Rəssam İlqar Əkbərov: "Sənətdə də, həyatda da üstünlük verdiyim bu rənglərdir"
Min bir rəngi, füsunkar mənzərələri ilə insanı valeh edən təbiət və onun gözəllikləri sirli, əlçatmaz bir aləmdir sanki. Bu aləmə valeh olan insan öz hisslərini zaman-zaman ən müxtəlif formalarda ifadə edib: şeir yazıb, musiqi bəstələyib, əsərlər qələmə alıb, gözəl rəsmlər yaradıb.
Ömrünün 50-ci ilini yaşayan, özünün dediyi kimi, bu ömrün 45 ilini rəssamlığa həsr edən İlqar Əkbərovun da maraqlı sənət yolu var. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev kimi ustadlardan dərs alan İlqar Əkbərov özünəməxsus üslubu və yaradıcılıq baxışları ilə seçilir. Əsərləri bir çox xarici ölkələrdə nümayiş etdirilib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
- İlqar müəllim, sənətə gəlişiniz təsadüfi olub, yoxsa...
- Rəssamlıqla lap kiçik yaşlarımdan məşğul olmağa başlamışam. Artıq 5 yaşımda rəsm dərnəyinə getmişəm. Sonra indiki T.İsmayılov adına Yaradıcılıq Mərkəzində qocaman pedaqoq Məsumə Ağayevanın bədii yaradıcılıq dərnəyinə üzv oldum. 1981-ci ildə Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsinə daxil oldum və 1986-cı ildə oranı uğurla bitirdim. Mən həm də İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışam. S.Rəhmanın "Yalan", A.Rəhmanovun "Əsgər anası", H.Orucovun "Məhəbbət yaşayır hələ" tamaşalarına, bundan əlavə "Əhli-Beyt" teatrında "Möcüzə", Akademik Milli Dram Teatrında "Medeya" tamaşasına bədii quruluş vermişəm. Hazırda Milli Konservatoriyanın nəzdində Respublika Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsində müəllim işləyirəm.
- Yaradıcılığınızda daha çox hansı janra müraciət edirsiniz?
- Mənim yaradıcılığımda janrlar çoxşaxəlidir. Yağlı boya ilə işləyirəm, yorulan zaman keramika və ya metal üzərində döyməyə müraciət edirəm. Bir neçə ay bundan əvvəl təşkil edilmiş sərgimdə yağlı boya ilə çəkdiyim rəsmlər və döymə üsulunda - puntualizmdə işlədiyim əsərlər təqdim olunmuşdu.
- Bəlkə, bu termini oxucularımıza daha geniş anladasınız? Puntualizm nədir?
- Puntualizm XVIII əsrdə Avropa rəssamları arasında geniş yayılmış cərəyan olub. Bunun mahiyyəti nöqtələrlə işləmədir. Puntualizm üslubunda işləmək üçün fırçanın itilənmiş arxasını boyaya batırıb hər dəfə kağız üzərinə nöqtə vurursan. Rəsm bitənə qədər eyni hərəkət hər dəfə təkrarlanır. Yəni hər nöqtəni vurmaq üçün fırça hər dəfə boyaya batırılmalıdır. Nəticədə rəsm naxışa bənzəyir. Doğrudur, çətin üslubdur, amma xoşum gəlir.
- Əsərlərinizdə at rəsmləri üstünlük təşkil edir...
- Mən atı çox sevirəm. At çox sədaqətli heyvandır, heç vaxt sahibinə dönük çıxmır. Azərbaycan dünyada məşhur at cinsləri ilə tanınır. Müharibə dövründə də bizim atlarımızdan çox istifadə ediblər. Ona görə də bu heyvanın rəsmi mənim yaradıcılığımda xüsusi yer tutur.
- Keramikadan da istifadə edirsiniz?
- Diplom işim keramika ilə bağlı olub və yorulanda ondan istifadə edirəm. Sadəcə, indi imkan olmadığından keramikaya az yer verirəm. Metalın bədii döyməsi, ağac üzərində döymə, ağacın bədii emalı, qurumuş ağac gövdələrini yonub kətillər, stullar düzəltməklə də məşğul oluram. Bəzən meşəyə, bağa gedəndə görürsən ki, ağac kötüklərini tullayıblar. Onları evə gətirib yonub kətillər düzəldərək onlara bədii formalar verirəm.
- Dünyada və sənətdə baş verən qloballaşma prosesini hiss edirsinizmi?
- Bilirsiniz, rəssam var ki, realizmdən gəlir impressionizmə çıxır. Və ya kubizmə gedir. Amma rəssam da var ki, reallığı bilmədən rəsm çəkib. Məsələn, Pikassonun bir əsəri var: öküz rəsmini elə çəkib ki, son anda velosipedin sükanı və oturacağını aydın görürsən. Bu, Pikassonun dahiliyidir.
- Tarixi mövzuda əsərlərə necə, yer verirsiniz?
- Tarixi mövzuda əsərlər çəkmək məsuliyyətli işdir və çox vaxt tələb edir. Bunun üçün illər boyu oturub öyrənmək lazımdır. Doğrudur, mənim 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə həsr etdiyim rəsmlər var, amma yenə də özümü buna hazır hesab etmirəm. Məsələn, iki il əvvəl Xocalı faciəsinə həsr etdiyim əsərlərim Praqada təşkil olunmuş beynəlxalq sərgidə nümayiş etdirilib. 20 Yanvara həsr olunmuş əsərim isə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş olunur. Adətən, belə faciələrimizə həsr etdiyim rəsmləri ağ və qara rənglərdə çəkirəm.
- Niyə məhz ağ və qara?
- Palitramda rənglər çoxdur, amma sənətdə və həyatda üstünlük verdiyim rənglər ağ-qaradır. Bu rənglər mənim üçün konkretliyi əks etdirir.
- Sənətdə yetirmələriniz, şagirdləriniz barədə nə deyə bilərsiniz?
- Çalışıram ki, şagirdlərimə, ilk növbədə, dahi sənətkarlarımızı tanıdım. Məsələn, tez-tez onlara dahi Üzeyir Hacıbəylinin əsərlərinin qəhrəmanlarını - Koroğlunu, Məşədi İbadı, Rüstəm bəyi və s. çəkməyi tapşırıram. Görürəm ki, bu vasitə özünü doğruldur. Hər kəs əvvəlcə tarixini, köklərini bilməlidir. Ona görə də çalışıram ki, şagirdlərim tariximizi öyrənsin, şəxsiyyətlərimizi yaxşı tanısın. Onları həvəsləndirmək üçün hətta kiçik müsabiqə də təşkil edirəm.
- Bu yaxınlarda sərgi nümayiş etdirməyi planlaşdırırsınızmı?
- Bu ilin mayında mənim 50 illik yubileyimlə bağlı Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan - Türkiyə ortaq rəngkarlıq sərgisi təşkil edildi. Sərgidə mənim rəsm əsərlərimlə yanaşı, türkiyəli rəssam Dizar Ercivan Zencirci və Nurullah Aydının rəsm əsərləri də nümayiş olundu. Sentyabrda Bakıda Nəvai Məmmədoğlu ilə birlikdə sərgi keçirdik. Sərgidə daha əvvəl heç bir yerdə nümayiş olunmamış yeni əsərlərimiz təqdim olundu. Əsasən kətan üzərində yağlı boya ilə çəkilmiş əsərlər idi. Gələcək planlara gəlincə, İzmirdə, Anadolu Gözəl Sənətlər liseyində, Egey Universitetində türk rəssamları ilə bərabər sərgilərimizi təşkil edəcəyik.
Mehparə