Sərdar Fərəcov: “Üzeyir Hacıbəyli irsi o qədər zəngin və çoxşaxəlidir ki, onun barəsində nə qədər yazsaq, nə qədər veriliş, film çəksək, yenə də azdır”
   
   Üzeyir Hacıbəylinin 125 illik yubileyi ərəfəsində Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çəkilən “Əbədi iftixarımız” adlı yeni bədii-sənədli televiziya filmi ilk dəfə dahi bəstəkarın doğum günü - sentyabrın 18-də nümayiş olunacaq. Filmin ssenari müəllifi bəstəkar Sərdar Fərəcov, quruluşçu rejissoru Tahirə Hüseynovadır.
   Üzeyir bəyin həyat və yaradıcılığına dəfələrlə müraciət olunub, görəsən, “Əbədi iftixarımız” filmi hansı məziyyətləri ilə diqqəti çəkəcək, hansı yenilikləri ilə yadda qalacaq? Bu suallara cavab tapmaq üçün əvvəlcə filmin ssenari müəllifi, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovla görüşdük.
   
   
   Dünyanın nadir dühalarından biri
   
   - Sərdar müəllim, Üzeyir bəyin həyat və yaradıcılığına kifayət qədər bələd olan insanlardan birisiniz. Necə oldu ki, dahi bəstəkarın 125 illik yubileyi ərəfəsində belə bir ssenari yazmaq qərarına gəldiniz?
   
    - Üzeyir Hacıbəylini, onun yaradıcılığını tam dərk etmək, öyrənmək bir ömrə sığmayan işdir. Mən də çalışıram öyrənim, onun dünyasına bir qədər də yaxın olum, onu tam dərk etmək isə... ömrümün axırına kimi yəqin ki, bu mənə qismət olmayacaq. Çünki Üzeyir bəy həqiqətən də dünyanın nadir dühalarından biridir. Xalqının dahi övladı olmaqla yanaşı, o həm də Azərbaycan üçün böyük bir vətəndaş olub. Nə edibsə xalqının mənafeyi üçün edib. Hər kim ki, Üzeyir bəyi bir qədər dərk edir, onun istər sənətkar, istərsə də şəxsiyyət kimi böyüklüyünün, nəhəngliyinin şahidi olur. Çünki böyüklük Üzeyir bəyin əməllərindədir. Professional musiqimizin banisi, musiqili teatrın banisi, professional musiqi təhsilinin banisi, neçə-neçə musiqi kollektivinin yaradıcısı, eləcə də jurnalistika, dramaturgiya, müəllimlik sahəsində fəaliyyəti, bir insan kimi öz həmfikirlərinə, yoldaşlarına, dostlarına münasibəti, bunların hamısında nə isə bir qeyri-adilik, bir böyüklük olub. Bütün bunlar istər-istəməz Üzeyir bəyə qarşı sonsuz maraq yaradır və onun həyat və yaradıcılığını daha dərindən öyrənmək istəyirsən, əlbəttə ki, kimə nə qədər qismət olur...
   Mənə də qismət oldu ki, konservatoriyanı bitirib bəstəkar kimi Üzeyir Hacıbəylinin ev-muzeyinə gəldim, buranı seçdim. Burada əzəmətli bir sakitlik vardı. 1984-cü ildə məni muzeydə texniki işə götürdülər. Artıq 26 ildir ki, bu muzeydə çalışıram. O zaman isə mən cavan bəstəkar idim, salonda gözəl bir royal vardı, oxumaq üçün çoxlu kitablar, qəribə sakitlik... İşləmək üçün hər cür şərait olduğundan, ilk əsərlərim də elə burada yarandı. Məlumdur ki, Səməd Vurğun Üzeyir bəyə üç şeir həsr edib. Həmin üç şeirdən ikisini götürüb onların əsasında ilk əsərlərimdən birini - 17 dəqiqəlik “Diptix” - xor üçün konserti yazdım. Üzeyir bəyə birinci ithafım da bu əsər oldu.
   
   “Qu nəğməsi”
   
   Zaman keçdikcə Üzeyir bəy irsi ilə daha da yaxından tanış oldum, 1986-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində Üzeyir bəyin tar aləti, tədrisə gətirdiyi yeniliklərlə bağlı “Tar və onun tədrisi” adlı məqaləm çap olundu.
   Eyni zamanda illər ərzində bu muzeydə böyük mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, dünya şöhrətli sənətkarların Üzeyir bəyə ehtiramlarının şahidi oldum, söhbətlərini eşitdim. Elə söhbətlər ki, mətbuata sızmamışdı, çox adam bilmirdi. Hərdən bu söhbətləri yazırdım. İllər keçdi və məlum oldu ki, nə yaxşı bu söhbətləri, bu xatirələri yazmışam. İnsanın yaddaşı nəhayətsiz deyil, hər şeyi yadda saxlamaq olmur, zaman keçdikcə unudulur. Bu qeydlərim sonralar mənə çox kömək elədi. 2005-ci ildə Üzeyir bəyin son günlərindən bəhs edən “Qu nəğməsi” adlı radiopyes yazdım.
   - Bildiyimizə görə, “Qu nəğməsi” uğurlu radiopyeslərdən biridir və hər il Üzeyir bəy dünyasını dəyişən gün dövlət radiosunda səsləndirilir.
   - Bəli, elədir. Məni həmişə Üzeyir bəyin son, natamam qalan - “Firuzə” operası düşündürürdü. “Firuzə” operasından əlimizdə olan yeganə tam musiqi Firuzənin ariyasıdır. Bu ariya musiqi quruluşuna görə Üzeyir bəyin əsərlərindən seçilir. Hiss olunur ki, Üzeyir bəy necə ki, “Arşın mal alan”da yeni mərhələyə qədəm qoyub, “Aşıqsayağı”nı yazanda əvvəlki Üzeyir bəydən fərqlənib, eləcə də “Firuzə” operasında Üzeyir Hacıbəyli yeni bir mərhələyə qədəm qoymuşdu, yeni bir musiqi dili yaranırdı. Ancaq bu böyük sənət əsərini başa çatdırmaq ona qismət olmadı. Eşitdiklərimin və təxəyyülümün əsasında, “Firuzə” operasından qalan yeganə musiqi ətrafında “Qu nəğməsi” radiopyesini yazdım, 2006-cı ildə Azərbaycan radiosunda efirə getdi.
   Rejissor Tahirə Hüseynova “Qu nəğməsi” radiopyesinə qulaq asmışdı, təklif edəndə ki, film üçün ssenari yazım, bu təklifi məmnuniyyətlə qəbul etdim. “Koroğlu”, “Cavad xan” filmlərində bəstəkar kimi çıxış etmişəm, amma filmdə ssenarist kimi ilk işim idi. Tahirə xanım mənim məqalələrimlə də yaxından tanış oldu və rejissor kimi işə başladı. Ancaq musiqi seçimində gördüm ki, Tahirə xanım çətinlik çəkir. Üzeyir bəyin orkestrin, xorun ifasında məşhur musiqiləri var, hiss etdim ki, Tahirə xanım böyük bir kütləyə ünvanlanan yox, insanların daxili aləminə ünvanlanan bir film çəkmək istəyir.
   Mən o filmdə təkcə ssenari müəllifi yox, həm də musiqi məsləhətçisi oldum və Üzeyir bəyin simfonik musiqisini 4 alət üçün yenidən işlədim. Bu çox məsuliyyətli bir iş idi. Elə işləməlisən ki, simfonik əsərin verdiyi təsiri 4 alət verə bilsin. “Contempo” qrupunun rəhbəri Nizami Zeynalovla danışdıq, kirayəyə studiya götürdük, bu musiqini yazıb Tahirə xanıma təqdim etik.
   - Filmdə Üzeyir bəyin həyat və yaradıcılığından elə faktlar varmı ki, bu günə kimi geniş ictimaiyyətə təqdim olunmayıb?
   - Nəzərinizə çatdırım ki, “Şeyx Sənan” Üzeyir bəyin bir dəfə göstərilmiş və müəllif tərəfindən məhv edilmiş operasıdır. Onun haqqında mənim tədqiqatlarım var. Bu günə kimi belə bir fikir vardı ki, “Şeyx Sənan”dan heç bir musiqi qalmayıb. Bu filmdə ilk dəfə tamaşaçılar “Şeyx Sənan” operasından musiqi eşidəcəklər. Eyni zamanda, qeyd etdiyim kimi, illər boyu bu muzeydə Üzeyir bəylə bağlı maraqlı söhbətlərin şahidi olmuşam. Filmdə Üzeyir bəyin səxavəti, müharibə illərində neçə-neçə ailələri himayəsinə götürməyi, tələbələrə əl tutmağı haqqında faktlar öz əksini tapıb ki, əvvəl çəkilmiş filmlərdə Üzeyir bəyin bu tərəfləri göstərilməyib.
   Bundan əlavə, filmdə Üzeyir bəy - Mircəfər Bağırov, Üzeyir bəy - Stalin münasibətləri ilə bağlı bəzi maraqlı məqamlar var. Bu mənada filmin uğurlu alınması üçün əlimizdən nə gəlirsə etmişik, son sözü yəqin ki, tamaşaçılar deyəcəklər.
   - Üzeyir bəyin yubileyi münasibətilə yeni kitablar da hazırlayırsınız. Oxucularımıza bu barədə məlumat verməyinizi istərdik?
   - 20 il ərzində Üzeyir bəylə bağlı yazığım məqalələri “Üzeyir işığı” adlı bir topluda cəmləşdirib Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm, sağ olsunlar, nəşriyyata göndəriblər. “Üzeyir bəy müasirlərinin xatirələrində” adlı kitabım Heydər Əliyev Fondu tərəfindən çap olunacaq. “Şeyx Sənan” haqqında kitabım artıq hazırdır, eyni zamanda Üzeyir bəyin məktublarını çeşidləyib çap etdirmək arzusundayıq.
   İşlərimiz bununla bitmir, Üzeyir Hacıbəyli irsi o qədər zəngin və çoxşaxəlidir ki, onun barəsində nə qədər yazsaq, nə qədər verilişlər, filmlər çəksək, yenə də azdır. Çünki Üzeyir bəy bizim əbədi iftixarımızdır.
   
   * * *
   Tahirə Hüseynova:“Filmi çəkərkən başqa bir Üzeyir Hacıbəyli kəşf etdim”
   
   “Əbədi iftixarımız” filminin quruluşçu rejissoru Tahirə xanımla montaj otağında görüşdük və filmin ilk kadrlarını görmək bəndənizə də qismət oldu. İlkin təəssüratlarımı, sirr olsun deyə, sizinlə bölüşməyəcəyəm, inşallah, özünüz filmi izləyəcəksiniz. “Üzeyir bəydən film çəkməyə hazırlaşarkən bir rejissor kimi hansı hissləri keçirdiniz?” sualına isə Tahirə xanım belə cavab verdi: “Böyük məsuliyyət hiss etdim. Bu filmi çəkməyə hazırlaşarkən istər-istəməz Üzeyir bəyin dünyasına daxil oldum və özüm üçün başqa bir Üzeyir Hacıbəyli kəşf etdim. Eyni zamanda qürur hissi keçirdim”.
   
   Üzeyir bəyin daxili aləmini ifadə edən, onun oxşarı olan aktyor tapmaq çətin olsa da, rejissor filmdə Üzeyir bəyin vizual obrazını canlandırmağa nail olub. Üzeyir Hacıbəyli obrazını filmdə Xalq artisti Ramiz Məlik canlandırır.
   Tahirə xanım bildirdi ki, 3 ay müddətində çəkilən filmdə Üzeyir bəyin həyatının maraqlı anlarına toxunulub. Çəkilişlər Şirvanşahlar saray kompleksində və Ü.Hacıbəylinin ev-muzeyində aparılıb. Filmin quruluşçu operatoru Zahid Bağırov, quruluşçu montajçı Hüseyn Hüseynovdur.
   Filmin yaradıcı heyətini bəri başdan təbrik edirik, çünki filmdə Üzeyir bəyin həyat və yaradıcılığı barədə elə məqamlar, elə anlar var ki, tamaşaçılar bu barədə ilk dəfə məhz bu filmdən məlumat alacaqlar. Filmin musiqisi isə hər kəsi Üzeyir dünyasına aparacaq. İnanırıq ki, böyük məhəbbətlə qələmə alınan və böyük məsuliyyətlə çəkilən “Əbədi iftixarımız” bədii-sənədli televiziya filmi Üzeyir Hacıbəylinin 125 illik yubileyində bəstəkarımızın ruhunu şad edəcək, sənətsevərlərə isə ən yaxşı hədiyyə olacaq.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar