Bill Şarp: “Gənc Azərbaycan caz musiqiçilərinin ifası məni heyran etdi”
II Bakı Beynəlxalq caz festivalının iştirakçısı olan Britaniyanın “Shakatak” qrupu oktyabrın 20-də Heydər Əliyev Sarayında maraqlı konsert proqramı ilə çıxış etdi. Konsert öncəsi qrupun üzvü Bill Şarp (Bill Sharpe) qəzetimizə eksklüziv müsahibə verdi:
- “Shakatak” qrupu bütün dünyada məşhurdur. Qrupunuzu oxucularımıza bir neçə cümlə ilə necə təqdim edə bilərsiniz?
- Bizim ansambl 1980-ci ildə yaranıb. 30 ildir ki, eyni heyətlə çalışırıq. Biz həm də yaxşı dostlarıq. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşuq. Əgər 30 ildə eyni tərkibdə qalmışıqsa, bu, sadəcə, fantastikadır.
- Bu Bakıya ilk səfərinizdir...
- Bakıya ikinci dəfədir gəlirik. İlk dəfə ölkənizə 13 il əvvəl, 1997-ci ildə gəlmişik. Həmin vaxt elə bu sarayda (Heydər Əliyev Sarayı - red.) konsert proqramı ilə çıxış etdik. Bakıda 2-3 gün qaldıq, gözəl vaxt keçirdik. İnsanlarınız çox qonaqpərvər və sevimlidirlər. Azərbaycanlıların gözəl musiqi zövqü bizi xeyli təəccübləndirmişdi. Çünki Bakıya gələnə qədər bu barədə bilmirdik. Konsertlərdəki tamaşaçı auditoriyası da bizim üçün çox heyrətamiz və fantastik idi. Tamaşaçılar səhnəyə gül ilə gəlir, musiqiçiləri alqışlayırlar. Ona görə də bir daha Bakıya gəlmək arzusunda idik. Bu dəfə şəhəriniz bizə güclü təsir bağışladı. Ötən müddətdə paytaxtınız heyrətamiz dərəcədə dəyişib. Heydər Əliyev Sarayında aparılan təmir işləri də buranı gözəl məkana çevirib. Bakıdan zəngin təəssüratla ayrılıram.
- Azərbaycan cazı, caz musiqiçiləri ilə bağlı fikirləriniz də maraqlı olardı.
- Ötən dəfə Bakıda olarkən restoranlardan birində yemək yeməyə getmişdik. Orada ifa edilən musiqidən çox təsirləndim. Bilirsiniz, bu bir qədər caza, bir qədər də Azərbaycan musiqisinə bənzəyirdi. Musiqinin belə ifası bizə təəccüblü gəldi: bu nə isə fərqli bir musiqi idi. Sonra bildik ki, musiqiçiləriniz milli musiqi ilə cazı sintez şəkildə ifa edirlər. Bu qeyri-adi, fantastik idi. Azərbaycan cazmenlərindən Vaqif Mustafazadə, Əzizə Mustafazadənin adlarını eşitmişəm.
- Bəs sizin qrup necə, cazı hansı musiqi ilə improvizə edirsiniz?
- Qərbdə cazı Latın, Afrika musiqiləri ilə sintez edilir. “Shakatak” isə yalnız təmiz caz ifa edir. Biz də cazı dinləməyi xoşlayırıq. Cazı çox vaxt klassik musiqi ilə improvizə edir və pianoda ifa edirlər. Mənim atam peşəkar musiqiçi idi və cazı dinləməyi sevirdi. Caz gözəl musiqidir. İndi dünyanın çox ölkələrində Yaponiya, Amerika, Skandinaviya, Afrika, Fransa, Koreyada caz ifa olunur. Buna baxmayaraq belə gözəl musiqinin heç vaxt kifayət qədər tamaşaçı auditoriyası olmur.
- Azərbaycan cazının gələcəyini necə görürsünüz?
- Düşünürəm ki, bütün dünyada cazın inkişafı üçün maliyyə lazımdır. Çünki cazın auditoriyası hələ də kiçikdir. Azərbaycan cazına gəlincə, bu sadəcə fantastikadır. Gənc Azərbaycan caz musiqiçilərinin ifası məni heyran etdi. Amma auditoriya yenə də azdır. Yuxarıda qeyd etdiyim kimi, bunu inkişaf etdirmək üçün maliyyə dəstəyi lazımdır. Gedəndə özümlə Azərbaycan caz musiqisi yazılmış CD-lər aparmaq istərdim.
Mehparə Sultanova