Bünyamin Şahin: “Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün televiziyanın imkanlarından geniş istifadə olunmalıdır”
Azərbaycanla qardaş Türkiyə arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq media, o cümlədən televiziya sahəsində də inkişaf etməkdədir. Bu məqsədlə müxtəlif tədbirlər keçirilir. Bu günlərdə Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən seminar da bu qəbildən idi.
Seminarda Türkiyənin TRT televiziyasının xəbərlər proqramının baş koordinatoru Bünyamin Şahinin televiziya və xüsusən də xəbərlər proqramının yayımı ilə bağlı çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.
Fürsətdən istifadə edib onunla həmsöhbət olduq. Bünyamin Şahin mediada yayım və xəbər intensivliyi məsələsinə toxunaraq bildirdi ki, bir vaxtlar insanlar bu və ya digər xəbərin ilk müjdəsini qəzetlərdən alırdılarsa, indi bu işi daha çox televiziya və radio, internet xəbər portalları görür. “Qəzetdə bir gün sonra yayılacaq xəbər televiziya, internet xəbər portalı vasitəsilə anında yayıla bilir”.
Həmsöhbətimizin dediyinə görə, TRT-nin proqramlarında, ümumilikdə Türkiyə televiziyasında texnikanın son nailiyyətlərindən istifadə edilir: «Bu texnikanı istifadə etməkdə bəzi istiqamətlərdə daha çox təcrübəmiz var, bəzilərindən isə yeni-yeni istifadə etməyə başlamışıq. Bu sahədə olan təcrübəmizi Azərbaycanda olan dostlarımızla bölüşmək, mətbuat işçiləri və jurnalistləri bu üsullardan və texniki yeniliklərdən istifadəyə həvəsləndirmək istəyirik. Azərbaycan bu gün inkişafdadır və imkanlar getdikcə daha da genişlənir. Azərbaycanın Qarabağ problemini, Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün medianın, televiziyanın imkanlarından geniş istifadə olunmalıdır. Bu səbəbdən də mediada xəbərin daha keyfiyyətli və qısa zamanda yayılması üçün bəzi təcrübələrimizi azərbaycanlı həmkarlarımızla bölüşürük».
Həmsöhbətim Azərbaycan İctimai Televiziyası ilə “TRT-Avaz”ın birgə layihəsi əsasında yayımlanan proqram haqqında da fikirlərini bölüşdü: «İnsanların bir-birini anlamasının əsasında dil durur. İctimai TV və «TRT Avaz»ın birgə proqram yayımlanması çox yaxşı bir haldır. Burada hər iki tərəf bir-birini anlayır. Bu veriliş vasitəsilə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra türkdilli dövlətlər arasında da telekörpü yaranır və onlar canlı olaraq bir-birinin mədəniyyəti, mətbəxi, adət-ənənəsi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər».
Proqram direktoru onu da bildirdi ki, hər iki ölkənin xəbərlər proqramı arasında müəyyən oxşarlıqların olması mümkündür, çünki Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: «Biz öz xəbərlərimizdə hər zaman Azərbaycanın əsas problemi olan Qarabağ problemi ilə bağlı olan hər hansı bir xəbər olsa, onu yayımlayırıq. TRT-nin Bakıda da nümayəndəliyi var, Azərbaycanda baş verən bir sıra mədəni, siyasi hadisələr, onlar tərəfindən lentə alınır və yayımlanır. Bildiyimə görə, Türkiyəyə nisbətən sizdə televiziyalarda canlı yayımın təşkili ilə bağlı müəyyən texniki problemlər var, onun aradan qaldırılması sizin xəbərləri daha keyfiyyətli şəkildə və geniş auditoriya çatdıra bilər. Qəzetlərə gəlincə, Azərbaycanda Türkiyəyə nisbətən qəzetlərin tirajı aşağıdır, bir də rəngi çap olunan qəzetlərin sayı azdır. Bu məsələlər də zamanla həllini tapacaq».
Həmsöhbətimiz bildirdi ki, Bakıda bir neçə il əvvəl olub. Ötən vaxt ərzində Bakı çox dəyişib: «Bu dəyişiklik isə digər sahələrlə yanaşı, özünü elə mətbuat sahəsində büruzə verir. Zaman keçdikcə, bu sahədə daha çox inkişaf və irəliləyişin şahidi olacağıq».
Fəxriyyə Abdullayeva