
   
   Tələbə-müəllimin ilk saz sinfi
   
   - Uşaq yaşlarından müəllim olmaq qərarına gəlmişdim. Hələ orta məktəbdə oxuyarkən uşaqları başıma yığıb onlara saz sənətindən eşitdiklərimi, bildiklərimi öyrədirdim. Təbii ki, bacardığım kimi öyrədirdim. Qarşıma məqsəd qoymuşdum ki, ali məktəbə daxil olsam, saz məktəbi açacam. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum və arzumu reallaşdırmaq üçün Bakıdakı bir çox musiqi məktəblərinə üz tutub saz sinfi açmaq istədiyimi bildirdim. Nə gizlədim, o vaxtlar saz adını eşidəndə çoxları məni yaxına qoymadılar. 1992-ci ildə Qara Qarayev adına 8 saylı Musiqi Məktəbinin direktoru Rəna Rəhimovadan xahiş etdim ki, saz sinfi açmağıma kömək etsin.
   
   İkinci kurs tələbəsinin saz sinfi açmaq istəyini eşidən Rəna xanım onu təmkinlə dinləyir və kömək edəcəyinə söz verir.
   
   - 1992-ci ildə bu məktəbdə saz sinfi açdım. Az bir vaxtda 35 uşaq yığışdı. Böyük həvəslə 4 ay dərs keçsəm də, maaş almırdım. Sən demə, Rəna xanım məni sınağa çəkirmiş. Fikirləşirmiş ki, cavan adamdır, birdən dərsləri yarımçıq qoyub gedər, birdən bacarmaz, özünü doğrultmaz. Nəhayət, 4 aydan sonra mənə qulaq asmaq üçün müəllimlərdən ibarət konsert təşkil etdi. Zalda məktəbin 100-dən çox müəllimi iştirak edirdi. Çaldılar-oxudular, növbə mənə çatanda sazla səhnəyə çıxdım, gülüşdülər. Deyim ki, çox pərt oldum. İstədim səhnəni tərk edim, birdən elə bil qulağıma səs gəldi ki, bundan ötürü mübarizə aparırdın? Rəna xanım bunu hiss etdi, ayağa qalxıb dedi ki, Nemət, mən sənə qulaq asıram, qayıt, ifa et. Geri döndüm, o vaxtlar “Lambada”nın, türk mahnısı “Şinanay”ın dəbdə olan vaxtları idi. Əvvəlcə bu mahnıları sazda çaldım. Çünki zalda oturan müəllimlərin 80 faizi rusdilli idi. Hiss etdim ki, birbaşa saz havaları ifa etsəm, bunlara çatmayacaq. Bu mahnıları ifa edəndə zal cana gəldi. Bu havaların ardınca popuri formasında 6 saz havası çaldım. Alqışların ardı-arası kəsilmədi. Zaldan suallar yağdı, məndən üzr istəməyə başladılar ki, bağışlayın, biz sazı belə görməmişdik. Direktor səhnəyə qalxdı, dedi ki, mən həmişə hesab eləmişəm bütün alətlərin şahı pianinodur, bu gün saza qulaq asandan sonra etiraf edirəm: bütün alətlərin şahı sazdır. Sadəcə onun ifaçısı lazım imiş. Bu formada ilk dəfə saza qulaq asdım, saz çox möhtəşəm alətdir.
   Mənim sınaq müddətimə o gündən son qoyuldu. Sonra çətin günlərim başladı. Çünki məktəbdə çox ciddi qayda-qanun vardı, işə bir saniyə gecikmək olmazdı, eyni zamanda institutun öz problemləri, illərlə arzusunda olduğum saz sinfinin öz qayğıları, öz çətinlikləri... İki il qarşılaşdığım bütün çətinliklərə dözdüm. Həmişə özümü inandırırdım ki, gələcəkdə yaxşı şagirdlərim olacaq, aşıq sənətinin inkişafı yolunda nə isə edəcəm.
   
   Nemət iki il ərzində yaxşı müəllim kimi böyük nüfuz qazanır. Yetirmələrinin valideynləri onun əməyini yüksək qiymətləndirir, “sazı onun qədər sevən və sənətini onun qədər ürəkdən şagirdlərinə öyrədən müəllim az-az olur” deyirlər.   

   Saz sinfinin proqramı
   

   - Saz sənəti üzrə ilk dərs proqramının müəllifi də mənəm. Çünki o vaxta kimi musiqi məktəblərində saz sinfi olmamışdı. 160-a yaxın saz havası bilirəm. 1995-ci ildən AMEA-nın Folklor İnstitutunda da işləyirəm. Zodlu Abdullanın yaradıcılığından elmi iş yazıram, artıq tamamlamaq üzrəyəm. Sazın həm nəzəriyyəsi, həm praktikası ilə məşğul olduğuma görə, proqram hazırlayanda oraya 87 aşıq havası daxil etdim. Böyük çətinliklərlə qarşılaşsam da, bu proqram sonda təsdiq olundu. Ustad-şagird ənənəsi qalmaq şərti ilə uşaqlar 5 il müddətində bu proqram üzrə təhsil alırlar.
   
   Çalışıb birinci olmaq
   
   - Tezliklə şagirdlərim tədbirlərdə iştirak etməyə başladılar. Qərara gəldim ki, başqa məktəblərdə də saz sinfi açım. 1996-cı ilin əvvələrində Niyazı adına 22 saylı Musiqi Məktəbində, daha sonralar iki məktəbdə də saz sinfi açıb aşıq sənətinin bilicilərini o məktəblərə cəlb etdim. O vaxtdan bu yana bütün müsabiqələrdə birinci yeri şagirdlərim tutur, ikinci yer olsa, o yer də mənim şagirdlərimindir. Bu gün şagirdlərimlə fəxr edirəm. Onların arasında Prezident təqaüdü alan, aşıq sənətini layiqincə təbliğ edən şagirdlərim də çoxdur. UNESCO üçün çəkilmiş filmdə şagirdlərim çıxış etdilər, mənim tədris proqramımdan da fraqmentlər göstərdilər. Bayaq dedim ki, sazın yolunda çətinliklər çəkirdim, ancaq bu günü görürdüm. Mənim ən böyük mükafatım şagirdlərimin uğurudur. 1992-ci ildə kimin ağlına gələrdi ki, bir vaxt yetişəcək, saz, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısına daxil ediləcək.
   Ayrı-ayrı ölkələrdə, o cümlədən Türkiyədə, Fransada, Almaniyada, Rusiyada, İranda keçirilən festivallarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edən Nemət Qasımlı üç dəfə aşıqlar qrupunun rəhbəri kimi UNESCO-nun tədbirlərində iştirak edib.
   - Mən prinsipial adamam. Özümü də, millətimi də sevənəm. Yadımdadır, əvvəllər sazla ora-bura çıxanda sıxılırdıq. Amma XXI əsr aşıq sənətində mənim şagirdlərimin əsri olacaq.
   Bu sözləri deməyə bəlkə də Nemət Qasımlının mənəvi haqqı çatır. Çünki bu il aprelin 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında aşıq Nemət Qasımlının şagirdlərinin möhtəşəm konsert proqramı böyük maraqla qarşılandı.
   
   - Çoxları üçün maraqlı görünə bilər ki, bu konsert üçün niyə 28 aprel tarixini seçdim. Bizim aşıq sənətinə ən böyük zərbəni sovet hökuməti vurub. Çünki saz xalqın dilini, mənəviyyatını, ruhunu, keşmişini yaşadır. Saza qulaq asan bilir ki, o necə böyük bir millətin övladıdır. Ona görə də o zamanlar kimliyimizi unutdurmaq, özümüzü özümüzə yadlaşdırmaq üçün birinci zərbə saza vuruldu. Sovet hökuməti 28 apreldə Azərbaycanı işğal eləmişdi, mən o gün 29 şagirdimlə çıxış edib demək istədim ki, ruhu olan bir xalqı özündən uzaqlaşdırmaq, özünə yadlaşdırmaq olmaz.
   Bu günə kimi 460-dan çox şagirdim olub. Onlardan 65 nəfəri mənimlə səhnədə çiyin-çiyinə aşıq sənətini təbliğ edir. O konserti keçirməkdə məqsədim isə sənətdə güclü olub üzdə olmayan şagirdlərimi tanıtdırmaq istəyi idi. Gecədə 29 şagirdim gözəl sənət nümayiş etdirdilər. Konsert proqramı qurtarmışdı, tamaşaçılar durub getmək istəmirdilər. Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilməz.
   
   Bir zamanlar saysız-hesabsız şagirdlərinin olmasını arzulayan Nemət Qasımlı saz sinfi açıb formalaşdırsa da, aşıq sənəti ilə bağlı arzuları hələ çoxdur.
   
   - Mənim bircə arzum olub, o vaxt da, elə bu vaxt da, aşıq sənəti şah sənətidir, o sənətə belə yanaşılmalıdır. Aşığa müqəddəs bir varlıq kimi baxılıb, bundan sonra da baxılmalıdır. Biz aşıqlar özümüzü elə aparmalıyıq, elə davranmalıyıq ki, bizi görəndə hamı ehtiramla yanaşsın. Səhnədə də, elə həyatda da.
   
   Təranə Məmmədova