Fikrət Babayev: «I Beynəlxalq Aşıq Festivalı mədəni həyatımızda çox böyük bir hadisə oldu»
   
   Oktyabrın 22-dən 27-dək Azərbaycan aşıq sənətinin unikal milli-mədəni sərvət kimi dünyaya bir daha təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalı keçirildi. Möhtəşəm açılış mərasimi Bakıda, Heydər Əliyev Sarayında gerçəkləşən festival çərçivəsində respublikanın 5 rayonunda geniş konsert proqramları düzənləndi. Bu konsertlərdə 7 ölkədən (İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Qırğızıstan, Özbəkistan, Qazaxıstan) 40-dan çox, Azərbaycanın bölgələrindən isə 100-dən artıq ozan-aşıq iştirak etdi.
      
   Festivalın əhəmiyyətini necə qiymətləndirmək olar, bu tədbir aşıq sənətinin təbliğinə hansı töhfələri verəcək? Bu və digər suallarımızı Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev cavablandırdı:
   - I Beynəlxalq Aşıq Festivalı Azərbaycan aşıq sənətinin, eyni zamanda müəyyən ənənələrimiz ortaq olan digər türkdilli ölkələrin aşıq sənətinin inkişafına təkan vermək məqsədi güdürdü. Növbəti festivalın daha geniş coğrafiyanı əhatə etməsinə çalışacağıq. Fikrimcə, bu festival bütün dünyada ozan-aşıq sənətinin inkişafına bir təkan oldu. Aşıq sənəti Azərbaycan xalqının mədəni sərvətidir, millətimizin canına, qanına hopmuş bir sənətdir.
   Azərbaycanda ozan-aşıq sənətinə böyük diqqət ayrılıb. Çünki bu sənətin daha da yüksəlməsində, inkişafında birbaşa dövlət özü maraqlıdır. Elə bu marağın və diqqətin nəticəsidir ki, bu gün UNESCO-nun «Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı»nda Azərbaycan aşıq sənətinin də adı var. Bu isə onu göstərir ki, aşıq sənəti təkcə Azərbaycana deyil, eyni zamanda bəşəriyyətə məxsusdur.
   - Aşıq sənətinin hazırkı durumu qaneedicidirmi?
   - Festivalın daha bir əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycanda aşıq sənəti sahəsində mövcud olan bəzi nöqsanları üzə çıxardı. Festival çərçivəsində rayonlarda keçirilən konsertlər zamanı məlum oldu ki, yerlərdə aşıqlara yaradılan şərait qeyri-qənaətbəxşdir. Bir çox nöqsanlar var ki, onların aradan qaldırılması yönündə müəyyən tədbirlərin görülməsi vacibdir. Yerli icra strukturları hər bölgənin vahid aşıq geyim formasının olmasına, onlara məşq etmək üçün məkanların ayrılmasına xüsusi diqqət yetirməlidirlər. Gənclər arasında özünəməxsus yer tutması üçün aşıq sənətinə həm cəmiyyət, həm tamaşaçılar, həm də aşıqların özləri tərəfindən hörmət artırılmalıdır. Mən şübhə etmirəm ki, festivaldan sonra həm Mədəniyyət və Turizm Nazirliyi, həm yerli icra hakimiyyəti orqanları Aşıqlar Birliyi ilə birlikdə aşıq sənətinə diqqəti daha da artıracaqlar. Çünki bu sahədə görüləsi işlər hələ çoxdur.
   - Festival çərçivəsində Azərbaycanın bir neçə rayonunda konsert proqramları təşkil edildi. Sizcə, aşıq sənəti daha çox harada sevilir?
   - Bu festival zamanı üzə çıxan maraqlı məqamlardan biri də o oldu ki, aşıq sənəti təkcə Qazax, Tovuz, Gədəbəy bölgəsində deyil, Azərbaycanın hər bir yerində sevilir. Konsert proqramlarında Naxçıvan aşıqlarının ifası rəğbətlə qarşılandı. Amma bu festivala qədər çox adamın ağlına da gəlməzdi ki, muxtar respublikada saza belə diqqət olar. Qarabağ bölgəsinin, Kəlbəcər aşıqlarının çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunurdu. Şirvan bölgəsinin aşıqlarının özünəməxsus ifa tərzini, Borçalı mahalından gələn aşıqların çıxışını xüsusilə qeyd etmək istəyirəm. Aşıq sənəti təkcə bəzi bölgələrdə deyil, bütün Azərbaycan ərazisində inkişaf etdirilməli, öz layiqli yerini tutmalıdır.
   - Festivalda 7 xarici ölkə təmsil olunurdu. Necə hesab edirsiniz, Azərbaycan ozanına, aşıq sənətimizə daha yaxın olan hansı ölkənin aşıqları idi?
   - Qardaş Türkiyəni təmsil edən aşıqların təqdim etdiyi mahnılar bizə çox yaxın idi. Amma mən bu festivalda təmsil olunan ölkələr arasında İran aşıqlarının çıxışını xüsusilə qeyd etmək istərdim. İranda bu sənəti inkişaf etdirmək, təbliğ etmək üçün heç bir məktəb yoxdur. Amma ustadları dinləyə-dinləyə, onların öyrətdiklərini mənimsəyərək çoxlu sayda aşıqlar yetişib. Deyilənə görə, İranda 15 minə yaxın aşıq var. Bu aşıqlar vasitəsilə Azərbaycan dili yaşayır, xalq sənətimiz nəsildən-nəslə ötürülür. Bu baxımdan mən İran aşıqlarının rolunu yüksək dəyərləndirirəm. Qeyd etmək istədiyim başqa bir məqam Dağıstandan gələn aşıqların ifası ilə bağlıdır. Orada digər xalqlar da aşıq sənəti ilə məşğul olur. Amma bu festivalda Dağıstanı ləzgi aşıqları təmsil edirdi. Onlar həqiqi mənada çox gözəl çıxış etdilər. Təsəvvür edin, saz Azərbaycan sazı, mahnı motivləri Azərbaycanın, amma sözlər ləzgicə oxunurdu. Bu, əslində xalqların bir-birinə bağlanmasıdır, mədəniyyətlərin qovuşmasıdır. Bu bir daha onu göstərir ki, saz dostluq rəmzidir. Orta Asiya respublikalarından gələn aşıqların çıxışları da maraqlı idi. Onlarda aşıq və saz başqa cür adlansa da, sənət eynidir, söz sənətidir, şifahi xalq ədəbiyyatıdır, insanlarla birbaşa təmasdır.
   - Mədəniyyət və Turizm Nazirliyi olaraq, aşıq sənətinin inkişaf etdirilməsi üçün bundan sonra hansı tədbirlərin görülməsini nəzərdə tutursunuz?
   - Bu misilsiz el sənətinin təbliği, dünyaya tanıdılması Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu sənətlə bağlı bir çox layihələrimiz var. Biz təkcə festivallarla kifayətlənmək fikrində deyilik. Xüsusilə gənclər arasında bu sənətin təbliğinə diqqəti artıracağıq. İndi ahıl aşıqlarımızın layiqli davamçılarının hazırlanması məsələsi gündəmdədir. Hazırda bu məqsədlə musiqi məktəblərində saz dərsləri keçirilir, aşıq sənəti ilə bağlı kitablar nəşr edilir. Bütün bunların hamısı gənc aşıq nəslinin hazırlanmasına xidmət edir. Bir çox qurumlar, o cümlədən Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Mədəniyyət və İncəsənət Universiteti bu istiqamətdə müəyyən işlər görür. Mədəniyyət və Turizm Nazirliyi bütün görülən işlərdə əlaqələndirici rolunu oynayır.
   Aşıq sənəti ilk növbədə Azərbaycan xalqının sərvətidir və Azərbaycan xalqına da xidmət etməlidir. Burada gündəmdə olan daha bir məsələ aşıq sənətinin yaşamasına, inkişafına xidmət edən insanların əməyinin yüksək qiymətləndirilməsidir. Bir neçə görkəmli aşığımız Prezident təqaüdünə layiq görülüb, bəziləri müxtəlif adlar alıb. Yəni dövlət tərəfindən onları əməyi mükafatlandırılıb. Biz bunu davam etdirəcəyik.
   Hesab edirəm ki, Beynəlxalq Aşıq Festivalı mədəni həyatımızda çox böyük bir hadisə, aşıq sənətini sevən, saz-söz sənətinə vurğun olan insanların bayramı oldu. 
   
   Fəxriyyə Abdullayeva