50 illik yubileyini qeyd etməyə hazırlaşan Xalq artisti Mənsum İbrahimov keçdiyi yola bir daha nəzər saldı...
   
   Ömür kimi səsi də Allah verir...
   O, Allahın verdiyi səslə, gözəl ifası, səhnə mədəniyyəti və sənətinə olan sonsuz məhəbbətiylə milyonların sevimlisinə çevrildi...
   17 il Opera və Balet Teatrının səhnəsində 112 dəfə Məcnun oldu...
   112 dəfə Məcnun olandan sonra adam gərək dəli olsun, amma o sənətiylə sözün yaxşı mənasında çoxlarını dəli etdi...
   Ustadlardan dərs alıb özü də ustad oldu...
   Klassik muğam sənətinin ən layiqli davamçılarından biri kimi, özü də layiqli davamçılar yetişdirdi...
   Bütün bunlara cəmi 25 ildə nail oldu...
   
   - Qarşıdan 50 illik yubileyiniz gəlir. Mənsum İbrahimovun ömür yolu haradan başlayıb, kəndiniz, eviniz, uşaqlıq xatirələriniz 50 illik məsafədən necə görünür?
   - Bu illər necə gəlib gedib, heç özüm də bilməmişəm. Vaxt su kimi axıb gedir. Bir də görürsən ki, xeyli yol gəlmisən. Amma hər yaşı yaşamağın özü bir xoşbəxtlikdir. Heç kim bilmir ki, ömrü nə qədərdir. Mən mövhumatçı deyiləm, amma hər bir müsəlman kimi Allaha bağlı adamam. Allahın yazdığı alın yazısına, taleyə inanıram. Dönüb arxaya baxanda uzun bir yol görürəm. Bu yollar Ağdamın İmanqulubəyli kəndinə gedib çıxır. Kəndimizin yuxarı tərəfi Sultanbud meşəsi idi. Xaçın çayı kəndimizin yanından axıb keçirdi. Belə gözəl bir məkanda doğulub, böyüyüb boya-başa çatmışam.
   Təbii gözəlliyi ilə yanaşı, Qarabağ həm də gözəl səslər diyarıdır. Uşaq vaxtı mənə elə gəlirdi ki, hamının səsi var, hamı oxuya bilər. Çünki gözümü açıb toy şənliklərində böyük xanəndələr görmüşəm. O da yadımdadır ki, Xan Şuşinski, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi böyük sənətkarlar kəndimizdə konsert verərdilər. Mən də onlara həsrətlə, heyranlıqla qulaq asardım. Belə-belə bir də baxıb görüm ki, artıq sənətdəyəm.
   Gəldiyim yollara dönüb baxanda həm də ona görə rahatlıq tapıram ki, ömrümdə heç kimə zərər verməmişəm, sənətimi çox sevmişəm. Çalışmışam ki, işimin mütəxəssisi, sənətkarı olum və bu gün də buna çalışıram. Çünki muğam sənəti ağır sənətdir, bu sənəti axıra kimi öyrənməyə bir ömür bəs eləmir. Öyrəndikcə öyrənirsən. Hər halda şərəfli bir ömür yaşamışam, valideynlərimin, ailəmin yanında, xalqımın, Vətənimin qarşısında başım aşağı deyil.
   - Yollar sizi böyük və sirli şəhərə gətirdi. Hansı arzularla gəlmişdiniz, kim olmaq istəyirdiniz və sonda kim oldunuz?
   - Ağlım kəsəndən intuisiya - altıncı duyğu ilə kim olduğumu və kim olmaq istədiyimi hiss eləmişəm. Tərəzi bürcündənəm, riski sevmirəm, hər addımımı ölçüb-biçən adamam. Qarşıma məqsəd qoysam, qərar qəbul etsəm, heç kim məni yolumdan döndərə bilməz. Hərbi xidmətdən qayıdandan sonra oturub yaxşı-yaxşı düşündüm ki, mən nə qədər toy şənliklərinə gedəcəyəm? Qarşıma məqsəd qoydum ki, təhsil alım, bu sənətin sənətkarı olum. Bu məqsədlə Bakıya gəldim. Mərhum sənətkar Vahid Abdullayev səsimə qulaq asıb bəyəndi, məsləhət bildi ki, sənədlərimi Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə verim. Belə də etdim, imtahanda “Çahargah” dəsgahı oxuyub ilk muğam imtahanından beş aldım...
   
   Sənət taleyimi Şövkət xanım həll etdi
   
   - 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibəti ilə V respublika musiqi müsabiqəsi keçirildi və bu müsabiqədə I diploma layiq görüldünüz. Bu uğur sizə düşərli oldu, ardınca yeni uğurlar gəldi...
   - Müəllimim Vahid Abdullayev çox tələbkar müəllim, həm də çox yaxşı insan idi. Üçüncü kursda oxuyanda Üzeyir bəyin 100 illiyi ilə bağlı müsabiqədə iştirak edim. Münsiflər heyətinin sədri Gülağa Məmmədov idi. Şövkət xanım Ələkbərova da münsiflər heyətində idi. Müsabiqədə müxtəlif bölmələr vardı, muğam sahəsi üzrə I diploma layiq görüldüm. Bu müsabiqədən sonra Şövkət xanımla tanışlığımız başladı. Səsim, ifam Şövkət xanımın xoşuna gəlmişdi deyə, məni öz sinfinə dəvət etdi, böyük məmnuniyyətlə onun dərslərində iştirak etdim. Günlərin birində məndən soruşdu ki, operada oxumaq istəyərsən? Dedim ki, Şövkət xanım, mən operada oxuya bilərəm? Dedi, sənin səsin də, görünüşün də Məcnuna uyğundur, əgər öz üzərində çalışsan, zəhmət çəksən səndən yaxşı Məcnun olacaq.
   Hər dəfə səhnədən alqışlarla yola salınanda Şövkət xanımın ruhuna dua oxuyuram. Mənim sənət taleyimi Şövkət xanım həll etdi. Opera və Balet Teatrının o zamankı rəhbəri Azər Rzayevə zəng edib dedi ki, bir müsabiqə qalibimiz var, ona qulaq asmaq lazımdır. Gün təyin elədilər, bədii şuranın üzvləri yığışdılar, Şövkət xanım da mənimlə getdi. Səsimə qulaq asdılar, həmin gün də məni işə götürdülər. Həm böyük sənətkar, həm yaxşı insan, həm də əvəzsiz müəllim olmaq nadir haldır. Bu üç cəhətin üçü də Şövkət xanımda cəmləşmişdi.
   Opera və Balet Teatrında 6-7 il kiçik rollar ifa etdim. “Leyli və Məcnun” operasında ilk rolum isə Zeyd olub. Teatrın rəhbərliyi dəyişəndən sonra Akif Məlikov gənclərə geniş meydan verdi. Hazırda teatrın baş rejissoru olan, Əməkdar incəsənət xadimi Hafiz Quliyev 8 ay müddətində məni Məcnun roluna hazırlaşdırdı. 1993-cü ildə ilk dəfə Məcnun rolunda səhnəyə çıxdım.
   
   Klassik muğam məktəbinə xidmət edirəm
   
   - Beləcə səhnəmizin ən uzunömürlü Məcnunlarından biri oldunuz...
   - 17 ildə 112 dəfə Məcnun kimi səhnəyə çıxmışam. Yaddaqalan tamaşalarım çox olub. 1995-ci ildə Füzulinin 500 illiyi ilə bağlı iki hissəli “Leyli və Məcnun” bədii film-operasında Məcnun rolunu oynamışam. 2008-ci ildə “Leyli və Məcnun” operasının 100 illik yubileyində Məcnun rolunda çıxış etmişəm. Parisdə, UNESCO-nun mənzil-qərargahında “Leyli və Məcnun” operasını nümayiş etdirmişik. Bu il Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirildi və ilk dəfə biz ərəb dünyasında “Leyli və Məcnun” operası ilə çıxış etdik və ən yaddaqalan tamaşalardan biri də bu oldu. Bütün bunlar tarixi tamaşalardır.
   - Yaxşı müəllimin yaxşı da tələbələri olur. Bu gün kifayət qədər tanınan tələbələriniz var. Artıq Mənsum İbrahimov məktəbi öz bəhrəsini verir...
   - Müəllimlik sənətini çox sevirəm, istəyirəm bildiyimi gənclərə öyrədim. İfaçılıq başqa sənətdir, müəllimlik tamam başqa sənət. Gözəl ifaçılarımız var, amma tələbələri yoxdur. Muğam notla öyrədilmir, ustad illər boyu öyrəndiklərini tələbələrinə, davamçılarına öyrədir. Borcumuzdur ki, özümüzdən sonra gələnlərə kömək edək. Böyük ustadlarımız var, Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Canəli Əkbərov, Alim Qasımov və bir çox sənətkarlar bu gün tələbə yetişdirirlər. Biz də onlara baxırıq. Mənsum məktəbi yoxdur, Azərbaycan muğam məktəbi var, mən də klassik muğam məktəbinə xidmət edirəm. Amma, əlbəttə ki, dəst-xətt özünü göstərəcək. Bu il müəllimlik fəaliyyətinin bəhrəsi kimi Milli Konservatoriyanın kollektivi və Elmi Şurasının yekdil fikri ilə dosent elmi dərəcəsi adını almışam.
   - Özünüzü Üzeyir bəyin mənəvi övladı sayırsınız...
   - Tək mən yox, musiqi sahəsində çalışan hər bir insan Üzeyir bəyin mənəvi övladıdır. 25 il əvvəl mən Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi ilə bağlı müsabiqədə iştirak edib laureat oldum, 20 ildən sonra Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik yubileyində mən artıq münsiflər heyətinin üzvü idim. 2005-ci ildə keçirilən bu muğam müsabiqəsi böyük mədəni hadisəyə çevrildi. Tələbəm Təyyar Bayramov birinci yer qazandı. Müəllim üçün bundan böyük xoşbəxtlik yoxdur.
   Heydər Əliyev Fondunun keçirdiyi muğam layihələri, muğam müsabiqələri muğama yeni bir ömür, yeni həyat verdi. 2009-cu ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi və ilk dəfə Azərbaycanda beynəlxalq muğam müsabiqəsi keçirildi. Bu dövlətimizin muğamata qayğısının nəticəsi idi. Mənim üçün böyük xoşbəxtlik həm də bu oldu ki, tələbəm Təyyar Bayramov bu müsabiqədə Qran-pri qazandı, hazırda Əməkdar artist fəxri adını daşıyır. Mən tələbələrimlə fəxr edirəm və onların uğurlarına bəlkə də valideynlərindən daha çox sevinirəm.
   
   Torpaqsız yaşamaq böyük dərddir
   
   - Qeyd etdiyim kimi qarşıdan yubileyiniz gəlir, yubileyinizi necə qeyd etmək istəyirsiniz?
   - Adi vaxtı çox da təmtəraq xoşlamıram, amma 50 illik yubileyi keçirmək lazımdır. Təbii ki, sənət dostlarımla yubileyimi qeyd edəcəyik. Bu ərəfədə həm solo konsertimi, həm də tələbələrimin konsertini keçirməyi planlaşdırırıq. Eyni zamanda, Azərbaycanın bölgələrində konsertlərlə çıxış etməyi və yaradıcılıq hesabatı kimi yekun konserti Bakıda verməyi nəzərdə tuturuq.
   Yazıçı-publisist Mustafa Çəmənli 50 illik yubileyimlə əlaqədar “Məcnunun Məcnunu” adlı maraqlı bir kitab yazıb. Həyatım, yaradıcılığım, dostlarımın dediyi sözlər, ustadların dediyi fikirlər kitabda cəmlənib. Kitab “Təhsil” nəşriyyatında yüksək səviyyədə çap olunub. Əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
   - Sizin üçün dünyada ən böyük hədiyyə nə olardı?
   - Hədiyyələr çoxdur. Ancaq Allahın insana verdiyi ən böyük hədiyyə övladdır. Mənim üçün ən böyük hədiyyə övladlarım, tələbələrimin, dostlarımın uğurlarıdır.
   Doğma torpağıma qayıtsaydım, bu mənim üçün dünyada ən qiymətli hədiyyə olardı. Çünki torpaqsız yaşamaq böyük dərddir.
   - Deyirlər, hər güclü kişinin arxasında güclü bir qadın dayanır...
    - İnsanın, sənətkarın arxasında sağlam ailəsi varsa, o uğur qazanacaq. Həyat yoldaşım öz kəndimizdəndir, bir yerdə böyümüşük, ziyalı ailədəndir və özü də ziyalı xanımdır. Sadiq dost, həyat yoldaşı, uşaqlarımın anası kimi hər zaman mənə dayaq olub. Övladlarımla fəxr edirəm. Böyük qızım bu il ali təhsilini başa vurub Xarici İşlər Nazirliyində gənc diplomat kimi işə başlayıb, ikinci qızım BDU-da təhsil alır, üçüncü qızım orta məktəbdə oxuyur, oğlumun isə bu il 6 yaşı tamam olur, məktəbə gedəcək. Bu baxımdan Allahımdan çox razıyam ki, sağlam ailəm, gözəl övladlarım var.
   - Özünüz özünüzə nə arzulayardınız?
    - O qədər görməli işlərim, arzularım var ki, sayı-hesabı yoxdur. Bu işləri görmək, başa çatdırmaq üçün Allahımdan vaxt, möhlət istəyirəm...
   - “Mədəniyyət” qəzetinin kollektivi adından sizi ürəkdən təbrik edirik. Hər zaman səhnəmizdə olasınız!
   - Mən də sizə təşəkkür edirəm ki, “Mədəniyyət” qəzeti mədəniyyətimizlə bağlı heç bir hadisəni nəzərdən qaçırmır.
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar