...Həyatda olduğu kimi, səhnədə də bəxti gətirən və bəxti gətirməyən sənətkarlar var. Müsahibimiz sənətdə həm bəxti gətirən, həm də bəxti gətirməyən aktyordur. Bəxti onda gətirib ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində 100-dək rol oynayıb, 20-dən çox tamaşaya quruluş verib, 70-ə yaxın filmdə çəkilib. Bəxti onda gətirməyib ki, rusdilli teatrda çalışıb, Azərbaycan tamaşaçısı onu az tanıyıb, böyük rollar üçün yaransa da, ömrünün hansı məqamındasa səhnədən uzaqlaşıb. Ancaq o, oynadığı bütün rolları ürəklə yaradıb: “Qarşıma məqsəd qoymamışdım ki, məşhurlaşım, ad alım, mən sadəcə oynayırdım...” 
      
   ...Onunla müsahibə üçün vədələşdiyimiz gün Bakıda o ki var yağış yağdı. Şıdırğı yağış bir çoxlarımızın iş-güc planlarını da pozdu. Amma həmin günə nəzərdə tutduğumuz müsahibə təxirə salınmadı. Aktyor, rejissor, prodüser, müəllim, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyevlə yaradıcılıq yolundan, səhnədə yaratdığı rollardan, bir sözlə, sənətdən danışdıq...
   
   Rafiq Əliyev 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olsa da, hələ uşaq ikən atasının işi ilə bağlı ailəliklə Bakıya köçürlər. O dövrdə rus dilinə böyük önəm verildiyindən, atası oğlunu rusdilli məktəbə qoyur. Rus dilində bir kəlmə bilməyən Rafiq üçün ilk sınaq ağır olur. Özü demişkən, çabalaya-çabalaya rus dilini öyrənir, orta məktəbi də yaxşı qiymətlərlə başa vurur. Ancaq atasının prokuror, anasının həkim görmək istədiyi övladları sonda ürəyinin səsinə qulaq asır, incəsənəti seçir...
   - Orta məktəbdə oxuyanda bir dəfə dostlarımla Fioletov adına kluba getdik və ilk dəfə orada Həsən Əblucla tanış oldum. O, rus dərnəyinə rəhbərlik edirdi. Bu dərnəyə iki-üç dəfə gedib gələndən sonra, həyatımı həmişəlik teatra bağladım...
   
    Sənət axtarışı
   
   İllər keçəcək, sənət axtarışına çıxan Rafiq Əliyevin yolları şimaldan - Kiyev, Moskva, Leninqraddan düşəcək, hərbi xidməti başa vuracaq və düz 7 ildən sonra M.Əliyev adına İncəsənət İnstitutunda tale yenidən onu Həsən Əblucla qarşılaşdıracaqdı. Bu işıqlı insanın sayəsində o, Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk rolunu oynayacaqdı. Bütün bunlar sonralar baş verəcəkdi....
   
   Orta məktəbi bitirəndə Rafiq sənət yolunu özü seçmək istədi. Əl boyda bir kağız yazıb evi tərk etdi. Yox, evdən qaçmadı, əslində arzularının dalınca qaçdı...
   - Kiyevə getdim, İncəsənət İnstitutuna daxil olmaq istəyirdim. Xəbərim yox idi ki, orada qəbul imtahanları bir il rus, bir il Ukrayna dilində keçirilir. Bəxtimdən həmin il qəbul Ukrayna dilində oldu. Geri dönməyi özümə sığışdırmadım, qatara minib Moskvaya getdim. Moskvada da məlum oldu ki, qabiliyyət imtahanları çoxdan başlayıb, mərhələ-mərhələ seçim turları keçirilir. Bunu biləndə qatara minib bu dəfə də Leninqrada yollandım. Sənədlərimi Leninqrad Teatr və Kinematoqrafiya İnstitutuna verdim. Yenə də imtahanlara gecikmişdim. SSRİ-nin bir çox yerlərindən mənim kimi gələnlər vardı, seçim turunda 15 nəfərin içində məni seçdilər, çox istedadlı, bacarıqlı olduğumu bildirsələr də, sonda “sən ancaq Azərbaycan teatrı üçün yarıyarsan, danışığında qüsur var” - dedilər. Bu haqsız irad qəlbimə toxundu. Bunu qəbul imtahanında iştirak edən müəllimlərdən biri də hiss etdi. Məsləhət gördü ki, Mədəni Maarif İnstitutunda ilk dəfə eksperiment kimi televiziya və kino rejissorluğu kursu açılacaq, o müsabiqədə iştirak edim. Belə də oldu, müsabiqədə iştirak edib instituta qəbul olundum.
   İki il burda təhsil aldım. Ancaq iki ildən sonra eksperiment kimi açılmış kursu Teatr və Kinematoqrafiya İnstitutuna köçürmək istədilər. Bu təhsil ocağında böyük sənətkarlardan dərs almışdıq, sənətin müəyyən sirlərinə bələd olmuşduq, hər şeyi yenidən başlaya bilməzdik. Odur ki, təhsilimi yarımçıq qoyub, hərbi xidmətə getdim və bu müddətdə hüquq fakültəsinə daxil olmaq üçün hazırlaşdım. Fikirləşirdim ki, sənət alınmadı, heç olmasa atamın arzusunu yerinə yetirim.
   Bakıya gəldim, o zaman bacım A.Zeynallı adına orta-ixtisas musiqi məktəbində vokaldan dərs alırdı. Bir gün məni məktəbin müəllimi Tamara Xəlilovanın yanına apardı. Yaxşı səsim olduğunu ona demişdi. Tamara xanım mənə qulaq asandan sonra dedi ki, sənin başqa sənət seçməyə ixtiyarım yoxdur. Beləliklə, mən M.Əliyev adına İncəsənət İnstitutunun musiqili komediya fakültəsinə daxil oldum.
   
   Rejissor üçün risk, aktyor üçün şans
   
   Böyük sınaqlardan sonra Rafiq Əliyev çox sevdiyi sənət aləminə qədəm qoyur. Günlərin birində institutda Həsən Əblucla qarşılaşır. Həsən Əbluc onu Gənc Tamaşaçılar Teatrının rus bölməsinə aparır və hazırladığı “Qaçış” tamaşasında ona 76 yaşlı adamın rolunu verir. Gənc aktyor bu rolun öhdəsindən məharətlə gəlir və ömrünü Gənc Tamaşaçılar Teatrına bağlayır...
   
   - Gənc Tamaşaçılar Teatrında il yarım işləyəndən sonra rejissor Azərpaşa Nemətov mənə “Bumbaraş” tamaşasında baş rolu - Bumbaraş rolunu verdi. Rejissor üçün böyük risk, mənim üçün şans idi. Bu şansdan yəqin ki, düzgün istifadə etdim, çünki bu roldan sonra Azərpaşa Nemətov bütün baş rolları mənə həvalə elədi.
   “Buraxılışdan sonrakı gecə”, “Ötən ilin son gecəsi”, “Necəsən, cavan oğlan?”, “Üç müşketyor”, ”Aprel səhəri”, “Buratino” və onlarca tamaşalarda yaratdığı rollar onu balaca tamaşaçıların sevimli aktyoruna çevirir. “Mən oynayarkən bir uşağa çevrilirəm” - deyən aktyor 20 il ərzində Gənc Tamaşaçılar Teatrının səhnəsində yaddaqalan rollar yaradır.
   - 1990-cı ildə Azərpaşa Nemətov teatrdan gedəndən sonra mənim üçün böyük bir boşluq yarandı. Çünki o, istedadlı rejissor, böyük, əvəzolunmaz bir insandır. O gedəndən sonra özümü rejissor kimi sınayıb həm Azərbaycan, həm rus bölməsində tamaşalar hazırladım. Rus bölməsində 20-yə yaxın tamaşaya quruluş verdim, Azərbaycan bölməsində isə “Nəsrəddin”, “Sarıköynək günəşi necə gətirdi?”, “Çimnaz xanım yuxudadır” tamaşalarını hazırladım.
   
   1990-cı ildən sonra özünü daha çox rejissor kimi sınayan Rafiq Əliyev “rejissorluq sənəti dünyanın ən çətin, ən ağır peşəsidir” - deyir.
   
   - 2000-ci ildən “İbrus” teatrında çalışıram. Teatra tanınmış aktyorlar dəvət olundu. Fuad Poladov, Şükufə Yusifova, Mehriban Zəki, Fəxrəddin Manafov, Mələk Abbaszadə, Məbud Məhərrəmov, Sadiq Əhmədov və başqa sənətkarlar teatrda fəaliyyətə başladılar. Mən də yenidən aktyor sənətinə qayıtdım. Molyerin “Tartüf” əsəri əsasında hazırlanmış “Tartüf Aqayeviç” tamaşasında baş rolu - Tartüf Aqayeviç rolunu oynadım.
   
   Aktyorun bu rolu teatr ictimaiyyətini sözün yaxşı mənasında heyrətləndirdi və Tartüf Aqayeviç Rafiq Əliyevin ən yaddaqalan rollarından biri oldu.   

   Teatrda işləyib kinoda məşhurlaşan aktyor
   
   Rafiq Əliyev son illərdə Teatr Xadimləri İttifaqının “Zəfər Teatrı”nda hazırlanan “Kaktus gülü” tamaşasında aktyor, “Afinalı Timon”da isə isə prodüser kimi yer alır. Amerika yazıçısı Nil Saymonun “Növbəti” əsərini Ramiz Fətəliyev yeni variantda yazır və Rafiq Əliyevin bu tamaşada yaratdığı Villi Klark rolu isə aktyorun ən sevimli rollarından biri olur.
   
   - Sənət ömrümün yarısını Gənc Tamaşaçılar Teatrında aktyorluq eləmişəm və demək olar ki, çox sayda rollar oynamışam. Amma Azərbaycan ictimaiyyəti məni o qədər də yaxından tanımayıb. Çünki rus bölməsində çalışmışam. Bu rolları oynayanda minlərlə tamaşaçını sevindirmişəm, minlərlə uşağın qəlbində teatra məhəbbət hissi oyatmışam. Bütün bunları sənəti, səhnəni, teatrı sevdiyim üçün eləmişəm. Bu gün teatrlarımız təmir olunur, yeni üslubda, yeni formada, yeni texnologiya ilə tamaşalar hazırlanır. Tamaşaçıya teatrı sevməyi, teatrı başa düşməyi, teatrı duymağı öyrətmək lazımdır.
   
   Ömrünü teatra həsr eləsə də, Rafiq Əliyev kino aktyoru kimi daha çox məşhurlaşıb. Son illər “Hökmdarın taleyi” filmində oynadığı yüzbaşı Vanya və “Məhkumlar” filmində yaratdığı müstəntiq obrazları Rafiq Əliyev sənətinin yeni çalarlarını ortaya qoyur.
   Beləliklə, atasının prokuror, anasının həkim görmək istədiyi Rafiq Əliyev həyatda valideynlərinin sənət arzularını gerçəkləşdirə bilməsə də, səhnədə bu obrazları məharətlə yaratdı...
   
   Rafiq Əliyev yaradıcılıq fəaliyyəti ilə yanaşı, yeddi ilə yaxındır ki, Teatr Xadimləri İttifaqında sədr müavini vəzifəsində çalışır. Söhbət əsnasında ittifaqın yeni teatr mövsümündə görəcəyi işlərdən də danışdı.
   
   - Bu il bizim çox böyük işlərimiz olacaq. Biz vaxtaşırı ittifaqda konfranslar, ustad dərsləri, seminarlar keçiririk. Gənclərin istedadını üzə çıxarmaq üçün hər cür şərait yaradır, təqaüddə olan sənətkarlarımıza maddi və mənəvi yardım etməyə çalışırıq.
   Xeyli vaxt idi ki, Moskvada keçirilən A.Çexov adına Beynəlxalq teatr festivalının bir qolunu Bakıda təşkil etmək istəyirdik. Bu təşəbbüs Teatr Xadimləri İttifaqının olsa da, ideyanı gerçəkləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi bizə hərtərəfli kömək etdi və inşallah bu ilin noyabrında “Çexov festivalının İpək yolu” layihəsi Bakıda keçiriləcək. Bu böyük bir mədəni hadisə olacaq, dünyanın tanınmış teatr xadimləri Azərbaycana gələcəklər. Burada həm də Dünya Teatr Konfransı keçiriləcək, Kanadanın, Fransanın, Belarusun və dünyanın bir çox başqa ölkələrinin teatrları festivalda iştirak edəcəklər. Əlimizdən gələni edəcəyik ki, bu imtahandan uğurla çıxaq. Çünki festivalı Bakıda keçirməkdə məqsədimiz Azərbaycan tamaşaçısını dünya teatrlarının səviyyəsi ilə tanış etmək, eyni zamanda, Azərbaycanı mədəniyyəti və incəsənəti sevən istedadlı xalq kimi dünyaya tanıtmaqdır.
   Söhbətimiz bitəndə bayırda hələ də yağış yağırdı. Rafiq müəllim sonda yağışı çox sevdiyini, yağış yağanda gəncliyini, Leninqradda oxuduğu illəri xatırladığını və bir də nə üçünsə “mən doğma kəndimizi çox sevirəm” - dedi...   

  Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar