İşıq Soytürk: «Arxeoloji qazıntılar heç kimə bəlli olmayan ərazini, geniş tanınmayan yeri turizm obyektinə çevirir»
   
   Hər bir xalqın qədim tarixə malik olduğunu dünyaya sübuta yetirən tutarlı əsas ilk öncə onun maddi-mədəni nümunələridir. Tarixin daşlaşmış yaddaşını araşdıran arxeologiya elmi digər elmlərlə müqayisədə nisbətən gəncdir, əsasən XIX əsrdə təşəkkül tapıb. Həmin dövrdə Qərb arxeoloqları tərəfindən bir sıra Şərq ölkələrində aparılan tədqiqatlar minilliklərlə torpaq altında qalan qədim mədəniyyətlərin izlərini üzə çıxardı.
   
   Azərbaycanda da ilk arxeoloji qazıntılar XIX əsrin sonu - XX əsrin əvvəlinə təsadüf edir. Sonrakı illərdə respublikamızda arxeologiya ayrıca elm sahəsi kimi inkişaf yolu keçib. Onu da qeyd edək ki, 90-cı illərdə ölkəmizin məhdud iqtisadi-maliyyə imkanları, digər elm sahələri kimi, arxeoloji tədqiqatlara da yetərli vəsait ayrılmasını mümkünsüz edirdi. Son illərdə isə bu sahəyə dövlət tərəfindən geniş diqqət ayrılır, Azərbaycan arxeoloqlarının beynəlxalq əlaqələri, əcnəbi həmkarları ilə işbirliyi genişlənir. Respublikamızın bir sıra regionlarında həyata keçirilən beynəlxalq arxeoloji ekspedisiyalar da buna sübutdur.
   Bu günlərdə Bakıda qonaq olan Türkiyənin tanınmış arxeoloqu İşıq Soytürklə söhbətimiz də arxeologiya elminin inkişafı, bu sahədə müştərək layihələr, əməkdaşlıq imkanları barədədir.
   - İşıq xanım, hazırda Türkiyədə arxeologiya elminə, arxeoloji tədqiqatlara nə dərəcədə önəm verilir?
   - Türkiyədə hələ cümhuriyyətin ilk illərindən bu sahəyə böyük önəm verilib. Mustafa Kamal Atatürkün əmri əsasında Alacahöyükdə ilk qazıntı işləri aparılıb. Ondan sonra hər bölgədə arxeoloji muzeylər qurulub. Hazırda Türkiyədə həm yerli, həm də əcnəbi arxeoloqlar tərəfindən 100-dən çox yerdə qazıntı işləri aparılır. Bu tədqiqatlara maraq da böyükdür. Arxeoloji qazıntılar aparılan yerlər barədə mətbuatda yazılar verilir, televiziyalar bu yerlərlə bağlı turizm yönümlü filmlər çəkir.
   - Azərbaycan arxeoloqlarının fəaliyyəti barədə necə, məlumatınız varmı?
   - Bakıya ilk dəfədir ki, gəlirəm. Düzü, Azərbaycan arxeologiyası ilə bağlı elə bir araşdırma aparmamışam. Amma internetdə bəzi məlumatlarla tanış olmuşam. Yeri gəlmişkən, türkiyəli arxeoloqlar Naxçıvanda azərbaycanlı həmkarları ilə birgə qazıntılar aparırlar. Bu barədə qəzetlərdə, televiziyalarda məlumatlar verilirb. Burada olduğum müddətdə muzeyləri gəzmək istəyirəm.
   - Arxeologiya ilə nə zamandan maraqlanmağa başladınız?
   - Universitet illərindən bu sahə ilə məşğul olmağa başlamışam. Tələbə ikən arxeoloji qazıntılara gedirdim və elə o zamandan bu fəaliyyətim davam edir. Türkiyədə sıravi vətəndaşların da arxeologiyaya böyük marağı var. Onlar üçün arxeoloji qazıntı dəfinə tapmaq kimi bir şeydir. İnsanlar bu sahəyə o qədər maraqlıdırlar ki, bəzən dövlətdən icazə almadan da qazıntı işləri aparılır. Təbii ki, bu, qadağandır. Çünki Türkiyə arxeoloji baxımdan çox zəngindir. Ölkəmizdə 40 min arxeoloji məkan, o cümlədən çoxlu antik yerlər var.
   - Əgər qazıntılar zamanı arxeoloji baxımdan dəyərli olan bir ərazi aşkara çıxarılırsa, bu, dövlət tərəfindən necə qorunur?
   - Belə ərazilər, təbii ki, mühafizə olunur. Bəzən çox böyük antik kəndlər, qədim teatr, bazar meydanları aşkara çıxdıqda, bunlar «Açıq səma altında muzey» statusunda qorunur. Amma bəzən ucqar yerlərdə aşkar edilən qədim yaşayış məskənləri var ki, orada elə bir mühafizə olmur. O zaman yerli əhali orada istədikləri kimi qeyri-qanuni qazıntı işləri aparır.
   - Bəs dövlətin belə qanunsuz qazıntı işlərinə münasibəti necədir?
   - Türkiyədə qüvvədə olan «Qədim əsərlər haqqında» qanuna görə, torpağın altındakı bütün sərvətlər dövlətə məxsusdur. Lakin əgər antik şəhər yeri olmayan ərazidə vətəndaş da qazıntı işləri aparmaq istəyirsə, arxeoloqlar həmin əraziyə baxıb təsdiq etməlidirlər ki, bu, həqiqətən də antik yaşayış yeri deyil, burada qazıntı işləri aparıla bilər. O zaman dövlət onlara icazə verir. Amma həmin arxeoloji tədqiqatı bu işi görənin özü maliyyələşdirir. Qanuna görə, qazıntı zamanı nə isə çıxarsa, həmin adama məxsus olur. O həmin əşyaları muzeyə aparır və muzey də dəyərini müəyyən edib pulunu ödəyir.
   Bir də Türkiyədə kolleksiyaçılıq var. Kolleksiyaçı olmaq istəyən şəxs muzeyə gedib qeydiyyatdan keçməlidir. Bundan sonra o, əldə etdiyi antik əşyaları evində saxlaya bilir. Sual oluna bilər ki, kolleksiyaçıya bu əsərlər haradan gəlir? Əlbəttə ki, müxtəlif yerlərdə aparılan qanunsuz qazıntılardan. Amma qədim əşya bir şərtlə kolleksiyada saxlanıla bilər ki, o, ölkədən kənara çıxmasın. Əks halda bu, oğurluq hesab olunur. Beləliklə,qanunlar hər bir məsələni düzənləyir.
   - Türkiyədə yerli arxeoloqlarla yanaşı, əcnəbi mütəxəssislər də tədqiqatlar aparır. O halda tapılan nümunələrin ölkədən çıxarılmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?
   - Əvvəlcə onu deyim ki, əcnəbi arxeoloq heyəti maliyyə baxımından özləri-özlərini təmin edirlər. Aşkar olunan əşyaları isə Türkiyədə muzeyə təhvil verməlidirlər. Hər bir əcnəbi qazıntı heyətində bir və ya bir neçə yerli mütəxəssis də olur. Amma vaxtilə, kim bilir, əcnəbi arxeoloqlar Türkiyədən nə qədər antik əsəri aparıblar. Dünya muzeylərində Anadolu torpaqlarından tapılmış minlərlə eksponat buna sübutdur. Amma indi qanunlar buna imkan vermir.
   Digər tərəfdən, əcnəbi arxeoloqların Türkiyədə çalışmasının müsbət tərəfləri var. Məsələn, yaponlar Türkiyədə gözəl yapon evləri və bağçaları salıblar. Deməli, bu həm də mədəniyyətlərin qovuşmasıdır. Arxeoloji qazıntılar heç kimə bəlli olmayan ərazini, geniş tanınmayan yeri bir anda turizm obyektinə çevirir. Orada kafelər, restoranlar açılır, beləcə yerli əhali də işlə təmin olunur.
   - Maraqlıdır, Türkiyədə 40 min arxeoloji yerdə aparılan qazıntılar necə təsnifatlaşdırılır?
   - Ümumiyyətlə, Anadolu arxeologiyası yeni daş dövründən başlayır. Sonra Urartu, Lidiya, İonlar, Roma, Bizans, Səlcuq, Osmanlı və nəhayət, Türkiyə Cümhuriyyəti dövrü ilə təsnifatlaşdırılır. Bu gün bütün bu dövrlər üzrə arxeoloji qazıntı işləri aparılır.
   - Bu gün turizm dunyada bəlkə də neftdən sonra ikinci gəlir gətirən sahədir. Arxeologiya Türkiyənin turist axınına necə təsir göstərir?
   - Çox böyük təsir göstərir. Türkiyədəki antik şəhərləri, muzeyləri hər il yüz minlərlə əcnəbi turist gəzir. Son zamanlar yerli turistlərin də bu yerlərə marağı artıb. Əgər Türkiyədəki 40 min antik mərkəzin hamısı tanıdılsa, ölkəyə çox böyük gəlir gələr. Çünki Türkiyə antik yerlər, tarixi gözəlliklər arasından çox zəngin görünür.
   
   Mehparə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar