Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu: «Azərbaycanın tarixi, mədəniyyəti haqqında daha çox öyrənməyə çalışıram»
Keçmiş Sovet İttifaqının digər respublikaları kimi, Moldova da öz müstəqilliyini 1991-ci ildə əldə edib. Azərbaycanla Moldova arasında hələ sovet dövründə mövcud olan sıx münasibətlər müstəqillik dönəmində yeni inkişaf yolu keçib. Bu günlərdə ölkəmizdə diplomatik fəaliyyətə başlayan səfir İqor Bodiu ilə söhbətimizdə Azərbaycan-Moldova münasibətlərinin mövcud vəziyyəti, ölkələrimiz arasında mədəni əlaqələr və s. mövzulara toxunduq.
- Cənab səfir, Azərbaycanla Moldova arasında münasibətlərin bugünkü səviyyəsini necə dəyərləndirmək olar?
- Azərbaycanla Moldova arasındakı münasibətlər ənənəvi xarakter daşıyır. Keçmiş Sovet İttifaqına daxil olan respublikalar olaraq biz bir-birimizi çoxdan tanıyırıq, həmişə yaxşı əməkdaşlığımız olub. Müstəqillik qazandıqdan sonra respublikalarımız bu əlaqələri daha da inkişaf etdirmək imkanı əldə etdilər. Siyasi, iqtisadi, mədəni əməkdaşlıq gücləndi, qarşılıqlı diplomatik korpuslar açıldı. Bu gün dostluq, qardaşlıq xarakterli əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir.
- Mədəniyyət insanları birləşdirən dəyərdir. Ölkələrimiz, xalqlarımız bu dəyərdən necə faydalana bilir?
- Mədəni əlaqələr bizim münasibətlərimizdə dinamik inkişaf edən istiqamətlərdəndir. 2007-ci ildə Moldovada «Azərbaycan mədəniyyət günləri» keçirildi. 2008-ci ilin aprelində isə Azərbaycanda təşkil olunan «Moldova mədəniyyəti günləri»ndə 120-dən çox sənət adamının iştirakı ilə böyük proqram həyata keçirildi. Konfranslar, müxtəlif festivallar, məktəblilərin olimpiadası və bu kimi tədbirlər vasitəsilə əlaqələr daha da möhkəmlənir.
- Moldovanın Bakıdakı səfirliyi bu əlaqələrin inkişafında necə rol oynayır?
- Ölkələrarası əlaqələrin inkişafında səfirliyin rolu vacibdir. Çünki biz səfirlik olaraq ölkədə fəaliyyət göstəririk, müxtəlif nazirliklər, təşkilatlarla əlaqələrimiz var. O cümlədən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə şəxsən tanışam. Onunla Azərbaycanda «Moldova mədəniyyəti günləri»nin hazırlanması zamanı tanış olmuşam. Biz daim əlaqə saxlayır və yeni əməkdaşlıq sahələri, ideyalar axtarırıq. Hər hansı festivalın, müsabiqənin, tədbirin keçirilməsi səfirliyimiz vasitəsilə baş tutur, bütün informasiyalar bizdən keçir. Səfirlik hər zaman mədəni tədbirləri diqqətdə saxlayır. Məsələn, mən bu yaxınlarda Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalına rəsmi nümayəndə olaraq dəvət olunmağımdan şərəf duyuram. Bu festivaldan böyük zövq aldım.
Mədəniyyət geniş sahə olduğundan hər zaman yeniliklər tapmaq mümkündür. Məsələn, biz diasporamızla fəal işləyirik. Çünki diaspora bizim ölkəmizin həm etnik, həm də mədəni tərkibidir. Moldovada güclü Azərbaycan diasporu mövcuddur. Onun rəhbəri mənim dostum Vüqar Novruzovdur. O, bu yaxınlarda Moldovanın Qloria Munçi ordeninə layiq görülüb. Biz bir-birimizlə ünsiyyətdə oluruq, insanlar bir-birini tanıyır, bu da özlüyündə mədəni əməkdaşlığın bir sahəsidir.
- Cənab səfir, qeyd etdiyiniz kimi, respublikalarımız uzun müddət Sovet İttifaqının tərkibinə daxil olub. Bu səbəbdən bir-birimizin tarixi, mədəniyyəti haqqında müəyyən məlumata malikik. Maraqlıdır, Azərbaycana gələnə qədər ölkəmiz, onun insanları haqqında nələri bilirdiniz?
- Azərbaycanla tanışlığım uzun illər öncə, Sovet Ordusunda xidmət etdiyim illərdə olub. Xidmət etdiyim hərbi hissədə azərbaycanlılar da var idi. Hətta onların arasında bir talış da var idi və mən hələ o zaman bilirdim ki, Azərbaycan çoxmillətli respublikadır. Moldovada da müxtəlif millətlər, o cümlədən türk dil qrupuna daxil olan qaqauzlar yaşayır. Moldovada qaqauzların muxtariyyəti də var. Çoxlu qaqauz azərbaycanlı ilə ailə qurub. Bu baxımdan qaqauzlar Moldova ilə Azərbaycan arasında körpüdür. Necə deyərlər, sənin qardaşın mənim də qardaşımdır.
Hələ buraya gəlməzdən öncə işimlə əlaqədar Azərbaycanda baş verən proseslər haqqında müxtəlif məlumatlar əldə etmişəm. Amma deyirlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Nəhayət, ölkənizi öz gözümlə gördükdən sonra təəssüratım zənginləşdi.
- Burada olduğunuz müddətdə ölkəmiz, onun insanları sizdə hansı təəssüratı yaradıb?
- Səfir postuna yeni təyin olunmağıma baxmayaraq, iki il səfirlikdə məsləhətçi kimi çalışmışam. Ölkənizlə ilk tanışlıqdan buradakı dinamik inkişafdan, maraqlı Şərq koloritindən çox təsirləndim. Bu müddətdə ölkəniz haqqında daha ətraflı məlumat əldə etmişəm. Regionlara çox səfər etmişəm, iqliminizi, dağlarınızı, təbiətinizi, mətbəxinizi bəyənirəm. Bir sözlə, özümü Azərbaycanda çox rahat hiss edirəm.
Yadımdadır ki, 2008-ci ildə Bakıya gələndə səhər yenicə açılırdı. Biz Şəhidlər xiyabanına getdik və həmin yerdən şəhərə açılan gözəl mənzərəni seyr etdik. Psixoloqlar deyir ki, ilk təəssürat daha parlaq olur. Əlbəttə sonra iş, şəhərlə, insanlarla tanışlıq başlandı. Bakı mənim və ailəmin çox xoşuna gəlir. Məsələn, qızım Bakıda orta məktəbdə təhsil alır. Ona görə də burada özümüzü çox rahat hiss edirik və təəssüratlar bitib-tükənmir. Hər zaman özümüz üçün yeni region kəşf edirik. Məsələn, Qəbələ sanki təbiət mirvarisidir, o mənə Bavariyadakı Alp dağlarını xatırlatdı. Belə bir festivalın gözəl məkanda keçirilməsi ideyası sadəcə müdriklik nümunəsidir. Eyni zamanda festivalın təşkilatçılığı, orada təqdim edilən Azərbaycan mətbəxi sizin ölkənizin potensial turizm imkanlarından xəbər verir. Əlbəttə, bütün bunlarla yanaşı, turizm üçün yaxşı infrastruktur qurmaq, rəqabət aparmaq lazımdır. O zaman sizin ölkəniz dünyada daha çox tanınar və dünyanın hər yerindən turist cəlb edər.
- Mədəniyyətimiz, tariximiz haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Mənim birinci ali təhsilim tarix olduğundan həmişə bu sahə ilə maraqlanmışam. Azərbaycan tarixini kifayət qədər bilməsəm də, yeni tarixinizi öyrənmişəm. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının tarixi haqqında məlumatım var. Həmin vaxt Moldovada da eyni proseslər gedirdi: müstəqil demokratik respublika yarandı və süqut etdi. Milli Azərbaycan Tarixi Muzeyində olmuşam. Bu ziyarət məndə dərin təəssürat doğurub. Eyni zamanda Bakıdakı bir sıra tikililərin forması məndə böyük maraq yaradır. Məsələn, Beynəlxalq Muğam Mərkəzinin forması, onun tərtibatı olduqca maraqlıdır. Tarixi bilmədən baş verənləri də qiymətləndirmək olmaz. Bu baxımdan Azərbaycan tarixi, mədəniyyəti haqqında daha çox öyrənməyə, yeni nəşrləri tez-tez oxumağa çalışıram.
- Cənab səfir, boş vaxtlarınızda Bakıda hansı görməli və maraqlı yerləri gəzməyi sevirsiniz?
- Diplomat kimi Bakıya gəldiyim ilk günlərdə əvvəlcə maşınla şəhərin istiqamətlərini öyrənməyə çalışırdım. Məsələn, ailəmlə birlikdə tez-tez teatra, operaya, konsertə gedirik. Filarmoniya, Muğam Mərkəzi də tez-tez olduğum məkanlardır. Bütün mədəniyyət tədbirlərindən xəbərdaram və hamısında iştirak etməyə çalışıram. Xanımım və qızım şəhərin mərkəzini, xüsusilə də Fəvvarələr meydanını çox xoşlayırlar. Biz tez-tez Şəhidlər xiyabanına, Dənizkənarı Milli Parka gedirik. Bulvar axşamlar xüsusilə gözəl görünür. Qədim şəhəri gəzərkən xüsusi kolorit aşkar edirsən. Bakıda insanlar mehriban, sakit və qonaqpərvərdir. Bütün bunlar xoşumuza gəlir.
- Burada olduğunuz illər sizə imkan verir ki, xalqlarımız arasında oxşar və fərqli cəhətləri təyin edə biləsiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Deyərdim ki, xalqlarımız çox oxşardır. Qonaqpərvərdirlər, musiqini, öz mədəniyyətlərini, folklorlarını çox sevirlər. Gözəl geyimdə toya getməyi xoşlayırlar, açıqqəlblidirlər. Bunlar moldovan və azərbaycanlıların oxşar cəhətləridir.
- Cənab səfir, Qəbələyə səfər təəssüratınızdan danışdınız. Azərbaycanın daha hansı regionlarına səfər etmək imkanınız olub?
- Əvvəlcə deyim ki, biz moldovanlar yaşıllığı çox sevirik. Bu baxımdan dağlıq, yaşıllıq, təmiz havası olan regionlardan Şəki, Şamaxı, Qəbələ daha çox xoşuma gəlir. Sevindirici haldır ki, Bakıda da son vaxtlar çoxlu parklar salınır.
- Milli mətbəximizlə aranız necədir?
- Yeməkləriniz çox xoşuma gəlir. Lüləkababı çox bəyənirəm. Bizdə də buna oxşar yemək var, amma onu donuz ətindən hazırlayırlar. Məsələn, qutabı Moldovada da bişirirlər, amma bu Azərbaycanda fərqli hazırlanır. Moldova mətbəxində göyərti və tərəvəzdən çox istifadə edirlər. Təəssüf ki, bizim ölkəmizdə balıq azdır. Azərbaycan balıqla zəngindir və onu çox dadlı bişirirlər. Bir sözlə, Azərbaycan mətbəxini bəyənməmək olmaz.
- Azərbaycanı tərk edərkən xatirə olaraq özünüzlə nə götürəcəksiniz?
- Deyirlər, insanın güman etdiyi ən böyük kapital onun xoş xatirələridir. Düşünürəm ki, Azərbaycanla bağlı belə kapitalı qazanmışam. İlk öncə, bir yerdə çalışdığım, hər gün görüşdüyüm insanları xatırlayacağam. Moldovada belə bir misal var: «Səni Allah ata və anana hədiyyə edib, dostların isə sənin öz seçimindir». Ona görə də ən böyük təəssürat insanlarla bağlı olacaq. Xəzər dənizi, dağlar və gördüyüm bütün gözəl yerlər mənim Azərbaycanla bağlı gözəl xatirələrimdir.
Mehparə Sultanova