Xalq artisti Elmira Şabanovanın həyat və yaradıcılığına qısa nəzər
   
   Azərbaycan qadınları həyatımızın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində fəal çalışırlar. Ömür-günümüzün bəzəyi olan qadınların şəninə nə qədər nəğmələr qoşulub, onlara ədəbi əsərlər həsr olunub. Neçə-neçə filmlərdə onlar sevimli ana, ilahi məhəbbət nümunəsi kimi təcəssüm olunublar. Bu obrazları yaradanlar bizim gözəl aktrisalarımız - Mərziyyə Davudova, Hökumə Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Elmira Şabanova, Şəfiqə Məmmədova, Şükufə Yusupova və başqaları olublar.   

   Xalq artisti Elmira Şabanovanı tamaşaçıların çoxu ilk dəfə 1960-cı ildə “Səhər” filmində Sevda rolunda görüb və yadda saxlayıb. Bundan sonra o, müxtəlif ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. Bu sırada aktrisanın yaratdığı Həmidə xanım (“Qəm pəncərəsi”), Ana (“Gecə qatarında qətl”), Alikin anası (“Gəmi saatının sirri”), qaynana (“Gəlinlər”) surətlərini xüsusi qeyd etməyə dəyər.
   Bir məqamı da qeyd etmək istərdik ki, Elmira xanım ailə-məişət qayğıları ilə əlaqədar uzun müddət ekranda və səhnədə görünməsə də, onun populyarlığı reytinginin aşağı düşməsinə imkan verməmişdir. E.Şabanovanın adı bugünkü Azərbaycan kinematoqrafiyasının tarixinə həmişəlik həkk olunmuşdur.
   Noyabrın 1-də Xalq artisti Elmira Şabanovanın 70 yaşı tamam oldu. Yubilyarla müsahibəni oxuculara təqdim edirik.
      
   - Doğrü deyiblər ki, həyat insana bir dəfə verilir. Onu elə yaşamalısan ki, sonra geriyə dönüb baxanda peşman olmayasan. Siz xoşbəxtliyi necə təsəvvür edirsiniz?
   - İlk növbədə, yaxınlarımın sağlam, xoşbəxt olduğunu görəndə, mən də xoşbəxt oluram. Digər tərəfdən, xoşbəxtlik zəhmət və iradə, əmək və səy nəticəsində əldə edilir. İnsan bir gün, bir dəqiqə, elə bir an da xoşbəxt ola bilər. Yəni insan həyatı boyu xoşbəxt ola bilməz. Həyatda müəyyən bir hadisə ilə bağlı ən sevindirici anlar yaşananda deyirsən ki, xoşbəxtəm. İnanın mənə, həyatımda elə məqamlar olur ki, xətrini istədiyim adam olsun, ya da istəmədiyim, əgər o şəxs yaxşı bir film çəkirsə, yaxud teatrda və kinoda yaxşı bir obraz yaradırsa, sevincimin həddi-hüdudu olmur. Həmin anlar onun uğurunu içimdən keçirib, özümü xoşbəxt hiss edirəm. Xoşbəxtlik arzudur, xoşbəxtlik hissdir. Başqalarının da sevincinə şərik olmağı bacarmalısan.
   - Sizi peşənizdən əlavə, həyatınızda ən çox sevindirən nədir?
   - Bu həyatda mənim üçün iki sevinc qaynağı var: ailəm və peşəm. Baxmayaraq ki, ailə qurandan sonra uzun müddət sevimli peşəmdən ayrı düşmüşdüm, teatrın, kinonun həsrətini çəkirdim. Lakin seçimimdən razıyam: ləyaqətli övladlarım, nəvələrim var. Bu yaxınlarda şirin-şəkər nəticəm də dünyaya göz açıb. Balaca Camalım məni yaşadır. Onun qığıltısını eşidəndə könlüm açılır, cavanlaşıram, yaşım yadımdan çıxır...
   - Ən çox ovqatınızı təlx edən nədir?
   - Təbii ki, biz hamımız insanıq və həyatda səhv edə bilərik. Lakin həqarət içimizdədirsə, bu çox pisdir. Mən onu bir neçə başı olan əjdahaya bənzədirəm, başlarının adları - ədalətsizlik, laqeydlik, xəyanət, ikiüzlülük, yalan, yaltaqlıq. Müəyyən insanların təbiətinə xas olan bu xüsusiyyətlərlə barışa bilmirəm. Görəndə ki, “əjdaha” başının birini qaldırır, əsəbiləşirəm. Allah da mənəviyyatı zəngin olan insanları sevir. Belə insanlar heç kəsə pislik eləmirlər, namuslu həyat sürürlər, əllərindən yalnız yaxşılıq etmək gəlir.
   Bizim insanlar, ümumiyyətlə, çox ədəbli, tərbiyəlidirlər. Lakin bəzən küçələrdə tez-tez ədəbsiz, bayağı davranışa rast gəlirəm. Bunu da, əksər vaxt cavan nəsildə seyr edirəm. Görürsən, aralarında söhbət edirlər, ədəbsiz ifadələr işlədirlər, fikir vermirlər ki, yanlarından qız, ya qadın keçir. Bir də cavanlarımızın savadı, dünyagörüşü məhdudlaşıb. Bunu ürək ağrısı ilə deyirəm. Gərək öz üzərimizdə çalışaq, savadımızı artıraq, davranışımıza fikir verək. Bir-birimizə hörmət eləsək, digər ölkələrin nümayəndələri də bizə hörmət edərlər.
   - Özünüzə xas olan hansı keyfiyyəti daha çox qiymətləndirirsiniz?
   - Əlbəttə, düzlüyü. Əgər biz düz sözü vaxtında deyə bilməsək, belə çıxır ki, yalan içində yaşamalıyıq? Doğru deyiblər: “Doğru sözdən xəta gəlməz”. Hər hansı məsələ ilə bağlı fikrimi əyri yolla deyil, düzünə bildirəndə çoxları mənimlə razı olur. Çox vaxt övladlarım mənə deyirlər ki, onun-bunun işinə qarışma. Axı sənin nə işin var. Mən də cavab verirəm ki, bu adam düz hərəkət etmir, düz danışmır. Mən bunu görə-görə bir vətəndaş kimi necə susum? Əlbəttə, düz söz dərman kimi acı olur. Lakin nəticəsi şirindir. Bəzən film zəif olduğu üçün, ya da filmdə qoyulan məsələlər məni qane etmədiyinə görə mən müəlliflərə öz fikrimi bildirməyi özümə borc bilirəm. Kimi mənimlə razılaşır, kimi də əksinə, inciyir. İnciməyə dəyməz, çünki tənqidin çox müsbət təsiri var. Gələcək işlərində deyilən nöqsanları aradan götürməyə səy göstərirsən. Məsələn, mənə ünvanlanan haqlı iradları mən həmişə nəzərə alıram.
   - Ətrafınızda olan adamlarda nəyi qiymətləndirirsiniz?
   - Səmimiyyəti, xeyirxahlığı, dürüstlüyü.
   - Hansı peşələr sizi daha çox cəlb edir?
   - Jurnalistlika. Yazıb pozmaqdan çox xoşum gəlir. Bir sənətkardan müsahibə götürəsən. Ona elə suallar verəsən ki, müsahibinin öz sözləri ilə iç dünyasını aça biləsən. Yaxud hər hansı bir problemlə bağlı məqalə yazanda ilk növbədə əvvəlcə özün o problemin mahiyyətini dərk etməlisən, sonra onu hansı şəkildə oxuculara çatdıracağını düşünməlisən. Əgər aktrisa olmasaydım, mütləq jurnalistikanı özümə peşə seçərdim. Təəssüf ki, bu gün biz oxucular jurnalistikadan uzaq, peşəkarcasına yazılmayan cızma-qaralara da çox rast gəlirik.
   - Hobbiniz varmı? Əgər yoxsa, başqa nə ilə maraqlanırsınız?
   - Mənim əsas işim pedaqoji fəaliyyətlə bağlı olub: düz otuz beş il indiki Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən və rejissorluqdan dərs demişəm. Bu gün mənim tələbələrim arasında məşhur olanları az deyil. Bir vaxtlar filmlərə çəkilmək mənim hobbim idi. İllər ötdükcə mən başa düşdüm ki, mənim əsas sənətim aktrisalıqdır. Bu, hobbi deyil, böyük sənətdir.
   - Sizə ən çox təsir edən film və tamaşa hansıdır?
   - Azərbaycan kinosunda sənətkarlarımız müxtəlif illərdə dəyərli filmlər yaradıblar. 60-cı illərin sonunda istehsal olunmuş “Bir cənub şəhərində” filmi öz təzəliyi, real həyata yeni baxışı ilə yadda qaldı. Sosial dram janrında çəkilmiş bu film ilə rejissor Eldar Quliyev milli kinematoqrafiyamıza yeni düşüncə tərzinə malik sənətkar gəldiyini nümayiş etdirdi. Çəkilən filmlərin arasında “İstintaq” filmi də qaldırılan problemə öz cəsarətli münasibəti ilə nəinki mütəxəssislərin, həm də geniş tamaşaçı kütləsinin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rejissor Rasim Ocaqovun yaratdığı bu detektiv-publisistik film SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
   Daha bir filmin adını çəkmək istərdim. Hörmətli yazıçımız İsa Hüseynovun ssenarisi üzrə rejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmi bir neçə səbəbdən mənim çox xoşuma gəlir. Birincisi, müasirlərimiz, xüsusilə gənclərimiz böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında az məlumatlı idilər. Filmlə tanışlıqdan sonra hürufi təriqətinin nəğməkarı, insan zəkasının gözəlliyinin tərənnümçüsü olan Nəsimi barədə, onun yaşadığı dövr haqqında tamaşaçılar lazımi məlumatı əldə edə bilirlər. Bu çox vacibdir. İkincisi, film sənətkarlıqla çəkildiyi üçün böyük maraq doğurur. Üçüncüsü, Nəsimi rolunun ifaçısı, mənim tələbəm, bu gün məşhur aktyor kimi tanınan Rasim Balayevin bənzərsiz oyunu bizi çox sevindirir.
   Pyeslərə gəldikdə isə klassik rejissorlardan Adil İsgəndərovun “Vaqif”, Mehdi Məmmədovun “Canlı meyit” və “Ölülər”, Tofiq Kazımovun bütün tamaşalarını bəyənirəm. T.Kazımov səhnəmizə yenilik gətirən, daim axtarışda olan rejissor idi. Əli Əmirlinin pyesləri çox xoşuma gəlir.
   - Həyatınızda ilk dəfə kamera qarşısında dayananda nə hiss etdiniz?
   - Teatr İnstitutunun tələbəsi olarkən bizə sənətdən bir neçə müəllim, o cümlədən rejissor Tofiq Kazımov dərs deyirdi. 1959-1960-cı illərdə Bakı kinostudiyasında rejissor Ağarza Quliyev “Səhər” adlı tarixi-inqilabi filmini çəkirdi. T.Kazımov həmin filmdə ikinci rejissor işləyirdi. “Səhər” filmində Sevda roluna məni məhz Tofiq müəllim dəvət etmişdi. Bu rola tanınmış rus aktrisası Tamara Kokova namizəd idi. Bizim tamaşaçılar onu bir neçə Azərbaycan filmindən tanıyırdılar. O, “Bir qalanın sirri” filmində Mətanət rolunda çəkilmişdi. Bu dəfə isə Sevdanın kino sınaq çəkilişindən mən qalib çıxmışdım. Çəkilməzdən əvvəl Tofiq müəllim mənimlə xeyli məşq etmişdi. O məni psixoloji tərəfdən də çəkilişlərə elə hazırlamışdı ki, kamera qarşısında dayananda heç bir narahatçılıq hiss etmədim. Lakin rejissor Ağarza Quliyevin “motor” deməsi ilə mən əvvəl əsdim, sonra vəziyyətə girib kinokameranı yaddan çıxartdım. Bunun ardınca rejissor Tofiq Tağızadənin “Əsl dost” filmində, rejissor Muxtar Dadaşovun “Sabir” sənədli filmində də çəkildim.
   - Azərbaycan yazıçılarından sizə yaxın olanlar kimlərdir və daha çox onlardan kimi sevirsiniz?
   - Vaxtilə milli yazıçılarımızın əsərlərini çox oxumuşam. M.İbrahimovun “Gələcək gün”, İ.Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, S.Rəhimovun “Saçlı”, “Mehman”, İ.Şıxlının “Dəli Kür”, İ.Hüseynovun “İdeal”, bu gün artıq yaşlı nəslin yerini tutmuş Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Sizsiz” əsərlərini maraqla oxumuşam. Bu əsərlərin əksəriyyəti artıq ekranlaşdırılıb. Natiq Rəsulzadənin yazı tərzindən xoşum gəlir. Xarici yazıçılardan Tenissi Uilyams, Jan Kokto, Eduardo de Filippo, Jan Anuy, Viktor Hüqo çox sevdiyim ədiblərdir. İnstitutda işləyərkən bu yazıçıların bəzi əsərlərini səhnələşdirmişəm.
   - Səyahət etməyi sevirsinizmi?
   - Əlbəttə. Sovet dövründə bir çox sosialist ölkələrini, o cümlədən Çexoslovakiyanı, Polşanı, Almaniyanı gəzmişəm. Bu ölkələrin paytaxtları çox gözəldir. Qədim tarixə malik şəhərlərdir. Memarlıq abidələri, incəsənət muzeyləri...o qədər baxılası yerlər var ki. Bu yaşımda dünya səyahətinə çıxmağı çox arzulayıram. O qədər arzularım var ki... Məsələn, Venesiyanı, su üzərində bərqərar olan şəhəri görmək istərdim. Yaponiyanı, bu gündoğan ölkəni, Fransanı görmək ürəyimdən keçir.
   - Rejissor və aktyorlarla söhbətlərdən məlum oldu ki, onlar Elmira xanımı sənətkarlıqdan başqa bir insan kimi də çox sevirlər. Siz bu barədə nə fikirləşirsiniz?
   - Onun-bunun qeybətini eləmirəm. Heç kimdə işim yoxdur. Heç kimi acılamıram, heç kimlə kobud rəftar etmirəm. Vəzifəsindən asılı olmayaraq hamıya eyni gözlə baxıram. Böyüklə böyük, kiçiklə kiçik olmuşam. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, yəqin bu keyfiyyətlərə görə ətrafımın məhəbbətini qazanmışam.
   - Özünüzə nə arzu edərdiniz?
   - Baxmayaraq ki, həyatda çətinliklərim çox olub, amma yaxşı yaşamışam. Müəllim oldum. Uşaqlarımı böyütdüm. Hər ikisinə savad və gözəl tərbiyə vermişəm. Nəvələrim var. Allaha şükürlər olsun ki, nəticə də gördüm. Anam-atam 70-ə çatmadılar, rəhmətə getdilər. Mən artıq 70-i vururam başa. Nə vaxtsa mən bu dünyadan köçəndə, çox rahat köçəcəyəm. Amma bir arzum var: kinoda həmişə müasir qadın obrazını yaratmışam. İstərdim, tarixi filmdə çəkilim.
    - Ümidvarıq ki, kinoda bu arzunuzu da həyata keçirəcəksiniz.
   
   Aydın Kazımzadə