Sentyabrın 26-da məşhur kaman ustası, Milli Konservatoriyanın professoru, Xalq artisti Fəxrəddin Dadaşovun 60 yaşı tamam olur
      
   Fəxrəddin Dadaşov o sənətkarlardandır ki, ən sevincli və ən kədərli anlarında dərdini kamançası ilə bölüşür...
   Fəxrəddin Dadaşov o sənətkarlardandır ki, 44 il səhnədə olsa da, sənətə olan sevgisi və ehtiramı qarşısında hələ də səhnəyə çıxanda bir anlıq həyəcanlanır...
   Fəxrəddin Dadaşov o ustadlardandır ki, 40 ildir sənətinin sirlərini və incəliklərini sevə-sevə tələbələrinə öyrədir...
   Fəxrəddin Dadaşov o bəndələrdəndir ki, Allahın verdiklərinə hər gün min dəfə şükür edir...

   
   
   - Gəlin, söhbətimizə əvvəldən başlayaq. Sizi sənətkar kimi kifayət qədər tanısaq da, 60 yaşın astanasında daha yaxından tanımaq istəyirik. Necə oldu ki, ömrünüzü-gününüzü sənətə bağladınız?
   

   - Bakıda musiqiçi ailəsində anadan olmuşam. Atam Əlisahib zərb alətləri çalardı, mən də 3-4 yaşım olanda atama baxıb stolun üstündə onun hərəkətlərini təkrar etməyə çalışardım. 4 yaşım olanda atam mənə balaca bir nağara aldı, 7-8 yaşına kimi nağara çaldım. İndiyə kimi yadımdadır, atam tez-tez radioda İran musiqilərinə, ən çox da Mustafa adlı xanəndəyə qulaq asardı. O da bizim Hacıbaba Hüseynov kimi oxuyardı. Uşaq olmağıma baxmayaraq, bu səsə qulaq asanda elə bil göylərdə uçardım, dincələrdim...
   8 yaşım olanda 2 saylı Uşaq Musiqi Məktəbinə qəbul olundum. Əvvəl ritmi, sonra səs duyumumu yoxladılar, dedilər, hamısı yaxşıdır. Amma tar sinfi dolduğu üçün, bir də, boyum balaca olduğu üçün məsləhət bildilər ki, kamança sinfində oxuyum. Beləliklə, musiqi məktəbində oxumağa başladım, amma elə birinci sinifdə müəllimlərimdən soruşdum ki, bəs muğamatı öyrətməyəcəksiniz? Dedilər, hələ tezdir, notları öyrən. İkinci sinifdən başladılar muğamatı öyrətməyə.
   
   İlk uğur
   
   1961-ci ildə respublikada musiqi məktəbləri üzrə müsabiqə keçirilir. Həmin müsabiqədə Fəxrəddin də iştirak edir. Kamançada Üzeyir Hacıbəylinin “Cəngi” əsərini, Müslüm Maqomayevin “Radio marşı”nı və “Şüştər” muğamını çalaraq, birinci yerə layiq görülür. Sənətdəki ilk uğur, onun gələcək uğurlarının ilki olur....
   - Beş il oxuyandan sonra musiqi məktəbini əla qiymətlərlə bitirib Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. 8-ci sinifdə oxuyurdum. Bir gün məşq gedirdi, yaxınlaşıb həsrətlə məşqə baxırdım. Tarzən Həbib Bayramov məni görüb yanına çağırdı. Dedi, gəl, kamança çal. Böyük sənətkar Əhməd Bakıxanov da orada idi. Utana-utana oturub “Şur” üstündə nə isə çaldım. Əhməd Bakıxanov “bu ki, professionaldır” - dedi. Sonra da əlavə etdi ki, həftənin iki günü məşqlərimiz var, dərslərinlə toqquşmasa gələrsən. Bu söz mənə qol-qanad verdi.
   Beləliklə, Həbib müəllimin vasitəsi ilə Əhməd Bakıxanov məni 16 yaşımda Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Xalq Çalğı Alətləri Ansamblına götürdü. 7 il Əhməd Bakıxanovla bir yerdə işlədim. O, 1973-cü ildə dünyasını dəyişəndən sonra ansamblın bədii rəhbəri 1994-cü ilə qədər rəhmətlik Həbib Bayramov olub. 1994-cü ildən bu günə kimi isə 30 illik dostum, əslində qardaşım Möhlət Müslümov ansambla rəhbərlik edir. 44 ildir ki, şanlı tarixi olan bu musiqi kollektivində işləyirəm və hazırda ansamblın konsertmeystriyəm. Həmin kollektivlə Azərbaycanın hər bir guşəsində, dünyanın dörd bir yanında konsertlərdə, festivallarda, radio və televiziya verilişlərində iştirak etmişəm, Azərbaycanın bir neçə nəsil muğam ifaçıları ilə - adları artıq əfsanəyə çevrilən Xan Şuşinski, Mütəllim Mütəllimov, Rübabə Muradova, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi ustadlarımızdan tutmuş yeniyetmə istedadlaradək - birgə çıxış etmişəm.
   
   Həyatının xoş xatirəsi
   
   - Ancaq bildiyimizə görə, sonralar təhsilinizi davam etdirdiniz?
   
   - 1972-1977 illərdə təhsilimi Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası -red.) davam etdirdim. Konservatoriyada da əlaçı olmuşam. Müəllimim Ramiz Mirişli olub. Həm müəllimim, həm dostum olub. Bir xatirə danışım, konservatoriyada oxuyurdum, amma bundan nə anamın, nə da atamın xəbəri yox idi. Sentyabrın 1-də ikinci kurs başlayırdı, səhər tezdən durdum, anam dedi ki, hara gedirsən, oxumağın qurtarmadı? Dedim ki, konservatoriyanın ikinci kursunda oxuyuram, anamın rəngi ağappaq ağardı, gözləri doldu, sevincindən ağladı... Bu xatirə həyatımın ən xoş xatirələrindən biridir...
   Tanrı mənə həmişə yol açıb, çox çətinliklər çəkmişəm, ailəmiz böyük olub, onları təkbaşına dolandırmaq atam üçün çətin idi. Mən xoşbəxtəm ki, Allah elə qismət elədi ki, 16 yaşından qazancım oldu, həm atama, həm ailəmizə kömək edə bildim.
   
   - Sənəti, istedadı, insani keyfiyyətləri ilə hörmət qazanan sənətkarlarımızdan birisiniz. Başqa hansı özünəməxsus cəhətləriniz var?
   
   - Bir az tez özümdən çıxanam, amma həddindən artıq kövrək insanam. Bilə-bilə qarışqanı da ayaqlamaram. Bir də bütün sənətkarlarımız kimi mən də milli musiqimizin təəssübünü çəkən adamam. Qoy heç kim məndən inciməsin, bu gün televiziyada zövqü korlayan verilişlər var. İnsanların musiqi zövqünü korlamağa heç kimin ixtiyarı yoxdur. Azərbaycan Televiziyası mənim ən sevimli kanalımdır. Bu kanalda milli adət-ənənəmizi yaşadan, milli musiqimizin şəffaflığını qoruyub saxlayan verilişlər çoxdur. Buna görə də bir sənət adamı kimi Azərbaycan Televiziyasının rəhbəri Arif Alışanova öz təşəkkürümü bildirirəm. Azərbaycan musiqisi dünyanın ən gözəl, ən zərif və ən qədim musiqilərindən biridir. Onu olduğu kimi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
   
   - Dünyanın əksər ölkələrində olmusunuz, ən yaddaqalan səfəri necə xatırlayırsınız?
   
   Səfərlər, təəssüratlar
   
   - Dünyanın 4 qitəsinin 50-dən artıq ölkəsində qastrol səfərlərində olmuşam. Mötəbər salonlarda və məşhur festivallarda iştirak etmişəm. Vyana, İstanbul, London, Paris və onlarca başqa böyük şəhərlərin görkəmli mədəniyyət ocaqlarında keçirilmiş beynəlxalq musiqi tədbirlərinin iştirakçısıyam. 1990-cı ildə Fransanın “Maison des Cultures du Monde” mərkəzi tərəfindən Mərakeşdə hazırlanan “Rihla” beynəlxalq musiqi tamaşasında iştirak etmişəm. Mənim ifam bir sıra val və disklərdə əksini tapıb - Fransada nəşr olunan “Azərbaycan muğamı antologiyası”, Niderlandın “PAN Records” şirkəti tərəfindən buraxılan “Azərbaycan musiqisi antologiyası” silsiləsində bir sıra kompakt-disk, həmçinin “Rast” - CD formatda ilk tamhəcmli muğam dəsgahının yazısı və s. səsyazma layihələrini misal gətirmək olar. Isveçrə, Almaniya, Rusiya, Belçika, Tacikistan, Hollandiya və bir çox başqa ölkələrin radio arxivlərində mənim ifamda Azərbaycan musiqisi nümunələri saxlanılır.
   O ki qaldı yaddaqalan görüşə, 1989-cu ildən tarzən Möhlət Müslümovla birlikdə Cabbar Qaryağdı adına Muğam üçlüyünə rəhbərlik edirəm. 1991-ci ildə o üçlüklə - mən, Möhlət Müslümov və xanəndə Zahid Quliyev Hollandiyanın Amsterdam şəhərində konsert proqramı verirdik. Birinci hissədə 45 dəqiqə “Rast” dəsgahı çalıb oxuduq, tamaşaçılar gözlərini yumub qulaq asırdılar. İkinci hissəni də qurtardıq, ayağa qalxdıq. Bir neçə saniyə sükut oldu, birdən tamaşaçıların hamısı ayağa qalxıb ayaq üstündə uzun müddət bizi alqışladılar, konsertdən sonra bizə yaxınlaşıb milli musiqimiz, çalğı alətlərimiz barədə maraqlandılar, avtoqraflar aldılar. Xarici səfərlərimizin hamısı yaddaqalan olsa da, bu görüşü hələ də unuda bilmirəm.
   
   - Yəqin ki, oturub kamançanızla dərdləşdiyiniz vaxtlar da olur?
   
   - O qədər... Neçə illərin söhbətidir, ad almadığım vaxtlar idi, bir gün sinifdə tək idim, “Humayun” muğamını çaldım, gözlərim doldu. Kamançaya baxıb dedim ki, nə olsun, ay kaman, qiymətin ki, yoxdur. Neçə ildir səninlə yol yoldaşıyam, sən mənim sirdaşımsan, sən də qocalmısan, mən də. Yaş gedir, amma qiymət verən yoxdur... Çox pis olmuşdum. Bir də dönüb baxdım ki, tələbələrimdən biri dayanıb söhbətimizə qulaq asır...
   Ümidsiz anları tezliklə arxada qalır. Həyatı boyu sınaqlardan keçən Fəxrəddin Dadaşovun sənəti layiqincə qiymətləndirilir:
   - Xalqımın və milli musiqimizin qarşısındakı kiçik xidmətlərim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist, 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adları ilə təltif olundum.
   “Kamança mənim üçün həyatdır, dünyadır. Kamançasız mənim bir günüm olmasın” - deyən sənətkarın 5 övladı, 8 nəvəsi var. Həyatında xoşbəxt anları çox olsa da oğul nəvəsinin dünyaya gəldiyi günü belə xatırlayır: “Elə bil Yer kürəsi bir anda dayandı. O sevinci mən belə yaşadım. Nəvəmə öz adımı qoydum, Allahdan ömür istəyirəm ki, sənətimi nəvəmə öyrədim...”
   Biz də yubilyarımızın arzusuna qoşulub “amin” deyirik və böyük sənətkarımızı ürəkdən təbrik edirik! Sonda onu da qeyd edək ki, oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Fəxrəddin Dadaşovun yubiley gecəsi keçiriləcək.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar