Aşıq Ələsgər Tağıyev: «Özümü bir gün də sazsız, sözsüz təsəvvür edə bilmirəm»
   
   Tovuz aşıqlar yurdudur. Sazın, ozan sözünün sədası minilliklərin o üzündən gəlsə də, bu sənəti xalqımıza sevdirənlər arasında Tovuz aşıq məktəbinin öz yeri, xidmətləri var.
   Bu günlərdə tovuzlu ustad aşıq Ələsgər Mikayıl oğlu Tağıyevin (Copur Ələsgər) 80 yaşı tamam olur. Yubiley münasibətilə onunla görüşüb söhbət etdik.

   
   - Necə oldu ki, aşıq sənətinə gəldiniz?
   - Rəhmətlik atam Mikayıl kişi də aşıq olub. Dünyaya gözümü açandan evimizdə saz havalarını, aşıq ifasını eşitmişəm. Mərhum ustad aşıq Hüseyn Bozalqanlı bizim qonşumuz idi, atam da onunla möhkəm dost idi. Mən tez-tez onların söz, saz məclislərində iştirak edirdim. Atam dünyasını dəyişəndən sonra onun yolunu, aşıq sənətini davam etdirmək qərarına gəldim. Saza olan sevgim bu sənəti seçməyə məni vadar etdi. Ustadım əvvəlcə Hüseyn Bozalqanlının yetirməsi Dəmirçi Hüseyn, sonra isə aşıq Əkbər Cəfərov oldu.
   - 60 ildən çoxdur ki, bu sənətdəsiniz. Keçdiyiniz bu uzun yoldan nə danışa bilərsiniz?
   - Kamil aşıq olmaq çox zəhmət tələb edir. Gərək daim öz üzərində işləyəsən, arxayınlaşmayasan, əziyyətdən çəkinməyəsən. Bu yaşda da sazı həmişə başımın üstündən asıram, bildiklərimi təkrarlamaqdan usanmıram. “Tovuz aşıqlar ansamblı”nın bədii rəhbəriyəm. Bütün aşıq havalarını, 20-dək hekayə, 15 dastan bilirəm. Çoxlu deyişmələrim, qoşmalarım, qaravəllilərim, təcnislərim, müxəmməslərim, divanilərim var. Qəlbim hələ də çalıb-çağırmaq, yaratmaq eşqilə doludur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada olmayım. Moskvada, keçmiş SSRİ-nin digər şəhərlərində mötəbər tədbirlərdə çıxışlarım olub. Çoxlu diplomlarım, medallarım var. Aşıq sənəti həm də mənə el məhəbbəti, xeyli dost qazandırıb - Şəmsi Bədəlbəyli, Niyazi, Cahangir Cahangirov, Qəmbər Hüseynli, Zəlimxan Yaqub və başqalarının adını çəkə bilərəm. Allah dünyadan köçənlərə qəni-qəni rəhmət eləsin, qalanlara can sağlığı versin.
   Fəxr edirəm ki, göyçəli aşıq Ələsgər barədə tamaşa hazırlananda onun rolunu həmişə mənə etibar ediblər. Bu da ona görədir ki, çox zil səsim var. Mənə el arasında “Koroğlu oxuyan” da deyirlər. Təvazökarlıqdan uzaq olmasın, Koroğlunun yeddi havasının hamısını eynilə yüksək səviyyədə ifa edirəm.
   - El arasında sizə “Çopur Ələsgər” də deyirlər...
   - Bəli, məni digər aşıq Ələsgərlərdən fərqləndirmək üçün belə deyirlər. Şeirlərimin birində bu barədə belə demiışəm:
   El gözəli gülə-gülə,
   Məni etdi əsir, kölə,
   Özüm çopur olsam belə,
   Suyu şirin aşığam mən.
   Qeyri-təvazökarlıq hesab etməyin, mənimlə söhbət edən, ifamı eşidən insanlar çox keçmir ki, öz dost münasibətlərini bildirir, səsimi təkrar-təkrar dinləməkdən yorulmurlar. Xalqın qəlbinə öz səmimiliyim, sadəliyim, sənətimlə yol tapıram.
   - İndi Tovuzda aşıqlıq sənətinə gənclərin münasibəti necədir?
   - Son zamanlar gənclərimizdə aşıq sənətinə maraq artıb. Onlar açıq sənətinə verilən yüksək qiymətdən ruhlanaraq bu sənətə dərindən yiyələnmək istəyirlər. İndi Bozalqanlıda məndən başqa bir neçə aşıq da var. Gənclər aşıq sənətini öyrənmək üçün bizə müraciət edirlər. Biz də istedadı, qabiliyyəti olanlara sənətin sirlərini öyrədirik.
   - Ailənizdə necə, davamçınız varmı?
   - 8 övladım, 27 nəvəm, 13 nəticəm var. Oğlum Kamandar yaxşı saz çalır. Oğlum Eldar, qızım Atlas, nəvəm Məhin yaxşı şeirlər, qoşmalar yazırlar. Qələm sahəsində onlar mənim davamçılarımdır. Amma oxumaq üçün gərək heç olmasa mənim kimi zil səsləri olaydı... Bu çatışmazlıq üzündən oğlanlarıma aşıqlıq etməyə izn vermədim, saz çalmaqla kifayətlənsələr yaxşıdır. Amma ümid edirəm ki, nəslimizdən gur, zil səsə malik bir oğul çıxıb atamın, mənim yolumu davam etdirəcək.
   - Yaşınızın bu çağında, maşallah, qıvraq görünürsünüz...
   - Tanrı nə qədər ömür yazıbsa, o qədər yaşamaq istərdim. Amma özümü bir gün də sazsız, sözsüz təsəvvür edə bilmirəm. Allah sazımı, sözümü məndən almasın. Özümdən sonra gələcək nəslə bədii yaradıcılığım, mənə ünvanlanmış xatirələr, şeirlər toplanmış iki kitab - “Copur Ələsgər”, “Bozalqanlı Aşıq Ələsgər”i yadigar olaraq çap etdirmişəm. Qoy bilsinlər ki, Tovuz aşıq sənətində belə bir insan da olub.
   - Ürəyinizdə daha nə arzu var?
   - İstərdim ki, tezliklə işğal altında olan torpaqlarımızı geri alaq. Bu işdə mən bir əlimdə saz, birində silah gənclərimizlə bərabər lap ön cərgələrdə döyüşə getməyə hazıram. Yaşım 80 olsa da, rəyimdə təpər, qolumda qüvvə, dizimdə taqət var. Sonra da Tanrı möhlət versin, həmin yurd yerlərimizdə sazı dilə gətirim.
   - Allah Sizi muradınıza çatdırsın, aşıq.
   
   İradə Əsədova






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar