Kestutis Kudzmanas: “Azərbaycanın mədəniyyətini Litvada tanıtmaq üçün yeni addımlar atmaq lazımdır” 
      
   Litva Respublikasının mədəniyyət xadimləri, tanınmış musiqiçiləri, aktyorları, kinofilmləri hələ sovet dövründə Azərbaycanda çox populyar olub. Sovetlərin dağılmasından və hər iki respublika dövlət müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr bir müddət kəsilsə də, son illər münasibətlər yenidən inkişaf etməyə başlayıb. Bir neçə ay öncə Litvanın mədəniyyət naziri Azərbaycanda səfərdə olarkən mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra razılaşmalar əldə olunub. Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanasla söhbətimiz də bu əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə oldu.
   
   - Cənab səfir, Azərbaycanla Litva arasında mədəni münasibətlərin səviyyəsini necə dəyərləndirmək olar?
   - Azərbaycanla Litva arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. İki ölkə rəhbərliyi arasındakı sıx münasibətlər, müntəzəm qarşılıqlı səfərlər, sözsüz ki, mədəni əlaqələrə də müsbət təsir edir. Qeyd edim ki, ölkələrimizin mədəni əməkdaşlığı son üç ildə xüsusilə inkişaf edib. Bu mənada biz Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə xüsusi minnətdarlığımızı bildirməliyik. Ötən müddətdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə fəaliyyətə dair layihə hazırlamışıq. Bildiyiniz kimi, yayda Bakıda iki ölkənin birgə mədəniyyət layihəsi kimi «Notre Dame de Paris» tamaşası uğurla nümayiş olunub. Bu, birgə reallaşdıra biləcəyimiz layihələrin mümkünlüyünə gözəl nümunədir. Bundan başqa, hər iki ölkədə qarşılıqlı olaraq sərgilər keçiririk.
   Yaxın gələcəkdə Litvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
   - Bu yaxınlarda Litvanın mədəniyyət naziri Arunas Qelunas Bakıya səfər etdi və mədəni əlaqələrin inkişafında müəyyən yeni layihələrin hazırlandığı bildirildi. Necə düşünürsünüz, münasibətləri inkişaf etdirmək üçün daha nələr edilməlidir?
   - Azərbaycan zəngin mədəniyyəti olan gözəl ölkədir. Bu zəngin mədəniyyəti Litvaya tanıtmaq üçün yalnız yeni addımlar atmaq lazımdır. Münasibətlərin davamı və inkişafı kimi iki ölkə arasında həyata keçiriləcək yeni mədəniyyət layihəsindən də bəhs etmək istərdim. «Küləyin yuxusu» adlı bu layihə iki ölkənin musiqiçilərini bir araya gətirəcək. Layihənin təqdimatının gələn ilin aprelində keçirilməsi planlaşdırılır. Bu, Azərbaycanla Litva arasında həyata keçirilən ikinci mədəniyyət layihəsidir. Hər iki ölkənin Xarici İşlər Nazirliyi tərəfindən də dəstəklənən layihə mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edəcək.
   - Vaxtilə ölkələrimiz eyni sistemə daxil olub. Buna görə də litvalıların Azərbaycanı, azərbaycanlıların isə Litvanı yaxından tanıması təbiidir. Bu baxımdan ölkəmiz, insanlarımız haqqında təəssüratlarınız maraqlıdır...
   - Əlbəttə ki, biz Sovet dövründə olan mədəni əlaqələrə, mədəni inkişafa laqeyd olmamalıyıq. Məhz həmin illərdə bizim filmlərimiz Azərbaycanda da məşhur idi. Azərbaycan filmləri də öz növbəsində Litvada sevilirdi. Bizim ölkəmiz meşələr, göllərlə əhatə olunub, sizin ölkəniz isə daha ekzotikdir. Dağlar, müxtəlif iqlim, çox zəngin mədəniyyət Azərbaycana xas xüsusiyyətlərdir. Bütün bunlar isə çox cəlbedici və təbiidir. Bizim turistlərimiz Azərbaycana gəlməyi çox xoşlayırlar. Azərbaycanlılar da Litvaya tez-tez turist səfərlərinə gəlirlər. Bunları nəzərə alıb deyərdim ki, ölkələrimiz arasında oxşarlıq mövcuddur.
   Eyni zamanda insanlarımız arasında da oxşar xüsusiyyətlər çoxdur. Məsələn, burada olduğum müddətdə görürəm ki, həm azərbaycanlılar, həm də litvalılar qonaqpərvər, istiqanlıdırlar. Sizlər qonağı çox gözəl qəbul edirsiniz. Litvalıların çoxlu azərbaycanlı dostları var. Qonaqpərvərlik xalqlarımızın ümumi xüsusiyyətidir. Ola bilsin ki, mentalitet baxımından fərqlər var. Ona görə ki, biz qərbli, bir qədər də şimallı, siz isə şərqlisiniz. Bizim insanlarımız Azərbaycanı görməyi çox istəyirlər. Tarixiniz, mədəniyyətinizlə maraqlanırlar. Bizim də sizə göstərmək istədiklərimiz çoxdur. Son bir neçə ildə görürəm ki, Litvaya gələn Azərbaycan turistlərinin sayı artmaqdadır.
   - Yeri gəlmişkən, hazırda ölkələrimiz arasında turizm əlaqələri haqqında nə deyə bilərsiniz?
   - Biz Bakıdakı səfirliyimizdə Azərbaycan turist şirkətləri üçün Litvanın turizm təqdimatını keçirdik. Bundan əlavə, bir neçə yerli turist şirkətlərini Litvaya dəvət etdik. İki ölkə arasında turizm münasibətlərinin genişlənməsinə cəhdlər edirik. Bizim turizm sahəsində gözəl nəticələrimiz var. Əgər rəqəmlərə nəzər salsaq görərsiniz ki, ölkələrimiz arasında turist səfərləri getdikcə artır. Mənim Azərbaycandan olan bir dostum Litvaya səfər etmişdi. O, mənə dedi ki, Azərbaycana qayıdandan sonra öz dostlarına Litva haqqında danışıb, bundan sonra onlarda Litvaya maraq yaranıb və bizim ölkəyə getmək istəyirlər. Azərbaycana səfər edən litvalı da Azərbaycanı görüb Vilnüsdə onun necə gözəl olduğunu danışacaq. Düşünürəm ki, bu, ən gözəl reklamdır.
   İnsanlar bir ölkəyə səyahət edəndə, şəxsi dostluq əlaqələri qurur və bu da əməkdaşlığa yol açır. Çünki görüb-götürmək, ünsiyyət vasitəsilə əlaqələr daha da dərinləşir və sən bir ölkə, onun tarixi, mədəniyyəti haqqında daha çox şey öyrənmək istəyirsən. Bu baxımdan mədəniyyəti qəzet və ya televiziyadan öyrənmək qeyri-mümkündür. Sən ora getməlisən, yerli mətbəxlə tanış olmalısan, ərzaqlardan dadıb, şərablardan içməlisən. Bizim məşhur turizm məkanlarımız var və insanlar onu canlı görməlidir. Orta əsrlərə məxsus qalalarımız, muzeylərimiz çox gözəldir. Beləliklə, insanlar çox gördükcə, çox öyrəndikcə bu, daha maraqlı və cəlbedici olur. Eləcə də Azərbaycan tarixi yerlərlə zəngindir. Ölkənizdə qədim dini məbədlər, tarix-memarlıq abidələri çoxdur.
   - Azərbaycanın mədəniyyəti, incəsənəti barədə nə deyə bilərsiniz?
   - Litva da Azərbaycan kimi Sovet İttifaqına daxil olub. Bu baxımdan bizim Azərbaycanı əvvəllər də görmək imkanımız var idi. Mən Azərbaycana gəlməmişdən öncə sizin zəngin mədəniyyətinizlə qismən də olsa tanış idim. Azərbaycan teatrlarının tamaşalarına baxmışdım. Buraya gələndən sonra bu tanışlığım daha da zənginləşdi.
   Ölkənizin tarixini də sovet dövründən müəyyən qədər bilirdim. Biz azərbaycanlıları öz dostlarımız kimi tanıyırıq. Sizin musiqiniz, muğamınız, milli adət-ənənələriniz, milli bayramlarınız mənim üçün yeni deyil. Lakin sizin əsas xüsusiyyətiniz olan istiqanlılığı gözümüzlə görüb hiss etmək xüsusilə cəlbedicidir. Biz görürük ki, ölkəniz necə inkişaf edir. Əgər bir neçə il əvvəlki dövrlə müqayisə etsək, görərik ki, ölkənizdə çox sürətli inkişaf var. Azərbaycanın bütün sahələrdə sürətli inkişafı vacib faktdır.
   Sizin opera tamaşalarında çox olmuşam. Azərbaycanda güclü balet məktəbinin olduğunu bilirəm. Muğamı xoşlayıram. Əvvəllər kiçik bir hissəni dinləmişdim. Amma indi çox qulaq asa bilirəm. Bir sözlə, zəngin mədəniyyətinizə böyük maraq və rəğbətim var.
   - Cənab Kudzmanas, Azərbaycanda olduğunuz müddətdə regionlarımıza necə, səfər edə bilmisiniz?
   - Ailəmlə birlikdə müxtəlif rayonlarda - Lerik, Lənkəran, Astara, Quba, Xaçmaz, Şamaxı, Qəbələ, Göyçay, Tovuz, Qazax, Gəncədə olmuşuq. Bütün regionlar fərqlidir: birinin təbiəti digərinə bənzəmir. Fərqli təbiət mənzərələri, çoxlu meşələr var. Bu bölgələrdə gözəl təbiət mənzərələri gördük. Kiçik kəndlərdə olan insanlar xüsusilə istiqanlı və mehribandırlar. Bundan əvvəl biz Azərbaycanın tarixini, mədəniyyətini nəzəri şəkildə bilirdik. İndi isə mən hər bir şeyi gözümlə gördüm. Hər dəfə də özümüz üçün yeni nə isə kəşf edirik.
   - Bəs Bakıda hansı yerləri seyr etməyi xoşlayırsınız?
   - İçərişəhər, Dənizkənarı Milli Park gözəldir. Ona görə də tez-tez ora gedirik. İçərişəhəri görəndə Vilnüsdəki qədim şəhəri xatırlayıram. Bu abidə də UNESCO-nun mədəni irs siyahısına düşüb. Tarixi abidələriniz xoşuma gəlir. Bilirəm ki, sizin Aşıq sənəti, muğam UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olub. Bizim qədim Kral sarayımız da bu siyahıya salınıb. Vilnüsdə yarımadaya bənzər bir yer var, o da təbiət gözəlliyinə görə siyahıya daxil edilib.
   - Azərbaycan milli mətbəxi ilə aranız necədir?
   - Mənim dostlarım dünyada çoxlu ölkələrə səyahət edirlər. Mən özüm Yaponiya, Çin, Tailand, ərəb ölkələri və türkdilli ölkələrdə olmuşam. Deyərdim ki, Azərbaycan ən dadlı meyvələri olan ölkədir. Meyvələriniz, tərəvəziniz təbii və gözəldir. Qonaq kimi bir neçə dəfə ailələrdə olmuşam. Onlardan qonaqpərvərlik, istiqanlılıq hiss etdim.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar