Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhramidir
   
   Eyni coğrafi bölgəni bölüşən Azərbaycan və İran ta qədimdən oxşar ənənələrə, mədəni dəyərlərə malik olublar. Tarixin bütün mərhələlərində ölkələrimiz arasında güclü bağlar yaranıb. Bugünkü İran dövlətində yaşayan çoxmilyonlu soydaşlarımız da bu bağların əsas dayağıdır.
   Azərbaycan müstəqillik əldə etdikdən sonra cənub qonşusu ilə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələri inkişaf etdirməkdə maraqlı olub. Bu münasibətlərin inkişafı mütəmadi olaraq iki ölkədə qarşılıqlı olaraq mədəni tədbirlərin keçirilməsi ilə yadda qalır. Bu günlərdə İran İslam Respublikasında keçirilən “Azərbaycan mədəniyyəti günləri” də ikitərəfli münasibətlərdə, ölkələrin mədəni əməkdaşlığında mühüm hadisədir.
   İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ilə söhbətimiz də bu əlamətdar hadisə ilə bir vaxta təsadüf etdi. Səfir söhbətə ölkələrimiz arasındakı tarixən mövcud olan yaxın münasibətlərdən başladı: 
      
   - Azərbaycanda olduğum təxminən il yarımda özümü doğma vətənimdəki kimi hiss etmişəm. Biz eyni tarixə malikik, eyni dinə iman gətiririk. Ölkələrimiz arasında 800 km-dək müştərək sərhədimiz var. İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Sərhəddə yaşayan çoxlu ailələr bir-biriləri ilə qohum-əqrabadırlar. Siyasi arenada da əksər hallarda eyni mövqeyə malikik. Mədəniyyət sahəsində isə bizi çox böyük, güclü tellər birləşdirir.
   - Səfir təyinatından öncə Azərbaycanda olmuşdunuzmu?
   - Xeyr, buraya ilk dəfə elə səfir kimi gəlmişəm. Amma ölkəniz barəsində kifayət qədər məlumatlı idim və buraya gələndən sonra həmin məlumatlarımda, bilgilərimdə dəyişiklik olmadı. Azərbaycan keçmiş SSRİ məkanında, Qafqazda ən önəmli ölkələrdən biridir. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
   - Burada olduğunuz müddətdə ölkəmiz və onun insanları ilə bağlı sizdə hansı təəssürat yaranıb?
   - Çox istiqanlı və qonşularına hörmət edən xalqınız var. İnsanlarınız mehriban və səmimidir. İranla Azərbaycanın dövlət münasibətləri də çox strateji önəm kəsb edir.
   Sevindirici haldır ki, hər iki ölkənin rəhbərliyi arasında mehriban dostluq münasibətləri var.
   - Cənab Bəhrami, ölkələrimiz tarixən bir sıra mədəni dəyərləri paylaşıblar. Hər iki ölkənin xalqları İslam mədəniyyəti sivilizasiyasına çoxlu dəyərlər, töhfələr bəxş edib. Ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığın bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz?
   - İki ölkənin prezidentləri səviyyəsində əlaqələr, sıx tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində də özünü göstərir. Mədəniyyət də həm dövlətlər, həm də xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Səfir təyin olunandan sonra bir neçə dəfə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra faydalı görüşlərim olub. Eyni zamanda, nazirin müavinləri ilə də yaxşı görüşlər və müzakirələr keçirmişik. İranın İslam irşadı və mədəniyyəti naziri doktor Seyd Məhəmməd Hüseyni bu yaxınlarda Azərbaycana səfər etmişdi. Onun Azərbaycanda həm mədəniyyət və turizm naziri, həm də xarici işlər naziri ilə görüşləri zamanı çox faydalı müzakirələr keçirildi və yaxşı nəticələr əldə olundu. Dövlət başçısı İlham Əliyevlə çox səmərəli görüş oldu. Görüş zamanı prezident, iki ölkənin müştərək tarixi haqqında gənclərimizin biliklərinin artırılmasına yönəlik layihələrin, bu barədə filmlərin nümayişinin vacibliyini də vurğuladı. Biz uzun yüzilliklər boyunca birgə yaşayış təcrübəsi əldə etmişik. Odur ki, ümumi dəyərlərimizin qorunması istiqamətində də çox işlər görməliyik. Bir neçə ay əvvəl Azərbaycanın musiqi qrupu, ölkənizin incəsənət ustaları Tehranda gözəl musiqi proqramı nümayiş etdirdilər. Bu, çox uğurlu səfər idi. İran tərəfindən İslam irşadı və mədəniyyəti naziri ilə də bir musiqi heyəti Bakıya gəldi və Muğam Klubunda çox gözəl konsert proqramı təşkil olundu. Ötən il ölkələr arasında mədəniyyət həftələrinin keçirilməsi haqqında razılaşma əldə olunmuşdu. Sentyabrın 25-də İranda Azərbaycan Mədəniyyət Həftəsinin keçirilməsinə start verilib. Bu tədbirlərdə Azərbaycandan böyük heyət, 80 nəfərədək nümayəndə iştirak edir. İnşallah İran İslam Respublikasının Mədəniyyət Həftəsi də yaxın gələcəkdə Azərbaycanda keçiriləcək.
   Bunlar elə proqramlardır ki, hər iki ölkə arasındakı mədəniyyət münasibətlərinin yüksəlməsinə və bütün sahələrin inkişafına yardım edəcək.
   - Cənab səfir, siz iki ölkənin müştərək tarixi haqqında gənclərimizin biliklərinin artırılmasına yönəlik filmdən bəhs etdiniz. Sizcə, bu gün İslam mədəniyyəti, İslam sivilizasiyası cəmiyyətə necə təqdim olunur?
   - Bu yaxınlarda İranda İslam sivilizasiyasını dünyaya daha yaxşı tanıdacaq «Həzrəti Yusif» filmi çəkilib. Bu film Azərbaycanda da “Space” telekanalı vasitəsilə nümayiş olunur. Bildiyimə görə, Azərbaycan ailələrinin əksəriyyəti bu filmi izləyirlər. Bütün bunlar ölkələrimiz arasında olan mədəni münasibətlərin inkişafına bariz nümunədir. Təbii ki, biz bununla kifayətlənməli deyilik və bu sahənin inkişafında daha böyük addımlar atmalıyıq.
   - Bu gün həm İranın, həm də Azərbaycanın bir sıra tarixi, mədəni abidələri UNESCO-nun mədəni irs siyahısına daxildir. Ölkəmizdə olduğunuz müddətdə abidələrimizə necə, maraq göstərmisinizmi?
   - İranda UNESCO-nun mədəni irs siyahısına düşən o qədər dini, tarixi, mədəni sahədə abidələr var ki, onlar haqqında danışmaq çox vaxt aparardı. Çox nadir şəhər tapmaq olar ki, o şəhərdə olan abidə UNESCO-nun mədəni irs siyahısına düşməsin. Azərbaycandakı abidələrə gəlincə, xanımımla bir neçə dəfə İçərişəhərdə olmuşuq. Gəncəyə gedərkən Nizami Gəncəvinin abidəsini ziyarət etmişəm. Bibiheybət pirində də olduq. İçərişəhərdə çox gözəl memarlıq abidələri var və bunların özü də ölkələrimiz arasında müştərək mədəniyyət tellərinin olmasını sübut edir. Qədim şəhərdəki abidələr buna bir daha nümunədir. Qəbirüstü daşlar, onlarda olan yazı və nümunələrin hamısı göstərir ki, İranla Azərbaycan memarlıq sahəsində də müştərək tellərə malikdir. Bundan başqa, Mir Möhsün Ağa ziyarətgahını, Təzə Pir və Fatimeyi-Zəhra məscidlərini ziyarət etmişəm. İnşallah, vaxt tapıb Bakıdakı digər məscidləri ziyarət edəcəyəm.
   - Azərbaycanda olduğunuz müddətdə regionlarımıza necə, səfər edə bilmisinizmi?
   - Gəncə, Quba, Şamaxı, Lənkəran, Cəlilabad, Astarada oldum. Amma bu səfərlərim işlərimin gərgin vaxtına təsadüf edib. İnşallah, vaxt tapan kimi regionlarınızı daha çox gəzəcəyəm. Azərbaycanın hər regionunun öz gözəlliyi, özünəməxsus xüsusiyyətləri var. Bir bağa girəndə deyə bilməzsən ki, hansı gül o birisindən gözəldir. Sizin də regionlarınızın hamısı qəşəngdir. Hər birinin özünəməxsus gözəlliyi, təbiəti var.
   - Musiqimiz haqqında da fikirləriniz maraqlı olardı. Konsert proqramlarımızı izlədinizmi?
   - Bakıda olduğum müddətdə dəvət olunduğum tədbirlərdə səsləndirilən milli musiqinizdən çox xoşum gəlib. Tədbirlərdə ifa edilən milli musiqinizdən zövq aldım. İmkan tapanda xanımımla birlikdə Dənizkənarı Milli Parka gəzintiyə çıxırıq. Bakı çox gözəl şəhərdir. Dənizkənarı bulvar xüsusilə gözəldir.
   - Cənab səfir, mərasimlərimizdə iştirak edərkən hansı oxşar və fərqli xüsusiyyətləri aşkar etdiniz?
   - Novruz bayramı mərasimində iştirak etmişəm. Yaşadığım yerdə qonşulardan biri rəhmətə getmişdi və mən oraya getdim. Həm də mənə maraqlı idi ki, bu mərasimi sizdə necə keçirirlər. Yerli işçimiz burada ailə qururdu və mən həm nişan, həm də toy mərasimində iştirak etdim. Çox gözəl bir mərasim idi. Nişan və toy mərasimi mahiyyətcə bizimkilərə oxşardır. Çox az fərqlər ola bilər. Burada da bəziləri belə mərasimləri evində, bəziləri şadlıq evində keçirir. İranda da eynilə belədir.
   - Milli mətbəximizlə aranız necədir? Hansı yemək daha çox xoşunuza gəldi?
   - Milli yeməklərinizi dadan heç kim deyə bilməz ki, onun Azərbaycan mətbəxindən xoşu gəlmədi. Xüsusilə də evdə hazırlanan yeməklər çox dadlıdır. Bunun səbəbi odur ki, bu yeməklər ailədə böyük sevgi, məhəbbətlə hazırlanır. Azərbaycanda keçirilən mərasimlərdə plovu axırda gətirirlər, İranda isə bu yemək süfrəyə əvvəlcə verilir. Bütün yeməklərinizdən xoşum gəlir. Bəzi yeməklərə görə pəhriz saxlayıram, ona görə yağlı yeməklərdən çəkinirəm. Amma sizin plov və plovun üzərindəki qara o qədər dadlıdır ki, hərdən pəhrizə riayət etmirəm.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar