Professor Adilə Əliyeva: «Mən musiqi ilə yaşayıram, musiqi insan qəlbinin dilidir»
   
   Avropanın tanınmış musiqişünasları onu «fortepianonun şahzadəsi» adlandırırlar. Söhbət virtuoz pianoçu, beynəlxalq müsabiqələr laureatı, soydaşımız Adilə Əliyevadan gedir. Keçdiyi həyat yolu çox maraqlıdır: Azərbaycanda doğulub, Rusiyada məşhurlaşıb, Fransada isə fenomenə çevrilib. Onun ifasında sehrli cazibə, ali eşq hiss olunduğu bildirilir. Məşhur pianoçu, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva hazırda Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Uzun müddət ölkəmizdən kənarda yaşamasına baxmayaraq, Azərbaycan onun üçün çox doğmadır. Elə bizimlə söhbətə də Bakı ilə bağlı xatirələrlə başladı:
   
   - Mən Bakıda doğulmuşam, bu şəhər ilk konsertlərimin, ilk məhəbbətimin və ilk ümidlərimin yeridir. Anam çar Rusiyasının kübar təbəqəsindən olan qraf Konstantin Nikolayeviç Xudikovun qızı olub. Babam tanınmış həkim olub. 1917-ci ildə Rusiyada inqilab baş verəndən sonra Azərbaycana gəlib. Burada tibb sahəsində çalışıb, həmin dövrdə Qarabağda vəba epidemiyası olub. Babam bu xəstəliklə mübarizədə fədakar fəaliyyət göstərib. Lakin özü də bu xəstəliyə yoluxub və özünü yandırıb. Atama gəlincə, o, uşaqlıqdan musiqiçi olmaq istəsə də, mühəndis peşəsinə yiyələnib. Bununla belə, həyatı boyu musiqi vurğunu olub.
   
   - Deməli, musiqiyə gəlişiniz sizə irsən, atanızdan keçib...
   - Gözümü açandan evimizdə piano görmüşəm. Valideynlərimin musiqiyə olan məhəbbəti məndə də çox erkən musiqiyə, ifaçılığa maraq oyadıb.
   Yadımdadır, anam hər səhnə çıxışım üçün ən yaxşı geyim hazırlayırdı. Sanki mənim hər ifam xüsusi bir hadisə idi. Həyəcan keçirsəm də, atam həmişə deyərdi ki, bu sənin işindir və həyəcanlanmaq üçün əsas yoxdur. Moskvaya oxumağa gedəndə cəmi 15 yaşım var idi. İlk vaxtlar mənim üçün çox çətin idi, ata-anamdan, ailə qayğısından uzaq düşmüşdüm. Lakin Moskvada çoxlu dost tapdım və ən əsası, yüksək təhsil aldım, öz peşəm üzrə ixtisaslaşdım. Moskvada qocaman professor Nehausun sinfində təhsil alırdım. O, çox yaşlı idi, ondan məşhur pianoçular Svatoslav Rixter, Emil Gilels, Yakov Zak dərs alırdılar. Hər gün səhər saat 6-dan 8-dək pianoda məşğul olurdum. Sonra isə məktəbə gedirdim. Müəllimlərimiz çox ciddi və tələbkar olublar. Bu məktəb bütün keçmiş SSRİ məkanında yeganə idi və cəmi 15 nəfər pianoçu təhsil alırdı.
   
   - Bəs necə oldu ki, musiqi yaradıcılığınızı Avropada davam etdirmək qərarına gəldiniz?
   - 1990-cı ildə İsveçrəyə qastrol səfərinə getmişdim. Həmin səfərdə mənə gözlənilmədən belə bir təklif etdilər ki, İsveçrədə qalıb həm müəllimə, həm də pianoçu kimi çalışım. Bu təklifi qəbul etməyim məni sanki yeni bir həyata atdı. Bu, həm də mənə İsveçrə dinləyicilərini görkəmli Azərbaycan bəstəkarları - Tofiq Quliyev, Arif Məlikov, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Oqtay Rəcəbovun yaradıcılıqları ilə tanış etmək imkanı verirdi. Həmin vaxtlar mən öz konsert proqramlarımda Azərbaycan klassik musiqisini təbliğ edə bildim. Eyni zamanda hiss edirdim ki, Azərbaycan klassik musiqisi yerli dinləyicilərdə böyük maraq yaradır. Bu isə məni çox sevindirirdi.
   
   - Sonra sizin Fransa həyatınız başlandı...
   - Bilirsiniz, Fransada qalmağım da təsadüfən oldu. Bu ölkəyə qastrol səfərim zamanı Anti şəhərinin meri mənə müqavilə ilə işləmək təklifi etdi. Sonra isə iş elə gətirdi ki, Fransada qalıb işləməli oldum. Mən çox sevinirəm ki, Fransada Marsel Landovski, Loran Fitjeral kimi orkestr rəhbərləri var. Bundan başqa, görkəmli musiqiçi və bəstəkar dostlarım olduğu üçün özümü çox xoşbəxt sayırdım. Həmişə düşünmüşəm: əgər mənim yaradıcılığım dinləyicilərə xoşdursa, deməli fəaliyyətimin faydası var və yaşamağa dəyər.
   
   - Məqsədə çatmaq, özünüzü bütün dünyada virtuoz musiqiçi kimi təsdiq etmək sizi uzun illər vətəndən, doğmalarınızdan uzaqda saxladı, 20 il sonra Azərbaycana qastrol səfərinə gəldiniz. Belə çıxır ki, incəsənət sizin üçün həyatda çox şey deməkdir?
   - Mənim aləmimdə incəsənət reallıqdan üstündür. Müəyyən yaşa çatanda düşünürsən ki, bütün problemləri kənara atsaq, həyat necə gözəl olardı. Musiqi vasitəsi ilə sanki xəyallara qatılırsan, gələcəyini düşünürsən, ümidlərə arxalanırsan. Mən musiqi ilə yaşayıram, musiqi insan qəlbinin dilidir. Musiqi vasitəsi ilə insanlarla ünsiyyət yaradıram və ümid edirəm ki, mənim ifam dinləyicilərə həzz verir və bu, mənə xoşdur. Klassik musiqi müxtəlif yaş həddlərinə aid olan insanların marağını cəlb edir və biz musiqiçilərin məqsədi bu marağı zənginləşdirməkdir. Qüsursuz ifaçılığa nail olmaq asan deyil. Hesab edirəm ki, mənim hər səhnədə çıxışım inkişafa doğru növbəti addımdır. Mənim üçün incəsənət tamam başqa bir aləmdir. Hələ heç vaxt bir ifam növbəti ifaya bənzəməyib. Çünki hisslər və təsəvvürlər dövr edərək dəyişir. Lakin əsası odur ki, sonda məqsədinə çatasan.
   Musiqi mənə güc verir, dostlar qazandırır. Digər ölkələrdə də insanlar məhz musiqi vasitəsilə bir-birləri ilə əlaqə yaradır, ünsiyyət qururlar. İnsanlar musiqini sevirlər. Azərbaycanda da hazırda musiqiyə böyük diqqət və qayğı var. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da musiqini çox sevir və dəyərləndirir. Ümumiyyətlə, Azərbaycanda yaxşı musiqini sevirlər və deyim ki, mən Bakıda hər gün rəqs edirəm. İnsanlar da çox xoşuma gəlir.
   
   - Siz həm də beynəlxalq musiqi müsabiqəsi keçirirsiniz. Maraqlıdır, bu müsabiqənin özəlliyi nədir?
   - Bu müsabiqənin xüsusiyyəti ondan ibarətdir ki, iştirakçılar iki kateqoriyaya bölünürlər: gənc ifaçılar və peşəkarlar. Buna baxmayaraq gənc ifaçı da peşəkar ola bilər və iştirakçıların hamısı müxtəlif səviyyədə öz bacarıqlarını göstərirlər.
   Müəllim peşəsi mənə gənc musiqiçilərlə ünsiyyətdə olub tanınmaq imkanı verir. Tələbələr sanki öz suallarına cavab axtarmaq üçün sənin yanına gəlirlər və sən haradasa həkim rolunu oynayırsan, diaqnoz qoyub xəstəliyi müəyyən edirsən. Hər tələbə fərdiliyi ilə seçilir. Bizim ünsiyyətimiz və yanaşmamız isə peşəkardır. İfaçılıq texnikası əl, bədən hərəkətlərinin, düşüncələrin azadlığını təşkil edir.
   
   - Uzun illər vətəndən uzaqda yaşamısınız. Bakıya gələndə hansı hissləri keçirirsiniz?
   - İstər mən, istərsə də İsveçrədə yaşayan qardaşım Nadir hər zaman Bakı üçün darıxmışıq. Biz atamızla həmişə Azərbaycan dilində danışmışıq. Qardaşım və mən həmişə Bakını xatırlamışıq. Bakı günü-gündən gözəlləşir. Avropada belə təsəvvür var ki, Bakı əfsanəvi bir şəhərdir. Artıq 20 ilə yaxındır ki, Avropada gərgin konsert proqramları ilə çıxış edirəm. Lakin ötən il doğma Bakımda konsert proqramı ilə çıxış edərkən zalı tamaşaçı ilə dolu görəndə və onların isti münasibətini hiss edəndə özümü çox xoşbəxt hiss etdim.
   
   - İfalarınızda doğma vətəni necə təbliğ edirsiniz?
   - Pianoda Qarabağ mövzusunda çoxlu musiqi parçaları, gözəl paytaxtımız Bakının gözəlliklərini vəsf edən əsərləri ifa etmişəm. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Parisdə, UNESCO-da keçirilən tədbirə məni şəxsən dəvət etmişdi. Bundan əlavə, Dünya Azərbaycanlıları Konqresinin İsveçrədə təşkil etdiyi konsertdə Azərbaycan musiqi nümunələrindən ifalar etdim və bu, qeyri-adi maraqla qarşılandı. Ötən il Dünya Azərbaycanlılarının Konqresində mən də iştirak etdim. Tanınımış Azərbaycan bəstəkarı Arif Məlikov mənim keçirdiyim müsabiqədə münsiflər heyətinin fəxri üzvdür. Musabiqə iştirakçıları arasında azərbaycanlılar da olur.
   
   - Uzun illər Avropada yaşamağınıza baxmayaraq geyim tərzinizdə bir azərbaycanlı xanım olaraq dəyişməmisiniz. Maraqlıdır, bəs səhnədə çıxış edərkən geyim stiliniz necə, həmişə eyni olur, yoxsa fərqli?
   - Düşünürəm ki, hər bir bəstəkarın mahnısına görə, stili dəyişmək lazımdır. Məsələn, klassik musiqi üçün klassik, müasir musiqi üçün müasir geyinmək lazımdır. Alman musiqisini ifa edən zaman başqa, Azərbaycan musiqisi üçün başqa stillər lazımdır.
   
   - Adilə xanım, Azərbaycan və Fransa musiqiçiləri arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz? Azərbaycan musiqisinin gələcəyini necə görürsünüz?
   - Azərbaycanın Fransadakı səfirliyi bu sahədə yaxşı fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirilir. Bizim musiqimiz Avropada, o cümlədən Fransada tanınır və sevilir. Qeyd etdiyim kimi, Azərbaycanda dövlət səviyyəsində mədəniyyətin inkişafına, o cümlədən musiqiyə böyük diqqət və qayğı var. Ölkənin birinci xanımının bu sahədə fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bu fəaliyyət Avropada da geniş rəğbətlə qeyd olunur.
   Ümumiyyətlə, Azərbaycanda yaxşı musiqini sevirlər və mən Bakıda olduğum müddətdə bunu hər gün görür, hiss edirəm. Bir sözlə, Azərbaycan musiqisi, musiqi sənəti uğurla inkişaf edir və onun gələcəyi üçün narahat olmağa dəyməz.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar