Alimin ifası duaya oxşayır... Səsi ilə Allaha yalvarır ki, Yerlə Göy arasındakı unudulmuş, zəifləmiş, üzülmüş telləri qırılmağa qoymasın, günahkar və günahsız bəndələrini bağışlayıb, yaratdıqlarını ilahi eşqdən - işıqdan məhrum etməsin...
   Alimin səsi işığa oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs bəxş edib, sonra o səsə azadlıq verib. Odur ki, Alimin səsi bizim bildiyimiz sərhədləri çoxdan aşıb...
   Alimin səsi və ifası Şərqə oxşayır... Min illər yol gələn muğam sənəti ilə hər dəfə Qərbi heyrətləndirir...
   Alimin səsi kimi günləri də səfərə oxşayır... səsinin həlqəsi ekvator xətti kimi Yerin başına dolanır...
   Hər kəs onun musiqisini bir cür duyur, bu da mənim duyduqlarım və hiss etdiklərimdir...
   
   
   Bu günlərdə Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Almaniyanın Boxum şəhərində (Rur vilayəti) keçirilən nüfuzlu “Ruhrtriennale” beynəlxalq sənət festivalında iştirak ediblər. Musiqi bayramında “Century of Song” - “Əsrin mahnıları” arasında sənətçilərimiz fərqli səsləri və fərqli ifaları ilə festival iştirakçılarını da, tamaşaçıları da heyrətləndiriblər...
   
   Almaniya səfərindən yenicə qayıdan Alim Qasımov və qızı Fərqanə Qasımova ilə görüşüb səfər təəssüratları ilə yanaşı, bir az sənətdən, bir az həyatdan, bir az da qarşıdakı planlardan danışdıq...
   
   - Bu festival artıq üç ildir ki, Almaniyada keçirilir və üç ay boyunca da davam edəcək. Dünyanın bir çox ölkələrinin musiqiçiləri ilə yanaşı, festivalda türk ölkələrinin musiqiçiləri də iştirak edirdilər. İştirakçıların əksəriyyəti 45 dəqiqəlik proqramla çıxış etsələr də, bizim çıxışımız saat yarım oldu. Proqramımızda “Mahur təsnifi”, “Şur dəstgahı” və görkəmli bəstəkarımız Cahangir Cahangirovun “Durnalar” mahnısı vardı. Hərəmiz əvvəlcə bir mahnı ifa etdik, sonra “Şur dəstgahı” oxuduq”. Dəfələrlə alqışlandıq və təkrar səhnəyə qayıdıb balaca bir musiqi ifa etdik. 4 musiqiçi və iki ifaçı böyük bir konserti uğurla başa çatdırdıq. Konsertin nə qədər gözəl alındığını tamaşaçılar yaxşı bilir. Bizi yenidən dəvət etsələr, deməli, nə isə etmişik...
   
   Muğam evinə düşən işıq
   
   - Səfərlərdən söhbət düşmüşkən, səhv etmirəmsə, ilk dəfə Səmərqənd festivalında iştirak etmisiniz...
   - İlk dəfə rəhmətlik Bəhram Mənsurov bizi - Ramiz Quliyev, Şəfiqə Eyvazova və məni Səmərqənd festivalına apardı. Festivalda “Çahargah”ı ifa etdik və münsiflər və tamaşaçılar tərəfindən ifamız çox bəyənildi. Bu səfərin ayağı uğurlu oldu, bizi Amerikaya dəvət etdilər. Bu o dövrdə gözlənilməz, böyük bir səfər idi. Həmin səfər muğam evinə düşən bir işıq oldu. O vaxtlar bu səfər barədə qəzetlər ətraflı yazdılar. Səfərdən gələn kimi Ramiz Quliyevə Xalq artisti, bizə Əməkdar artist adını verdilər.
   
   Uzaq səfərin hələ də unudulmayan xatirələrini böyük həvəslə danışan sənətkar səfər zamanı nazirliyin onlara xüsusi paltar tikdirdiyini, bir ay müddətində Amerikada hər gün iki konsert proqramı ilə çıxış etdiklərini və o səfərdən sonra Fransaya, Hollandiyaya, Almaniyaya dəvət olunmalarını xoş xatirə kimi yada saldı.
   Səfərlərinin bir-birindən fərqli, rəngli olduğunu deyən Alim Qasımov, görəsən, böyük konsert salonlarında, özünü necə hiss edir? Dili, dini, irqi başqa olan xalqlar onun musiqisini necə duyur?
   - Biz xarici səfərlərə dəfələrlə süzgəcdən keçmiş proqramla gedirik. Hansı səfər olursa olsun, məqsədimiz bu olur ki, musiqinin insana təsir nöqtəsini tapaq, o halı, o əhval-ruhiyyəni tamaşaçılara çatdıra bilək. Deyə bilmərik ki, bütün tamaşaçılar musiqinin təsirinə düşürlər, yox, bəziləri maraqlanırlar, nəyi isə başa düşməyə çalışırlar, amma elə tamaşaçılar var ki, onlar həqiqətən dünyəvi musiqini hiss edirlər, o anları yaşayırlar.
   - Əsl sənət insanları heyrətləndirməlidir. Siz bu mənada xoşbəxt sənətkarsınız, ifanız insanları heyrətləndirir.
   - Mənə elə gəlir ki, əsil sənət belə olmalıdır. Musiqi sərhəd tanımır. Dünyəvi ifa içdən gəlir, o qədər həyəcanla, o qədər eşqlə ifa olunur ki, dünyadakı insanların əksəriyyəti bu musiqini duyur. Dünyəvi musiqi sənətkar tərəfindən təqdim olunanda onun təsir qüvvəsi dəfələrlə artır. Allaha qurban olum, dünyəvi sənətkarlar var ki, yaratdıqları olur dünyəvi. Onu dünya görə bilir, hiss edə bilir, duya bilir. Biz demirik bizim sənətimiz dünyəvidir, amma eyni zamanda izaholunmazdır. Oturub saat yarım alman xalqı üçün “Şur dəstgahı” oxuyursan, durub getmirlər, əl çalıb səni təkrar səhnəyə qaytarırlar. Deməli, tamaşaçı ilə sənətkar arasında vəhdət əmələ gəlir. O da bir sirri-xudadır ki, onu sənətkar həmişə axtarır. Amma çox çətinliklə tapır.
   
   Sirsizlik
   
   - Bu mənada Alim Qasımovun sirri nədədir?
   - Sirri elə sirsizliyindədir... (gülür)
   - Siz hərdən insanların əhatəsində olanda belə bir hiss keçirirsinizmi ki, hər kəs sizi görür, hər kəs sizi tanıyır və hər kəs sizin sənətinizi sevir...
   - O sevgi ilə bağlı mənim bir az gərginliyim də artır. Elə bilirəm ki, onlar məni tanıyır, ancaq yaxınlaşıb salam verməyə ya ərk eləmirlər, ya da belə düşünürlər ki, yersiz olar. Ona görə də mən onları qabaqlayıb salam verirəm. Amma elələri də var ki, yaxınlaşıb salam verirlər, mənə bir şərəfli söz deyirlər, o məndə ayrı bir əhval-ruhiyyə yaradır. Camaatın içində gərək tam səmimi olaq ki, o insanlara da rahatlıq yaradaq.
   - Bu gün Alim Qasımovun sənətinin saysız-hesabsız pərəstişkarları var. Yəqin ki, bir zaman sizin də pərəstiş etdiyiniz sənətkarlar olub...
   - Eyyy, o qədər... Ailəmizdə Arif Babayevin sənətini çox sevirdilər və istəyirdilər ki, mən mütləq gedib Arif Babayevdən dərs alım. Arif Babayevi görəndə o gün mənim üçün bayram olurdu. Hacıbaba Hüseynov küçədə gedəndə nə qədər onun ardınca getmişəm, yerişinə-duruşuna tamaşa etmişəm. O sənətkarların enerjisini hiss edirdim.
   - Siz həm də o xoşbəxt sənətkarlardansınız ki, sizə oxşamaq istəyənlər çoxdur və bu gün artıq öz məktəbiniz var.
   - Hiss edirəm ki, onların çoxunda o ifa tərzi, o eşq, o işıq var. Mənə bənzəmək istəyənləri görəndə isə sevinirəm. Sevinirəm ki, onun irəli baxmağı, irəli getməyi var. Mən özüm də keçmiş xanəndələrin gözəl nəfəsini vururam. Təbii baxıram və sevinirəm ona. O məni də yad edirsə, deməli ifam qəlbinə yatıb. Təlqin sevgidən gəlir.
   - Elə insanlar var ki, gün ərzində vaxt öldürürlər, amma sənətkarlar vaxtsızlıqdan şikayətlənirlər.
   - Vallah, mən elə axır vaxtlar vaxt öldürürəm. O qədər işlərim var, inan Allaha, fikirləşəndə az qalır ürəyim partlasın.
   - İllər keçdikcə sənətinizin qiyməti daha da artır. Amma bildiyimizə görə, ilk dəfə Opera və Balet Teatrında işləyərkən ilk sənət qazancınız 80 manat 80 qəpik olub.
   Bir anlıq tərəddüd edir: “80 manat ya 75 qəpik idi, ya da 80 qəpik, yadımda deyil”.
   - Mənə elə gəlir ki, nə qədər gəlirin olsa da, aylıq maaşın dadı tamam ayrıdır. O zaman ailəmizin çox ehtiyacı vardı. Ola bilər üstündən 3-5 manat götürdüm, amma qalanını gətirdim evə verdim.
   Yolum çox uzaq idi, tamaşadan çıxıb qalırdım küçədə, çox vaxt bibimgilə gedirdim. Sonra Allah qismət elədi, bu sənətlə ciddi məşğul oldum.
   - Allaha tez-tez şükür edirsiniz?
   - İnsan naşükür bəndədir. İsti olanda soyuq arzulayır, soyuq olanda isti. Amma elə insanlar var ki, Allahın hər gününə şükür edir. Allahın verdiklərinə nə qədər şükür etsəm, yenə azdır.
   
   Sənətdə istədiklərinə nail olan Alim Qasımov, görəsən, daha nələrə nail olmaq istərdi?
   Alim müəllimin cavabı maraqlı oldu. Dedi ki, hərdən adam istəyir ki, səsi rahat olsun, özü-özü üçün rahat oxusun. “Hərdən o səsə ehtiyacım olur” - dedi.
   
   Bayaqdan söhbətimizə qulaq asan Fərqanə xanım axır ki, söhbətimizə qoşuldu. Xatırladaq ki, Fərqanə Qasımova noyabr ayında İspaniyanın üç şəhərində-Madrid, Barselona və Tarraqonada solo-konsert proqramı ilə çıxış edəcək. O bu səfərə Alim Qasımovla birgə yox, tək dəvət olunub. Muğam ifaçısı xalq mahnıları ilə yanaşı, proqramına bəstəkar mahnıları da daxil edəcək. Çox həyəcanlı olduğunu deyən Fərqanə xanıma uğurlu yol diləyirik...
   Necə ki, bir zamanlar Alim Qasımov öz səsinin yoluna düşdü... O yolda ilahi eşqlə yanaşı, qədim muğamımızı yeni ifa tərzi, yeni nəfəsi, yeni xalları ilə bəzədi. Fərqanə xanım da bu yoldadır. Hər iki sənətkar dünyanın musiqi səmasında uçuşdadır. Bu, əsl uçuşdur...
   
   Təranə Vahid