Təvəkkül Əliyev: “Lənkəran teatrından, buradakı dostlarımdan, tamaşaçılarımdan ayrı özümü heç cür təsəvvür edə bilmirəm”
   
   Əməkdar artist Təvəkkül Əliyevin 60 yaşı tamam oldu. Dəyərli oxucu, bu sənətçinin adını oxuyunca yəqin ki, paytaxt teatrlarında baxdığın tamaşaları göz önünə gətirəcək, afişalarda oxuduğun adları bir də yada salmağa çalışacaqsan. İcazə ver, bu məsələdə sənə yardımçı olum.
   
   Söhbət açacağım aktyor Bakıda yox, Lənkəranda çalışır. Yaradıcılığını Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilə bağlayıb. İlk dəfə peşəkar səhnəyə 1973-cü ildə məhz bu teatrda qədəm qoyub və bu günə kimi də doğma kollektivə sadiq qalıb. Ötən bu illər ərzində 100-dən çox rol oynayıb. Özü də necə rollar...
   Aydın (C. Cabbarlı, “Aydın), İldırım Bəyazid (H. Cavid, “Topal Teymur”), Anton Antonıç (N. Qoqol, “Müfəttiş”), Aleksey (V.Vişnevski, “Nikbin faciə”), Ezop (Fiqereydo, “Ezop), Nəcəf bəy (Ə.Haqverdiyev, “Dağılan tifaq”), Şeyx Nəsrullah (C.Məmmədquluzadə, “Ölülər”), Zaur (Anar, “Təhminə və Zaur”) Mahmud (Elçin, “Mahmud və Məryəm”), Əmir Teymur (T. Zülfüqarov, “Kəklikli qəfəs”), Azər (M. İbrahimov, “Yaxşı adam”)...
   
   - Təvəkkül bəy, bəlkə söhbətə 1973-cü ildə baş verən hadisədən başlayaq. Həmin il uzun fasilədən sonra Lənkəran teatrı fəaliyyətini bərpa etdi. Lənkərana gəldiyiniz ilk gün yəqin ki, yadınızdadır...
   - Əlbəttə, yadımdadır. 1973-cü ilin sentyabr ayı idi. İncəsənət İnstitutunu bitirən kimi təyinatımızı Lənkərana vermişdilər. Hamımız böyük bir enerji ilə bura gəlmişdik. Necə deyərlər, tarix yazmağa hazırlaşırdıq. Teatr üçün ayrılmış binada təmir işləri gedirdi. Bakıdan birgə gəldiyim tələbə yoldaşlarımdan başqa Lənkəranda heç kimi tanımırdım. Lakin heç bir çətinlik, şəraitsizlik gözümüzdə deyildi. Nəhayət, həmin tarixi gün yetişdi. Dekabrın 6-da ilk dəfə tamaşaçılar qarşısına çıxdıq. Mirzə İbrahimovun “Yaxşı adam”ında Azər rolunu oynadım. Çox maraqlı, unudulmaz anlar idi...
   - O gündən Təvəkkül Əliyev oldu lənkəranlı. Bakıya dönmək, paytaxt teatrlarında çalışmaq, daha populyar olmaq şansınızdan imtinanız onu göstərir ki, taleyinizdən razısız...
   - Niyə narazı olum ki? Həm şəxsi, həm də sənət baxımından taleyimdən razıyam. Bir vaxtlar qapısını döyməyə kimsəni tanımadığım bu şəhər indi mənə olduqca doğmadır. 30 ildən çoxdur ki, bu doğma mühitin əhatəsindəyəm. Bu səhnədəki fəaliyyətimə görə Əməkdar artist fəxri adına layiq görülmüşəm, 100-dən çox obraz yaratmışam. İndi Lənkəran teatrından, buradakı dostlarımdan, tamaşaçılarımdan ayrı özümü heç cür təsəvvür edə bilmirəm.
   - Lənkəran teatrına, yaradıcılığınıza bələd olan adam kimi bilirəm ki, həmişə qəhrəman obrazlarını yaratmısınız, baş rollar oynamısınız. Arzusunda olduğunuz rol var, yoxsa...
   - Demək olar ki, arzuladığım bütün rolları oynamaq mənə nəsib olub. Aktyor üçün bundan böyük nə xoşbəxtlik ola bilər? Təsəvvür elə ki, mən əksər sənət həmkarlarımdan fərqli olaraq, Otello rolunu oynamaq arzusunda olmamışam. İslam Həsənov teatrımıza direktor təyin olunanda təklif etdi ki, bu əsərə müraciət edək və Otellonu mən oynayım. Amma mən razı olmadım. Kral Liri oynamaq istəyərdim. Məni tanıyan insanlar bilirlər ki, heç vaxt rol üstündə dava-dalaş salmamışam və yaxud roldan imtina etməmişəm. Hər bir rola məsuliyyətlə yanaşmışam. Aktyorun öz işinə məsuliyyətlə yanaşmasından çox şey asılıdır. İnsan yaşa dolduqca məsuliyyət hissi daha da artır. İndi mənim hansısa rolu zəif oynamağa haqqım yoxdur.
   - Maraqlıdır, rol bölgüsü barədə hansı əmr sizi daha çox təəccübləndirib?
   - İki dəfə belə hal keçirmişəm. Mərhum rejissorumuz Hacırza Əliyev “Müfəttiş”də Anton Antonıç rolunu mənə həvalə edəndə və Baba Rzayev “Ölülər”də Şeyx Nəsrullah obrazını mənə tapşıranda. Bu iki obrazda aktyor kimi fərqli cəhətlərimi üzə çıxara bildim. Yadımdadır, Şeyx Nəsrullahın işlətdiyi ərəb sözlərini dəqiq mənimsəmək üçün bir ay molla yanına getdim.
   - Paytaxtdan kənarda çalışan aktyorlar nadir hallarda kinorejissorların yadına düşürlər. Sizə bir neçə filmdə çəkilmək nəsib olub. Bəlkə bir az da kinodakı işiniz barədə danışaq...
   - Hələ birinci kursda oxuyanda böyük sənətkarımız Nəsibə Zeynalovaya həsr olunmuş “Aktrisanın təbəssümü” sənədli filmində çəkilmişəm. “Azadlıq şirin şeydir” filmində (“Mosfilm” və Litva kinostudiyasının birgə istehsalı, 1972 - red.) Rodion Naxapetov kimi o zamanın tanınmış aktyorları ilə yanaşı çəkilməyim heç vaxt yadımdan çıxmaz. Üçüncü kursda oxuyanda “Mosfilm”də çəkilən “Körpülər” filmində Qitsu roluna dəvət aldım. Sınaq çəkilişlərini uğurla keçdim. Bir gün mənə “Mosfilm”dən teleqram gəldi. Rola təsdiq olunduğumu bildirir, yaxın günlərdə Moskvada olmağımı istəyirdilər. İnstitutdan icazə almaq üçün rektor Rahib Hüseynovun yanına getdim. Rəhmətlik Rahib müəllim dedi ki, Moskvaya getsən bir il kursda qalacaqsan. Mən isə kursda qalmaq istəmirdim. Ona görə də çəkilişlərə getmədim. Bilirsən, həmin rola kimi çəkdilər? Film ekranlara çıxanda təsdiq olunduğum rola Mixail Boyarskinin çəkildiyini görəndə hansı hisslər keçirdiyimi yəqin təsəvvür edirsən... Sonra bir neçə filmdə rol aldım. Əbdül Mahmudbəyov məni “Şəhərli biçinçilər” filmində çəkib. Həmin filmdə şəhərli biçinçilərdən birini oynamışam. Rövşən Almuradlının “Cavad xan” filmində İbrahim xan roluna çəkilmişəm.
   - Hər halda daha çox filmə çəkilə bilərdiniz...
   - Təbii ki, bu illər ərzində daha çox çəkilə bilərdim. Bakıdan kənarda işləyən aktyorsansa, paytaxtdakı rejissorların yadına az-az düşürsən, tənqidçilərin diqqətindən nisbətən kənarda qalırsan. Teatrımız Gəncədə keçirilən Milli Teatr Festivalında İslam Həsənovun quruluşunda Fiqereydonun “Ezop” tamaşası ilə iştirak edirdik. Tanınmış tənqidçi Aydın Talıbzadə tamaşadan sonrakı müzakirədə deyib ki, Ezop rolunu yaradan Təvəkkül Əliyevin ifasını görəndə bayıldım. Rejissorlar, tənqidçilər nədənsə bizi çox gec “kəşf” edirlər...
   - 60 yaşınız tamam oldu. Sənətə tamam, yoxsa davam?
   - Təbii ki, davam. Aktyor üçün 60 yaş qızıl dövrdür. Sənətə, səhnəyə olan sevgim elə 30-35 il öncəki kimidir. Bəzən tamaşa bitəndən, tamaşaçılar teatrı tərk edəndən sonra zala daxil olub baxıram. Səhnəni boş görəndə kövrəlirəm. Həmin anda hansı hisslər keçirdiyimi ifadə etmək çətindir. Çox çətin...
   
   Etibar Cəbrayıloğlu